525.Az

Azərbaycan alimləri beynəlxalq Nəvai konfransında


 

Azərbaycan alimləri beynəlxalq Nəvai konfransında <b style="color:red"></b>

Aprelin 7-9-da Əfqanıstanın Herat şəhərində görkəmli özbək şairi Əmir Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda Azərbaycan da təmsil olunub.

Bu konfransda ölkəmizi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi və AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti, tarixçi alim Mübariz Ağalarlı təmsil edib. Açılış mərasimində çıxış edən Azərbaycan alimləri Azərbaycan-Əfqanıstan əlaqələrinin çoxəsrlik tarixə malik olduğunu, bu gün də sıx şəkildə davam etdiyini xüsusilə qeyd etmiş, II Qarabağ savaşında dost ölkə olaraq Azərbaycana siyasi dəstək verən Əfqanıstan dövlətinə və əfqan xalqına öz təşəkkürlərini bildirmişlər.

Konfransda müxtəlif ölkələri təmsil edən alimlər türk dünyasının görkəmli şəxsiyyətlərindən biri olan Əmir Əlişir Nəvainin həyatı, yaradıcılığı, siyasi və idarəçilik fəaliyyəti haqqında məruzə ediblər. Nəvaişünas alim Almaz Ülvi öz elmi məruzəsində Əlişir Nəvainin elmi-ədəbi irsinə böyük qiymət verərək, onun türk dünyasının böyük siyasi, ədəbi şəxsiyyəti, müsəlman dünyasında yüksəklərdə dayanan irfan sahibi adlandırıb. Böyük ədibin elmi-ədəbi fəaliyyətinə diqqət yetirən professor Almaz Ülvi onu Nizami Gəncəvi ədəbi məktəbinin layiqli davamçısı adlandırıb.

Mübariz Ağalarlı Əlişir Nəvai dövründə Azərbaycan dövlətləri ilə Teymurilər dövləti arasında diplomatik-siyasi və mədəni əlaqələrin inkişaf etdiyini, bu əlaqələrin möhkəmləndirilməsində özbək şairi Əmir Əlişir Nəvai, Azərbaycan ədibləri Kişvəri, Həbibi kimi ədəbi şəxsiyyətlərin böyük rolunun olduğunu qeyd edib. Tarixçi-alim xüsusilə qeyd edib ki, Ağqoyunluların hakimiyyəti dövründə Azərbaycan-Teymuri münasibətləri yüksələn xətlə inkişaf etmiş, Azərbaycan hökmdarı Sultan Yaqub və Teymuri sultanı Hüseyin Bayqara arasında siyasi-diplomatik və mədəni əlaqələr əhəmiyyətli dərəcədə yaxınlaşmışdır.

Konfrans çərçivəsində Əfqanıstan Elmlər Akademiyasının prezidenti professor Abdul Zahir Şakibin rəhbərlik etdiyi elmi heyətlə görüşən Azərbaycan alimləri mövcud dövrdə Azərbaycanla Əfqanıstan arasında elmi əlaqələrin inkişaf perspektivlərini müzakirə edərək, bu sahədə elmi əməkdaşlığın qurulması arzusunu dilə gətiriblər. Professor Abdul Zahir Sakibi Azərbaycan-Əfqanıstan əlaqələrinin çoxəsrlik tarixə malik olduğunu, hər iki xalq arasında ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin mövcud olduğunu vurğulayıb. Müzakirə zamanı Azərbaycan alimləri hər iki dövlət arasında elmi əməkdaşlığın olduqca gərəkli olduğunu, elmi kadrların hazırlanması, müştərək tədqiqatların aparılması, arxiv sənədlərin və əlyazmaların mübadiləsinin əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar. Həmçinin, əfqan alimlər bildiriblər ki, Əfqanıstan elminin Avropa elmi ilə inteqrasiya prosesində Azərbaycanın müvafiq elmi müəssisələrinin körpü rolunu oynayacağına əmindirlər.

Herat şəhərində olarkən Azərbaycan alimləri Əfqanıstanın müxtəlif bölgələrində yaşayan azərbaycan kökənli Qızılbaş, Bayat, Əfşar, Qacar, Mərvi, Türkmanların nümayəndələri ilə də görüşmüş, bu insanların uzun illər öncə Azərbaycanı tərk edərək bu bölgələrə gəlməsinə baxmayaraq, öz ana dillərini, mədəniyyət, folklor nümunələrini unutmadıqlarının şahidi olmuşlar. Orada yaşayan azərbaycan mənşəli soydaşlarımız hətta bu bölgələrə Azərbaycan mənşəli toponimlərinin adını verərək, Əfqanıstan torpağında Şəki, Bayat, Əfşar, Xocalı adlı qəsəbələr də inşa ediblər.

Qeyd edək ki, xüsusilə də son dövrlərdə öz inkişafının yüksəliş dövrünə qədəm qoyan Azərbaycan-Əfqanıstan əlaqələrində elmi inteqrasiya olduqca əhəmiyyətli xarakter daşıyır və aktualdır.

 





15.04.2021    çap et  çap et