525.Az

Koronavirus, yoxsa demoqrafik siyasət? - Afaq Rza yazır


 

PANDEMİYANIN İNSAN HƏYATINA TƏSİRİ

Koronavirus, yoxsa demoqrafik siyasət? - <b style="color:red">Afaq Rza yazır </b>

Daima inkişaf edən və yenilənən dünyamızda paralel olaraq çoxsaylı ciddi və mürəkkəb qlobal problemlər də yaranmağa başlayıb.

Qlobal problemlər dedikdə bütün dünya ölkələrini və əhalisini əhatə edən, həmçinin, onun hazırkı vəziyyəti və gələcəyinə təhlükə yaradan amillər nəzərdə tutulur. Hansı ki, bu problemlərin həlli üçün dövlətlərin bütün imkanlarını birləşdirib, birgə fəaliyyət göstərməsi labüddür.  Qeyd edək ki, qlobal problemlər say və əhatə dairəsi baxımından müxtəlif olur. Lakin son on il ərzində dünya daha çox sosial-siyasi, iqtisadi və tibbi (epidemik, yaxud virus) xarakterli qlobal problemlərlə üz-üzə qalıb. Elə bir ildən çoxdur bütün dünyanı təhdid altında saxlayan koronavirus (COVİD-19) pandemiyasını da qlobal problem hesab etmək olar. Bu prosesin ən təhlükəli cəhəti həm qlobal, həm də də bəşəriyyəti təhdid altına saxlamasıdır.  

Hər birimiz qlobal maştabda səslənən və insan sayını azaltma niyyəti daşıyan böyük planlar haqqında az-çox eşitmişik. Bəs belə planların olub-olmaması və müxtəlif dövrlərdə həyata keçirilməsi iddiaları həqiqəti nə qədər əks etdirir?

Alimlər hesab edirlər ki, gələcəkdə dünyanın təbii ehtiyatları bütün dünya əhalisinə çatmayacaq. Gəlin, bu fikrin haradan qaynaqlandığını araşdıraq. Əvvəlcə onu qeyd edək ki, dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit olmayıb və hər zaman dəyişikliyə məruz qalıb. Lakin kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox ləng templə artırdı. Bunu isə daha çox davamlı baş verən müharibələr və xəstəliklərlə əlaqələndirirlər. Dünyada əhali sayı XIX əsrin əvvəllərində 1 milyard, 1960-cı illərdə 3 milyard, 2000-ci ildə 6 milyard, hazırda isə 7,5 milyarddır. Təsəvvür edin, cəmi 40 ilə dünya əhalisi 3 milyard artıb. Demoqrafların ilkin hesablamalarına görə, dünya əhalisi bu sürətlə artmağa davam edərsə, 2040-cı ildə Yer kürəsində təqribən 10 milyard insan yaşayacaq.

Mütəxəssislər təkcə təsərrüfat sahələrinin 10 milyard insana kifayət etməyəcəyi qənaətindədir. Çünki əhalinin artımı təsərrüfatı məhv edir. Ağaclar kəsilir, meşələr qırılır, şəhərsalma prosesi sürətlənir ki, bu da yaşıllaşmanın azalmasına gətirib çıxarır. Sadalanan hallar qida ehtiyatının azalmasını və qeyri-bərabər paylanmasını da bərabərində gətirir. Tarixən yaşanan təcrübələr onu göstərir ki, hələ çox zaman əvvəllərdən başlayaraq dünya əhalisinin sayının azalması üçün bir sıra üsullardan istifadə edilib. Dünyaya nəzarət edən şəxslər bunun üçün böyük planlar hazırlayıb və zaman-zaman uğurla həyata keçiriblər. Əvvəllər ən əlverişli planlardan biri müharibə idi. Bunun üçün 10 milyondan çox insanın ölümünə səbəb olan Birinci Dünya müharibəsi və 70 milyon insanın ölümünə səbəb olan İkinci Dünya müharibəsinə nəzər salmaq yetərlidir. Digər plan isə kifayət qədər "yaxşı" nəticə verən yoluxucu xəstəliklərin (QİÇS, HİV) və virus epidemiyalarının (Vəba, İspan qripi, ebola, donuz qripi və s.) yaradılması ilə demoqrafik artımın qarşısını almaq idi. Statistika üçün qeyd edək ki, cinsi yolla yayılan QİÇS xəstəliyi yarandığı gündən bu günə qədər 40 milyon insanın ölümünə səbəb olub. 2010-cu ildən bəri aparılan hesablamalar göstərir ki, hər il 3-5 milyona qədər insan vəbaya yoluxur və təqribən 58-130 min arası insan bu virusdan vəfat edir. İnsan sayını azaltmaq üçün istifadə edilən digər üsul qidaların tərkibinə müxtəlif xəstəliklərə səbəb olan və sonsuzluq yaradan maddələrin qatılmasıdır. Bu tip maddələr genlər vasitəsilə bir neçə nəsilə ötürülə bilir. Həmçinin, bəzi nəzəriyyəçilərin fikrincə, qlobal istiləşməyə qarşı aparılan kampaniyalar əslində, əhalinin sayını azaltmaq məqsədi daşıyır.

 

Tədqiq edilən və mütəxəssislərin qeyd etdiklərinə nəzərən belə nəticəyə gəlmək olar ki, artıq dünyanı idarə edən şəxslər indiki dövrdə müharibə yolu ilə insanların sayını azaltmaqda maraqlı deyillər. Çünki müharibələr zamanı istifadə edilən müasir kimyəvi silahlar və texnikalar təbiətə ciddi mənfi təsir göstərir, havanı korlayır və iqlim dəyişikliyinə səbəb olur. Belə olduqda isə ən yaxşı üsul ölümcül xəstəliklər, virusların yaradılması və yayılması hesab edilir.

Koronavirus pandemiyasının demoqrafik prosesə təsiri 

İndi elə bir insan yoxdur ki, koronavirus pandemiyası səbəbindən həyatında qeyri-ixtiyari bir çox yeniliklər yaranmasın. Daha doğrusu, məcburi vərdişlər. Ən azından, 2-3 saatdan çox müddətdə tibbi maskada gəzməyin nə olduğu çoxumuza yad hiss idi. Əlavə olaraq məsafə saxlamaq, bir o qədər yad gələn "evdə qalmaq", canlı ünsiyyətdən onlayn ünsiyyətə keçid, adət-ənənələrin belə məhdudlaşdırıldığı - toy və yas mərasimlərinin keçirilməməsi və s. Siyahını psixoloji sarsıntı keçirən insanlardan intihar edən şəxslərə qədər hələ nə qədər uzatmaq olar. Ancaq diqqət yetirmək istədiyim əsas məqam ötən bir ilin dünyadakı insan sayına necə təsir etməsidir.

Təbii ki, dünyadakı bir çox insan üçün karantinlə bağlı məhdudlaşdırılma müddətinin ən çətin mərhələsi evə qapanmalar oldu. Uzun müddət özünütəcrid bir sıra mənfi nəticələri də bərabərində gətirib. İstər dünyada, istərsə də ölkəmizdə ötən bir ilə nəzər saldıqda bu nəticələri görmək mümkündür. Bildiyimiz kimi, ölkəmizə tətbiq edilən karantin rejimi və bir sıra məhdudiyyətlər nəticəsində ənənəvi toyların keçirilməsi qadağan edilib. Adət-ənənələrə bağlı olan xalq kimi, ilk başlarda təntənəli toyların keçirilməməsi bir çoxları üçün qəbuledilməz oldu. Hətta karantin qaydalarını pozaraq toy keçirənlərə də az rast gəlmədik. Lakin zamanla məcburi vəziyyətə ayaqlaşan və sadəcə nikah bağlayaraq ailə quran cütlüklərə də rast gəldik.

Eyni zamanda, məsafədən iş rejiminə keçid, evə qapanmalar bərabərində gələn ailədaxili münaqişələr bəzi ailələrdə ciddi problemlər yaratdı. Nəticədə ailə bağları zədələndi və bu, boşanma sayına xeyli təsir etdi. Ötən ilin statistikasına nəzər saldıqda görürük ki, 2020-ci ildə ümumilikdə ölkəmizdə 35 348 nikah, 14 628 boşanma qeydə alınıb. Qeyd edilən statistik göstəricilər 2019-cu illə müqayisədə hər iki göstəricidə azalma var. Xatırladım ki, 2019-cu ildə ölkəmizdə 63869 nikah, 17 148 boşanma qeydə alınıb. Təəssüf ki, pandemiya əhalinin artım demoqrafiyasına mənfi təsir edib. Ümumilikdə ötən il 126571 nəfər doğulub, lakin 75 647 nəfər vəfat edib. 2019-cu ildə bu göstərici doğum sayında 14 1179, ölüm sayında isə 55916 nəfər olub. Yəni bir ərzində doğulanların sayı azalıb, vəfat edənlərin sayı isə artıb.

Dünya üzrə demoqrafik statistikaya nəzər saldıqda görürük ki, ötən il əhalinin sayının azalması ölkələr üzrə fərqlidir. Koronavirus təsirlərinin yan keçmədiyi Rusiyada 2020-ci ildə əhali 510 min nəfər azalıb.  "Forbes" nəşrindəki məlumata görə isə Yeni Zelandiya, Almaniya, Tayvan və Norveçdə pandemiya dövründə ölümlərin sayı nisbətən daha azdır. Maraqlıdır ki, virusun ilk dəfə qeydə alındığı və sürətlə yayıldığı Çində də ölüm sayı nisbəti az olub. 2020-ci il statistikasına görə, Türkiyə əhalisi isə artaran 83614362 nəfərə çatıb.

Koronavirus pandemiyası həm də dövrümüzün ən böyük səhiyyə böhranıdır. 2019-cu ilin dekabrından ötən müddət ərzində dünyanın 208 ölkə və bölgəsini təsiri altına salıb. Həmçinin, 2020-ci ilin son statistikasına əsasən, koronavirus 60 milyon insanı "həddindən artıq yoxsulluğa" məruz qoyub. Hazırda hər bir dövlət pandemiya ilə ciddi mübarizə aparır və öz vətəndaşını maksimum ağır vəziyyətdən minimum itkilərlə çıxarmağa çalışır. Artıq bu prosesin vaksinasiya mərhələsi başlayıb. Dünyamızın virusdan xilas etmək və yenidən əvvəlki "azad" günlərimizə geri dönmək üçün ən yaxşı yol bütün dünyanın birgə mübarizəsidir.

 





14.04.2021    çap et  çap et