525.Az

Bahalı rəsm müəmması - Aytac Sahədin yazısı


 

Bahalı rəsm müəmması - <b style="color:red">Aytac Sahədin yazısı </b>

İstənilən əşya, ev, maşın bir sözlə, alınıb-satıla biləcək bir nəsnə düşünün. Daha sonra onun təxmini qiymətini ağlınıza gətirin.

Əminəm ki, bir çoxunuz istənilən məhsulun təxmini qiyməti barədə müəyyən təsəvvürə maliksiniz. Hətta çox bahalı hesab etdiyimiz əşyanın belə, qiymətindəki sehri axtarırıq çox vaxt. Məsələn, olduqca bahalı bir saatın qaşlarının brilliantdan olduğunu öyrənəndə sualımızın qismən cavabını tapmış oluruq. Ancaq qiymətindən şoka düşdüyümüz  elə nümunələr var ki, onların qiymətindəki sehri axtaranda nəinki qismən, ümumiyyətlə, sualımıza məntiqli cavab tapa bilmirik. Elə götürək rəsm əsərlərini. Yəqin sizin də qarşınıza çıxıb, bəzən inanılmaz dərəcədə bahalı rəsm əsərləri görürük. Müəyyən qədər gözəllik,  ya da qarşısında məşhur bir rəssamın adını gördüyümüz rəsmlər brilliant qaşlar kimi qismən suallarımıza cavab olur. Lakin elə bahalı əsərlər də var ki, istənilən səbəb sənə gülməli görünür. Beləcə, ağlında böyük bir sual işarəsi yaranır. Bu rəsmdə nə var axı? Elə ki bu sual yarandı və sən bunu dilə gətirdin, alacağın fərqli cavablara da hazır olmalısan. Əgər sən bu sualı həqiqətən sənətdən başı çıxan bir adama vermisənsə, o, sənə səbəbi izah edəcək. Yox, əgər "Səfillər"in cizgi filminə baxıb "Səfillər"də oxumuşdum ki..." ilə başlayan cümlələr quran, məşhur filmlərin sadəcə anonsuna, məşhur kitabların sadəcə mündəricatına baxıb sənə həyat dərsi keçən bir adamdan soruşursansa, işlər bir az qəlizləşir.

Nə hikmətdirsə, bu fəsilədən olanlar sənətin mahiyyətini bildi-bilmədi, səni savadsız çıxaracaq. Guya özü çox savadlı imiş kimi. Əsas məsələyə keçmədən öncə istəyirəm həmin adamlara verməli olduğunuz cavabdan danışım, daha sonra keçim əsas məsələyə. Əgər kimsə sizi "Bu rəsm niyə bu qiymətədir" sualına görə sənətdən bixəbər adlandırırsa, əsla özünüzü itirməyin.  Gəlin sizə bir sirr açım. Əslində, bəh-bəhlə təqdim olunan, hərraclarda milyonlarla dollara satılan o əsərlərin hamısı şedevr deyil. Onlar həm də çirkli pulların yuyulması üçün bir vasitədir. Çünki sənətə dəqiq dəyər biçmək mümkün deyil. Buna görə də çox vaxt baha satılan rəsm əsərlərinin dəyərini sorğulamırlar. Beləcə, "şedevr əsər" adı altında milyonlarla pulun dövriyyəsi, neçə-neçə qanunsuz işlərin haqq-hesabı gedir. Təbii ki, həmişə belə olmur. Bunu ona görə deyirəm ki, hansısa əsəri mənasız hesab edib o qiyməti ona yaraşdırmayanda bu sizin cahil olduğunuz mənasına gəlməz. Heç bir həqiqəti sorğulamadan, niyəsini anlamadan qəbul etmək olmaz. Əgər istənilən bir məsələyə ali həqiqət kimi yanaşıb onu sorğulamasanız, bu, sizin üçün sadəcə ali həqiqət olacaq, ancaq əsla sizin öz həqiqətiniz olmayacaq. Qiymətini sorğulamadığınız tablodan cəmiyyətin sizə doğru deyə sırıdığı "doğrulara" qədər.

 

İndi isə keçək həqiqi cahilliyə. Bayaq da dedik, rəsm əsərinin baha qiymətə olması heç də həmişə onun əsl dəyərindən xəbər vermir. Ancaq bu o demək deyil ki, bu xəbər həmişə yalandır. Axı, həqiqətən dəyərli rəsm əsərləri də var. O əsərlər ki, sözün əsl mənasında qiymətsizdir. Bu qiymətsizliyə rəğmən onlara qoyulan ən baha qiymət belə kafidir. Qiymət müəyyənləşdirilərkən isə müxtəlif səbəblər rol oynayır: rəsmin kim tərəfindən çəkilməsi, yaşı, mənası, verdiyi mesaj və s. Bu səbəblər içərisində ən geniş yayılanlardan biri rəssamın kimliyidir. Məsələn, sən Pikassonun hansısa bir əsərinə baxıb mən bundan da yaxşı çəkərəm deyirsənsə, xadırladım ki, sən Pikasso deyilsən. Pikassonun digər əsərlərinə nisbətən ən zəif əsəri belə, müasir dünyamızın ən yaxşı əsərlərilə rəqabətə girə bilər. Çünki orada Pikosso imzası var.

Digər bir məsələ zaman məsələsidir. Elə rəsm əsərləri var ki, tarixiliyi onun qiymətinə mühüm təsir göstərir. Söhbət tarixdən düşmüşkən, tarix də öz hökmünü çıxarmaqda bəzən gecikə bilir. Məsələn, yaşadığı dövrdə zaman-zaman maddi sıxıntılar yaşayan, sağlığında layiq olduğu dəyəri almayan məşhur rəssam Vinsent Van Qoqun  "Montmartrda bir küçə səhnəsi" adlı sənət əsəri bu yaxınlarda Parisdə auksionda 13 milyon 91 min avroya satılıb. Həyatdır da...

Bəzi rəsm əsərlərini başa düşmək, ona qoyulan qiyməti tam şəkildə dərk etmək üçün məntiqdən daha önəmli bir şey - ruh lazım olur. O ruh ki, onsuz sənətin nə demək olduğunu anlamaq mümkün deyil. Bu, daha çox fərdi məsələdir. Məsələn, mən illər öncə məşhur rəssam Edvard Munkun "Fəryad" əsərinə baxanda heç nə hiss etmirdim. Onun niyə bu qədər bahalı olması mənə təəccüblü gəlirdi. Ancaq indi bu rəsmi bütün varlığımla hiss edirəm. Hər dəfə "Fəryad"a baxanda keçirdiyimiz hisslər əsərin niyə bu qədər bahalı və dəyərli olması sualını dolğun şəkildə cavablandırır.

 

Elə əsərlər var, onların sadəcə qiyməti sual doğurur, elə əsərlər də var, təkcə qiyməti yox, məşhurluğu da müəmmadır. Bu mövzudan danışarkən ilk ağıla gələn əsərlərdən biri Kazimir Maleviçin "Qara kvadrat" əsəridir. Uzun illərdir məşhurluğunu qoruyan "Qara kvadrat"ın sirri nədir axı? İlk baxışdan adi qara kvadratın qeyri-adi məşhurluğu insanda həqiqətən də sual doğurur. Maraqlısı budur ki, doğan suallar qədər verilən cavablar da var. Hələ də bu rəsm müzakirə mövzusudur, hələ də bu rəsmin ətrafında əfsanələr dolaşır, fərziyyələr söylənilir, araşdırmalar aparılır.

Əgər bu günə qədər gördüyü məşhur rəsmlərdə lağlağı edənlərdən  heç olmasa bir nəfər mənim yazımı oxuyandan  sonra bahalı rəsm əsəri görəndə  "Bunu mən də çəkərəm" deyib lağlağı etməyəcəksə, deməli, əziyyətim boşuna getməmiş olacaq.

Sonda onu qeyd etmək istərdim ki, nə olmasından asılı olmayaraq - rəsmdən tutmuş rəssama, şeirdən tutmuş şairə qədər - heç nəyi məşhurluğuna görə sevməyə, yalançı tərif deməyə məcbur deyilsiniz. Mən Pikossonu sevmirəm. Ona görə yox ki, onu dərk eləmirəm, ona görə ki, sevmirəm. Çünki onun üslubu - kubizm mənim ruhuma yaddır. Ancaq mən Pikossonu sevməməklə yanaşı, dahi olduğunu da bilirəm. Məsələ sənət olan zaman məntiqim yox, ruhum ixtiyar sahibidir  Mənim də  ruhum Van Qoqdur, məsələn. Siz də öz ruhunuzun rəssamını tapın, ancaq sizin ruhunuza yaxın düşməyən rəssamları da öyrənin. Yalnız o halda baha rəsmlərin niyə baha olduğunun əsl səbəbini anlaya bilərsiniz.

 





14.04.2021    çap et  çap et