525.Az

Mauqli - İsfəndiyar Vahabzadənin qeydləri


 

Mauqli - <b style="color:red">İsfəndiyar Vahabzadənin qeydləri </b>

Bu, Redyard Kiplinqin Mauqlisi deyil. Yox, bu, mənim öz Mauqlim idi.

O, bu şəklini Türkiyədə çəkdirmişdi. Sıx ağaclıq olan bir yer idi, külək əsirdi, saçları üzünə dağılmışdı. Təəccüblə nəyəsə baxıb gülümsəyirdi.

Şəklini mənə göstərəndə gülüb dedim ki, bu nədir, lap Mauqliyə oxşayırsan ki. İncidi məndən. Mauqliyə sən özün oxşayırsan, dedi. Sonra həmişəki kimi, biz bir neçə dəqiqəlik küsüşdük. Daha sonra, həmişəki kimi gülə-gülə də barışdıq. Yenidən şəklinə baxıb dedi ki, düz deyirsən, doğrudan da bu şəklimdə Mauqliyə oxşayıram. Özü də cizgi filmindəki Mauqlinin uşaqlığına. Şəkli cırıb tullamaq istədi, qoymadım. Əlindən aldım. Saxladım özümdə. İllər ötdü. Bu illər ərzində çox məsələlər gəlib-keçdi. Hər şey oldu və bitdi. Öz axırına çatdı. Hadisələr gəlib şlaqbauma dirəndi, vəssəlam.

İndi bu şəkli böyüdüb çərçivəyə salıb yazı masamın üstünə qoymuşam. Bəzən yerli-yersiz mübahisələrimiz qəfildən yadıma düşəndə şəkli götürüb masamın çəkəcəyinə qoyur, bəzən də xoş xatirələrimiz, deyib-gülüşdüyümüz vaxtlar, "lesse pase"dən (diplomatik dildə geriyə qayıdış) məhrum olunmuş mühacir günlərim qəfildən yenə yaddaşıma qayıdan kimi həmin şəkli çəkəcəkdən götürüb yenidən stolumun üstünə qoyuram. Artıq bir neçə ildir, bunu hər gün təkrar edirəm. Bir sözlə, odu söndürüb külü ilə oynayıram.

Çalış cavanlıq illərini elə yaşa ki, yaşa dolub qocalanda o ötən illərini yada salıb bir az utanıb qımışasan, amma xəcalət çəkməyəsən (V.Pozner).

Belə misalları, buna oxşar məsələləri çox çəkmək, belə öyüd-nəsihətlərdən çox demək olar. Və bunu hamı deyə bilər. İllah da, 80 yaşa gəlib çatandan sonra, 80 yaşdan sonra kimə nə cür desən, nə qədər desən, məsləhət vermək olar. Əgər cavanlıq illərində Poznerin dediyi kimi, yaşlananda xəcalət çəkməyim deyə, hər elədiyim işi, əməli nəzərə alıb, suyu da üfürə-üfürə içəcəksənsə, onda bunun nəyi cavanlıq oldu ki?.. Bunun harası dəliqanlılıq oldu ki?... Əgər hər işi, atacağın hər addımı düşünəcəksənsə, belə bir cavanlıq bir qara qəpiyə dəyməz.

Amma "Hər dövrün, hər yaşın öz gözəlliyi var" deyimini də, məncə, hər dövrə, hər yaşa aid etmək olmaz.

Uşaqlıq illərinin, yeniyetməliyin, gəncliyin, cavanlığın, illah da kişiliyin ən oturuşmuş, ən gözəl illərini, yəni 40 ilə 50-55 yaş arasındakı o illərin - necə deyərlər, göydə uçan quşu gözündən vuran, göydən ulduz yağdıran dövrün xüsusi və heç nə ilə müqayisə olunmayan, əvəzlənməyən, həsəd çəkdikcə çəkiləsi, xatırladıqca xatırlanası, qüssələndikcə qüssələndirən "mən də nəsə görmüşəm, mən də nəsə etmişəm" -  deyə biləcək lovğalandırıcı gözəlliyi var. Qocalığın isə heç bir gözəlliyi-zadı yoxdur. Qocalığda heç nə yoxdur. Qocalıqda heç nə, heç bir şey arzulaya bilmirsən. Qocalıqda yalnız köhnə arzuların qayıdışı var. Və bu köhnə arzuların müxtəlif formalarda xəyali qayıdışını düşündükcə köhnə, pas atmış arzuları xatırladıqca başa düşürsən ki, bu dünyanın ləzzət, həzz deyilən sərhədini çoxdan vurub keçmisən. Artıq sərhədin o biri tərəfindəsən, qürbətdəsən. İndi isə, bundan sonra istəyirsən lap 100 il yaşa, heç nəyə xeyri yoxdur. Və sən bu zamanın qəribisən, qürbətdəsən. Və onda dəhşətli bir həqiqəti anlayacaqsan ki, artıq sən həyata yox, həyat sənə ağır bir yükdür.

Oturub dünənlərə baxdıqca, təqvimin bütün qoparılıb çör-çöp qutusuna atılmış vərəqləri xəyalən bir-birinin ardıyca öz yerinə qayıdır, səliqə ilə yenidən öz yerinə yapışdırılır.

***

Atam eyni mövzuda iki ildən artıq idi ki, mənimlə mübahisə edirdi. Bərkən qışqıra-qışqıra deyirdi:

- Sən buradan getməlisən, burada qalmamalısan. Başa düşürsən? Özü də tezliklə getməlisən. Sən burada qaldıqca səhv-səhv dalıyca edəcəksən. Hər gün yeni bir səhv edirsən. Doğrudanmı, sən başa düşmürsən ki, sən səhv yoldasan? Sən mənə qulaq asmalısan, oğul. Və buna məcbursan. Çünki bunu sənə mən deyirəm. Bunu indi yox, sonralar başa düşəcəksən, ay bədbəxt. İki ildir, sənin nələr çəkdiyini mən görürəm. Səni başa düşürəm deyə, dəhşətə gəlirəm, od götürür məni.

Sonra dərindən köks ötürərək, yarıpıçıltılı səslə özü ilə danışırmış kimi: "Öləydim, ay oğul, sənin bu gününü görməyəydim" - deyirdi.

- Ay ata, axı mən nə səhv iş görmüşəm? Axı, nə günah iş görmüşəm? Axı, mənim 42 yaşım var. Axı, mən nəyə görə, həmişə sən deyəni etməliyəm, sənin kimi düşünməliyəm? Axı, mən niyə buradan getməliyəm? Niyə axı? Buradakı işim, vəzifəm, hörmətim - axı niyə burdan getməliyəm ki?..

- Mən imkan verməyəcəm ki, sən ailəni dağıdasan. Bütün dünyanı başına dar edərəm. Çünki mən vaxtilə sizi düşünmüşəm deyə, ürəyimin istəyinə zidd getmişəm. İndi də sən övladlarını düşün və ürəyinin ziddinə get.

- Ay ata, axı mən də insanam, həyatımı insan kimi yaşamaq istəyirəm. Axı, onsuz qala bilmərəm. Vallah qala bilmərəm. Sən də məni başa düş, ölərəm, dəli olaram onsuz. O, mənim hər şeyimdir. Doğrudanmı sən görmürsən?

Hiss edirdim ki, get-gedə səsimi qaldırıram. Sonra yavaş səslə deyirdim: "Ölərəm, vallah ölərəm".

 - Öl qurtar, hamının canı sənin əlindən qurtarsın. Sən bu saat, elə bu saat, hər bir məsələyə, bu ikili həyatına son qoymalısan və qoyacaqsan. Sonralar, çox sonralar başa düşəcəksən ki, düz iş görmüsən. O, gərək ailəli, iki uşaq atası ilə görüşməyəydi. Sən də gərək ərli qadınla görüşməyəydin. Onu başa salaydın. Nəinki ailəsini dağıdaydın. İndi o, sənə görə ailəsini dağıtdı. İndi nə demək istəyirsən? Növbə səninkidir? Ay hay... Mən dünyasında buna razı olmaram. Dünyanı sənə cəhənnəm edərəm. Gül kimi ailən, uşaqların var. Yaxşı, deyək, o, başa düşmür, 24 yaşı var. Bəs sən?.. Axı, sənin 42 yaşın var. Bunu da başa düşmürsən? Aranızda nə az-nə çox, düz 18 il yaş fərqi var. Yəni bunu da başa düşmürsən? Həə... Sən buradan getməlisən sözünü də mən sənə özbaşına, havadan alıb elə-belə demirəm. Eşitdiyimə görə, sənə diplomatik işə keçməyə təklif edirlər. Bu lap əla. Mən də bu işə təkan verərəm, iş tez alınar. Demək, dövlət xətti ilə buradan gedərsən (Əgər hər şeyi açıq danışıramsa, gərək onu da deyəm ki, diplomatik işə keçməkdə atamın heç bir rolu olmayıb. Sadəcə olaraq, təklif aldığım işin və gedəcəyim ölkənin dilini o vaxtlar, respublikamızda bilən yeganə mütəxəssis mən idim).

- Düzdür, belə bir təklif almışam. Sənə düzgün çatdırıblar. Amma hələ ki qəti qərara gəlməmişəm. Əgər gedəsi olsam belə, ondan ayrılmayacağam. Onunla evlənib, elə gedəcəyəm.

- Xeyr. Xeyr. Dünya dağılsa da, bu, mümkün olan deyil. Ə, sən nə danışırsan? O qızın anası rusdur. Bildiyimə görə, yaxşı qadın olub, rəhmətlik. Çox cavan yaşlarından dünyasını dəyişib. Atası da qızlarına görə evlənməyib. Mən o qızın atasını hələ cavanlıq illərindən tanıyıram. Son dərəcə təmkinli, tədbirli bir adamdır. Əgər indiyə kimi səninlə görüşüb aradakı pərdəni götürməyibsə və qızı ilə sənə görə küsülüdürsə, indi gör o biçarə bir ata kimi nələr çəkir? Söz yox, o qız olduqca ağıllı, savadlı bir qızdır. Hm... İlahidən də verilmiş qeyri-adi gözəlliyi var. Allah ona bəxtdən başqa hər bir şeyi verib. İndi neyləmək olar? Allah onu xoşbəxt eləsin. Amma mənim ailəm üçün bu, mümkün deyil. Mənim sənə verdiyim tərbiyəyə bu, heç uyğun gəlmir. Əlbəttə, hamı insandır. O da bir kişinin qızıdır. Bir başqasına ərə gedər, Allah qoysa, xoşbəxt olar.

Aman Allah. Atama hər bir şeyi yerli-yataqlı çatdırmışdılar.

- Ay ata, bəs mən? Bəs mən bir kişinin oğlu deyiləm? Ay ata, yanıram axı, odlanıram axı, mən də insanam.

Atam mənə baxıb əsəbi halda gülürdü. Mən yenə ona nələrisə deyib, nələrisə başa salmaq istəyirdim. Sözümü kəsdi:

- Ə, hər şey bir yana, yaş həddini nəzərə al. O, sənin oğlundan cəmisi 10 yaş böyükdür.

- Axı, mən niyə hamını başa düşməliyəm? Amma heç kim məni başa düşmək istəmir.

Atamın gözləri yol çəkirdi. Və birdən gözlərini dikdiyi o nöqtədən ayırmadan yavaş səslə:

- Ay gözümün nuru, ay böyük qardaş saydığım (Atam yavaş-yavaş səs tonunu aşağa salıdı, sanki mənə yazığı gəlirdi, eyni zamanda, dediyindən də dönmürdü). Niyə, mən səni çox gözəl başa düşürəm. Beləsindən əl çəkmək sənə çətin olacaq, çox çətin olacaq. O qızın cilalanmış hər bir hərəkəti, ağıllı danışığı, savadı, düşüncəsi, xarici görkəmi, ən ümdəsi, ağılla cütləşmiş hiyləgərliyi səni dəli edib. Elə sən də onun ağlını başından çıxarmısan. Amma bu, həyatın olsa-olsa ən adi bir epizodudur. İki-üç il görüşdünüz, yetər. Bəsdir daha. Qızı da sakit burax, qoy bir Allah bəndəsinə ərə getsin (Dünyasında elə şeyə razı ola bilmərəm. O, mənimkidir. Onu heç kəsə vermərəm).

Atam mənə deyirdi ki, bu, dünyanın axırı deyil. Bu dünyada düzəlməyən məsələ yoxdur. Ən çətini bir ay dözməkdir. Bir ay döz, səbr et, onunla görüşmə, telefonlarına cavab vermə, özün də zəng etmə, hər şey yavaş-yavaş soyuyacaq. Bu işin ayrı çarəsi yoxdur. Və mən də dünyasında razı ola bilmərəm ki, qeyri-millətlə qarışığı olan bir qız mənim gəlinim olsun (Elə mənim dilimi də qısa edən bu məsələ idi. Milli məsələ evimizdə ən ali bir məsələ idi).

İndi bu sətirləri yaza-yaza, atamın mənə vaxtilə dedikləri bu sözlər öz səsi ilə yaddaşıma qayıdır və dərhal da başqa səslərə qarışıb itirdi, yox olurdu. Atam bir də həmişə mənə onu deyərdi ki, mən nə tökmüşəmsə, sən də onu götürmüsən. Məndə nə pis şey varsa, onu götürmüsən.

Və heç kim məni başa düşmədiyi halda, mən hamını başa düşdüm, geri çəkildim.

...Hm... Geri çəkildim deyəndə ki, geri çəkilməmişdim. Yox, əgər həqiqətən geri çəkilsəydim, onda yaşamazdım. Ürəyim xiffətdən partlayardı, ölərdim. Amma gərək partlayardı, öləydim.

Biz aranı kəsmədik. Əlbəttə, görüşürdük. Əvvəlkindən daha tez-tez görüşürdük. Amma əvvəlki kimi aşkarda yox, gizlində görüşürdük.

Və... Mən günlərin bir günü xarici ölkəyə diplomatik xidmətə getdim. Ən müxtəlif xarici ölkələrdə işlədim. Qürbətə getdim. Lap o mahnıda deyildiyi kimi, "məhəbbət qürbətə gedərmiş", gedə bilərmiş. Bir ay, ayyarım həsrətini içimdə boğan qəriblər kimi dözdüm... Bu müddət ərzində nələr çəkdiyimi Allah bilir. Dəli olmadım, havalanmadım, böyük şeydir. Ay aman, bu nə müşkül, nə çətin bir iş imiş. Nə danışdığımı, nə elədiyimi bilmirdim. Gözlərimi telefondan çəkmirdim. Yox, mümkün olmadı. Heç kimə heç nə demədən, gizlində ona zəng etdim. Bakıya gəldim. Uça-uça gəldim. Elə aeroportdaca görüşdük. Mən qəsdən VİP zalından deyil, adi zaldan keçdim ki, məni görüb-tanıyan olmasın. Ətrafdakıları nəzərə almadan, uzun zaman bir-birimizdən ayrılmadıq. O, ağlayırdı. Aman Allah. Mən dəli idim ondan ötrü. Onun heç nə ilə əvəz olunmayan ətrindən ötrü. Şabalıdı rəngli saçlarından ötrü. Uzun, zərif, sərin, əsl pianoçulara məxsus olan barmaqlarından ötrü. Mən onun dəlisi idim. Maşına minib evlərinə gəldik. Mən 36 saatdan sonra yenidən geri döndüm. O, ağlayırdı.

Məni heç kəs görmədi. Bir müddət ötdü. Arada elə telefon danışıqları qaldı. Dözmədim. Yenə də heç kimə heçnə demədən Bakıya gəldim. Evlərində elə bir stəkan çay içib, bir az söhbət edib, bir-iki qədəh içəndən sonra, gecə saat birdə şəhərə çıxdıq. Ay aman, biz nə xoşbəxt idik. O, sevincindən uçurdu. Gülə-gülə soruşdu.

- Neçə saatlığa gəlmisən?

- Heç. Sonra deyərəm. Gecə saat birdən altıya qədər şəhəri gəzdik. Piyada gəzdik. R.Zorge parkında bir qədər oturduq. Oradan düz Nəsiminin heykəlinə qədər gəldik. Şəhər bizə darlıq edirdi. Mənə elə gəlirdi ki, mənim 19, onun isə 16 yaşı var. Heç nəyə əhəmiyyət vermədən, qol-boyun şəhəri gəzirdik. Küçədə tək-tük adam var idi. Biz gəzmirdik, sanki uçurduq. İçkinin təsirindən başımda aləm bir-birinə qarşımışdı. Ən müxtəlif şeylərdən danışırdıq. İşlədiyim ölkədən, diplomatik işdən, hər bir işdə ayıq olmaqdan (çox qəribədir, amma onu gördüyümdə bütün ayıq-sayıqlığımı itirirdim), bir-birimizsiz qala bilməməyimizdən danışırdıq. Arzularımızdan isə danışmırdıq. Çünki heç birimiz arzularımıza arxayın deyildik. Arzularımıza inam yox idi. Gələcəyimizdən, keçmişimizdən danışırdıq, Şopen, Betxoven, Motsart, Hemenquey, Artur Xeyli və... birdən dayandım. Saatıma baxdım. Altıya beş dəqiqə qalırdı. Üzümə baxıb, həyəcanla, bəlkə də, çığırtı ilə "Nə olub, - dedi - niyə dayandın?"

Yavaş bir səslə:

- Mənim vaxtım bitdi. Mən geri dönməliyəm.

- Axı niyə? Axı belə olmaz. Niyə belə tez?

Qəhər onu boğurdu. Məni iki əllə qucaqlamışdı. Buraxmaq istəmirdi. "Yox - deyirdi - getmə, xahiş edirəm getmə".

Onsuz da həmişə nəmli olan gözləri dolmuşdu. Deyirdi, getmə, nə olar getmə. Qəhərini zorla boğurdu. Plaşımı tutmaq istəyəndə düyməsi qırılıb əlində qaldı. Yavaş səslə. Pıçıltı ilə:

- Qoy bu, məndə qalsın. Bir də gələndə özüm tikərəm.

Taksidə yanaşı oturmuşduq. Əlləri ovcumda idi. Pıçıltı ilə soruşdu:

- Atanla görüşmüsən?

- Hm... Yox. Necə ki? Ona bura  gəldiyimi demirəm.

Sol üzümdən öpdü.

Onu evlərində düşürüb aeroporta getdim.

Mən hökmən qayıtmalı idim. İşlədiyim ölkədə saat 3-də vacib görüşüm var idi. Ona görə, qayıtmalı idim.

Sonralar mən Bakıya tez-tez gəlirdim, qayıdırdım. O da tez-tez mən işlədiyim ölkəyə gələrdi. Kölgə kimi dalımca sürünərdi. Mən çox qala bilmirdim. Cəsarətim çatmırdı. O isə məndən cəsarətli idi. Hər gəlişində 10 gün, bəzən də iki həftə qala bilirdi.

Və illər beləcə davam edirdi. Nə az-nə çox, düz 17 il davam elədi. Hər dəfə gəlib bir-birimizdən ayrılanda, elə bil, əti dırnaqdan ayırırdılar. Və bu 17 il civarında çox hadisələr oldu. Hər bir işimə nəzarət edən atam dünyasını dəyişdi. Qızına görə mənimlə görüşmələrimə dözən, bir dəfə də olsun mənim aranı açmayan, pərdə saxlayan atası qızı ilə küsülü, nigaran bu dünyadan köçdü. Artıq mənimlə bir qədər razılaşan, yumşalan anam da dünyasını dəyişdi. Oğlum evləndi, qızım köçdü... Bəs mən?.. Artıq bizə mane olacaq qüvvələr yox idi. Mən də diplomatik xidmətim başa çatıb qayıtmışdım.

Bəs indi?

Biz hər gün bir yerdə idik. Gecə-gündüz, səhər-axşam. Özümüzə real dünyadan kənar bir dünya yaratmışdıq. Bu dünyanın iki sakini var idi - bir mən, bir də o. Mən hər bir işi nizamla, qaydası ilə, rahatlıqla aparırdım. Ailəli dünyam, onlu dünyam. Doğrudur, hərdən bir bu dünyalar arasında toqquşmalar da olurdu, amma mən hər bir məsələni rahatlıqla yoluna qoyurdum. Bundan başqa, bir inzibati dünyam və ictimai dünyam da var idi. Burada hər şey öz qaydası ilə gedirdi. Məni tanıyanlar, mənə qibtə edib ona yazıqları gələr, onu tanıyanlar isə ona qibtə edib mənə yazıqları gələrdi. Mən bütün günümü yaratdığım dünyamda keçirirdim. O dünyamdan çıxıb monoton dünyama qayıdanda da saatlarla telefonda danışar, yatanda isə yuxularımda onlu dünyama uçardım. İndi də biz heç cür birləşə bilmirdik. Biz indi başqalaşmışdıq. Başqa-başqa adamlara çevrilmişdik. O, get-gedə dəhşətli qısqanc bir qadına çevrilirdi. Məni hamıya qısqanırdı. Həyat yoldaşımla yaxın olmaqlarına baxmayaraq, onu da mənə qısqanırdı. Həyat yoldaşım isə heç nə demirdi. O, yaşa dolmuşdu. Amma bir məsələni yaddan çıxartmışdı ki, mən də yaşlaşmışdım, mən də yaşa dolurdum. O deyirdi ki, kişi elə Afrikada da kişidir, qadın isə tez solur. Mən də deyirdim ki, qadın elə Amerikada da qadındır. Axı nə olub?

Tez-tez mənə deyirdi:

- Sən unutma ki, mən 90-cı illərdə Azərbaycan, sonra isə MDB məkanında gözəllik qalibi idim. Bax, bunu unutma. Sənə heç bir jurnalist qız zəng eləməsin. Küçədə heç bir qadına, qıza baxma. Daha sonra, telefonuma nəzarət etməyə başladı. Sonra isə, özünü məndən qısqantdırmağa başladı. O mənə qısqandığı kimi, mən də onu qısqanmağa başladım. O məni özünü mənə qısqantdırmaq ilə, sanki demək istəyirdi ki, mən yenə də əvvəlki kimi gözələm, gözəllər gözəliyəm. Nə bilim deyirdi ki, boteks, üz çəkdirmə, gel vurdurma, hamısını edəcəyəm. Mən yenə də, əvvəlki gözəlliyimi özümə qaytaracağam. Mən isə qışqırırdım. Sənin təbii gözəlliyin mənim üçün hər bir şeydən üstündür. Hər səhər yuxudan durub, güzgüyə baxıb, qəhərlənirdi. Bu qırış yox idi, yenicə əmələ gəlib, o qırış yox idi, o da bu gün əmələ gəlib. O, təbiətin qanunu ilə barışa bilmirdi. Sonra da deyirdi ki, sən heç zaman mənim eybəcərləşməyimi görməyəksən. Təzə dərmanlar çıxıb, hamısından istifadə edəcəm. Mübahisələr, mübahisələr, mübahisələr. Deyirdi ki, sən mənim 20 ilimi puç elədin, məhv etdin.

- Bəs mən? Mən də 20 ilimi sənə qurban vermişəm.

- Sən nə qurbanlar vermisən ki? Ailən öz yerində, evin-eşiyin.

- Sən də evsiz deyilsən. Mən də hər gün sənin yanındayam.

Və s. və i.a.

Bir saat bir-birimizsiz qala bilməyən biz artıq bir-birimizdən qaçmalı olurduq. O, məni qısqandırmaq üçün saatlarla telefonu götürmür, qəsdən evə gec gəlir, mən də onu qısqandırmaq üçün saatlarla telefonumu götürmürdüm. Qəsdən telefonuma heç tanımadığım müxtəlif qadın adları yazırdım. Onu od götürürdü. Telefonumu dəfələrlə vurub sındırmışdı. Amma ortada konkret heç nə yox idi. Nə onda, nə məndə. Qısqanmaq və qısqanclıq səbəbsiz idi. Mən də sanki prinsipə düşmüşdüm. Mənasız bir prinsipə. Bir-birimizə qarşı dözülməz olmuşduq. Amma niyə, indi də bilmirəm. Və günlərin bir günü səbrlə, dözümlə yaratdığım onlu dünyamı vurub uçurtdum, dağıtdım. Əlbəttə, səbəbsiz heç nə olmur. Dünya parçalandı, dağıldı. İrili-xırdalı meteorlara çevrilərək öz orbitində mənasız-mənasız fırlanmağa başladı. Dünya öz mənasını itirdi.

O, köçüb Türkiyəyə getdi. Arada ancaq 20 il bundan əvvəlki telefon oyunları qaldı. Zəng edib otboy verdi, mən zəng edib otboy verdim. Yoox... Axı biz niyə birləşə bilmirik? Bizə kim mane ola bilər ki?

Mən hərdən bu hissəciklərə parçalanmış, bölünmüş dünyaya uzaqdan dəhşətlə baxır və bu xarabalıqlarda öz ayaq izlərimi, xatirələrimi görürdüm. Mən yenidən öz orbitində mənasız-mənasız fırlanan o meteorları bir yerə toplayıb, dağılmış dünyanı bərpa etmək istədim. Çünki mən bu dünyanın parçalanmasını istəmirdim. Çünki bilirdim ki, ömrümün bu son 20 ili çox möcüzəli, çox maraqlı keçib. Həyatım hadisələrlə dolu olub. Mən yenidən möcüzə istəyirdim.

Ardınca Türkiyəyə getdim. Mən indi onu yox, onunla bağlı olan xatirələrimin dəlisi idim. Türkiyədə görüşdük. O da elə bil, bir himə bənd idi. Dərhal qayıdıb gəldi. Biz yenə bir müddət bir yerdə olduq. Xeyr, möcüzə baş vermədi. Hər şey bitmişdi artıq. Hər ikimiz dəyişmişdik. O, həmişəlik olaraq Türkiyəyə qayıtdı...  

Sən getdin, elə bil dünya boşaldı,
Yaz da köçüb getdi yeri boş qaldı,
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğunam, qışı neylərəm?

Axı bu şeirin müəllifi sənsən. İndi məni niyə başa düşmürsən?

***

Dövr dövrü əvəz edir. Dünənlər srağagünə gedib çıxır. Srağagünlər ötən aylara. Ötən aylar, ötən illərə gedib çıxır. Geriyə o qədər uzanır, o qədər uzanır ki, gözünün önündən gəlib keçən bu rəngli film ağ-qaralı plyonkalı şəkillərə qədər gedib çıxır. Yazıçı Anar demişkən, uzun ömrün qısa anlarına qədər. Vaxt gəlib keçir. Bu sənədli an, lap belə saralıb solur, hətta qat da kəsir. An donub qalır, ömür isə davam edir. Əvvəl-axır bu uzun ömür də qurtarır, bitir, qısa anlar isə qalır. Dünyamıza köhnə nəsilləri bəyənməyən, onların hər bir hərəkətinə, əxlaq tərzinə ağız büzən yeni-yeni nəsillər gəlir. Və nə zamansa bu sənədli qısa an, yəni qat kəsmiş, bir az da saralmış bu şəkil köhnə albom səhifələrinin arasında ilişib qalır. Çox-çox illər sonra isə bu şəkil kiminsə əlinə keçir. Tanımır. Hmm. Bu kimdir belə? Bu hardan gəlib bura düşüb? İstər-istəməz şəkli çevirib arxasına baxacaq ki, görsün, bu şəkil kimindir? Hardan gəlib bura düşüb? Və şəklin tarixi hansı tarixdir? Tarix isə yazılmayıb. Heç nə başa düşməyəcək. Sonra isə şəkildəki adamın saç düzümünə, geyim tərzinə baxıb, ağız büzüb pıqqıldayacaq. Geyim dəbinə güləcək. Bu kimdir e... belə e..? Hər kimdirsə, amma "niçeqo" olub a... Nə isə... deyib şəkli cırıb tullayacaq. Gizlində saxlanılmış, hər dəfə sevilə-sevilə baxılmış bu şəkil həmişəlik yox olacaq. Bir də heç kimin əlinə düşməyəcək. Bu, Mauqlinin şəkli idi.

P.S. İndi arada mənimlə onun arasında ildə 7 telefon zəngi var. 17 fevral bizim tanışlığımız günü, 8 mart, 21 mart, 4 avqust mənim ad günüm, 6 noyabr onun ad günü. Bir də ...

 





14.04.2021    çap et  çap et