525.Az

"O binanın bircə fasadı bütün ermənilərdən dəyərlidi" - Seyran Səxavət


 

YAZIÇI ONUN ÜÇÜN ÇOX ƏZİZ MƏKAN OLAN, ERMƏNİ VANDALİZMİNİN VİRAN QOYDUĞU "ARAZ" QƏZETİNİN REDAKSİYASI BARƏDƏ XATİRƏLƏRİNİ BÖLÜŞÜB

"O binanın bircə fasadı bütün ermənilərdən dəyərlidi" - <b style="color:red">Seyran Səxavət</b>

Ötən günlərin birində sosial şəbəkədə Füzuli şəhərindəki "Araz" qəzeti redaksiyasının şəkilləri paylaşıldı. Bina erməni vandalizmi nəticəsində dağılıb, tamam yararsız hala düşüb, təkcə fasadın bir hissəsi yerindədir. Mədəniyyət naziri Anar Kərimov özünün sosial şəbəkə hesabında qeyd edib ki, həmin bina yenidən bərpa olunacaq.

"Araz" qəzeti 1931-ci ildən fəaliyyətə başlayıb. Bir çox yazıçı və publisistin imzası məhz bu mətbu orqanda tanınıb. Həmin yaradıcı şəxsiyyətlərdən biri də görkəmli nasir, şair və tərcüməçi Seyran Səxavətdir. Seyran müəllimlə "Araz" qəzeti haqqında danışdıq, o illərin xatirələri ilə bağlı həmsöhbət olduq.

Yaddaşını vərəqləyən yazıçı, "Araz" redaksiyasına gəlişini xatırladı, həmin illərin şirin xatirələrini dilə gətirdi: "Mən, hardasa 13 yaşımdan, 7-ci sinifdə oxuyandan o redaksiyaya ayaq döymüşəm. Kəndimizdən ora 7 kilometr məsafə vardı. Bəzən elə olurdu ki, uzunqulağa minib gəlirdim. Öz yaşıdım olan qızlar məni uzunqulağın üstündə görəndə utanırdım. "Araz" qəzetinin redaksiyasına gəlib-gedəndən bir neçə il sonra  ilk şeirim o qəzetdə çap olundu. Balaca bir şeir idi. "Seyran Xanlarov, Yağlıvənd kənd orta məktəbinin 8-ci sinif şagirdi" -  şeirin altına belə bir imza da qoymuşdular. Uşaqlıqda ən çox getdiyim yer "Araz" qəzetinin redaksiyası olub. Sonra böyüdüm, yekə kişi oldum, xaricdə işlədim, şahın vaxtında İranda, SSRİ Müdafiə Nazirliyi üçün tərcüməçi işlədim, yazıçı oldum, kitablarım nəşr olundu, tanındım, amma ta son günlərə qədər həmişə birinci ora gedərdim, sonra da qəbiristanlığa. İkisi də təxminən bir yolun üstündəydi. Mən ora təzə ayaq açanda oranın redaktoru Fehruz Atakişiyev idi. Çox məzəli, yumorla, istehza ilə danışan bir adam idi. Bizim məktəbdə bir rus qızı vardı, azərbaycanca oxuyurdu, anası da bizdə rus dili müəllimi işləyirdi. Qəşəng qız idi, saçını sığallayırdı, lent vururdu, qəşəng görünürdü, fərqlənirdi. O yaşda olanda bizim qızların ağlına gəlmirdi ki, sən də bir saçını sığalla, bir lent vur. Bizim yaşda olan oğlanların əksəriyyətinin ondan xoşu gəlirdi, o cümlədən, mənim. Bir dəfə o qızın qarşısını kəsdim. Məhəbbətin əsl təmiz çağı, ifadəsinin şablon vaxtı idi. Dedim ki, bəs mən səni sevirəm, mənə bir cavab ver. Dedi ki, "Net!" Ondan sonra mən bir şeir yazdım:

Sizdən bir cavab istədim,
Rusca mənə "net" dediniz.
Saf eşqimi lağa qoyub
Hərdən "privet" dediniz.
Amma düşünmədin, gözəl,
Gördüyün iş necə işdi.
Mən biləni anan sənə
Rusca lay-lay deməmişdi.

Bu şeiri redaksiyaya apardım. Fehruz Atakişiyev daha mənə demədi ki, bu, rus xalqına qarşıdır. Dedi ki, sən hələlik belə şeylər yazma. Mən də kənd uşağının səmimiyyəti və codluğu ilə sual verdim ki, bəs nədən yazım? Dedi ki, Şamama Həsənovadan yaz, iki dəfə Sosialist Əməyi Qəhrəmanı olub. Vətəndən, Moskvadan, Qızıl meydandan yaz. Dedim ki, axı mən onu görməmişəm. Dedi, nə olsun görməmisən, elə oğul odu ki, görməyə-görməyə yaza da. Amma bir neçə ildən sonra dediyim kimi, ilk şeirim orada çap olundu. Sonra redaksiyada baş redaktor Məcnun Namazəliyev var idi. Çox gözəl jurnalist idi. "Araz"da yaxşı, işıqlı oğlanlar işləyirdi. Orada dərnək də var idi, məsələn, şair Mətləb Misir o dərnəkdə yetişmişdi. "Araz" qəzetində bir Nemət Hüseynov da vardı, əslən naxçıvanlı idi, Füzulidən evlənmişdi. Şeirlərə o baxırdı, özü də qəzəl yazırdı. Ciddi adam idi. Məsələn, bir şeirdə "şair" sözü işlətmişdim, özü də çox vacib idi ki, o söz orada işlənsin, sevdiyim qız görsün, mən şairəm. Nemət Hüseynov "şair" sözünü pozub "oğlan" elədi. Mənə qəddar insan təəssüratı bağışladı. Yaxşı kişi idi, savadlıydı. Sonra mən onu daha yaxşı tanıdım".

 

Seyran Səxavət həmin illərdə böyük sənətkar, görkəmli aktyor Rza Əfqanlı ilə tanış olmağını belə xatırladı: "Araz"ın binasının arxasında raykomun qonaq evi var idi. Mən orada Xalq artisti Rza Əfqanlı ilə tanış olmuşam. Uşaq idim, 12-13 yaşım olardı, eşitdim ki, belə bir aktyor gəlib. Kənddən gəldim, qapısını döydüm, açdı. Dedim ki, bəs mən gəlmişəm sizlə tanış olmağa. Onun da çox xoşuna gəldi ki, bir uşaq kənddən gəlib mənlə tanış olmağa. Xeyli söhbətləşdik. Mənə dedi ki, neçə gündü burdayam, gilənar ağacı mən gələndə tumurcuqlayırdı. Sonra gözümün qabağında çiçək açdı. Amma o çiçəyin meyvəyə çeviriləcəyini yəqin ki, görə bilməyəcəyəm, Bakıya qayıdıram... Allah ona rəhmət eləsin".

Yazıçı deyir ki, yaddaşında "Araz" qəzetinin binası ilə bağlı bir-birindən gözəl çoxlu xatirələri var: "O redaksiyaya kənddən-kəsəkdən çoxlu şeirlər gəlirdi. O şeirləri mənə verirdilər ki, xülasə yazım, halbuki o binaya vaxtilə əsə-əsə daxil olurdum. Elə bil ki, Füzuli mənim böyük Vətənimdi, Azərbaycan daha böyük Vətənimdi, o redaksiya da mənim üçün mini vətən idi. Bəlkə də, o iki Vətənin nüvəsi "Araz" qəzeti idi. Özü də o zaman adı "Qızıl Araz" idi. Mən ora ayaq açanda iki səhifə çap olunurdu. Rayon partiya komitəsinin orqanı idi".

Seyran Səxavət erməni faşizmi, işğalçı düşmənin vəhşiliyi barədə fikirlərini bildirərək qeyd etdi ki, onların bu əməllərinə qarşı heç bir humanist addımdan söhbət gedə bilməz: "Araz"ın binası o qədər gözəl idi ki... İndi oraları dağıdıblar. Bir az fasadı qalıb, yəqin ki, görmüsünüz. Məsələn, mənim aləmimdə "Araz" qəzetinin binasının fasadı bütün ermənilərdən dəyərlidi. Mən müsahibələrin birində dedim ki, zoologiya dərsində "ziyanvericilər" fəsli var idi. Bax ermənilər də onlardandı. Sübuta heç bir ehtiyac yoxdu. Bax indi o minaların xəritəsini vermirlər. Yersiz  humanizm, özünü doğrultmayan, bəraəti olmayan hunanizm elə bizə qalıb?! İşğaldan azad olunandan sonra Füzuliyə getdim. Bilirsən, hərdən mənə elə gəlir ki, ora getməmişəm. Amma getmişəm axı, yanımda şahidim də var idi. Mənə sərf eləyir ki, Füzuliyə getməmiş olum. Hələ istəmirəm inanım ki, kəndimiz o vəziyyətdədi. Kəndimizdə böyük Köndələn gölü var. Mən oraları həmin göldən tanıdım. Sonra dostuma yalvardım ki, məni tez buradan çıxart. O hissi Allah heç kimə yaşatmasın!"

Nadir RZALI

 





17.04.2021    çap et  çap et