525.Az

Ayə, harye gedirsən?" - Vüsal Rzasoy ilə müsahibə


 

"BU MAHNINI YAZMAQ İDEYASI HERMAN HESSENİN BİR ƏSƏRİNİ OXUYARKƏN YARANDI"

Ayə, harye gedirsən?" - <b style="color:red">Vüsal Rzasoy ilə müsahibə </b>

Müsahibimiz bir neçə il əvvəl "Ayə, harye gedirsən?" mahnısı ilə məşhurlaşan ifaçı-bəstəkar, aktyor Vüsal Rzasoydur. 

- Vüsal bəy, birdən-birə məşhurlaşıb, birdən-birə də yoxa çıxdınız. Haralardaydınız?

- Əslində, mən bu dövrdə də sənətdə idim. Ancaq musiqidən daha çox teatrla məşğul olurdum. Mən təkcə musiqiçi yox, həm də aktyoram. Uzun müddət Pantomima teatrında çalışmışam.

- Yenidən qayıtmısınız, həm də maraqlı bir layihə ilə. Bizə layihəniz haqda qısa məlumat verərdiniz.

- Hazırda mənim ən böyük amalım Zəngəzur rok layihəsini həyata keçirməkdir. Bu layihənin əsas motivi  el-obasından didərgin düşən soydaşlarımızın ağrı-acılarını musiqiyə köçməsidir. Yəni əsas istinad tarixi faktlardır. Xalqın uzun illərdən bəri yaşamış olduğu kədəri bu musiqilərdə göstərmək istəyirəm. Bu ifalar zamanı əsas alətlər saz, bağlama və qopuzdan istifadə olunacaq. Bir sözlə, etnorok.

- Qorxmursuz ki, sizin bu ideyanızı qəbul etməzlər? Necə ki, Vaqif Mustafazadə muğamı cazla sintez edəndə əvvəl-əvvəl qəbul etmirdilər.

- Yox, qorxmuram. Mən bu layihənin uğurlu alınacağını bütün varlığımla inanıram. Artıq mədəniyyət nazirliyinə də bu ideya ilə bağlı müraciət etmişəm. Hazırda nazirlikdən gələcək cavabı gözləyirəm.

- Bu ideya sizdə necə yarandı?

- Deməli, mən bir müddətdir ki, xaricdə yaşadığım üçün ailəmlə çox vaxt keçirə bilmirdim. Karantin zamanı ilk dəfə idi ki, ailəmlə uzun müddət vaxt keçirirdim. Həmin günlərdə nənəm xəstələnmişdi. Təbii ki, bu zaman mən nənəmin yanında idim. Deməli, nənəm həmin vaxt yuxudan tez-tez oyanıb soruşurdu ki, yollar nə vaxt açılır? Əvvəl elə bilirdik ki, nənəm bağlı yollar deyəndə karantin dövrünü nəzərdə tutur. Sən demə, o, Qərbi Azərbaycanı nəzərdə tuturmuş. Nənəm uşaq yaşlarından ordan çıxmağa məcbur olub. Onun tez-tez dediyi bayatılar məhz bu ağrıların ifadəsi idi. Mən də nəzərdə tutduğum layihəni məhz həmin bayatılardan istifadə edərək yaradacam.

- Vüsal bəy, demək olar, əksər insanlar sizi "Ayə, harye gedirsən?" mahnısı ilə tanıyıb. Həmin vaxt sizi bəyənənlər də vardı, tənqid edənlər də. İnsanların çoxu elə bilirdi ki, siz əyalət adamlarının ləhcəsinə lağ edirsiniz.

- Əslində, bu mahnının maraqlı yaranma tarixçəsi var. Bir dəfə mən Qubaya getmişdim. Gözəl təbiət, mənzərələr, meşələr. Bir sözlə, ən gözəl halı ilə kənd həyatı. Biz də bir neçə nəfər orada oturub əylənərkən bir-iki dostumuz gitarada ingilis dilində mahnı ifa etdi. Düzü, mən həmin vaxt bundan çox narahat oldum, çünki həmin məkanın ruhu o mahnılar deyildi, ancaq mən də qaydanı pozmadım, ingilis dilində bir mahnı ifa etdim. Birdən bizimlə gələn sürücü dedi ki, elə mahnı oxuyun biz də başa düşək. Bu söz məni sanki ayıltdı. İdeya artıq o sözdən sonra yaranmışdı. "Ayə, harye gedirsən?"in yaranması isə tamam başqa hadisənin nəticəsidir. Deməli, mən Qazaxa getmişdim. Orada bu sözü tez-tez eşidirdim və mənə çox xoş gəlirdi. Təsadüfdən yolda özümlə oxumağa Herman Hessenin "Siddhartha" kitabını götürmüşdüm. Əsərdə bir yer var, oğul yenə tərki-dünya olub səfərə çıxacağını deyəndə, atası oğluna deyir ki, mən yenə dözə bilərəm birtəhər, ancaq anan dözə bilməyəcək. Anana demisənmi, anan bilirmi ki, hara gedirsən? Bu əhvalatı oxuyandan sonra bu mahnını yazmağa qərar verdim. Və mənim bu mahnı ilə demək istədiyim kiminsə ləhcəsinə lağ etmək yox, o ləhcədəki şirinliyi, səmimiliyi göstərməkdir. Mənə elə gəlir ki, istədiyimi də bacardım.

Aytac SAHƏD

 





17.04.2021    çap et  çap et