525.Az
“Jurnalistin nitq mədəniyyəti” anlayışına yeni baxış
İnformasiya texnologiyasının müasir inkişaf sürəti ictimai mühitdə medianın yerini getdikcə möhkəmləndirməkdədir. Qəzet işindən başlamış ən müasir internet resurslarınadək bütün informasiya vasitələrində dil problemi – fikrin çatdırılması ən önəmli yer tutur. Təsadüfi deyil ki, son vaxtlar qəzet, radio, televiziya internet dili ətrafında geniş diskussiyalar aparılmaqdadır. Bütün bu sahələrdə əsas vəzifə jurnalistin üzərinə düşdüyünə görə müsbət və mənfi fikirlər də onun ünvanına yönəlir. Xüsusilə medianın bütün növlərində əsas informasiya ötürücüsü rolunu oynayan nitq (istər yazılı, istər şifahi, istər audionitq, istər vizual, isrərsə də audiovizual nitq) peşəkar jurnalistin həyat tərzidir. Bu nitqin mükəmməl olması bir tərəfdən jurnalistin peşəkarlığından xəbər verirsə, digər tərəfdən informasiyanın aydın və mükəmməl ötürülməsi ilə oxucuya, dinləyiciyə, tamaşaçıya səviyyəli xidmət rolunu oynayır. Ona görə də peşəkar jurnalistin nitq mədəniyyəti media sistemində əsasdır. Bu sahəyə dair hər bir elmi-nəzəri-praktik əsər müasir jurnalistin öz nitqini mükəmməlləşdirmək işinə xidmət edir.
“Elm və təhsil” nəşriyyatı filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist Nəsir Əhmədlinin “Jurnalistin nitq mədəniyyətinin əsasları” dərsliyini bu günlərdə oxuculara təqdim edib. Kitabda diqqəti cəlb edən əsas cəhət mövzuya tam yeni münasibətdir. Belə ki, müvafiq elmi ədəbiyyatda, ensiklopedik nəşrlərdə nitq “insanın kommunikativ fəaliyyətinin növlərindən biri, dil vasitələrindən dil kollektivinin digər üzvləri ilə ünsiyyət yaratmaq üçün istifadə edilməsi” kimi dəyərləndirilir. Nitq dedikdə “həm danışıq prosesi (nitq fəaliyyəti), həm də onun nəticəsi (yaddaşda saxlanılmış, yaxud yazıya alınmış nitq məhsulları)” nəzərdə tutulur. N.Əhmədli isə hesab edir ki, kommunikativ fəaliyyət özlüyündə nitq ola bilməz. Fəaliyyət insanın müəyyən işi görmək prosesi (indiki halda: danışması, yaxud yazması), nitq isə həmin proses nəticəsində yaranmış, xatırlatdığımız fikrin ikinci cümləsinin ikinci hissəsində deyildiyi kimi, “yaddaşda saxlanılmış, yaxud yazıya alınmış”, başqalarının qavraması üçün “istehsal olunmuş” məhsuldur. Bu mövqedən çıxış edərək Nəsir müəllim nitqə belə tərif verir: “Nitq fikirlə həmin fikri ifadə etmək üçün zəruri olan dil vahidlərinin vəhdətindən yaranmış idrak (qavrayış) obyektidir. Yəni: N=F+D (N – nitq, F – fikir, D – dil)”. Burada nitqin daxil olduğu ümumi – daha geniş anlayiş “idrak obyekti”, onu başqa konkret anlayışlardan fərqləndirən əlamət isə fikirlə dilin vəhdətindən ibarət olmasıdır.
Müəllifin fikrincə, jurnalistikada “nitq” dedikdə yalnız danışıq və yazı deyil, mətbuatda və elektron mediada təcəssümünü tapmış yetkin material, “fikir” dedikdə isə həmin materialın mayasını təşkil edən faktlar nəzərdə tutulmalıdır. Məlum olduğu kimi, klassik bölgüyə görə, fikrin iki ifadə forması var: şifahi və yazılı. Şifahi formada fikir eşidilən, yazılı formada isə görünən sözlərlə çatdırılır. “Jurnalistin nitq mədəniyyətinin əsasları” kitabındakı belə bir müddəa ilə razılaşmamaq mümkün deyil ki, “mətbuatın, radionun, kinonun, televiziyanın, internetin meydana gəlib kütləviləşməsi ilə fikrin ənənəvi ifadə formalarına (şifahi və yazılı) daha üç forma əlavə olunub: vizual nitq (VN); audionitq (AN) və audiovizual nitq (AVN). Vizual (latınca: vizualis – görünən) nitq dedikdə çap məhsullarının (qəzet, jurnal, kitab v. s.), audial (latınca: audialis – eşidilən) nitq dedikdə radioyayımın, audiovizual (audialis+vizualis – eşidilən+görünən) nitq dedikdə kinonun, televiziyanın, internetin yaydığı publisistik materiallar nəzərdə tutulur. Bunların hamısı jurnalist yaradıcılığı ilə bağlı sahələrdir. Bu üç formanın özəlliyi ondan ibarətdir ki, fərdlərarası şifahi nitqdə fikir eşidilən sözlərlə, qismən də jest və mimika ilə, fərdlərarası yazılı nitqdə yalnız görünən sözlərlə ifadə olunduğu halda, VN-də görünən sözlər + illüstrasiyalar + tərtibat elementləri ilə, AN-də eşidilən sözlər + səs effektləri + musiqi ilə, AVN-də isə eşidilən sözlər + görüntü + səs effektləri + musiqi ilə auditoriyaya çatdırılır. Deməli, jurnalistin nitq mədəniyyəti anlayışına üç aspektdən yanaşılmalıdır:
1) Vizual nitq mədəniyyəti; 2) Audial nitq mədəniyyəti; 3) Audiovizual nitq mədəniyyəti”.
Həqiqətən də jurnalistikada dil anlayışına sözlərlə yanaşı, yuxarıda sadalanmış başqa komponentlər də (illüstrasiya, tərtibat elementləri, səs effektləri, musiqi, görüntü və s.) daxildir. İllüstrasiya dedikdə mətbuatda dərc olunan və jurnalist fikrinin daha ətraflı, daha dərindən anlaşılmasına xidmət edən şəkillər, sxemlər, başqa təsviri materiallar, tərtibat elementləri dedikdə yazının hansı səhifədə, hansı şriftlərlə, hansı yazıdan sonra verilməsi və s., səs effektləri dedikdə radio və televiziyada jurnalist materialını müşayiət edən təbii və mexaniki səslər (göy gurultusu, külək vıyıltısı, quşların civiltisi, motor səsi və s.), musiqi dedikdə konsert proqramları deyil, verilişlərin fon musiqisi, görüntü dedikdə videotəsvirlər, kinolentlər, fotoşəkillər və s. nəzərdə tutulur. Həm də bu elementlərdən ayrı-ayrılıqda yox, vəhdət halında istifadə edilməli, onların kontrapunktunanail olunmalıdır(Kontrapunkt musiqi terminidir. Bir neçə müstəqil melodiyanın, səsin eyni vaxtda eşidilməsi ilə ahəng bütövlüyü yaratmaq deməkdir. VN, AN və AVN-də kontrapunkt dedikdə buradakı dil anlayışına daxil olan komponentlər arasında əlverişli funksiya bölgüsü nəzərdə tutulur. Yəni həmin komponentlər bir-birini təkrarlamamalı, hərəsi məzmunun bir tərəfini açmaqla kompleks yaratmalıdır). Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında nə praktiklər, nə də nəzəriyyəçilər ifadə vasitələrinin kontrapunktu məsələsinə lazımi qədər önəm vermirlər. Xüsusən televiziya verilişlərindəki süniliyin, təkrarçılığın başlıca səbəblərindən biri məhz bununla bağlıdır.
Kitabda deyilir ki, jurnalist nitqinin göstərilən növləri arasındakı başlıca fərq fikrin hansı vasitələrlə ifadə olunmasında özünü göstərir. Yazılı nitqdə fikir yalnız qrafik şəkildə, yəni yazılı sözlərlə, şifahi nitqdə verbal qaydada (səslənən sözlərlə və jestlərlə), VN-də sözlərlə, illüstrasiyalarla və tərtibat elementləri ilə, AN-də sözlərlə və səs effektləri ilə, AVN-də isə bütün bunlar, həm də görüntü ilə çatdırılır. Adi nitqin (şifahi və yazılı) düsturu N=F+D, o birilərininki isə müvafiq olaraq VN=F + VD (vizual dil), AN=F+AD (audiodil), AVN=F+AVD (audiovizual dil) şəklində yazılır. VD-də və AD-də bütün hallarda söz aparıcı rol oynayır, AVD-də isə iki əsas komponentdən hansının – sözün, yoxsa görüntünün üstünlük təşkil etməsi təqdim olunan fikrin (materialın) xarakterindən, janrından,formatlarından və s. asılıdır.
Professor Nəsir Əhmədlinin səkkiz mövzudan (“Kursun predmeti və əsas anlayışları. Natiqlik sənətinin tarixinə bir nəzər”, “Nitq və nitq mədəniyyəti anlayışlarına jurnalistika prizmasından baxış”, “Jurnlistin nitq mədəniyyətinin məntiqi əsasları”, “Jurnalistin nitq mədəniyyətinin linqvistik-publisistik əsasları”, “Jurnalistin nitq mədəniyyəti və söz yaradıcılığı”, “Vizual nitq mədəniyyəti və orfoqrafiya”, “Audial və audiovizual nitq mədəniyyətinin əsasları”, “Orfoepiya”), Azərbaycan dili ilə bağlı 1918-ci ildən 2013-cü ilədək qəbul edilmiş rəsmi sənədləri əks etdirən “Əlavələr”dən də ibarət “Jurnalistin nitq mədəniyyətinin əsasları” dərsliyi təkcə tələbələr üçün deyil, mətbuatda, radio və televiziya şirkətlərində, İnternet portallarında çalışan praktik jurnalistlər üçün də son dərəcə faydalıdır.
17.03.2014
çap et