525.Az

Aqrar Universitet kadr hazırlığı üzrə beynəlxalq əlaqələrini genişləndirir


 

RUSİYANIN KAZAN DÖVLƏT BAYTARLIQ AKADEMİYASI İLƏ DƏ ƏMƏKDAŞLIĞA BAŞLANILDI

Aqrar Universitet kadr hazırlığı üzrə beynəlxalq əlaqələrini genişləndirir<b style="color:red"></b>

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Dövlət Baytarlıq Akademiyası (KDBA) arasında keçirilən onlayn görüşdə baytarlıq sahəsində kadr hazırlığı və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi istiqamətləri üzrə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  ölkəmizin bu aqrar təhsil ocağının  maddi-texniki bazası, beynəlxalq əlaqələri, o cümlədən, buradakı  ikili diplom proqramları ilə bağlı iştirakçıları məlumatlandırıb.

"Universitetimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin gündən-günə genişlənməsi aqrar sahədə çalışacaq kadrlarımızın bilik və bacarıqlarının zənginləşməsi, müasir səviyyəyə qaldırılması işinə təkan verir. Bu baxımdan, Kazan Dövlət Baytarlıq Akademiyası ilə əməkdaşlıq sahəsində imzalanmış müqavilə  də hər iki tərəf üçün faydalı olacaq" - deyə, o, vurğulayıb.

Kazan Dövlət Baytarlıq Akademiyasının rektoru, professor Rüstəm Xametoviç Ravilov  da qarşılıqlı əməkdaşlıq perspektivindən məmnun olduğunu və imzalanmış müqavilənin səmərəliliyini vurğulayıb.

Həmçinin hər iki ali təhsil ocağının onlayn görüşə qatılan əlaqə koordinatorları, prorektor və dekanları imzalanan müqavilənin qarşılıqlı tədris-işgüzar əlaqələrin daha da genişlənməsinə, o cümlədən, baytarlıq sahəsində kadr hazırlığına və elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə töhfələr verəcəyini qeyd ediblər.

Zakir MURADOV
Gəncə
 





16.04.2021    çap et  çap et