525.Az

"Sosial media mənim üçün daha əlçatandır" - Cavidan Fatihi


 

CAVİDAN FATİHİ: "İSTEDADSIZ MUSİQİÇİLƏR ÖZ FƏRASƏTLƏRİNİ BAŞQA SAHƏDƏ DƏ SINAYIB UĞURLU OLA BİLƏRLƏR"

"Sosial media mənim üçün daha əlçatandır" - <b style="color:red">Cavidan Fatihi </b>

Sosial şəbəkələrdə parlayanlar

Sosial media izləyicilərinin çoxu onu bir il əvvəl təqdim etdiyi "Xatirə" ifası ilə tanıyır. Mahnının bu qədər sevilməsinin əsas səbəbi ifaçının xüsusi səs ahənginə malik olması və mahnını duyğuları ilə ifa etməsidir.

Həmsöhbətimiz gənc ifaçı Cavidan Fatihidir. Onunla müsahibəyə sosial şəbəkələrin faydaları haqda soruşmaqla başladıq. Cavidan bəy cavabında sosial mediadan istifadə etmək məqsədinin yeni işlərinin təqdimatı ilə bağlı olduğunu bildirib.  

***

- Müəyyən musiqi platformalarında paylaşım etdikdə daha az kütləyə çatır. Ancaq sosial şəbəkə vasitəsilə daha böyük kütlə ilə ünsiyyət mümkündür.

- Televiziya kanallarından tez-tez dəvət alırsınız?

- Televiziya kanallarından tez-tez olmasa da, mütəmadi olaraq dəvət alıram. Hətta bəzən vaxt çatışmazlığından iştirak etmək çətin olur. Əsasən televiziya yox, sosial mediada fəaliyyət göstərmək mənim üçün daha əlçatandır. Düşünürəm ki, internetin televiziyanı rəqabətdən kənarlaşdırmasına çox qalmayıb.

- Musiqi ilə nə zamandan məşğul olursunuz?

- Musiqi ilə 5 yaşımdan məşğul oluram. 7 illik fortepiano təhsili almışam, sonra türk liseyində musiqi dərnəyində fəal iştirak etmişəm. Universitetdə oxuduğum müddətdə isə gitarada ifa etməyi öyrənmişəm. İnşallah, musiqi sahəsində akademik təhsil almaq da qismət olar. Çünki ali təhsilim hüquq üzrədir.

- İfa etdiyiniz mahnıları sevdirməyi bacarırsınız. Bundan sonra retro musiqilərə yeni nəfəs vermək haqda düşünürsünüzmü?

- Retro musiqilərimizi çox sevirəm. Həm Yutubda, həm də çıxışlarımdakı ifalarımda retro mahnılara böyük yer ayırmışam. Ola bilsin ki, gələcək fəaliyyətimdə də yer ayırdım.

- Son zamanlar türk mahnılarına üstünlük verirsiniz. Bu, nə ilə bağlıdır?

- Cəmi iki türk mahnısını kover etmişəm. O da izləyicilərimin istəkləri ilə olub. Azərbaycan musiqiləri ürəyimə daha çox yatır, ancaq hərdən türk mahnılarına da yer ayırıram.

- Bəs sosial məkanda insanları özünə cəlb etməyi bacaran, amma istedadsız həvəskar müğənnilər haqqında nə deyə bilərsiniz?

- Əgər elə bir fərasətləri varsa, bunu başqa sahələrdə də istifadə edib uğurlu ola bilərlər. Amma istedad varsa, həvəskar olmaq qəbahət deyil, zamanla təkmilləşəcəklər. Təbii ki, kreativ işlər görməklə buna nail ola bilərlər.

- Ümumiyyətlə, gənclərin sosial şəbəkələrdən istifadə tərzi sizi nə dərəcədə qane edir?

- Sosial şəbəkələrdən bir neçə il əvvəl daha aktiv istifadə edirdim. İndi əsasən gördüyüm işləri təqdim etmək və xəbərlər izləmək üçün üçün işlədirəm. Ümumi gənclərin istifadəsi haqda bir şey deyə bilmərəm, çünki hər kəs özünə necə sərf edirsə, elə də istifadə edir. Müharibə dövründə isə gənclərimizin aktiv istifadəsi, həqiqətləri el birliyi ilə dünya trendinə salmaqlarına görə müsbət fikirdəyəm.

- Musiqi sahəsində ideal kimi gördüyünüz biri var?

- Musiqi sahəsində idealım olaraq konkret bir kəsin adını çəkə bilmərəm. Ancaq bütün musiqi janrlarını dinləyirəm və xüsusi səsə sahib olan, öz musiqilərini yazıb-bəstələyən musiqiçiləri örnək götürürəm.

- Bu sənətin sizə görə ən çətin tərəfi nədir?

- Açığı, mənfi tərəfləri çox axtarmıram, müsbətlərindən yararlanmağa çalışıram.

- Mübariz Tağıyevin repertuarından olan "Xatirə" mahnısını ifa etməyiniz izləyicilər tərəfindən olduqca bəyənildi. Niyə məhz bu mahnını seçmişdiniz?

- "Xatirə" Xalq artistimiz Mübariz Tağıyevin ifasında lap uşaqlıqdan sevdiyim bir musiqi idi. Uşaqlıq dostum Xəzər Süleymanlının da proyektdə iştirakı və uşaqlıqdan gələn o duyğunun da böyük rolu var. Ona görə də, bu mahnını xüsusi ürək qoyaraq ifa etmişəm. Yəqin bunlara görə sevildi.

- Mütaliə ilə aranız necədir?

- Musiqi, kitablar və filmlərə çox böyük marağım var. Həm kitablar, həm də filmləri seçəndə dünya klassiklərinə üstünlük verirəm.

- Cavidan bəy, özünüzdə bəyənmədiyiniz hansı xüsusiyyətiniz var?

- Özümdə ən bəyənmədiyim xüsusiyyətim inadkarlığımdır.

- Gələcəkdə sizdən fəaliyyətinizlə bağlı hansı yenilikləri gözləyək?

- Yaxın gələcəkdə inşallah öz bəstələrimi təqdim edəcəyəm. Yeni proyektlərimiz çoxdur, koverlərdən başqa yeni musiqiləri də görəcəksiniz.

Günel ABBAS

 





14.04.2021    çap et  çap et