525.Az

Yaltaqlıq şkalası: yüz il əvvəl və indi


 

Yaltaqlıq şkalası: <b style="color:red">yüz il əvvəl və indi</b>

Kiminsə gözünə yaxşı görünmək istəyi öz hədəqəsini aşanda arzuolunmaz mənzərə yaranır.

Normal haldır ki, hər kəs öz sahəsində fərqlənmək və daha böyük nailiyyətlərə imza atmaq üçün daha yaxşı olmağa, qoyulan tələblərə daha təkmil cavab verməyə can atır. Amma bu, başqa, vəzifəlilərə münasibətdə yaltaqlıq, "yuxarılar"a yarınmaq başqa! İndi zaman başqadır - 21-ci əsrin 21-ci ilində yaşayırıq. Əvvəllər belə tipli adamların bu cür hərəkətləri asan ört-basdır olunurdu və yaxud heç gözə çapmırdı. Amma daha o gərdiş deyil, odur ki, hər şey bir andaca gün kimi ortaya çıxır. Bir anın içində ucala da bilirsən, alçala da. Hüseyn Arif demiş, qalxanda fərəhindən toy-bayram edir insan, enəndə qəm sazını çalıb inlədir insan...

Bu günlərdə İctimai TV-də dəyərli jurnalist Müsəllim Həsənovun təqdimatında "XX yüzillik. Faktlar, hadisələr və insanlar" verilişinin növbəti buraxılışı efirə gedib. Baş redaktorumuz Rəşad Məcid bu veriliş haqqında elə maraqlı fikirlər, cəlbedici təəssüratlar danışdı ki, məndə istər-istəməz həmin buraxılışı izləmək meyli oyandı. Yutub kanalında verilişi tapıb izlədim. Gördüm ki, həqiqətən, inanılmaz dərəcədə maraqlı faktlara yer verilib, dəqiq yanaşma ortaya qoyulub.

Bu yazının yazılması fikri isə verilişdəki bir məqamdan qaynaqlandı. Bəzi məqamlarla bağlı Müsəllim müəllimin özünə zəng etdim və bu barədə həmsöhbət olduq. Deməli, Bakının, o dövrdəki ifadəylə, qorodanaçalniki general Martınov şəhər başçısına ərizə yazır ki, keçən il mənə verdiyiniz avtomobilin avadanlıqlarına və təkərlərinə 5589 rubl 15 qəpik pul xərcləmişəm, xahiş edirəm, bu xərclərin şəhər hesabına ödənilməsi məsələsinə Dumada baxılsın. Həmin vaxtlarda şəhərdə xəbər dolaşır ki, guya general Martınov bu ərazilərdə nisbi sakitliyi bərqərar edib. Şəhər əhli hesab edir ki, qorodanaçalnik quldurluğun, ağır cinayətlərin qarşısını alıb. 1909-cu ilin aprelində şəhər Dumasının iclasında qərara alınır ki, fəaliyyətinə görə minnətdarlıq ifadəsi olaraq, qorodanaçalnik Martınovun rahatlığını təmin etmək məqsədilə, ona avtomobil alınsın. Şəhər başçısı Rayevski isə buna etiraz edir: "Qanunun tələblərinə görə biz vəzifəli şəxslərə təşəkkür etməli deyilik".

Buradan belə məlum olur ki, çar dövründə məmurlara hədiyyə və mükafatlarla təşəkkür etmək, onları xidməti fəaliyyətinə görə tərifləmək qanuna zidd sayılıb. Əlbəttə, çar hökumətinin yerində olmayan, azərbaycanlıların milli mənafeyini nəzərə almayan xeyli qanun-qaydaları da varmış. Amma bu qadağaya söz ola bilməz. Tarixin bəzi səhifələrindən ibrət götürmək lazımdır!

Bu gün də məmurlara yaltaqlanmaq, hansısa vəzifə sahiblərinə özünü şirin satmaq üçün boğazdanyuxarı təriflər söyləmək qadağan edilsəydi, görəsən, nə olardı? İnanın, düşünmək belə qəribə gəlir...

Vəzifəli qohumlara, tanışlara şirinlik eləmək qeyri-mümkün olacaqdı. Müdirlərlə işçilərin çoxunu yalnız işə aid söhbətlər bağlayardı. Ağılasığmaz haldır, elə deyilmi?! Nəticəsi isə tükürpədicidir: yüzlərlə adam işsiz, pulsuz qalardı. Bu fikri kimsə geniş bir tədbirdə irəli sürsə, ətəyindən darta-darta yerə yıxarlar. Nə isə, heç mən də dərinə getmirəm, sanki qeybdən Sabiranə bir səs gəlir: "Dinmə!" Mən də elə o tərzdə cavab verirəm: "Mütiəm, kəsərəm sözlərim!"

Dediyim qadağa rəsmiləşsə, bəzi üzdən isti, içdən soyuq məclislərdə heç kim uzun-uzadı, şit sağlıqlar deməzdi, elə hamı yeyib-içib dağlışardı. O ki sağlıq deyəndə mədh eləmədin ha, nə ləzzətti! Elə məclislər olur ki, təsadüfən bir yazıq adam da düşür ora. Xəlil Rza demiş, mey gətirən gözəlin də sağlığına, güldandakı qızılgülün də sağlığına, xoş qədəmli günün, ayın da sağlığına içirlər, amma o yetim unudulur. Amma nə tutulur, nə pərt olur. Öz-özünə pıçıldayır: "Ay kasıb, sənin sağlığına..."

Elə olsa, nekroloqların, oçerklərin sayı dəfələrlə azalardı. Halbuki dünyasını dəyişənin "böyük, ali" qohumları bu yazını oxumalıdır axı. Yoxsa, rəhmətliyin yeri narahat olar. Azından bir yeyib-içmək, uzağı sarı əllilik (çox da ola bilər), bəd ayaqdan yaxşı tədbirlərin birində adının çəkilməsi bu nekroloqlardan, oçerklərdən gələn ən gözəl qazanclardır...

O qadağa sayəsində, xatirə gecələrində, tədbirlərdə kiminsə şəninə söz demək adət-ənənəsi də aradan qalxardı. Adam var ki, çıxışçılar siyahısına düşmək üçün gecə-gündüz özünü oda-közə vurur. Hə, buna da söz verilir, başlayır səs tellərini didib-dağıdaraq mədhnamə söyləməyə, sonda da bir bənd şeirə oxşayan nəsə guruldatmaq mütləqdir...

Təbii ki, hamı belə deyil, ürəkdən gələn sağlıqlar, oçerklər, nekroloqlar, çıxışlar da çoxdur. Amma bunlar yarınmaq, yaltaqlıq sayıla bilməz, çünki səmimiyyətin, gerçək rəğbətin göstəricisidir.

5-6 ay öncə deputatlardan birinin Feysbuk hesabına mesaj yazmışdım. Cavab verəcəyinə gümanım yox idi, nömrəmi istədi və mənə zəng vurdu. Bütün dediklərimi səbrlə dinləyib cavablandırdı. Yaxşı mənada təəccübləndim. İstədim onun bu addımı ilə bağlı təşəkkür xarakterli yazı yazım, amma əl saxladım. Düşündüm ki, əslində, belə də olmalıdır. Gör vəziyyət nə yerdədi ki, mən buna sevinirəm. Rayevski demişkən, axı bu, onun vəzifəsidir. Yalan deməyəcəm, arada məndə də tərif ruhlu yazılar olur, amma əsas məsələ barıtdır: onu normasında qoysan, qorxusu yoxdur.

Bu, bir az da, vicdan məsələsidir. Kimsə hansısa vəzifəli şəxs haqqında tənqidi fikirlər yazırsa, trollar doluşur rəyə. Axı niyə?! Baxırsan ki, həmin profillər "fake"di. Həmin trollara çox zaman yaxşı iş söz verirlər. Əksərən, işdən də xəbər çıxmır. Ara yerdə özlərini daha da abırdan salırlar. Bu isə artıq yaltaqlığın adətə çevrilməsi, kəskinləşərək şəxsiyyətsizliyə çevirilməsidir. Tərif qədər tənqidə də öyrəşməliyik...

Amma bəzən hörmət və sevgini də yaltaqlıq kimi başa düşürlər. Elə adamları qınamıram, neyləsinlər axı?! O qədər "sevgisi" yaltaqlığa söykənən, höməti təmənna ilə bağlı olan adamlar var ki, artıq saf-çürük eləmək də çətinləşib. Adam sidq ürəkdən çox istədiyi kiməsə xoş söz deməyə də qorxur ki, deyəcəklər, yaltaqlanır. Bizim zəmanədə sidq ürəkdən bəyənib alqışlamaq da çətin işdir...

Əslində, hamı öz işinin öhdəsindən layiqincə gəlsə və lazımlı adamlar öz yerlərində olsalar, belə hallar aradan qalxar. Xalq şairi Qabil demiş, "Xaric səslənirik biz - Səhv düşəndə yerimiz"...

 





14.04.2021    çap et  çap et