525.Az

Motsartdan Eynşteynə, Atatürkdən Yaşar Kamala qədər... - Reportaj


 

Motsartdan Eynşteynə, Atatürkdən Yaşar Kamala qədər... - <b style="color:red">Reportaj</b>

İstanbulun bağrındakı əsrarəngizlik... 

Qarşısından bəlkə də min dəfə keçməyimə, yerləşdiyi "Grand Pera" binasına müxtəlif səbəblərdən dəfələrlə daxil olmağıma, hələ pandemiyadan əvvəl önündəki uzun-uzun növbələrə şahid olmağıma, hətta basabasla şəhərin ayrı-ayrı yerlərindəki muzeylərə getməyimə baxmayaraq, burada heç vaxt ayaq saxlamamış, içəri keçməyə bir dəfə də olsun can atmamışdım. Səbəbi isə hər dəfə vitrində gördüyüm, maraq dairəmdə olmayan heykəllər olurdu. Məsələn, Aleyna Tilki, Arda Turan, Beyonse, Rihanna, Castin Biber, Kerem Bursin və b. İçərinin də bənzər simalarla dolu olduğunu düşündüyüm üçün beynimdə bir önyarğı formalaşmışdı.

Söhbət İstanbulun qəlbi sayılan İstiklal Caddesinin mərkəzində yerləşən Madam Tüsso muzeyindən gedir. Mərkəzi London olan və dünyanın dördbir yanında şöbələri açılan bu muzey adını mum heykəl ustası Maria Tüssaüddən alıb. Liderlərdən sənətçilərə, ədəbiyyatçılardan musiqiçilərə, elm adamlarından idmançılara qədər mum heykəlləri sərgiləyən Madam Tüssonun İstanbul 21-ci şöbəsidir.

Təəccüb, qürur və təbəssüm...

Yəqin ki, İstiklal caddesinin mövsümündən asılı olmayaraq, ilin 12 ayı, həftənin yeddi günü, gecə-gündüz, qar, yağış, fırtına, boran, hətta pandemiya demədən qarmaqarışıq, izdihamlı, təkbaşına bir orqanizm kimi həmişə canlı, diri olduğunu bilməyən yoxdur. Sanki İstanbulun içində bir İstanbuldur İstiklal Caddesi. Cinayəti, davası, kilsəsi, məscidi, qəzeti, kitabı, cinayətkarı, fahişəsi, cibgiri, fırıldağı ilə dolu olan küçə həm də yüz qapılı saray kimidir. Hər küncünü-bucağını bildiyini sandığın, amma hər dəfə yeni bir qapısını açıb içəri girdiyində hələ də nabələd olduğunu anladığın bir yerdir bura. Madam Tüsso da həmin qapılardan birinin ardındakı fərqli bir dünyadır. İçəri girməklə təkcə keçid etdiyim küçədən deyil, bütün İstanbuldan qopduğumu elə ilk addımdaca hiss etmişdim. Bilet aldıqdan sonra simvolik tramvayda muzey əməkdaşları tərəfindən şəklin çəkilir və ziyarət başlayır. Hətta ziyarətlər adətən bu sualla başlayır, sizə ən çox kim maraqlıdır, kimi görməyə gəlmisiniz? Ənənəvi suala sevinc və həsrətlə "Yaşar Kamal" deyə cavab verdim, "internetdə təsadüfən qarşıma çıxdığını və məni bura böyük yazıçının gətirdiyi"ni də əlavə etdim. Təəccüb, qürur və təbəssümlə, "minlərlə ziyarətçi qəbul etmişik, ilk dəfədir bir gənc xanımın Yaşar Kamalı görmək üçün gəldiyini görürük" dedi.

Atatürklə qarşılaşmaq həyəcanı

Girişdə qarşılaşdığım ilk bal mumu heykəli qüsursuz geyimi, mavi gözləri, şux duruşu, məğrur baxışı ilə dayanan Mustafa Kamal Atatürk oldu. Təbii ki, bu qarşılaşma da mənim üçün sürpriz idi. O an bir daha vitrinin məni nə qədər yanıltdığını acı-acı hiss etdim. Amma çoxumuz həyatımızın müxtəlif dönəmlərində bu yanlışları edirik. Üst-başına, görkəminə, uzaqdan görüntüsünə baxaraq o qədər gözəlliyin dibindən balta vurmuşuq ki. Nə isə. Dönək muzeyə. Atatürkün olduğu otaqda arxa fonda səslənən İstiqlal Marşı insanın həyəcanına həyəcan qatır. Şəkil çəkdirmək üçün yanında dayandım. Amma əlimi necə qoyacağımı, üzümə necə bir ifadə qondurmaq lazım olduğunu, toxunmalımı, yoxsa sayğısızlıq olar deyə kənar dayanmalımı, qollarımı bir-birinə dolamalımı, yoxsa əllərimi cibiməmi qoymalıyam deyə qərar verə bilmirdim. Xeyli foto çəkildi, amma yenə də heç biri ürəyimcə olmadı. Öz-özümə düşündüm ki, heykəli məni belə çaş-baş qoyursa, gör qarşımda canlı dayansa, nə hala qalardım.

 

Yaşar Kamala toxunmaq...

Ardınca digər bölməyə - Osmanlı dönəminə addım atırsan. Tarixi şəxsiyyətlər, mehtər marşı sədaları altında dörd tərəfdən gözlərini zilləyib sənə baxırlar. Aralarında Fatih Sultan Mehmet, Qanuni Sultan Süleyman, Memar Sinan, Mövlanənin də olduğu bu otaqda geyimləri, taxtları, duruşları ilə insana fərqli duyğular yaşadırlar. Özünü "zaman tunelində" keçmişə dönmüş kimi hiss edirsən. Sonra adını deyib gəldiyim, aramızda "İnce Memed" romanından sonra dərin bir bağ yaranan, hər cümləsini su kimi içdiyim, hər sözü beynimə döymə kimi həkk etdiyim Yaşar Kamalın olduğu yer gəlir. Qarşısındakı boş kresloya keçib oturanda "çakırdikeni", Çukurova, Memedin hıçqırıqları, döyülərkən yaşadığı və onu sözə çevirərək yazdığı acıları bir-bir beynimdən keçir. Sonra yenidən heykəlin sehrinə qapılırsan. Önə uzatdığı əlindən tutur, bəlkə gerçəkdir deyib yanağına toxunursan. Buz kimi olduğunu hiss edəndə sanki yuxudan oyanmış kimi özünə gəlirsən. Muzey rəhbərliyi də etiraf edir ki, buradakı ən dəqiq, ən canlı, ən xırda cizgisinə qədər özünə bənzəyən Yaşar Kamal heykəlidir. Üz-üzə dayandıqda bunun bənzəməkdən daha artıq olduğunu anlayırsan. Sanki canlı-qanlı şəkildə həqiqətən də qarşında oturub. Sadəcə bir neçə saniyəlik nəfəsini tutub və bir azdan dərindən bir "oh" çəkib qəhqəhə atacaq, ya bir şeir deyəcək, ya da ayağa qalxacaq. Başının üstündə romanlarının çərçivələnib divardan asılması ortamda fərqli bir ab-hava yaradır. "İnce Memed"i oxuyanlar Yaşar Kamalın məndə yaratdığı bu həyəcanı hiss edəcəklərinə əminəm. Qeyd edim ki, pandemiyadan dolayı muzeydə məndən başqa ziyarətçi olmadığı üçün istədiyim heykəllə istədiyim qədər foto çəkdirir, toxunur, seyr edirdim. Heykəlin üstündəki geyimlər Ustadın özünə məxsus olduğunu da vurğulayım. Yeri gəlmişkən, muzeyin digərlərindən fərqi "yaxınlaşma", "toxunmaq olmaz" kimi qadağaların olmamağıdır. Nəinki toxunmaq, qucaqlamaq da sərbəstdir. Yaşar Kamalın yanında uzun vaxt keçirməyimin üstünlüyü də bu idi.

 

Dahilərlə yan-yana

Ardınca Leonardo Da Vinçi və dünya şöhrətli əsəri Mona Liza gəlir. Sonra Albert Eynşteyn, Stiv Cobs deyərkən, özünü Eynşteyinin laboratoriyasında tapırsan. Qonşusunun isə klassik musiqinin dühası Volfqanq Amadeus Motsartın olduğunu görəndə duyğuların birəbeş artır. Motsartı pianosunun yanında özü də bu qədər canlı görmək, bir tərəfdəndə də arxa fonda səsləndirilən əsərinin qulağını tumarlaması cənnətdəymiş kimi hissə qapdırır insanı.

Növbəti otaqda "Hababam sinifi"nin unudulmaz siması, bəstəboy aktrisa Adilə Naşitin əlindəki çay sinisi ilə sözügedən filmdəki obrazının mum heykəlini görmək, arxa fonda səslənən musiqisini eşitmək insanı uşaqlığına qədər aparır. Kənardan ona baxan Yeşilçam əfsanəsi, türk sinemasının ən yaraşıqlı aktyoru, əzəmətli duruşu və təbəssümü ilə Tarık Akanla göz-gözə gəlmək insanı lap heyrətə salır.

İdman bölməsində isə əfsanə isimlərdən Məhəmməd Əli, Useyn Bolt, Lionel Messi, türk idmançılarından Hidayet Türkoğlu, Arda Turanla qarşılaşır, ardınca Maykl Cekson, Madonnanı, bir az da irəli gedib Barış Mançonu, Zəki Mürəni, arxa fonda sazını bağrına basaraq yanıqlı səsi ilə "Yalan Dünya" oxuyan Neşat Ertaşın yanında ayaq saxlayır, yanındakı boş stulda oturur, mahnının bitməyini gözləyirsən. Bu vaxt üzünü sağa çevirib səhnədə ağ geyimdə MFÖ üçlüyünün "ele güne karşı yapayalnız böyle de olmaz ki" mahnısını oxuduqlarını görürüb "Yalan Dünya"dan sıyrılıb özünü səhnəyə - üçlüyün yanına atırsan.

Beyonse, Rihanna, Castin Biber, Bred Pitt, Ancelina Coli, Brus Villis, Coni Depp, Merilin Monro, Devid Bekhem, Viktoria Bekhem...

Kimlər yoxdur ki, burada?  

Hamısı ideal görüntüləri ilə göz qamaşdırırlar.

Müasir türk aktyor-aktrisalar da buradadırlar. Məsələn, Beren Saat zərif, dərin dekolteli bir gecə geyimi ilə sanki qarşınızda canlı dayanıb. Bu heykəl on iki aya ərsəyə gəlib. Bu isə uzun müddət hesab olunur. Geyimi aktrisa özü muzeyə hədiyyə edib. Berensiz Kıvanç Tatlıtuğ olar? O da başdöndərən yaraşığı ilə skamyada özündən əmin oturuşu ilə mərkəzdəki yerini alıb.

Qeyd edək ki, muzeydəki məşhurların seçilməsi uzun bir araşdırma və keçirilən sorğuya əsasən hazırlanıb.

İstanbula yolunuz düşsə, mütləq bu muzeyə baş çəkin. Endorfini bol olan saatlar yaşayacağınız dəqiqdir.

İstanbul

 





17.04.2021    çap et  çap et