525.Az

"Şorəppəyi" dizinin üstə olan millət - Rəhman Mirzəlizadənin yazısı


 

ERMƏNİLƏRLƏ ETİBARLI ƏMƏKDAŞLIQ MÜMKÜNDÜRMÜ?

"Şorəppəyi" dizinin üstə olan millət - <b style="color:red">Rəhman Mirzəlizadənin yazısı </b>

Qubadlının işğalından sonra əmim hər dəfə oradakı erməni qonşuları Akopu söyəndə "Bala, söymə, yazıq Akop neyləsin, bizə zərər verməz, o qədər şorəppəyi vermişəm ona. Hamısı rusların işidir" deyən nənəm əgər onlar rayonu tərk edən kimi Akopun evlərinin şiferlərini söküb ucuz qiymətə satdığından xəbər tutsaydı, yəqin ki, fikirdən birtəhər olardı. Ona görə də əmim heç vaxt söhbəti çox açıb-ağartmazdı.

Qazan xanlığının verdiyi "şorəppəyilər" də ermənilərin "dizinin üstündə" qalmışdı. Orada məskunlaşan tacir erməni ailələrinə geniş imtiyazlar verilmişdi: Qafqaz və İranla olan ticarət əlaqələri ermənilərin ixtiyarında idi. Xanlıq ərazisində ermənilərin öz məhəllələri, günümüzdə qalıqları "Yunan malikanəsi" adlanan kilsələri və kilsə həyətində məzarlıqları vardı. İvan Qroznı Qazan xanlığını mühasirəyə alanda tatarlar çar ordusunun bir çox hücumlarını dəf elədilər. O zaman erməni tacirlər təngnəfəs rusların qərargahına gedib böyük məbləğdə pul qarşılığında qalanın asanlıqla ələ keçirilə bilən zəif nöqtəsini çara satdılar. Çar bu məlumatlar sayəsində şəhəri tutsa da, Qazan xanlığına edilən xəyanətin nə vaxtsa özünə qarşı da edilə biləcəyini düşünüb erməniləri öldürmək əmrini verdi...

Tarixdə ermənilərin belə nankor hərəkətləri çox olub. Ona görə də, 10 noyabr və 11 yanvar bəyanatlarının Ermənistanla münasibətlərin yenidən qurulması və bu ölkənin bizə snayper tüfənginin durbinindən deyil, qonşuluq pəncərəsindən baxmaq üçün bir sənəd olduğunu desək də, modern "çomağımız" olan PUA-ları yerə endirmək ən azından tarix biliyimizin qıtlığından xəbər verər.

Bu yaxınlarda Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı azərbaycanlı deputat, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevə sosial şəbəkədə "həbsxanada sənin başını kəsəcəyik" deyə ultimatum ünvanlayıb. Ermənilərin Qarabağı hələ də "Verden qəssabxanası"na çevirmək istəyini göstərən bu təhdid onlarla "etibarlı" əməkdaşlığın ancaq sütül erməni gəncinin yuxusunda gerçəkləşəcəyinə şübhə yeri qoymur desəm, yəqin ki, məni siyasi avamlıqla suçlamazlar.

İllərdir, erməni məktəblərində Azərbaycan əleyhinə aparılan təbliğat erməni gəncliyinin bizə qarşı milli inkvizitorluğunu körükləyib. Hətta bir erməni məktəbinin girişində yerə Azərbaycan bayrağı sərmişdilər. Gəlib-gedən şagirdlər bayrağı tapdalayıb keçirdilər. Beyinlərində bizə qarşı nifrət burulğanı sovrulan bir gəncliyin sülh və etibarlı əməkdaşlıq dınqıltılarına inanıb-inanmamağı sizin öhdənizə buraxıram...

Ermənilərin bu cür nifrət təbliğatları təkcə indi yox, həmişə olub. 1919-cu il - hələ səssiz kino vaxtında film çəkib ("Satılmış ruhlar") türkləri dünyaya barbar millət kimi təqdim edirdilər. Osmanlı dönəmində Şərqi Anadoluda erməni keşişləri də bu cür təbliğatlar aparıb Osmanlının, əslində, "Böyük Ermənistan”ın bir parçası olduğunu, amma sonradan "barbar" türklərin onların babalarını öldürüb torpaqlarını ələ keçirdiklərini uydururdular. Bunları yazmaqda məqsədim tarixi uzunçuluq etmək deyil. Ermənilərin bizə qarşı nifrəti onların genetik yaddaşına pərçimlənib. Və zərbə endirmək üçün "Axilles dabanımızın" açılmasını gözləyirlər...

 





14.04.2021    çap et  çap et