525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

 

Şükürlü Nicat Ayaz oğlu 1991-ci il oktyabrin 23-də Bakının Bayıl qəsəbəsində doğulub. Uşaq yaşlarından idmana həvəsli olub, boks və karate ilə məşğul olub. Bu illərdə böyük uğurlar qazanıb və 2 dəfə Respublika çempionu adını qazanıb. Tam orta təhsilini 49 nömrəli məktəbdə alan Nicat məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. 2014-cü ildə Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Universitet illərində özəl şirkətlərin birində əmək fəaliyyətinə başlayıb.

Qəlbi vətən eşqiylə döyünən Nicat 2020-ci ilin yayında Tovuz hadisələri zamanı general Polad Həşimovun şəhidliyi xəbərinə çox sarsılır və düşməndən qisas almağı qarşısına məqsəd qoyur. Buna görə də həmin hadisələrdən dərhal sonra könüllü olaraq adını hərbi komissarlıqda qeydiyyata saldırır.

2020-ci il 27 sentyabrında Vətən müharibəsi başlanan gündən çağırılacağını gözləyir, çağırılmadıqca narahat olur və dəfələrlə hərbi komissarlığa müraciət edir, təkidlə döyüşlərdə iştirak etmək istədiyini bildirir. Nəhayət, sentyabrın 29-da gözlədiyi zəng gəlir və Nicat könüllü cəbhəyə yollanır. Çavuş rütbəli Nicat Şükürlü manqa komandiri olaraq döyüşlərə qatılıb. Oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlər zamanı yaralı döyüş yoldaşını xilas etməyə çalışarkən şəhidlik zirvəsinə ucalıb. Şəhadətindən sonra Nicat Şükürlü "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

***

 

Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köç edib. Xocalıda yeni tikilən evlərdə məskunlaşıblar. Turalın 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər, dinc əhaliyə qarşı soyqırımı törətdilər. Xocalı soyqırımında Turalın qohumlarının da ailəsi tamamilə məhv oldu. Kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyən Tural böyüyəndə düşməndən qisas almağı qarşısına məqsəd qoyub. Ömür yolunda bir dəfə də olsun doğum günü keçirdə bilməyib. Çünki onun doğum günü 613 günahsız Xocalı sakininin şəhid olduğu günə düşüb.

Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçib. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural Şakir oğlu 3-cü dərəcəli döş nişanı ilə təltif edilib. 2013-cü ildə Azərbaycan Respublikasının "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi" yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin əsasnaməsi ilə təsdiq edilmiş "Milli Ordu - 100" medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Vətən müharibəsi başlamamışdən əvvəl əfsanəvi "Yaşma" xüsusi təyinatlıları sırasında xüsusi təlimlərdə iştirak edib. Turalın gözlədiyi qisas vaxtı artıq yetişmişdi. Boz qurd ləqəbli döyüşçü qorxmadan ən təhlükəli döyüşlərə atılıb. Şərəfli döyüş yolu, şücaəti, Vətənə sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Öz canı qədər sevdiyi bayraq tabutuna, məzarı üstünə sərildi.

Atası Şakir bəy Tural haqqında xatirələrini belə danışır: "Tural əsgərlikdən məzuniyyətə gələndə telefonla danışdığını eşitdim. O, danışarkən dedi ki, mənim bəxtim yoxdur. Mən məzuniyyətə gəlim, yoldaşlarım isə hərbi əməliyyatda iştirak etsinlər. Orada olsaydım, bəlkə mən də düşmən öldürərdim. Tural döyüş əməliyyatı keçirilən zaman məzuniyyətdə olduğu üçün çox təəssüf edirdi. Vətənpərvərliyi ilə seçilirdi. Zaqatalada DİN XTQ-də işləyərkən ən çətin əməliyyatlarda iştirak edirdi".

Tural Abdullayev Vətən müharibəsi zamanı Murovdoğ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən əməliyyatlarda iştirak edib. Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə cəsarət etməyən mənfur düşmənin atdığı minaatan mərmisi nəticəsində igid əsgərimiz sentyabrın 30-u əbədiyyətə qovuşub.

Subay olan şəhidimiz Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz qəbiristanlığında dəfn olunub.

Baş çavuş Abdullayev Tural Şakir oğlu şəhadətindən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

***

Aqil Mehman oğlu Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda doğulub. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olub. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurub və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunub. 2020-ci ildə universitetdən məzun olaraq hərbi xidmətə yollanıb.

Aqil Mirzəliyev hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlayıb və 2020-ci il sentyabr ayının 27-dən başlayan Vətən müharibəsində fəal iştirak edib. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərib. 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və oktyabrın 23-ü Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhadətindən sonra Aqil Mirzəliyev "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

***

 

Elman Ağamirzə oğlu Babaxanov 1993-cü il dekabrın 17-də Bakı şəhərində anadan olub. 2009-2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi alıb və 2016-cı ildən hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun baş leytenantı olan Elman Babaxanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Şəhadətindən sonra Elman Babaxanov "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ailəli olan şəhidimizin Asena adında bir qızı yadigar qalıb.

***

 

Anar Mehman oğlu Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Anar Şükürov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Mayor Anar Şükürova şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. O, eyni zamanda, şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib

***

 

Rauf Vaqif oğlu Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub. 1985-1996-cı illərdə Gəncə şəhərində İ.Nəsimi adına 44 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb.

Rauf Əsgərov 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Rauf Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 26-da Füzuli döyüşləri zamanı əsgərini neytral zonadan təxliyə edən zaman şəhidlik məqamına yüksəlib. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Rauf Əsgərov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ailəli olan şəhidimizdən Vətənə əmanət üç övladı qalıb.

***

 

Əhməd Nazim oğlu Məmmədov 1994-cü il avqustun 25-də Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2000-2009-cu illərdə K.Kərimov adına Fərəhli kənd tam orta məktəbində təhsil alıb. 2009-2011-ci illərdə F.Şamoyev adına 4 nömrəli Qazax şəhər tam orta məktəbində təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib.

2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əhməd Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Fərəhli kəndində torpağa tapşırılıb.

Əhməd Məmmədov şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Mayor Anar Elşad oğlu Məmmədov 2 may 1986-cı ildə Sabirabadda ailənin ilk övladı olaraq doğulub. Orta məktəbin 8-ci sinifində Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Oranı bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2003-cü ildən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində işə başlayıb, 2008-ci ildə Goranboya döyüş bölgəsinə gedib. Elə həmin il ailə qurub. 2009-cu ilin əvvəlində Tərtərdə ön xətdə xidmət edib. Ailəsiylə birgə 4 il Tərtərin erməni ilə həmsərhəd kəndində yaşayıb.

Tərtərdə olanda bir neçə dəfə əməliyyatlarda iştirak edib. Onu elə səngərdə mükafatlandırıblar. 2014-cü ildə təyinatla Bakıya göndərdilərilib. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə 3 il dərs deyəndən sonra Beyləqana təyinatı verildi. Orada il yarım qaldıqdan sonra Füzuliyə göndərilir. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirəndə rütbəsi leytenant idi. Bu illər ərzində baş leytenant, kapitan, daha sonra mayor olur. Həm də vəzifələri yüksəldi. Əvvəl tağım komandiri idi. Sonra bölük komandiri, MTO, daha sonra qərargah rəisi, sonuncu döyüşündə isə artıq tabor komandiri olmuşdu.

İkinci Qarabağ savaşına qərargah rəisi kimi qatılmışdı. Döyüş əsnasında tabor komandiri qoyublar. Müharibənin ilk günlərində yaralansa da, heç kəsə demir. Həkimlər xəstəxanada bildirir ki, yaran təzədir, bir müddət qalmalısan. O isə "yox, balalarımı, əsgərlərimi tək qoya bilmərəm" - deyib döyüşlərə davam edir.

O, son dəfə evə oktyabrın 16-da əsgərlərinə dərman apardığı zaman bir neçə saatlıq gəlib, oktyabrın 18-nə qədər isə ailəsiylə telefon danışığı olub. Oktyabrın 20-də isə şəhidik zirvəsinə ucalıb.

Daşaltı əməliyyatında öz dəstəsi ilə axıra qədər vuruşub. Silahdaşlarının hamısı şəhid olub. Anar tək qalıb. Üstündəki bütün silahlardan istifadə edib, hər şey bitəndən sonra düşmən əlinə düşməmək üçün həmişə cibində daşıdığı və "zabit şərəfi" adandırdığı sonuncu gülləsi ilə özünü şəhid edib.

Anar Tərtər, Füzuli, Hadrut, Tuğ, Daşaltı istiqamətində döyüşüb. Füzulinin azad olunmasında böyük əməyi olub. Döyüş yoldaşları da təsdiqləyir ki, Anarın verdiyi istiqamətlər, qurduğu əməliyyat planları çox böyük nəticələr verib. Xüsusən Rüzgar kəndinin azad olunmasında böyük səy göstərib.

Anar Mübariz İbrahimovla çox yaxın dost idi. O rəhmətə gedəndə çox sarsılmışdı. Polad Həşimov Anar haqqında "sən mənim səngərdə böyüyən zabitimsən" deyirmiş.

Şəhid mayorun 11 və 4 yaşlarında iki qızı əmanət qaldı. Həyat yoldaşı deyir ki, onun başqa cür öləcəyini gözləmirdim, Anar ancaq şəhid ola bilərdi.

Mayor Anar Məmmədov şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

18 yaşlı Mərahim Aslan oğlu Abdullayev Şəmkirin Keçili kəndinin "Vətən müharibəsi"ndə verdiyi altı Şəhiddən biri və ən balacasıdır.

O, 27 mart 2002-ci ildə doğulub. Evin son beşiyi olduğu üçün ərköyün böyüyüb. Çox mehriban, dəli-dolu uşaq idi. Həmişə hamının köməyinə qaçıb, hər zaman əldə-ayaqda olan uşaq olub.

Qardaşı deyir: "Nə vaxt televizoru açsa, hərbi verilişləri axtarar, tapanda onlara baxardı. Bir dəfə dedi ki, mən Şəhid olacam. Buna görə dalaşdım onunla. Kim istəyər ki, qardaşı torpaq altınsa yatsın?! O da buna görə məndən incidi ki, niyə mənim arzularıma hörmət eləmirsən?"

Mərahimin 18 yaşı tamam olsa da, hərbi xidmətə aparmayıblar. Buna görə hərbi komissarlığa gedib, tələb edib. İnadından sonra onu hərbi xidmətə yollanmaq üçün çağırışçı elan ediblər. Hərbi xidmət dövründə də həmişə intizamı, bacarığı ilə seçilib. Hərbi xidmətinin ilk 5 ayından sonra Vətən müharibəsi başlayır və o, müharibənin ön cəbhəsinə könüllü atılır.

Mərahim Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Hər dəfə evlə danışanda "oktyabrda gələcəyəm" deyirmiş. Lakin qayıdan üçrəngli bayrağa sarılmış nəşi olur. Şəhid olmazdan bir gün əvvəl son dəfə ailəsi ilə danışıb. Deyib ki, "düşmənin sonuna çıxırıq, az qalıb. Qələbə qazanacağıq!"

Dediyi kimi də oldu. Azərbaycan bu müharibədə böyük qələbə qazandı. Bu qələbənin memarlarından olan Mərahim Abdullayev şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildi.

***

 

Şəhid əmisinin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək arzusu ilə yaşayıb şəhidlik məqamına yüksələn qəhrəman Sərxan Habil oğlu Həsənov 8 mart 1999-cu ildə Tovuzun Əlibəylidə doğulub. 2005-ci ilin sentyabrında Milli Qəhrəman Qasım Rzayev adına Hacallı kənd orta məktəbinin 1-ci sinifinə gedib. 2014-cü ildə həmin məktəbin 9-cu sinifini bitirib. 2017-ci ilin 3 aprelində həqiqi hərbi xidmətə gedib. 2018-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurub. 2019-cu il yanvarın 15-də snayper kursuna gedib. Martın 4-də "N" saylı hərbi hissədə MAXE kimi qulluğa başlayıb. Sərrast snayper bir çox "Fəxri fərman"lar alıb.

Vətən müharibəsinə qumbaraatan olaraq qatılıb. Sərxan müharibənin ilk günü Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Bir gün sonra - 28 sentyabrda Əlibəyli kənd qəbiristanlığında dəfn olunub.

Şəhidimiz tək bacının tək qardaşı idi. Əmisi Həsən Əmiraslan oğlu Həsənov 1-ci Qarabağ müharibəsində şəhid olub (21.05.1995), Əlibəyli kənd qəbiristanlığında dəfn olunub. Şəhidimiz atası ilə telefonla danışanda deyirmiş "ata, ən böyük arzum əmimin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etməkdir". Anasına şəhid olmamışdan 3 saat öncə zəng vurub, deyib: "Biz əks-hücuma keçmişik. Şəhid olsam, haqqınızı halal edin". Anası ağlayınca, deyib: "Ağlama, ana. Oğlunla fəxr elə".

Sərxan Həsənov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

***

 

Vahid Elşad oğlu Qurbanov 2001-ci ilin yanvar ayının 27-də Tovuzun Əyyublu kəndində doğulub. 9-cu sinifədək Əyyublu kənd, Eyvaz Bayramov adına tam orta məktəbdə, 10-11-ci sinifləri isə Gəncə şəhər, K.D.Uşinski adına 29 saylı tam orta məktəbdə oxuyub. O illərdə idmana da böyük maraq göstərib; daha çox əlbəyaxa döyüş növləri ilə məşğul olub. 2019-cu ildə həqiqi hərbi xidmətə gedib.

Böyük Vətən müharibəsi başlayan gündən döyüşlərə atılıb. Füzuli, Xocavənd, xüsusən, Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə xüsusi xidmətləri olub. Şəhidlik mərtəbəsinə Xocavənd uğrunda gedən döyüşlərdə ucalıb Vahid. İki bacının tək qardaşı olan şəhidimiz 30 oktyabrda axırıncı dəfə anası və bacılarıyla danışıb. Deyib: "Ana, özündən muğayət ol! Hər şey yaxşı olacaq! Məndən narahat olma". Bacılarına deyib: "Anama yaxşı baxın, onu fikirləşməyə qoymayın". Noyabrın 2-də ailəyə xəbər çatıb ki, Vahid 30 oktyabrda Xocavənd döyüşlərində qəhrəmancasına şəhid olub. Dərin sükutdan və evin tək oğlunun əbədi itkisinin verdiyi ağır kədərdən sonra "Vətən sağ olsun!" - deyib Şəhidin babası!

Şəhidimiz Tovuz rayonunun Əyyublu kəndində torpağa tapşırılıb. Şəhadətindən sonra Vahid Qurbanov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Xalid Zahir oğlu Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonu Poladlı kəndində Mecdunovlar ailəsinin ikinci övladı olaraq dünyaya gəlib. 2002-ci ildə Poladlı kənd Mahir Kərimov adına tam orta məktəbin 1-ci sinifinə gedib, 2013-cü ildə həmin məktəbi bitirib. Yeniyetməliyində futbol azarkeşi kimi tanınan Xalid, həm də yaxşı futbol oynayıb. Daha çox hücumda oynayarmış. O, 2014-cü ilin aprel ayında həqiqi hərbi xidmətə yola düşüb, Daxili Qoşunlarda xidmət keçib. Həqiqi hərbi xidmətdən sonra müddətdən artıq xidmət edən Xalid 2016-cı ilin iyununda "N" saylı hərbi hissədə qulluğa davam edib. Onunla Xidmət Müqaviləsi 5 illik bağlanıb, lakin o, 2-ci 5 illik üçün də müqaviləyə imza atıb. Sentyabrın 27-də Böyük Vətən müharibəsi başlayanda döyüşlərə atılanların ön sırasında Xalid də vardı. O, Tərtər, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabırın 3-də Cəbrayılın işğaldan azad edilməsi uğrunda döyüşlərdə Xalid Mecdunov düşmənin atdığı tankəleyhinə mərmidən dünyaya gözlərini əbədi yumub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.

Xalidin dayısı, Xalq artisti Zabit Nəbizadə deyir: "Xəbəri ata-anasından qabaq biz dayıları bildik. Böyük qardaşımın sinif yoldaşı vasitəsilə öyrəndik ki, Xalid şəhid olub. Anasına demədik, düz 3 gün gizlətdik. Müharibənin qızğın vaxtı idi, Səfərbərlik idarəsi ilə əlaqə saxladıq, rəhmətliyin cəsədini tapıb gətirdilər. Xalidin qardaşı da hərbi qulluqçudur. Şükür, şəhidlərimizin qanı yerdə qalmadı. Deyiləcək bircə söz var: Vətən sağ olsun!"

Xalid Mecdunov şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 





15.04.2021    çap et  çap et