525.Az

Maket şüvəni - Məhsəti Musa yazır


 

Maket şüvəni - <b style="color:red">Məhsəti Musa yazır </b>

Aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bildiyimiz kimi, parkda İkinci Qarabağ müharibəsi zamanı ermənilərin qoyub qaçdığı silahlar, texnikalar, hərbi nəqliyyat vasitələri və s. qənimətlər nümayiş etdirilir. Amma nədənsə parkdakı bəzi görüntülər insanlar tərəfindən birmənalı qarşılanmadı.

Sosial şəbəkələrdə buna qarşı çıxanlar düşmən maketlərinin nümayiş etdirilməsini özümüzə yaraşdırmadılar. Bəziləri bununla erməni "şəhid"lərinin təhqir edilməsini, o görüntülərin necə dəhşətli olmasını yazdılar. Bəli, "dəhşətdir". Maketləri qoyaq kənara, yiyəsinin kimliyindən asılı olmayaraq o boş qalmış papaqları görəndə insan həqiqətən sarsılır, qəribə hisslər keçirir. Lakin...

Mən də hər zaman dünyada sülh olmasını arzulamışam. Müharibələrə nifrət etmişəm. Gözüm önündə bir böcəyin əzilməsinə dözə bilmirəm. Və bu görüntülər də müharibənin acı nəticələrinin göstəricisidir. Ağırdır.  Amma nə qədər ağır olsa da, Xocalıdakı görüntülərdən dəhşətli deyil. Və o görüntülərdəkilər başqasının torpağına sahiblənmək istəyən hərbçi maketi deyil, məhz əliyalın, körpə, yaşlı, çarəsiz insanlar idi. Şirin yuxudaykən həyatı qəfil qorxulu filmə... Yox, yox, qorxulu reallığa çevrilən insanlar.

Qorxu demişkən, bax o qorxu uzun illər bizim canımızdan çıxmadı. Bax o qorxu iliyimizə, qanımıza elə işlədi ki, erməni adı gələndə gizlənməyə yer axtarırdıq. Bəli, bütün varlığıyla, mövcudluğuyla, gücüylə ayağımızın tozu belə olmayan ermənilər Xocalıdan geriyə o dəhşət saçan fotoların qalmasında özləri maraqlı idilər. Çünki xof yaratmağı bacarmışdılar. Və həmin görüntüləri görən bizlər - o dövrün uşaqları içimizdəki qorxu ilə böyüdük. İllər keçdi, mənim də bir övladım - oğlum var idi artıq. Hələ ona mübariz ruhlu bir yazı də həsr etdim, qorxmazlığa, düşməndən üstün olmağa səslədim. Amma... Aprel döyüşləri başlayan gecə məhz həmin övladımın yatağının yanında dayanıb qəhərdən boğula-boğula ağladım. "Sən bu həyatda nə yaşadın ki, körpəm?" dedim. Sonra düşmən əlinə keçəcəyimiz təqdirdə onu və özümü necə öldürəcəyimlə bağlı planlar qurdum.Təsəvvür edirsiniz? Qorxuya bax ey... Balamın və özümün canıma qıyacaq qədər dəhşətli qorxu... Bəli, Birinci Qarabağ savaşı zamanı düşmən etdiyi vəhşilikləri məhz buna hesablamışdı. Bizi qorxutmaq. Dəhşət yaratmaq. Müqavimətimizi qırmaq. Cəsarətimizi, hünərimizi yox etmək. Amma Aprel döyüşlərinin başlanmasından sonrakı günlər - ordumuzun gücü, hadisələrin gedişatı qorxu hissimi alt-üst etdi. Tək mənim yox ha, bütün xalqın qorxusu yoxa çıxdı. Hətta döyüşlər dayandırılanda insanlar ağzından od püskürdü. Dayanmaq istəmədilər. İllərlə xəyalımızda gəzdirdiyimiz qorxunc bədheybət obrazı məhv oldu. Və bir neçə il sonra... Sonrası hamımıza bəllidir. Artıq qorxunu yenmiş bir xalq olaraq Vətən müharibəsində biz düşmənə təkcə silahla yox, həm də psixoloji zərbələr vuraraq qalib gəldik. İllər öncə bizə yaşatdıqları bədbin hisslərimizi onlara ötürməyi bacardıq. Müharibə dövründə sosial şəbəkələrdə əsgərlərimizin videogörüntüləri yayılırdı. Oxuyurdular, çalıb-oynayırdılar. Yadınızdadırsa, çox yaxınlığında partlayış olan bir əsgər ironiya ilə "dəymədiii, dəymədiii" deyə oxuyaraq video çəkməyə davam edir, düşmənin göndərdiyi "ölümü" belə ciddiyə almırdı. Yüzlərlə belə görüntülər var idi. Biri isə azad olunmuş torpaqda üzünü düşmənlərin yaşadığı tərəfə tutub səsgücləndirici ilə onların eşidəcəyi şəkildə xalq mahnılarımızı oxuyurdu. Əslində, sadəcə oxumaq deyildi bu.  Bəziləri bu videoya gülüb kefini açmaq üçün baxırdı. Amma həmin ifalar əslində, düşmənin döyüş ruhunu öldürürdü, əlini-qolunu bağlayırdı, məğlubiyyətini qabardırdı. Bu, onlar üçün silahla ölməkdən betər idi. Bəli, müharibədə məğlubiyyətin də, qələbənin də kökündə ruh vəziyyəti dayanır. Ermənistan ordusunda məhz ruh düşkünlüyü var idi ki, onu da bax elə özümüz yaratmışdıq.

İndi söz-söhbətə səbəb olan Hərbi Qənimətlər Parkındakı görüntülər də lağlağı deyil, dost! O, düşmənin beynində, şüurunda bir məğlubiyyət qorxusu yaratmaqdır. Və bu, belə də olmalıdır. Bəs sən nə gözləyirdin ki? Balamızın başını kəsənlərin, qanını içənlərin şəklini qara çərçivəyə alıb önünə tər çiçəklər düzməyi?

Məşhur "Səfillər"dən tez-tez sitat gətirdiyim bir fikir var: "Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır". Təbii ki, şəxsi həyatımızda buna əməl edib-etməmək öz işimizdir. Məsələn, mən qisas almağı, heyif çıxmağı sevmirəm. Amma söhbət xalqın taleyindən gedirsə, burada mənim humanistliyim bir addım geri çəkilməlidir...

Ölkə rəhbərinin bir neçə il əvvəl söylədiyi fikirləri xatırladıram: "Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!" Bu, əslində, sərt deyildiyi qədər, həm də humanist bir çağırış idi. Möhlət vermək idi. Ay adam, ölmək istəmirsən, icazəsiz soxulduğun evimdən çıx. Çıxmırsansa, necə deyərlər, günah məndən getdi...

İndi Hərbi Qənimətlər Parkındakı görüntüləri düşmənin addımları ilə eyniləşdirən insanlıq carçıları doğrudanmı aradakı fərqi görmürlər? Fərq ondadır ki, onlar bizi soydaşlarımızın qarnı cırılmış, gözü çıxarılmış, dərisi soyulmuş, başı, qolu, qıçı kəsilmiş, yandırılmış və daha dəhşətli görüntüləri ilə ruhdan salırdılar, biz isə onların döyüş gücünə ironiya ilə yanaşmaqla... Mən Hərbi Qənimətlər Parkında nümayiş etdirilənlərdə bunu gördüm. Və buradakı mesaj da əslində, mahiyyət etibarı ilə müharibədən əvvəlki çağırışla eyni idi. Yəni düşmən özünü bu vəziyyətdə, gülünc şəkildə görmək istəmirsə, axmaq iddialarından əl çəksin. Yəni erməni mənim üçün bu maketlərdən başqa bir şey deyil. Yəni torpaqlarıma göz dikənlərin başlayacağı müharibənin sonu maketə dönüb sərgilərdə nümayiş etdirilmək olacaq,  papağı da boş qalacaq...

Başqa "yəni"yə ehtiyac varmı?

 





15.04.2021    çap et  çap et