525.Az

Dəli fındığanlılar - Yazı


 

Dəli fındığanlılar - <b style="color:red">Yazı </b>

"Məgər xanım, oğuzda Duxa qoca oğlu Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərində bir körpü yapdırmışdı. Keçənindən otuz üç ağça, keçməyənindən dögə-dögə qırq ağça alardı.

Bunu neyçün böylə edirdi?

Anun çün ki: "Məndən dəli, məndən güclü ər varmıdır ki, çıqa mənimlə savaşa deyirdi".

Bu sətirlər Dədəmiz Qorqudun kitabından, Dəli Domrul boyunun başlanğıcıdır.

Burdakı "Quru çayı" böyük hərflə - xüsusi isim kimi yazsaq, Dədəmizin məzarının Dərbənddə olduğunu nəzərə alsaq, qorqudşünasların çəkdikləri xəritəyə nəzər salsaq, Dəli Domrulun bizim Xızı mahalındakı Fındığan kəndindən olduğuna heç bir şəkk-şübhə qalmır.

Bu dağ kəndinin yaranma - salınma tarixi də elə Dəli Domrul dövrünə qədər, bəlkə ondan da o yana uzanıb gedir.

Bu kəndin adamlarının ayaması da çoxdanın ayamasıdır: Dəli Fındığanlı.

Səbəbi də odur ki, ağılları başlarında olan fındığanlıların dədə-baba dövründən haqsızlığa, ağ yalana, yuxarıdan aşağı əda ilə baxana, acı sözə, söyüşə-filana, beşcə dəqiqəlik də olsa, dözümləri yoxdur. Kişili-qadınlı xasiyyətləri belədir.

Xatirini dünyalarca əziz tutduğum bir şairə bacım var: Ofelya xanım Babayeva. Əsli-nəsli, kökü-rişəsi Fındığan ocağındandır. Bütün həyatını Sumqayıtda təlim-tərbiyə işinə xərcləyib. Respublikanın Əməkdar müəllimidir. Dövlətin verdiyi ordenlər, medallar, nələr, nələr öz yerində... Zərif qadın qəlbindən axan kövrək, zərif şeirlərin müəllifi xeyirxahlığı ilə, kimsəsizlərə arxa-dayaq olması ilə, nəcibliyi ilə, ziyalı ədəb-ərkanı ilə tanınır.

Ancaq buyur, bu xanımın yanında ağzından bir haqsız söz qaçır, kiminsə qarasınca-arxasınca danış, onda halını gör. Ofelya bacımın fındığanlı təbiəti Xəzərin dəli dalğası kimi çırpılır qayalara...

Hə, onu da mütləq və mütləq əlavə etməliyəm ki, bu dəli fındığanlıların uşaqdan böyüyə hamısının qəlbində saf, təmiz, büllur Allah xofu var. Elə Ofelya bacım da onların içində...

Bəs bu xof hardan gəlir? O da Dəli Domruldan...

"...Yucalardan yucasan,
Kimsə bilməz necəsən!
Görklü Tənri,
Çox cahillər səni
Gögdə arar, yerdə istər.
Sən xud mömünlərin könlündəsən".

Buyurun, bu da sizə dəlidən doğru xəbər.

Bütün Həllac Mənsurların, Nəimilərin, Nəsimilərin, sufilərin, hurifilərin mayası burdandır. Tanrını göydə arayanlar, yerdə istəyənlər cahillərdir.

Tanrı mömin insanların könlündədir.

Ofelya Babayevanın şeirləri 

Dəli Fındığanlılar da belədir. Tanrı xofu onların vücudundadır...

...Yenə yazımın girişi uzandı.

Keçim yumor hissəsinə...

***

Bizim bu dəli fındığanlıların soyundan, mənim və mənim yaşıdlarımın "Umud əmi" adlandırdığımız bir ər kişi var idi: Umud Məlikov.

Azərbaycanda beş-on nəfər tikinti sənayesi işçisi vardısa, biri də Umud Məlikov idi. Uzatmıram. Keçirəm iki dağlının - Seyfəddin Dağlı ilə Umud Fındığanlının bir-biri ilə ilk tanışlığına...

Sovet dövrünün nəhəng sənaye kombinatlarından birinin rəhbəri Umud Məlikovun "Kirpi" jurnalının makinaçı xanımına bərk işi düşür. Bir qovluq yazının - sənədin üzü səhərə qədər köçürülməlidir. Sənədlər səhər tezdən "yuxarı" çatdırılmalıdır.

Sovet dövrü idarə makinaçılarının əksəriyyətinin evdə də öz şəxsi makinaları var idi. Dolanışıq üçün...

Makinaçı, Umud kişinin sözünü yerə salmır. Gecə yazıb, səhər tezdən gətirməli imiş...

Səhər tezdən "Kirpi" jurnalının qəbul otağındakı telefon zarıyır.

Hamıdan tez işə gəlmiş baş redaktor Seyfəddin Dağlı katibənin hələ gəlmədiyini görüb dəstəyi qaldırır:

- Əleykümsalam. Buyurun. Kim lazımdır?

- Makinaçı.

- Kimdir makinaçını səhər tezdən soruşan?

- Sənə nə var kimdir? Dəstəyi makinaçıya ver. Tələsirəm...

- Tələsirsən, onda get işinə...

Yanlarında olmamışam. Təxminən bu cür mübahisə qızışır, alovlanır. Onsuz da kağız-kuğuzunu makinaçıdan alıb aparmağa gəlməli olan Umud kişi:

- Bilmirəm kimsən, - deyir. - Orda gözlə, gəlirəm, ayırd eləyək.

Dağlı məhəlləsindən, neçə ilin əsgərlik dövründən, Moskvadakı Hərbi Akademiyanın yumruq davalarından həmişə qalib çıxmış, bir ana söyüşünə görə rus zabitini əzişdirib, ali təhsilini yarımçıq qoymuş Seyfəddin Dağlı:

- Gəl! - deyir. - Gözləyirəm.

On-on beş dəqiqədən sonra Umud Məlikov hirsli-hirsli girir içəri... Və...

Görür ki, qarşısındakı Seyfəddin Dağlıdır!

Umud Məlikov iki əlini də yuxarı qaldırıb yeriyir Seyfəddin Dağlıya tərəf və tanışlıq verir:

- Seyfəddin müəllim, mən Fındığanlıyam.

Seyfəddin müəllimi gülmək tutur:

- A kişi, daha nə zəhmət çəkirdin, elə telefonda deyərdin ki, dəli fındığanlıyam da...

O gündən ömürlərinin sonuna qədər Seyfəddin müəllimlə Umud əmi ən məhrəm, ən yaxın dost olurlar...

AĞASƏFA

 





15.04.2021    çap et  çap et