525.Az

Yeni üzüm sortlarına patent və müəlliflik şəhadətnaməsi verilib


 

Yeni üzüm sortlarına patent və müəlliflik şəhadətnaməsi verilib<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin üzümçülük üzrə uzun illərdən bəri apardığı məqsədyönlü elmi-tədqiqat işləri uğurla nəticələnib.

525.az-a verilən məlumata görə, tədqiqatçı alimə müxtəlif genetik üsullarla yeni yaratdığı “Naxçıvan muskatı”, “Əlincə”, “Oğuz üzümü”,  “Qəhvəyi kişmişi”, “Milax üzümü”, “Bənəniyar üzümü” adlı üzüm sortlarına görə Azərbaycan Kənd Təsərrüfat Nazirliyi Aqrar xidmətlər Agentliyi tərəfindən 6 patent və müəlliflik şəhadətnaməsi  verilib.

 

Təcrübəli ampeloqraf alim Varis Quliyev 40 ilə yaxın müddətdə üzüm bitkisinin genetikası və seleksiyası istiqamətində məqsədyönlü elmi-tədqiqatla məşğuldur. Aparılan tədqiqatların əsas məqsədi muxtar respublikada üzüm genofondunun tədqiqi, təsərrüfat-texnoloji xüsusiyyətlərinin araşdırılması, tətbiqyönümlü sortların müəyyənləşdirilməsi, seleksiya yolu ilə şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlü yeni sortların əldə olunmasıdır. Artıq qarşıya qoyulan uzunmüddətli məqsədə nail olunub.

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair”, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair” Dövlət Proqramlarının qəbul olunması Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında da yeni tətbiqyönümlü  üzüm  sortları ilə bağlı tədqiqatların intensiv aparılmasına stimul yaratmışdır.

Çoxillik araşdırmaların nəticəsi olan yeni üzüm sortlarına 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydə alınıb.

Qeyd edək ki, “Qəhvəyi kişmişi” tezyetişən, “Əlincə”, “Oğuz üzümü”, “Milax üzümü” orta vaxtda yetişən, “Naxçıvan muskatı” və “Bənəniyar üzümü” isə gecyetişən üzüm sortları qrupuna daxildir. Artıq yeni alınmış perspektivli və iqtisadi əhəmiyyətli üzüm sortlarının ölkəmizin əsas üzümçülük bölgələrində yayılmasına və becərilməsinə başlanılmışdır.

Aqrar elmləri doktoru, dosent Varis Quliyev həm də “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, iki cilidlik “Azərbaycan ampeloqrafiyası” və digər kapital əsərlərin əsas müəllifidir.

 





14.04.2021    çap et  çap et