525.Az

Mark Tven sərrastlığı: yığcam deyimlər, böyük həqiqətlər


 

Mark Tven sərrastlığı: <b style="color:red">yığcam deyimlər, böyük həqiqətlər</b>

Amerika ədəbiyyatında "instinktiv" realist nəsrin, bədii keyfiyyət, yeni bədii üsul və vasitələrin ilk yaradıcısı olan novator yazıçı Mark Tvenin (əsl adı: Samuel Langhorne Clemens: 1835-1910) dünya ədəbiyyatı tarixində rolu misilsizdir.

Bütün yaradıcılığı və ictimai fəaliyyəti boyu vicdanlı və ədalətli sözə sadiq qalan böyük yazıçı həm də unikal zəkası və hazırcavablığı, ən əsası isə qeyri-adi yumoru və deyimləri ilə yaddaşlarda əbədi iz qoyub. O, Amerika xalqının mənəvi-əxlaqi dəyərlərini ən yaxşı və orijinal tərzdə dünyaya tanıda bilən bəlkə də yeganə müəllifdir ki, dünyanın çoxsaylı tədqiqatçı və ədəbiyyatşünas alimlərinin hər zaman diqqətini cəlb edir, yaradıcılığı daim araşdırılır.

Amerika ədəbiyyatında həm də "gülüş kralı" kimi şöhrət tapan Mark Tvenin həyat həqiqətlərindən doğan aforizmləri, onların yaranma mənşəyi barədə düşündükdə olduqca maraqlı qənaətlər hasil olur. Ölümündən (21 aprel 1910) yüz on ildən çox bir müddət keçsə də, yazıçının əsərləri və deyimləri yenə aktualdır, qlobal mahiyyət daşıyır və bugünlə səsləşir. Mark Tvenin aforistik deyimləri, həyatın demək olar ki, bütün sahələri barədə söylədiyi qiymətli fikirləri ən az öyrənilən tədqiqat obyektlərindən biridir.

Hələ erkən yaşlarından Mark Tven müstəqil həyat sürməyə başlamışdı. O, 12 yaşında atasını itirmiş, anası və qardaşını kənddə qoyub Nyu-Yorka sərbəst gedib-gəlir, sözün əsl mənasında "ağır başlı kişilər" kimi hərəkət edirdi; ağır vəziyyətlərdə özünü itirmir, böyük və səs-küylü şəhərlərin qələbəliyindən də qorxmurdu. Bir müddət böyük qardaşının mətbəəsində mürəttib işləyəndən sonra peşəsini dəyişir, nəhəng Missisipi çayında üzən paraxodlarda əvvəlcə losman köməkçisi, daha sonra isə losmanlıq edir. Daha sonra Nevada və San-Fransiskoda işləyir, Havay adalarına səyahət edir, nəhayət, yenidən qəzet işinə qayıdır. Bu zaman o, artıq Mark Tven imzasıyla məqalə və felyetonlar, yumoristik novellalar yazmağa başlayır. Mark bütün ştatları gəzir, Avropaya səyahət edir. Mark Tvenə bir də ona görə qibtə etmək olar ki, o, heç vaxt oturaq həyat keçirmir, daim hərəkətdə və səyahətdə olur. Tvenin 29 dəfə təkcə Atlantik Okeanını o baş-bu başa keçməsi də bunu sübut edir. Lakin ömrünün sonuna yaxın yazıçı Amerikanın səs-küydən uzaq bir əyalətinə - Konnektikuta qayıdır. Görünür, bura yazıçının çox xoşuna gəlmişdi və o, qalan ömrünü də burada keçirir. Təsadüfi deyil ki, deyimlərinin birində qeyd edir ki, "mən Konnektikutu heç gözəl Fransaya da dəyişmərərm". Yeri gəlmişkən, Fransa barədə bir aforistik deyimi də elə həmin vaxtlarda yazmışdı: "Gözəl ökədir, amma orda nə qış, nə yay, nə də mənəviyyat var".

Mark Tven müxtəlif mövzularda anekdotlar və aforizmlər yazıb. Misal üçün, onun jurnalist etikasına dair zarafatları və deyimləri sözün həqiqi mənasına zərb məsəllərə çevrilmişdi. Axı o, uzun müddət jurnalist işləmişdi, həyatı kifayət qədər yaxşı bilirdi, hər tip adam görmüşdü.

"Mən kənd təsərrüfatı qəzetini necə redaktə edirdim" başlıqlı yumorunda (felyeton da adlandırmaq olar!) əsas qəhrəmanın fermer təsərrüfatından başı çıxmır, lakin çox asanlıqla bilmədiyi şeydən yazır. Misal üçün, deyir ki, ağacdan şalğamı necə "qopartmaq" olar. Görünür, Mark Tven öz müxbir həmkarları barədə heç də yüksək fikirdə olmamışdı. Həmin felyetonda daha sonra yazır: "Kənd təsərrüfatı qəzetini kim redaktə edir? Çox vaxt poeziyada, yaxud sarı mətbuatda dərc olunan bulvar romanlarında, sensasiyalı melodramlarda, xronikalarda bəxti gətirməyən uğursuzlar! Onlar kənd təsərrüfatı qəzetinə müvəqqəti sığınacaq kimi baxaraq gəlmişlər..."

Mark Tven daha sonralar yazırdı: "Öz təcrübəmdən bilirəm ki, jurnalistlər yalana meyilli məxluqlardı. Bir neçə il bundan qabaq mən özüm Sakit okean sahillərində xüsusi və xalis peyzajlı görüntü uydurmuşdum; o, hələ də pozulub getməyib. Mən qəzetlərdə "Kaliforniyada leysan tökülür, göydən qurbağalar yağır" başlıqlar oxuyanda, yaxud gözümə "səhrada tapılmış dəniz ilanı" barədə məlumat sataşanda, yaxud da bir hindunun tapdığı "zümrüd və briliyant daş-qaşlarla dolu mağara" və o mağaranı sübut etməyə macal tapmamış hindunun ölümü barədə xəbərlərə baxanda, özüm özümə deyirəm: "Bu uşağı sən doğmusan və sən də qəzet uydurmalarına cavab ver".

 

Yazıçı daha bir aforistik deyimində yazır: "Biz çox vaxt təəssüflə xatırlayırıq ki, bir dəfə Napoleon jurnal redaktoruna güllə atıb, lakin güllə hədəfə dəyməyib, naşiri öldürüb. Bununla belə, biz onun xeyirxah niyyətlərini qiymətləndiririk".

Mark Tven tütün çəkməyi çox sevirmiş. Hətta ən pis qoxulu ucuz siqaretlər də alıb çəkər, gün ərzində 30-40 ədəd papiros tüstülədərmiş; arvadı Oliviyanın narazılığına, etiraz və həyəcanlarına baxmayaraq, tərgitmək niyyəti yox imiş. Onun kabinetinə girən adam gərək maska taxaydı, özünü tüstüyə qabaqcadan hazırlamalıydı. Bu barədə yumorlu deyimi də var: "Siqareti tərgitmək çox asandı, mən özüm onu azı yüz dəfə atmışam". Yaxud: "Allah əvvəlcə kişini yaratdı, sonra qadını; sonra Allahın kişiyə yazığı gəldi və ona tütün verdi".

Yazıçı ailəsini, bilyardı və kitabları son dərəcə çox sevirdi, ev heyvanlarına qarşı xüsusi məhəbbəti vardı. Onun ailə albomundan qorunub saxlanan uşaqlıq fotolarının demək olar ki, hamısında pişiklərlə oynadığı yerdə şəkilləri var. Evində ondan çox müxtəlif cinsli pişik saxlayırdı. Mark onları öz ruhuna və baxışlarına görə çağırırmış, misal üçün, birinə Şeytan, birinə Günah, birinə Cəhənnəm deyirmiş. Yazıçı hesab edirdi ki, heyvanlar insanlardan maraqlıdır. "İnsanı pişiklə cütləşdirə bilsək, bundan insan daha çox uda bilər. Bunu pişik barədə söyləmək olmaz".

Mark Tven 35 yaşında evlənib; arvadı Oliviya Lənqdonla 30 ildən artıq birgə həyat sürüb. Oliviya varlı ailədən idi, sahibkar qızıydı, həyata baxışları da fərqliydi. Mark sosialist ruhlu olsa da, cütlüyün uzun müddət birgə yaşaması indi də müəmmalıdır. Görünür, qarşılıqlı güzəştə gedirlərmiş. Oliviya ərinin ateist olmasına maneçilik törətməyib, Mark da arvadına icazə verirdi ki, əsərlərini və tənqidi məqalələrini redaktə eləsin, özü də sərt şəkildə. "Heç kim əsl sevgini anlamaq iqtidarında deyil, bunun üçün izdivacda qırx il yaşamalısan". Və yaxud: "Arvadımla mənim fikirlərim üst-üstə düşməyəndə, adətən, axırda belə qərar veririk: Oliviya necə istəyirsə, elə olsun! Arvadım bunu kompromis adlandırır".

Mark Tven yazıçı kimi dəyərini yaxşı bilirdi, lakin öz əsərlərinə çox da hörmətlə yanaşmırdı, hətta bəzən başqalarının yazılarına da "hörmətsizlik" edirdi. Yazmağa təzə başlayan gənclərdən birinə Mark Tven belə bir "məsləhət" verir: "Eşitmişəm, əqli qabiliyyəti artırmaq üçün çoxlu balıq yemək lazımdır, çünki balıqda fosfor çoxdur; bax, cavan oğlan, sənə məsləhət görürəm ki, iki dənə balina yeyəsən; balacaları da olsa, eybi yox, amma ye..."

Bir dəfə cavan müxbir redaksiyaya çox zəif məqalə gətirir. Mark Tven görəndə ki, müxbirin gözünün altı qaralıb, ona belə münasibət bildirir: "Gözünüzün altının qaralmasından məlum olur ki, siz bu yazını cürət edib artıq harasa təklif etmisiniz..."

Mark Tveni tənqid edənlər də olurdu, hesab edirdilər ki, "onun kitabları çox sadədir, hamı üçündür, qurudur" və sair. Yazıçı bütün bunları anlayırdı, amma qəbul etmirdi, əksinə, öz möhtəşəm uğurunu belə qiymətləndirmişdi: "Mənim kitablarım sudur, böyük dahilərin kitabları isə şərab. Suyu hamı içir".

Ölümünə bir neçə il qalmış Mark Tven sevimli arvadını və üç qızını itirir, biznesindən məhrum olur, qəzetlər onu səhvən "öldürürlər". Hətta qəzetlərdən biri bütün Amerikaya belə bir xəbər başlığı da yayır: "Mark Tven öldü". Yazıçı sarsıntılar içində olduğu vəziyyətdə belə, zarafat eləməyi unutmur, öz katibinə deyir: "Qoy bir-iki il də ötsün, mən özüm özümü öldürəcəyəm". Yaxud: "Qəzetlər mənim ölümüm haqqında məlumatları həddən artıq şişirdirlər".

Bunlar da onun son dərəcə maraqlı fikirlərindəndir: "Gəlin elə yaşayaq ki, hətta qəbirqazan da bizim üçün ağlasın" və yaxud "Özünüzə olan inamı qırmağa çalışan adamlardan qaçın, bu cəhət xırda adamlar üçün xarakterikdir. Böyük adam, əksinə, sizə bu hissi aşılayıb deyər: siz də böyük adam ola bilərsiniz".

Mark Tven sözün əsl mənasında humanist və müdrik yazıçıydı. O, həqiqi söz ustasıydı və bütün yalançı nüfuz sahiblərini, hökuməti, kilsəni inkar edirdi, darıxdırıcı həyatdan zəhləsi gedirdi. Yeni təəssüratlar və görüşlər ona daim maraqlı gəlirdi; Mark hətta Vətəndaş müharibəsində də iştirak etmiş, qızılaxtaranlara qoşulub varlanmaq sevdasına düşmüşdü. İxtiraçı Nikolay Teslayla dostluq edirdi, onun laboratoriyasında günlərlə vaxt keçirirdi. Mark auditoriyanı ələ almağı bacarır, onu heyrətə gətirir və güldürürdü. Onun bütün görüşləri və iştirak etdiyi məclislər xoş və unudulmaz təəssüratlar yaradırdı. Deyilənə görə, Mark hər sözə görə bir dollar alırmış. Günlərin birində yazıçı məktubla bərabər, bir dollarlıq çek də alır. Kimsə yazmışdı: "Zəhmət olmasa, mənə bir söz göndərin!" Mark Tven belə bir cavab yazır: "Təşəkkürlər!"

Səkinə PAŞAYEVA
Naxçıvan Dövlət Universitetinin dissertantı

 





14.04.2021    çap et  çap et