525.Az

İnsanları "lazımsız sinif"ə çevirməyək - Natəvan Abdullanın yazısı


 

İnsanları "lazımsız sinif"ə çevirməyək - <b style="color:red">Natəvan Abdullanın yazısı </b>

Dünya şöhrətli yəhudi tarixçi Yuval Noah Harari kitablarının birində bir qrup insandan "lazımsız sinif" deyə bəhs edir.

"Mən "lazımsız sinif" ifadəsindən bilərəkdən istifadə edirəm. Çünki bunun təxribat xarakterli olduğunu bilirəm. Əlbəttə, şəxsən mən heç bir insanın lazımsız olduğunu düşünmürəm, bu termini sistemin nöqteyi-nəzərindən işlədirəm" - deyən müəllif əslində, sistemin getdikcə insanları ələdiyinə, ələyin gözündə qalanları "lazımsız sinif" olaraq bir kənara atıb unutduğuna diqqət çəkir.

Bəs kapitalist sistem niyə müəyyən yaş qrupundan olan insanları "lazımsız sinif" halına salır?

Harari deyir ki, 20-ci əsrin sonuna qədər insan faktoru mövcud sistem üçün xüsusilə iqtisadi və hərbi baxımdan vacib idi. Dövlətlər onlara müharibələrdə və fabriklərdə işlətmək üçün ehtiyac duyurdular. Hətta o, iddia edir ki, qadınlara seçki hüququnun verilməsinin səbəbi də elə dövlətlərin qadınlara ehtiyac duymasından irəli gəlir. Yəni qadınlar işçi qüvvəsi olaraq dövlətə lazım olmasaydı, qadın haqları deyə bir anlayış da olmayacaqdı. Eynilə hazırda yaşlı nəslin bilik və bacarıqları müasir dövr texnologiyaları ilə ayaqlaşmağa kifayət etmirsə və fiziki güc olaraq da onlardan istifadə etmək mümkün deyilsə, deməli, onlar dövlət üçün "lazımsız sinif" hesab edilirlər.

Kapitalist dünyası həqiqətən qəddardır və bu sistem üçün bəşəri, insani dəyərlər yalnız paketlənib satıla biləcək bir şey olduqda əhəmiyyət kəsb edir. Dəyərlər də, təbii ki, paketlənib satılacaq əşya deyil. O zaman sistemin çarxlarının hər birimizi üyütməyinə, ölmədən məzara qoymağına razımı olmalıyıq?

Bunun ən ağır, kobud formasına biz pandemiyanın ilk dönəmlərində İspaniyada baş verən hadisələr zamanı şahid olmuşduq. İspaniyada ahıl, baxıma möhtac insanların yaşadığı qocalar evinin tərk edilməsi yəqin ki, hər kəsin yadındadır. Guya təsadüfən, pandemiyanın yaratdığı panikadan unudulan qocalar, əslində, laqeyidlkdən tərk edilmişdi. Bir ay sonra müdafiə naziri utanmadan, baş verənlərdən xəbərsizmiş kimi, "Bəzi qocalar evində əsgərlər tamamilə tərk edilmiş insanları yataqlarında ölü vəziyyətdə tapıblar" - demişdi.

Hararinin "Lazımsız sinif" adlandırdığı bu insanları qocalar evində unudub gedən sadə personal idi, yoxsa pandemiyanı fürsət bilib onlardan xilas olmağa çalışan sistem? Bax, bu sualın cavabı yəqin ki, hər kəsə aydındır.

Bu gün sistemə yararlı olduğumuz halda bir neçə il sonra "lazımsız sinif" olaraq maddi və mənəvi baxımdan tükənib yox olmağa məhkum ediləcəyik. Yəqin razılaşarsınız ki, illərlə çalışan, əziyyət çəkən insanın sonu bu şəkildə olmamalıdır. O zaman düşüncələrimizin də toplu şəkildə kapitalistləşməsinə "dur" demək, ayaq saxlayıb öz qocalığımızı düşünmək və müqəddəratımızı həll etmək üçün bu gedişatı dəyişdirməyə çalışmalıyıq. Amma necə?

Dünyada bəzi siyasətçilər bunun necə böyük bir mənəvi çöküşə, böhrana səbəb olacağını görür, anlayır və müəyyən çağırışlar da edirlər. Onlardan biri də elə öz millət vəkilimiz Qənirə Paşayevadır. Yaxın günlərdə deputat təklif etmişdi ki, pensiya yaşına 5-6 il qalmış insanların ixtisara salınması qadağan edilsin.

COVİD-19 pandemiyası səbəbiylə bir çox özəl müəssisələr işçiləri ixtisar etməyin fərqli yollarını axtarır, bəzən xoşagəlməz üsullarla buna nail olurlar. Onlardan biri işçini Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən uzaqlaşdırmaqdırsa, digəri də pensiya yaşına az qalmış insanları ixtisara salmaqdır. Onsuz da sistemin sərt şərtləri dövrümüzün yaşlı insanlarını psixoloji olaraq sıxmaqdadır. Bir təfərdən də müəssisə və şirkətlərin belə addımları onların özlərini lazımsız, bir tərəfə atılmış hiss etmələrinə səbəb olur. Əgər indi bu, belədirsə, müasir gənclər fərdləşmənin bu qədər sürətlə getdiyi, sistemin getdikcə daha da sərtləşdiyi bir dövrdə qocalmaqdan həqiqətən qorxmalıdırlar.

Qənirə Paşayevanın təklifi hamılıqla dəstəklənib qəbul edilsə, dövlətimiz bu istiqamətdə çox sağlam bir addım atmış olar. Bu təklifi yerinə yetirmək də elə çətin bir iş deyil. Sadəcə, pensiya yaşına ən azı 7 il qalmış insanların ixtisara salınmasının qadağan edilməsi qanunvericiliyə salınmalıdır, vəssalam!..

 





15.04.2021    çap et  çap et