525.Az

Əsəbi gün - Humay Quliyevanın hekayəsi


 

Əsəbi gün - <b style="color:red">Humay Quliyevanın hekayəsi </b>

...Düşünürdüm ki, vaxt gələcək,  Humay mənim yazılarımı sahmana salacaq. Əksi oldu. İndi mən Humayın sadəcə  özü üçün yazdığı, heç vaxt çap etdirmək fikrinə düşmədiyi kiçik hekayələrini, esselərini, elmi səciyyəli məqalə və qeydlərini nəzərdən keçirirəm.

Humay orta təhsili ana dilində alsa da, Türkiyənin  Bilkənt və ABŞ-ın Kolumbiya universitetlərini ingilis dilində bitirdiyindən bədii-elmi yazılarınıda əsasən bu dilə  üstünlük verirdi.

Humay Beynəlxalq Qırmızı Xaç Komitəsinin dünyanın gərgin nöqtələrində fəaliyyət göstərən 1200 nümayəndəsindən biri idi. Bu çətin, təhlükəli  işi öz istəyi ilə seçmişdi.  İnsanlara kömək etməyi yaşam tərzi sayırdı. Və həyatda öz yolunu yalnız özü açmaq istəyirdi. Sonuncu iş yeri Kolumbiyanın Medelin şəhəri idi. Orada, Qırmızı Xaç missiyasında insan mühafizəsi qrupuna rəhbərlik edirdi.

Humay şəxsi təəssürat səciyyəli bütöv bir silsilə sənədli hekayələr yazmışdı. Bu yazıları janrını "mambling" sayırdı. "Mambling" sözü ingiliscədən  "mızıltı", "deyinti" ("bormotanie") kimi tərcümə oluna bilər. Həmin "deyintilərdən" birini hörmətli kulis.az saytının oxucularına təqdim edirəm.

V.Q.

***

Bir gün əvvəl buradakı italyan əsilli nümayəndə K. ilə aramızda sözün əsl mənasında xoşagəlməz  hadisə yaşandı. 

Nə baş vermişdi? Təxminən gündüz saat 3-də, mənzildə təmizlik işləri apardığım  vaxt K-ya kimsə zəng vurdu. "Nə olub?" deyə soruşanda  əsəbi  monoloq başladı. K-nın ingiliscəsi o qədər də yaxşı deyil. Odur ki, söhbətimiz çox vaxt ya fransız, ya da ispan dilində olur. Kiminləsə çox yüksək tonda, tələsə-tələsə danışırdı. Belə başa düşdüm ki, İtuango hindu tayfasından  bir qadın ona zəng eləyib. Qadın itkin düşənlərə yardım çərçivəsində  pul baratı almalı imiş. Soruşurdu ki, pulu sabah ala biləcəkmi? Çünki bir gün əvvəl adına pul gəldiyini deyəndə bank xidmətçisi qayıdıb ki, bəs heç nə yoxdur.

- Bu gün mənə beş dəfə zəng vurub. X. ilə əlaqə saxlamağa çalışmışam. Cavab vermir. Başa düşürəm, indi bayramdır. Bəs nə edim? Ortada bir nəticə yoxdursa, adamların başını  aldatmaq istəmirəm. Ona görə də N-ə zəng vurdum. N. də şəxsi nömrəsindən X-ni axtarmağa başladı. İndiyə qədər bir xəbər yoxdur. Qadın  bazar  ertəsinə qədər gözləyə bilməz. Çünki acdır... X. dünən mənə  guya onun bankomatdan pul çəkdiyini yazıb. Düz deyil. Elə olsaydı, durmadan mənə zəng eləməzdi.

Təəccüblənmişdim. Arada fürsət tapıb nəsə demək istəyirdim. Amma imkan olmurdu. Odur ki, sakitcə oturub qulaq asırdım. Mənə elə gəlirdi ki, hər şeyin korlanmasına səbəb yalnız indi eşitdiyim vəziyyətlə bağlı bir iş görməməyim idi.

- Bilmirəm, Humay, bilmirəm. Həmişə fikirləşirdim ki, biz bir zəncir kimiyik. Bazar ertəsi hər şeyi O-ya danışacam. Nə baş verir?

(Zəncir?  Bəlkə bir komanda olduğumuzu demək istəyir?)

- K, - dedim,  - Qoy mən X-yə zəng vurum. Bəlkə cavab verdi...

X. müavinimdir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətində on ildən çoxdur ki, işləyir. Vəzifəsinin öhdəsindən yaxşı gəlir: itkin düşənlərin fərdi işlərini diqqətlə təqib edir, məsələ ilə bağlı görməli olduqları işlər barədə nümayəndələrə aydın təlimat verir, hansı məlumatın ümidverici göründüyünü, hansı mövzuları bağlamaq lazım gəldiyini düzgün müəyyənləşdirir, harada son imkana qədər bütün addımların atıldığını, harada hələ dəqiqləşdirmələrə ehtiyac duyulduğunu bilir. Bir işi bağlamazdan əvvəl sonuncu siçan deşiyini də araşdırmağı zəruri sayır. Büdcə-maliyyə məsələlərində də bacarıqlıdır. Mən işə təzə başlayanda X. özünü bir az kənara çəkən kimi görünürdü. İrəli çıxmış çənə sümükləri ilə sifətdən hindulara bənzəyir. Heç vaxt şəxsi həyatı haqda həmkarlarına danışmır. "Mavi" olmasından şübhələnirəm. Lakin vaxt keçdikcə, vəziyyəti müzakirə etmək üçün daha tez-tez bir araya gəldikcə, birgə səylər nəticəsində bəzi işləri yoluna qoyduqca aradakı anlaşılmazlıq buzu əriməyə başladı. X-yə inanırdım. Bəlkə də bu tam  inam hissi deyildi. Bəlkə də ona S-yə inandığım kimi inanmırdım. Lakin aramızda müəyyən bir əminlik hissi yaranmışdı.

X-yə zəng etdim. Telefonu dərhal götürdü.

- Que mas? - deyə soruşdu.

(Təzə gəldiyim vaxtlarda bu ifadə məni əməlli-başlı karıxdırmışdı. Deyim Antioxiya əyalətində daha geniş yayılıb. Hərfi tərcüməsi "Nə var?", "Nə olub?" anlamını verir. Əslində isə "Necəsiniz?" deməkdir. Birinci dəfə eşidəndə suala ilk reaksiyam "Nada mas" olmuşdu. Yəni "Heç nə yoxdur". Yəni görüşmədiyimiz müddətdə yeni heç nə baş verməyib).

- Yaxşıyam, - dedim. - K. sizi axtarır. Zəhmət olmasa, ona zəng vurun. Özü də elə indi zəng edin.

X. zəng vurdu və anlaşılmazlıq aradan qaldırıldı. X. elə adamdır ki, ara-sıra səhv edir. Məsələləri qarışdırır. Hər gün bu qədər ad və soyadın ortaya çıxdığı şəraitdə burada qeyri-adi heç nə yoxdur. Əslində, normal hal sayıla bilər. K. mənə səsli mesaj göndərdi. Təəssüfləndiyini bildirir. Deyir ki, amma işlər irəlilədikcə diqqətini heç cür bir nöqtə üzərində cəmləşdirə bilmir. Çünki qadın aramsız  zəng vurur.  K-ya demək istəyirdim ki, "amma" sözü ilə başlayan və beş saniyə fikirləşəndən sonra edilən üzrxahlıq nəcib hərəkət sayıla bilməz. Bəli, mən yaxşı adamam, yaxşı tərbiyə görmüşəm. Sadəcə deyə bilərəm ki, hər şey qaydasındadır. Amma gələn dəfə belə bir iş olsa, dərhal mənə zəng eləməlisən. Məsələnin həllini bu qədər uzatmamalısan.

Mətbəxin döşəməsini silib qurtardım. Amma sakitliyim pozulmuşdu. Son saatlarda duyduğum zövq hissi elə bil buxarlanıb havaya uçmuşdu. K. mənim yanımda səsini qaldırmağı özünə rəva bildiyi üçün əsəbi idim. Sonuncu dəfə belə bir halın nə zaman yaşandığını yadıma sala bilmirdim. Hirsli idim, amma vəziyyəti gərginləşdirmədən həll yolu tapa bilmişdim. Ənənəvi siyasi həssaslığım, dəqiqliyim buna imkan vermişdi. Misilsiz M. haqda - nəcib həmkarım, emosional xəyal uçuşlarımızın qoşa qanadı barəsində düşünürdüm. Az  qalmışdı ki, telefonu götürüb ona zəng vurum. Amma qəfildən özüm də fərqinə varmadan  vəziyyəti daha da qəlizləşdirmək əvəzinə problemin həlli üçün uşaqcasına, hətta  çəkingən bir yol seçdim: K-ya məktub yazdım.

"Bax, bella (gözəlim - italyanca) gələcəkdə bir də bu cür hərəkət eləmə. Hətta səhvim olanda da kimsənin mənimlə belə yüksək tonda danışmasını sevmirəm. Özgələrinin səhvi haqda isə danışmağa dəyməz. Təəssüflənirəm,çünki hərəkətin məni narahat etdi. Və istərdim ki, şikayət, yaxud narazılıq bildirməzdən əvvəl bunu anlayasan. C`est tout! (Bu qədər! - fransızca). Mən hər şeyi başa düşdüm, amma susdum. Xoş axşam arzulayıram".

Duş əla idi. Nə qədər təəccüblü görünsə də, sanki su bütün hirsimi yuyub apardı. K.  ümumən yaxşı həmkar idi, yaxşı ürək dostu idi. Mango biche (Kolumbiya mətbəxində geniş yayılmış meyvə salatı) haqda zarafatları bölüşməkdən zövq duyduğum adamlardan idi. Kifayət qədər ağıllı təsir bağışlayırdı. Amma tez-tez italyan iş yoldaşı L-dan şikayətlənirdi. L. dramatik təbiətli insan idi. Ailəsi ilə telefonda danışanda qışqırır, özündən çıxırdı.  Ya da onu hansısa tədris proqramına götürməyəndə ağlayıb-sıtqayırdı. Bəs K-ya nə olmuşdu?

Xalam həmişə deyərdi ki, insanlar hər işdə özlərinin əsl tərbiyələrini göstərirlər. Dilimizdəki bu söz tam, dolğun mənası ilə tərcüməyə çətin yatır.  İnsan necə, hansı dəyərlər əsasında böyüyüb, çətin vəziyyətlərdə özünü necə aparır - bunlar hamısı tərbiyənin tərkib hissələridir. "Hər şey yaxşı olanda istənilən adamın  yaxşı olması asan məsələdir. Əsas odur ki, pis vəziyyətdə yaxşı olmağı bacarasan".

Mənə həmişə inanılmaz görünüb: necə olur ki, insanlar öz hisslərini cilovlaya bilmirlər, simalarını itirirlər? Həm də K. uşaq deyil. Məndən cəmisi altı ay kiçikdir. Bu ay utandığı 34 yaşı olacaq.

Adi vəziyyətdən baş çıxarmır.

Bəs aləm bir-birinə dəysəydi, nə edərdi?

Və bu yerdə mən Şirokino haqda düşünməyə başladım.

İngilis dilindən tərcümə: Vilayət QULİYEV

 





18.04.2021    çap et  çap et