525.Az

Xalqın və qəlbin tarixini əks etdirən əsər


 

Xalqın və qəlbin tarixini əks etdirən əsər<b style="color:red"></b>

Mən ilk gənclik dövründən hikmətli sözlərə, qeyri-adi ifadələrə böyük maraq göstərərdim. Bu cür sözlər mənə güclü təsir edər, hafizəmdən silinməzdi. Onlardan biri də belə idi: “Bir qəlbin tarixi bir xalqın tarixi qədər zəngindir”. Yadımdadır: ilk dəfə bu ifadəni oxuyanda heyrət etmişdim. Lakin sonralar çoxlu bədii əsər oxudum və həmin qəribə fikrin həqiqət olduğunu yəqin etdim. Bildim ki, bu cür əsərlərə psixoloji əsər, onun müəllifinə isə psixoloq-yazıçı deyirlər.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Aqil Abbasın “Ən uzun dərdli hekayə” romanını oxuyanda məhz həmin hissləri keçirdim...

 

Romanın baş qəhrəmanı sənəti də müəllim olan Məllimdir. O, Şuşanın Malıbəyli kəndinin sakinidir.  Kənd əhalisi erməni quldurlarının silahlı hücumuna müqavimət göstərsələr də, köməksiz, silahsız olduqlarına görə doğma yurdu tərk etməyə məcbur olurlar. Ermənilər kəndə od vurub yandırır, əllərinə keçənləri məhv edirlər. Düşmənin amansız hərəkətlərindən qaçıb canını qurtarmağa çalışan kənd sakinləri qışın qarlı-şaxtalı günündə yolda min bir əzab çəkir, müsibətlərlə üzləşirlər. Bu cür dəhşətli vəziyyətdə ailəsinin xilasına cəhd edən insanlardan biri də Məllimdir.

Əsərdə onun iki həyatı təsvir olunur. Birinci – çox yeknəsəq olan zahiri həyatıdır ki, bunu hamı görür. İkinci – çox zəngin olan daxili həyatıdır ki, onu heç kəs görmür. Bu daxili yaşantı yalnız iki nəfərə: bir Məllimin özünə, bir də Aqil Abbasa bəllidir. Məhz buna görə də Aqil Abbas Məllimin daxili həyatını – qəlb aləmini psixoloq dəqiqliyi ilə ifadə edə bilmişdir.

Doğma Malıbəyli kəndindən didərgin düşdüyü andan Məllimin ən uzun dərdli hekayəsi – qəlbinin qəmli tarixi başlayır. Məllim arvadını və üç uşağını ölümdən qurtarmaq üçün qarın içində zülm çəkir. Belə bir təhlükəli vaxtda arvadı cehiz samovarı heç cürə əlindən buraxmaq istəmir. Arvada elə gəlir ki, samovarı atsa, ailə də dağılacaq. Düşmən gülləsi açılanda Məllim özünü uşaqlarının üstünə atır, onların ürək çırpıntılarını eşidir. Özünün də ürəyi şiddətlə döyünür: “Kaş doğulduğum günə daş düşəydi. Balalarını xilas edə bilməyən bir atanın keçirdiyi bu dərdli ağrıları keçirməyəydim”. Beləliklə, Məllimin iç dünyasında ən, lap, olduqca ağır bir Dərd yaranır.

Düşmən gülləsi Məllimin ayağını yalayıb keçir. Bir qədər sonra isə arvadı da yaralanır. Məllim çıxılmaz vəziyyətə düşür. Onun təkidi ilə böyük oğlu qardaşını da götürüb irəli qaçır. Məllim özü yaralı arvadı ilə körpə uşağının arasında qalır. Yaralı arvad ərinə yalvarır ki, onu burda qoysun uşaqları çıxartsın (Ah, ana ürəyi!). Məllim bunu kişiliyinə sığışdıra bilmir. Ancaq arvadının uşaq barədə yalvarışları və körpə uşağın ölüm qorxusu ona güc gəlir. Uşağı bağrına basıb irəli qaçır. Beləliklə, o, uşağı və özünü xilas edib bizimkilərə çatdırır. Lakin elə məhz bu anda onun qəlbindən fəryad qopur: “Uşaqların anası qaldı!” – deyib hönkür-hönkür ağlayır. Sonra qəflətən ayağa qalxır və tüfəngi götürüb arvadını xilas etməyə gedir. Beş-altı nəfər cavan da ona qoşulur. Arvadını donmuş halda tapıb gətirir. Ağdamlı uşaqların köməyilə onu həkimə çatdırır. Arvadın donmuş əli kəsilir, çətinliklə sağaldılır. Bu epizodda İsrail adlı həkimin humanistliyi və millətsevərliyi adamı kövrəldir. Məllim həmkəndliləri ilə birlikdə Ağcabədinin isti çölündə tikilən Çadır şəhərciyində yaşamalı olur. “Əslində o yaşamır, için-için yanıb qovurulur. Öz vətənində qaçqın kimi yaşamaq izzəti-nəfsini yaralayır, qürurunu sındırır. İçindəki ən, lap, olduqca ağır Dərd onu daxilən üzür, taqətdən salır. Bu Dərdin adı nədir? Ayrılıq dərdi, Vətən dərdi, Şuşa dərdi! Çadır şəhərciyində təkcə o öz çadırını üzü Şuşaya tikdirir. Qalan bütün çadırlar eyni səmtə – arxası Şuşaya tikilmişdir. Roman boyu tez-tez səslənən “Şuşanın dağları başı dumanlı” məşhur xalq mahnısı onun psixasına isterik təsir göstərir. “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” fikri daş kimi onun ürəyindən asılı qalır. Mənəvi depressiyaya düşərək arabir sarsıntı keçirir, özündən gedir. Bir neçə dəfə Ağdama, Şuşaya getmək istəyir, lakin yolunu kəsib buraxmırlar. Şuşada, Ağdamda, Xankəndində keçirdiyi xoş günləri xatırlayıb nisgillənir. “Ağlaram xatirə gəldikcə gülüşdüklərimiz” melodiyası qəlbinə həzinlik gətirir. Tez-tez ondan-bundan soruşur: “Ə, bəs Şuşaya nə vax qayıdajayıx?”

Qaçqınlıq dövründə Məllimin düşüncəsində, hissiyyatında qeyri-adi mənəvi-psixoloji hallar baş verir. Məsələn, o, didərgin olduğu altı il ərzində bir dəfə də olsun arvadı ilə yatmır. Ona elə gəlir ki, yurdunu tərk etmiş bir kişi arvadı ilə yata bilməz. Başqa qadınla yata bilər, amma məhz öz arvadı ilə yata bilməz! Çünki başqa qadınla yatmaq onun sadəcə kişi cinsindən olması ilə bağlıdır. Ancaq öz arvadı ilə yatmaq – bu, ər məsələsidir, şəxsiyyət və mənlik məsələsidir. Doğma yurdu erməni tapdağı altında olan kişinin öz halal arvadı ilə yatması haramdır və buna onun mənəvi haqqı yoxdur. Hətta o, bu barədə başqalarına suallar verir və qaçqın kişilərin öz arvadları ilə yatmasına məəttəl qalır. Məllim didərgin olduqdan sonra müəllimliyi də tərk edir. O, düşkün ruhi-vəziyyətdə şagirdlərin gözünün içinə dik baxa bilmir, hünər və qəhrəmanlıqdan bəlağətlə danışmaqdan utanır. Özünü mənən sınmış və alçaldılmış hiss edir. Odur ki, Çadır şəhərciyində Abbasın çayxanasında çay paylamaqla məşğul olur. Buna baxmayaraq, Məllim onu tanıyanların gözündə yenə də nüfuzlu və savadlı müəllim olaraq qalır. Məhz buna görə də onu da Bakıya – Prezidentin qaçqınlarla görüşünə göndərir və hətta yığıncaqda çıxış etməyi ona tapşırırlar. Çıxış üçün rayon rəhbərləri ilə birlikdə mətn də hazırlanır. Lakin Məllim Prezidentin qarşısında çıxış edərkən həmin mətni oxumur. Öz cəsarətli xasiyyətinə uyğun olaraq qaçqınların əsl ağır şəraitini, Vətən həsrətini Prezidentə çatdırır. Ürəyindən keçənləri emosional, səmimi şəkildə bildirir. “Qələbəyə inanıb dözürük, sizə inanıb dözürük. Amma day dözə də bilmirik, ürəyimiz partlayır”. Ucadan bəyan edir ki, çadırda Üzeyir Hacıbəyov doğula bilməz!

Məllimin sərbəst, təbii çıxışı rayon rəhbərlərini pərt edib qorxuya salsa da, Prezidentin xoşuna gəlir. Prezident yığıncaqdan sonra onunla da görüşüb səmimi söhbət edir, məsləhətlərini verir.

Qaçqınlıq dərdi, ayrılıq hissi Məllimin qəlbində elə bir sarı sim, yaralı yerdir ki, bu simə, bu yaraya toxunanda Məllim amansız olur, əsl Qarabağ dəliqanlısına çevrilir. Belə ki, Məllim Prezidentin görüşünə gələndə Sarayın qapısında bir nəfər şıq geyimli adamla (zavod direktoru ilə) sözləri çəpləşir. Məllim onun qaçqınlar haqqında kinayəli sözünə kəskin cavab verir. Şıq geyimli adam yanındakına deyir: “Düdüyün danışığını gördün? Torpaqlarını qoyub qaçıblar...” Məllim bu təhqirə dözmür və qəflətən: “Ə, binamus oğlu binamus! Mən vuruşanda sən qəhbə arvadını qucaqlayıb yatırdın!” – deyib onun üstünə cumur, ikiəlli yaxasından yapışıb vurmaq istəyir. Lakin onu tuturlar.

Məllimin qəlbindəki ən, lap, olduqca ağır Dərd, nəhayət, ona güc gəlir. O, çadırda ölməmişdən əvvəl necə olursa olsun özünü doğma Malıbəyliyə çatdırmaq, onu ziyarət etmək, daha sonra Xankəndinə gedib Aşotdan intiqam almaq qərarına gəlir. Aşot kimdir? Aşot Məllimin vaxtilə Xankəndində olan Haykanuş adlı erməni aşnasının qardaşıdır. Məllim kefi istəyəndə onlara gedərdi. Aşot – bu xoşqeyrət erməni özü gedib bacısını evdən çağırardı. Məllim də Haykanuşu maşına qoyub aparardı. Ancaq... erməni silahlıları Malıbəyliyə hücum edəndə Məllimin evini məhz Aşot yandırmış və özünü ermənilərin gözündə “kişi” kimi, “qəhrəman” kimi göstərmişdi. Məllimin uzaqdan gördüyü bu hadisə onu sarsıtmışdı.

Məllim iqdam etdiyi işi yerinə yetirməyə başlayır. Bunun üçün qumbara əldə edib cibində gizlədir. Düz əlli yaşının tamamında – ad günündə evdən çıxır. Bundan əvvəl uşaqlarını, hətta arvadını da öpür. Arvadı buna təəccüb edir. Məllim bunu yubileyi ilə əlaqələndirir. Çayxanaya gəlib yeyib-içir, sonra Abbas üçün bir kağız yazıb qoyur və yola düzəlir. “Zil – 130” maşını ilə Əfətliyə gəlir. Sonra Qarqarın içi ilə keçib gizlənə-gizlənə yoluna davam edir. Erməni dilini bilməsi işinə yarayır. Nəhayət gəlib doğma Malıbəyliyə çatır. Bura qədər keçib gəldiyi Vətən torpağının hər qarışı onda dərin həyəcan, kövrək hisslər oyadır. Bu həyəcanlı hisslər romanda söz-söz, cümlə-cümlə ifadə olunub. Axı O bu günə gəlib çatmaq üçün daxilən altı illik yol gəlmişdi.

Malıbəyli kəndi uzaqdan görünəndə... içində nə isə anlamadığı bir hiss dolaşır, ürəyi sıxılıb üzüqoylu yerə düşür. Sonra ayağa qalxıb kəndə gəlir. Kəndin müdhiş mənzərəsi onun ürəyini şan-şan edir. Altı il əvvəlki kənddən əsər-əlamət qalmamışdı. Ermənilər onun gözəl və sevimli kəndini tar-mar etmiş, evləri yandırmış, eybəcər hala salmışdılar. O, ələm və iztirab içində keçmiş şagirdi Vasifgilin evinə çatır. Kimsəsiz həyətdən qəflətən bir it çıxır. Bu, Vasifgilin iti idi. İt Məllimi tanıyır və ona yalmanmağa başlayır. Məllimi qəhər boğur...

Məllim keçmiş xatirələrinin təəssüratı altında məktəbə gəlib çatır. O, bu məktəbdə on il oxumuş, iyirmi il isə Azərbaycan dili və ədəbiyyatdan dərs demişdi... İkinci mərtəbəyə qalxıb müəllimlər otağına, daha sonra isə ədəbiyyat otağına daxil olur. Otağın qəmli sükutu, dağılmış vəziyyəti onun içindəki ağır Dərdi daha da ağırlaşdırır. Üzünü məktəbin buz kimi soyuq daşlarına qoyub ağlamağa başlayır. Ağlaya-ağlaya daşları oxşayıb əzizləyir. Buz kimi soyuq daşlar doğma nəfəsi, nəvazişi hiss edir, kövrəlib ovxarlanır. Daşın daş ürəyi göz yaşının ağırlığına dözməyib parçalanır!.. Gördüyü mənzərələr Məllimi elə bir halətə salır ki, o, öz evlərinə getmək istəmir. Doğma evini, həyətini viranə, xaraba görməkdən çəkinir...

Ağlayıb ürəyini boşaltdıqdan sonra dərs dediyi sinfə daxil olur. Özünü həm zahirən, həm də daxilən nizamlayıb son dərsini keçməyə başlayır. Şagirdlərini bir-bir adı ilə çağırdıqca, onların simasını, xasiyyətini xatırlayır və beləliklə, Məllim ötən günləri bir daha yaşayır. Şagirdlərin hamısının adlarını oxuyub qurtardıqdan sonra yeni dərsi danışır. Mövzusu: Şah İsmayıl Xətai olur.

Boş sinfə son dərsini keçdikdən sonra Malıbəyli bulağında əl-üzünü yuyub Ağdam-Şuşa yoluna çıxır. Bu hissədə Ağdam və Şuşa haqqında oxuduğumuz emosional sözlər vətəni sevən hər bir insanı riqqətə gətir.
Məllim Xankəndində Aşotun yaşadığı beşmərtəbəli binaya çatır. Yuxarı qalxıb Aşotu soruşur. Haykanuş qapıya çıxır. Məllimi görəndə özünü itirir. Hər ikisi gərgin həyəcan keçirir. Aşot evdə olmur. Məllim gəlişinin əsl məqsədini bildirmir. “Səni görməyə gəlmişdim” – deyib evdən çıxır. Haykanuş onu ermənilərdən gizlətmək istəsə də, Məllim razı olmur. Aşotun işlədiyi yeməkxanaya gəlir. Aşot Məllimi görəndə çaşıb qalır. Məllim: “Elə bildin o hayıfı səndə qoyajam?” – deyib qumbaranı partladır. Məllim özü və üç erməni parça-parça olub ölür. Aşotun ayaqları dizdən aşağı qopur, sol qolu parçalanır. Amma Aşot ölmür, şikəst qalır.

Beləliklə, şərəfli ölümü üstün tutan Məllim öz qüdsi arzusuna çatır. O, məslək və əqidə yolunda özünü fəda edir, qurban verir və ideal insan kimi bizim dərin məhəbbətimizi qazanır. Onun nəcib qəlbinin altı illik Dərd tarixi ölümlə  başa çatır. Lakin bu ölüm, Hüseyn Cavidin dediyi kimi, həyat qədər dəyərli bir ölümdür. Aşotun rəzil həyatı isə ölüm qədər zəhərli bir həyatdır.       

Əsər Məllimin faciəsi ilə bitsə də, onun şəhidliyi bir nikbinlik təlqin edir, mənəvi qələbə kimi səslənir. Çünki 1992-1999-cu illər arasında yazılmış bu qiymətli romanda azadlıq gününün gələcəyinə möhkəm inam da ifadə olunmuşdur. Məhz bu inama görədir ki, əsərin sonunda nəğmə nəqarəti kimi təkrar-təkrar deyilir: “O gün uzaqda deyil! O gün uzaq deyil!”

Fərəhlidir ki, müəllifin – Aqil Abbasın qətiyyətlə dediyi bu coşqun sözlər, həm də onun həmişə qətiyyətlə dediyi yolla – hərbi yolla artıq həqiqətə çevrilmişdir! Güclü dövlətimizin, qüdrətli ordumuzun, igid xalqımızın birliyi ilə doğma Qarabağ torpağı erməni işğalından azad olunmuşdur! Məllimin müqəddəs şəhəri Şuşa, doğma kəndi Malıbəyli, çox sevdiyi və öyündüyü Ağdam indi bizdədir! Heç şübhə yoxdur ki, Məllimin də şəhid ruhu indi bizimlədir, bizimlədir! Doğma Vətən səmasından ana yurduna baxıb gülümsəyir. Bu gülümsəmək onun haqqıdır. Çünki altı illik qaçqınlıq dövründə çox ağlamışdı...

Romandan Məllimdən başqa, Drakon, Abbas, başçı, prokuror , polis rəisi, Vasif, vəzifəli adam və s. surətləri də vardır. Müəllif onların da real obrazını məharətlə yaratmışdır. Bu insanların özünəməxsus fərdi danışığı, hərəkətləri, jest və mimikaları, bir sözlə xarakteri elə dəqiq və maraqlı verilmişdir ki, adam müəllifin müşahidə qabiliyyətinə, söz və insan sərrafı olmasına heyran qalır. Müəllifin təhkiyəsində və surətlərin dialoqunda məişət dili üslubundan, Qarabağ dialektindən ustalıqla istifadə edilmişdir.

Belə bir elmi fikir var ki, ədəbiyyat da tarixdir. Məncə, ədəbiyyat daha çox tarixdir. Çünki ədəbi əsərlər xalqın tarixi ilə ayrı-ayrı insanların qəlb tarixini müvazi şəkildə verə bilir. “Ən uzun dərdli hekayə” romanı məhz bu cür məzmuna malikdir. Romanda Məllimin fərdi yaşantıları ilə yanaşı onun mənsub olduğu camaatın, xalqın da həyatı müəyyən zaman daxilində real təsvir olunmuşdur. O dövrün ictimai-siyasi hadisələri, ölkədə hökm sürən hərc-mərclik, xaos, ekstremal şərait əsərdə öz dolğun bədii əksini tapmışdır. Xalqın, Vətənin acınacaqlı taleyi tutarlı sözlərlə, yanıqlı dillə ifadə edilmişdir. Milli qeyrət hissi ilə qələmə sarılan müəllif millətin düçar olduğu fəlakətlərin, faciələrin səbəblərini də göstərərək qəzəblə yazır: “Ağsaqqallıq eləməli şəxslərin başları qarışmışdı kreslo davasına, vəzifə davasına. Vətən yaddan çıxmışdı... Bakıda kreslo davası çəkənlər üçün Vətənin haradan başlayıb harada qurtarması maraqsız idi”.

Bu kəskin tənqidi sözlər Vətəni ağlar günə salanların ünvanına çox güclü ittiham kimi səslənir. Ümumiyyətlə, romanın qəlbində güclü bir vətənpərvərlik, azərbaycançılıq, insanpərvərlik döyünür. Biçarə və binəsib soydaşlarımızın acı taleyinə yanğı və bu yanğını ifadə edən odlu-alovlu sözlər, təsirli, orijinal mənalı cümlələr, necə deyərlər, adamı varından yox eləyir. Məsələn, Malıbəyli camaatı kəndən qaçarkən bir qızın... faciəsi ilə bağlı müəllif görün nə yazır.: “Ataların, əmilərin, millətin böyüklərinin qoruya bilmədikləri namusunu özü bu cılızlığı ilə qoruyur. Düşmənin əlinə keçməmək üçün cılız qızcığaz millətin böyüklərin yediyi, amma itin yemədiyi namusunu götürüb uçuruma atır”.

Dərd-qəmlə yükləmiş bu əsər güclü bir nikbinliklə başa çatır. Mən romanın oxucuya qanad verən, marş kimi səslənən son sözlərini – “O gün uzaqda deyil!” sözlərini bir də riqqətlə oxuyur və kitabı örtüb üz qabığını nəzərdən keçirirəm. Tutqun bir illüstrasiya fonunda Aqil Abbasın qəmgin şəklinə baxıram. Bu qəm mənə də sirayət edir. Gözlərim yaşla dolur... “Keçmiş olsun!” – deyib gözümü şəkildən çəkirəm, xəyala dalıram. Bu dəfə gözlərim önündə Qarabağ azad olunandan sonra Aqil Abbasın televiziyada gördüyüm şən əhval-ruhiyyəsi, gülər sifəti canlanır. Düşünürəm ki, Ulu Tanrı nə yaxşı ki, Ağdamla, Şuşayla, Qarabağla nəfəs alan bu insana doğma yerləri azad görmək səadəti nəsib etdi. Mən xoş bir həyəcan içərisində üzümü sevimli yazıçımıza tutub ürəkdən xeyir-dua verirəm: – Həyatın bundan sonra həmişə beləcə şən keçsin, əziz dostum! Qoy sənin öz ömrün ən uzun fərəhli hekayə olsun. Sən kitabın ilk səhifəsində oxuculara müraciətlə soruşursan ki, görəsən, içimdəki dərd-ağrını yaza bilmişəm, yoxsa yox? Mən çox mütaliəli bir şəxs kimi inamla bildirirəm ki, bəli, yaza bilmisən! Çünki dediyim qüdrətli qələm səndə də var! Bu əsərə görə səni öpürəm, “əlin-qolun var olsun” – deyirəm. Sənin çox sevdiyin və səni də çox sevən Azərbaycan xalqı səndən yeni-yeni dəyərli, sanballı əsərlər gözləyir. Eşidirsənmi? Biz hamımız səndən yeni-yeni dəyərli əsərlər gözləyirik.

Əli ŞİRİNOV   

 





16.04.2021    çap et  çap et