525.Az

Karantin rejimi, bağlı qalan zallar və idmanın taleyi – İdmançılar danışdı


 

Karantin rejimi, bağlı qalan zallar və idmanın taleyi – <b style="color:red">İdmançılar danışdı </b> Demək olar ki, həyatımızın bütün sahələrində koronavirus pandemiyasının mənfi təsirlərini kifayət qədər hiss edirik. Ötən bir il müddətində bu təsirlərin haqqında bir çox xəbərlərə rast gəlmişik. Pandemiyanın ciddi şəkildə təsir göstərdiyi sahələrdən biri də gənclərlə iş, o cümlədən idman sahəsi oldu. Xatırladaq ki, epidemik vəziyyət yetəri qədər təhlükəli hədd aldığından, ümumilikdə dünya üzrə bütün beynəlxalq idman yarışı və turnirləri təxirə salınmışdı. Hətta Olimpiya Oyunlarının vaxtı da ertələnmişdi. Bütün bu proseslər təbii ki, Azərbaycanda da idman, xüsusilə peşəkar idmançılara öz mənfi təsirini göstərdi.

Doğrudur, pandemiyanın daha çox tüğyan etdiyi 2020-ci ildə dövlət qurumları idmançıları nəzərə alaraq pandemiya şəraitinə uyğun tədbirlər həyata keçirirdilər. İdman zalları bağlı olsa da, idmançıların açıq havada məşq etməsinə icazə də verilmişdi. Ancaq peşəkar idmanla məşğul olan idmançılar üçün bu məşqlər yetəri qədər effektli nəticə verə bildimi?

Məsələ ilə bağlı fərqli idman sahələrindən bir neçə peşəkar idmançıya müraciət etdik. Karantin rejimi dövründə edilən fərdi məşqlərin onlar üçün nə dərəcədə yararlı olduğunu idmançılar müxtəlif cür şərh ediblər.

Kikboksinq üzrə dünya və Avropa çempionu, Əməkdar idman ustası Eduard Məmmədov idmançıların həvəsdən düşdüyünü bildirib:

 

“Əlbəttə ki, pandemiya idmanın inkişafına çox pis təsir etdi. Məşq edən gənc idmançıların çoxu yarışlar olmadığı üçün artıq həvəsdən düşüb. Qeyd edim ki, qışda havalar soyuq olduğundan çöl şəraitində biz çox məşq edə bilmirik. Amma indi havalar isinib və biz məşqlərə başlamışıq. Peşəkar idmançılarımızdan yeniyetmələr arasında dünya və avropa çempionu Quliyev Amin, Avropa çempionu Nicat Ələkbərli ev şəraitində məşq edirlər. Lakin əsas məşqlər Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilir. Əlbəttə, çöl ilə ev eyni deyil. Çöldə məşq ilə ancaq fiziki hazırlığı saxlamaq olur, əsas texnikalar isə zaldadır. Biz inanırıq ki, tez zamanda bu bəladan qurtulacağıq və gənclərimiz yenidən idmana qayıdaraq yarışlarda iştirak edib bayrağımızı qaldıracaqlar.Hazırda Antalyada  VI International Turkish Open turniri (Avropa Kuboku)  keçirilib və mənim bir tələbəm “WAKO” versiyası üzrə dünya və Avropa çempionu Anar Məmmədov ikinci yer qazanıb. O daha yaxşı nəticə göstərə bilərdi, lakin zalların bağlı olması onun yaxşı məşq edə bilməməsinə səbəb oldu. Tezliklə zallarımız açılsa, biz sosial məsafə olsa da məşq edə biləcəyik və idmançılar istədiyimiz nəticəni ala biləcək.
İnanıram ki, peyvənddən keçsək hər şey daha yaxşı olacaq. Mən özüm də 2 dəfə vaksinasiya olunmuşam. Ona görə də, hamını peyvənd olunmaqdan qorxmamağa çağırıram.
Onu da əlavə etmək istəyirəm ki, biz təşkilatçılığını Niderland və İtaliyanın etdiyi, 2 ildən bir keçirilən WAKO dünya çempionatına qoşulmuşuq. Yarışın bu ilin noyabr ayında Azərbaycanda keçiriləcəyinə inanırıq. Artıq aprel ayının sonunda bununla bağlı qərar bəlli olacaq. Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, vitse-spiker Adil Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev, vitse-prezident Ehram Məcid və Yığma komanda rəisi Sadıq Bağırov çalışırlar ki, bu il Azərbaycanda dünya çempionatı keçirilsin”.

Olimpiya mükafatçısı, boksçu Kamran Şahsuvarlı da yaranmış vəziyyətin idmançılara mənfi təsir etdiyini vurğulayıb:

 

“Pandemiyanın idmana mənfi təsirləri çox oldu. Əsas çətinliyimiz zalların bağlanmasıdır. Həm evdə, həm də açıq havada məşq edərək öz formamı saxlamağa çalışıram. Dövlət lazımi şəraiti yaratmağa çalışır. Təlim məşq toplanış və yarışlara göndərir. Yenə də zalların açıq olmaması yarışlardakı nəticələrə də öz təsirini göstərir”.

Peşəkar boksçu, ikiqat dünya çempionu Fariz Məmmədov bildirib ki, qısa zamanda pandemiyanın beynəlxalq arenalarda boksçularımıza təsirinə özünüz şahid olacaqsınız:

 

“Bu müddət ərzində ev şəraitində olmağıma baxmayaraq, daima nələrsə edərək aktiv həyat tərzimi qoruyub saxlamağa çalışdım. Demək olar ki, ötən il yayda 2 aya yaxın Qəbələdə oldum. Həmin dövrdə orada karantin rejimi olmadığı üçün məşqlərimi davam etdirdim. “Qələbə” idman klubunun əməkdaşları ilə futbol oynadıq.  Ümumiyyətlə, qapanma şəraiti idmançılar üçün çox təsirlidir. Zalların bağlanması isə əsas çətinliyimiz oldu. Qeyd edim ki, peşəkar idmançı 1 ay zallardan uzaq qalırsa, o idmançı formunu itirir və yenidən bərpa etmək üçün bir neçə aya ehtiyacı olur. Ümidvaram ki, qısa zamanda bizə daha yaxşı şərait yaradılacaq. Olimpiya kompleksləri bizə bir neçə həftəlik yox, bir neçə aylıq verilsə, daha yaxşı nəticə əldə edəcəyimizə inanıram”.

Dünya və Avropa çempionu, gimnastımız Mixail Malkin bildirib ki, yarışların olmaması idmançılara çətin gəlir:

 

“Qeyd edim ki, mən 2019-cu il oktyabr ayında pis bir zədə almışdım və vətərim zədələnmişdi.Mart ayına kimi reabilitasiya olundum sonra may ayında da Avropa çempionatı olmalı idi, mən isə hazır deyildim. Pandemiya olduğuna görə, rahat reabilitasiya və fiziki məşqlər etməyə başladım. Ev şəraitində olduğum üçün çox sıxılırdım, beynimdə sadəcə zala qayıtmaq var idi. Yarışların olmaması, xüsusən də travmadan sonra adama çətin gəlir. Bu, bütün idmançılar üçün belədir. Hiss edirdim ki, formadan çox çıxmışdım, amma yenə də formaya qayıtmaq üçün əlimdən gələni edirdim”.

Firuzə ƏLİYEVA

 





15.04.2021    çap et  çap et