525.Az

Ermənilərin boş dəbilqələrinə acıyan "sülh göyərçinləri" - Münasibət


 

Ermənilərin boş dəbilqələrinə acıyan "sülh göyərçinləri" - <b style="color:red">Münasibət</b>

Aprelin 12-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı oldu.

Son iki gündə parkın fotoları istər mətbuatda, istərsə də sosial şəbəkələrdə geniş yayılıb. Bu gündən isə park vətəndaşların üzünə açıq olacaq. Park barədə qısaca onu deyək ki, İkinci Qarabağ müharibəsində ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar parkda nümayiş olunan qənimətlər sırasındadır. Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan və Zəfər paradında da nümayiş olunan rəmzi lövhə də parkın ərazisindədir.

Ali Baş Komandanın iştirakı ilə açılışı baş tutan parkın fotoları yayıldıqdan sonra məlum oldu ki, sən demə, hələ də içimizdə ermənilərə canıyananlar var. Belə görünür ki, Hərbi Qənimətlər Parkı, orada boş qalan dəbilqələr kimlərinsə kefinə soğan doğrayıb. İki gündür, 5-10 “sülh göyərçin"i yaman əl-ayağa düşüb. Biri ölən adamların dəbilqəsinin nümayişini məsciddə donuz saxlamaqla müqayisə edir, digəri dəbilqə sahiblərini şəhid adlandırır, bir başqası da "qarınağrısı"nı bir başqa cür ifadə edir. Məşhur filmdə deyildiyi kimi, belələrinə nə ad vermək olar? - "qrabitel", "tufeyli"...

Belələrinin erməniyə şəhid deməyə necə dili gəlir? Axı, Gəncəyə gecənin bir yarısında raket atan da, günün günorta çağı Bərdədə dinc sakinləri raketlə nişan alan da həmin "şəhidlər" idi. 30 il ərzində torpaqlarımız düşmən tapdağı altında olanda, Xocalı faciəsində şərəfi, mənliyi ayaqlar altında qalan qızların, gəlinlərin ah-naləsi aləmə yayılanda harda idi o "sülhsevərlər"? Bu 30 ildə niyə səsiniz çıxmırdı?

O şəhid sözünü yazan görəsən, ümumiyyətlə, bilirmi ki, şəhid kimə deyilir? Ermənilər nə öz torpaqları uğrunda vuruşublar, nə də din. Ona görə də, erməniyə şəhid deməyin heç bir adı yoxdur.

 

Bu "dəbilqə sevdalıları" unudurlar ki, Azərbaycanın mərd oğulları o dəbilqələrin boş qalması, ümumilikdə vətən torpağını düşmən tapdağından azad etmək üçün, millətimizin şərəfi, mənliyi uğrunda canlarını verdilər, şəhid oldular, qazi oldular. İgidlərimiz bir an belə düşünmədən canlarından bu torpaq uğrunda keçdilər, 5-10 nəfərin erməni əsgərinin dəbilqəsinin boş qalmasına canıyananlıq etməsi üçün yox.

Azərbaycan Ordusu 44 gün ərzində tarix yazdı. Özündənrazı düşməni ağlar günə qoydu. İndi tarixi qələbəmizlə fəxr etməyə haqqımız var. O muzey həm düşmənlərə göz dağı verməkdir, həm də gələcək nəsillərə miras. Bundan sonra hansısa mənfur yağı Azərbaycan torpağına soxulmağa cəhd etməmişdən əvvəl yəqin ki, o muzeyi göz önünə gətirəcək.

Bir sözlə, müharibəni udmuşuqsa, muzey düzəltməyə də haqqımız var, boş dəbilqələri nümayiş etdirməyə də. Əccəb edirik! Sonra? Erməniyə deyən lazımdır ki, nə gəzirdin Dəllərdə, dəbilqən qala əllərdə...

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan hələ çox tarix yazacaq. Dünən "Niyə də İrəvana qayıtmayaq?" ismarıcını verən İlham Əliyevin bu sözləri əminik ki, təkcə düşmənlərimizə yox, həm də içimizdəki düşmən dəyirmanına su tökənlərə bir mesaj idi...

 





14.04.2021    çap et  çap et