525.Az

Bir milli zəifliyimizin linqvistik "anatomiyası" - Niyazi Mehdinin etüdləri


 

Bir milli zəifliyimizin linqvistik "anatomiyası" - <b style="color:red">Niyazi Mehdinin etüdləri </b>

Dil üzrə etüdlərdən (2013-2014-cü illər) 

"I" saiti

Bu yaxınlarda Jirinovski dilçilik ideyası ilə hamını mat qoydu. Qayıtdı ki, "ı" səslisi rus dilinə yaraşmır, onu əlifbadan çıxarıb yerinə "i" yazmalıyıq. Güman ki Jirinovskidə Çin, yapon, Koreya,  türk dilləri və "Kim Çen İn" adına görə belə bir düşüncə yaranmışdı ki, "ı" yalnız Doğu dillərindədir.

Öncələr məndə Azərbaycan türkcəsində qəribçiliyə salınmış fonemlər haqqında düşüncələr vardı. Jirinovski yenidən onlara qaytardı məni.   

İndi isə linqvistik zəifliyimiz haqqında 

Azərbaycan türklərində başqa dilin etkisinə müqavimət xeyli zəifdir. Bir tutuşdurma: Avesta öz dilini İlahi möcüzə sayırdı, bu, sonradan farslara da keçdi. Onların qavrayışında bütün yerdə qalan

dillər aşağı idi. Farslar dilləri haqqında bu inanışlarını indiyənəcən saxlayırlar və hətta başqalarına da, özəlliklə, biz türklərə də yeridirlər.

Ərəblərin də dillərinə aşırı heyranlığı var. Snobizm, yəni yekəxanalıq Çin dilinin hətta fonetik strukturuna yazılıb: yabançı söz bu dilə zorla girir, girəndə isə elə bir günə düşür ki, tanımaq olmur. Beləcə, Oğuz xan çincə Mode olmuşdu. İndi gəl tap, burada hansı fonetik oxşartı var?!

Bu kontekstdə soru doğur: başqa dillərə türkün heyranlığı və zəifliyi haradandır?  - düzdür, onu da deyim ki, türklər bu zəifliklərinə görə bir xeyli uluslarla, məsələn, ruslarla, ermənilərlə, hinduslarla, yəhudilərlə bir sırada dururlar. (Axırıncı cümlə ovunmağımız üçündür).

İndisə linqvistik zəifliyimizin sonuclarına bir neçə örnək. Fars və ərəb sözlərinə zəifliyimizin hansı nəticələr verməsi yaxşı bəllidir. Düzdür, yenə ovunmaq üçün yada sala bilərik ki, Pakistanın  rəsmi dili urdu ("ordu" sözündəndir) bolluca türk sözlərini mənimsəməklə hindus dinində olanların danışığından ayrılıb. Yəhudilərin idişi slavyan, alman və ivrit elementlərinin qarışığından törəyib. Afrikada isə suahili dili var, ərəb-ingilis-afrikan qarışığıdır. Elə dillərindən məmnun farslar da axırda sınıb ərəb kəlmələri qabağında dayana bilməmişdilər.

Ancaq ovunmağımız öz yerində, yabançı dillərə zəifliyimizin ekzotikası ilə məzələnməyimiz pis olmaz. 

Ekzotikamız 

XX yüzildə ən böyük zəifliyimiz rus dilinə olub. Bu zaman bir-iki əcaiblik də yaranıb. Onların "anatomiyasına" baxaq. Rus dilinin sayəsində Sovet dönəmində Azərbaycan türkünün fonetik qavrayışında "ü" (ts) və "ğ"lı yumşaq samitlər bizim qulağımızda ayrıca bir gözəllik qazanmışdı. Yada salaq, "direktoru"  "üirektor", "televizyanı" "üeleviziə" kimi demək necə ləzzət verirdi bizə (eləcə də "informasiya"nı  "informaüiə" "rolu" "rolğ" kimi demək). Bu sözləri "ü"sız deyənlər nəsə kənddən, "qolxozdan" gəlmişlər kimi görünürdülər. Onların dil manerası yonulmamış sayılırdı. Rus dilində aksentlə danışanların tipik səhvi isə buydu: türkcənin "t"-sını, "d"-sını "ü"nın, türkcənin "ə"-sini isə rusun "a"-sının yerinə işlədirdi ("devuşkə", "qətiqoriya", "nəçənnik" və s.). Ruscanın "q"sının yanında bizim "h" o qədər urvatsızlaşmışdı ki, hətta "Qasan", "Quseyn" daha gözəl səsli görünməyə başlamışdı.

Bax, bu zaman maraqlı bir vəziyyət yaranmışdı. Sadaladığım türk fonemləri rus dilinə girəndə orada aksent göstəricisi kimi pis səslənərək gülüş doğururdu. Bunun sonucunda Sovet dönəmində görmək olardı ki, azərilərin ziyalı və bütünlükdə mədəni kəsiminin gözündə yavaş-yavaş həmin səslər rus danışığının içində deyil, ruscadan qıraqda da nöqsanlı səslər kimi duyulmağa başlamışdı. Azərbaycanlı, məsələn, gündə min dəfə işlətdiyi "ə" səsini sevmir, ona görə də hətta ingilis qadın adı "Mərrini" deyəndə özünü yonulmamış duyur, "Meri" deyəndə isə mədəni tələffüzün zirvəsində kəndisini bulur. "Brənd"i ruslar kimi "brend" deyəndə özünü kəndçi "ə"sinə uymamış sanır.

Bu, indiyənəcən belə idi. İndən belə isə ingilis dilinin populyarlaşması, ANS radiosundakı türkcəyə qatılmış "Hərrison", "Pitə" adları fonetik qavrayışımızda yeni dönəmin əsasını qoyub. Biz təzədən, "ə"lərimizi, "h"larımızı, "t"larımızı sevməyə başlamışıq. İndi "informaüiə" deyən azəri mədənisi bizə uzaq keçmişin xatirəsi kimi görünür.

Dilimiz və Azərbaycan postmodernizmi

(Birinci etüd) 

Latın və ərəb kökənli sözlərin bizdə "aristokratizmi" 

Bəzi elmi sözlərin (terminlərin) çox ovsunlayıcı etgisi olur. Bolşeviklərin "ekspriopriasiya"sı  belə kəlmələrdən idi (latıncadandır, kimisə zorla mülkiyyətsiz qoymaqdır). Bu sözlü təkcə bolşeviklər sevmirdi. Onu anarxistlər, millətçilər və hətta bəzi Avropa, Latın Amerikası intellektualları, filosofları da sevirdi. Türkün ağızı üçün ağır olan bu sözü bir ara azəri bolşeviklər işlədirdilər. Sonra keçdilər "qurtuluş gətirən" ərəb "müsadirə"sinə. Nədən "qurtuluş gətirən" (xilasedici) dedim? Çünki 19-20-ci yüzillərdə modernləşmə ilə düzülüb-biçimlənən yeni dünyanın, yeni düşüncənin və yeni ideolojilərin leksikonu latın, yunan kökənli sözlər olanda, - onların çoxu isə, intellektual dəyərini fransızcadan, ingiliscədən, ruscadan keçəndə artıra-artıra bizə gəlib çıxırdılar, - məmləkətin aktiv əhlində aldanış yaranırdı ki, o sözlərlə həm də Avropanın, Rusiyanın ağlı bizə gəlib çatır. Bax, bu zaman deyiliş çətinliyinə, dilimizdəki ayıb sözlərə oxşadığına görə hansısa kəlməni (məsələn, "siklik" sözünü) əvəz etmək istəyəndə türkün yox, ərəbin, ya farsın dilinə üz tuturdular. Bu vəziyyətdə "syezd" yerinə "qurultay"ın tapılıb işlədilməsi Azərbaycan möcüzəsidir. 

Linqvistik "arvadbazlıq" 

Beləliklə, ötən yüzil bizim intellektuallıq şkalasına bir qayda yazılmışdı: "üz-gözündən" dəb yağan düşünüş və danışıq tərzi, yöndəmi yaraşığını, ağlını, sayğısını yalnız Avropadan, sonra isə Rusiyadan ala bilər. Çətinlik yarananda isə ərəb-fars dilləri dadımıza çatmalıdır.

Bunu, lap linqvistik "arvadbazlıq" adlandırmaq olar: fars-türk gədəsinin sarı Avropa qızına tamah salmasına, onunla gəzməkdən öyünməsinə oxşar bir nəsnə. Və ya bu, lap linqvistik modabazlıq sayıla bilər. Axı, bu modaya görə Avropa brəndləri yüzdə-yüz Türkiyə brəndlərindən üstündür (halbuki Avropa brəndlərinin xeylisi çoxdan çinləşib).

Göstərdiyim nədənə (səbəbə) görə "ekspriopriasiya"nı deyiş çətinliyi üzündən əvəzləmək gərəkəndə "müsadirəni" götürdülər. 

Ovsunlayıcı elmi sözlər          

"Struktura", "strukturalizm", "infrastrktura", "sosium", "mentalitet" və... "postmodernizm", "antro-sentrizm", "fallo-sentrizm" çağımızın ovsunlayıcı sözlərindəndir. Nədən ovsunlayıcı? Ovsunla insanın ağlını əlindən alırlar, elə edirlər ki, insan baxanda ayıqlığını itirir, çünki başı dumanlanır. Dumanlandığı üçün də elə terminlər sıyıq yazını ona informativ qatılıqda göstərir.

Köşə yazılarımdan birində əski xristian müqəddəsi Avqustinin deyimini gətirmişdim: elə nəsnlər var ki, gözəlliyini başqasından alır. Biz 60-cı illərdə saçımızı Pol Makkartni, Con Lenon kimi uzadanda yaraşığı o gənclərdən almaq istəyirdik. Bitlomaniyanın baş prinsipi bu idi.

Çağdaş geyimlərin hamısında, - qalstuklarda da, dama-dama qız şalvarlarında da, qara corablarda da gözəlliyi, yaraşığı Avropadan almaq iddiası var... yox, qara corablarda seksi yaraşığı alovlu zənci qadınlarından almaq iddiası var.

İrəlidə sadaladığım sözlərlə biz sanki qalstuk taxırıq, şlyapa qoyuruq. Elitar intellektuallıq  aurasını Avropadan, Amerikadan almaq istəyirik. Bu, lap yaxşı cümlə oldu, onu bir də deyim: çoxuna elə gəlir ki, Avropa terminlərini götürəndə o terminlərlə Avropa ağılı da gəlir. Mirzə Kazım bəy İslamı protestantlığa (pravoslavlığa yox ha) dəyişsə də, Asiya geyimini dəyişməmişdi, qəzetlər nə qədər ələ salıb deyinsələr də. Nədən? Niyə? Bu geyimlə, görəsən, Kazım bəy Asiyadan, Qafqazdan, Azərbaycandan nə almaq istəyirdi?!

Türkiyədə yaşayan bir güneyli bilim adamının yazısında "quruluşçuluq" sözünü oxuyanda nə demək istədiyini soruşdum. Bəlli oldu ki, "quruluşçuluq" onun yazısında "strukturalizm"dir. Deməli, o zaman "post-strukturalizm" olacaq "quruluşçuluqdan sonra"?! "Strukturalizm"in yerinə "quruluşçuluq" qoymağı nə sayaq? Kazım bəyin Avropa geyiminin yerinə Asiya geyimini qoymasına oxşar bir şey?

Dilimiz və Azərbaycan postmodernizmi

(İkinci etüd) 

Meymun kimi görünmək qorxusu 

Düzdür, uyqarlığı (sivilizasiyanı) Avropadan Avropasayaq geyinməklə götürmək istəyənlərin bir riski var. Meymuna kəpənək qalstuk taxıb şlyapa qoymaq, frak geyindirmək nə qədər gülməli görünürsə, geridə qalmış, köntöy türkün, farsın Avropa paltarında görünüşü də elədir. Bakıda "Hollivud", "Mona Liza" şadlıq evlərinin adı da elədir.

Dilini "struktur", "imic", "mentalitet", "post-modernizm" terminləri ilə bəzəyənlərin də kostyumlu-qalstuklu meymun kimi görünmək qorxusu var. Bəlkə Mirzə Kazım bəy belə görünməkdən çəkindiyi üçün geyimini dəyişməmişdi, dinini dəyişsə də?! 

Terminlərin şəbəkəsi 

Hər bir yeni termin - terminlər şəbəkəsində qazandığı yeni anlamlara görə modaya minərək dövriyyəyə düşür. Tomas Kunun yunancada örnək anlamını verən "paradiqm" sözü "normal elm", "elmi inqilab", "qrammatik paradiqmlər" kimi sözlərin şəbəkəsində dəyər və terminoloji yük qazanmışdı. Bu şəbəkə gözlük kimi dünyanı öz strukturunda göstərirdi.

Tomas Kunun nəzəriyyəsi elə təsirli oldu ki, hətta "Nyu-Yorkda yaşayan" adlı multfilmdə (1974-cü il) mister Qerstona bir qadın heyranlıqla dedi: siz ilk adamsınız ki, "paradiqm"i adi danışıqda işlətdiniz. Paradiqmin adi danışığa keçməsinin bir sonucu ata Buşun seçki platformasının, - "Yeni paradiqm" adlandırılması oldu.

İndi, "postmodernizm" termini "post-strukturalizm", "dekonstruksiya", "avanqard", "modernizm" kimi başqa terminlərin şəbəkəsində dəyər qazanır. Mən əgər "postmodernizm"i yazıma gətirirəmsə, bu, siqnal verir ki, o biri terminləri də bilirəm və onların birlikdə dünyanı, mədəniyyəti necə açmasını da bilirəm. Nəinki bilirəm, başım, düşüncəm həm də bu mühitin, bu ortamın içindədir.

70-ci illərdən başlayaraq rus dilçilərinin araşdırmalarında ingilis linqvistikasının terminləri itinə tök idi. Adətən, doğma dilə duyğun olan dilçilərdə bu nə idi? Görməmişlik modası idi, ya nə idi? Nədən onlar yad terminlərlə yazanda boynuna qalstuk taxıb başına şlyapa qoymuş meymuna oxşamaqdan qorxmurdular? Çünki siqnalları belə idi: bizdə terminlər bər-bəzək deyil, dilin başqa görüntüsünü başqa söz şəbəkəsi ilə danışıb açmaqdır. Bu şəbəkə olmasa, başqa görüntünü almaq olmaz!  

Ezoterik dilin ləzzəti 

Rus dilçiləri ezoterik (yəni batini) dildən həm də ilham və vurğunluq üçün stimul alırdılar. Onlar yalnız strukturalizmin "batini" dilini işlətməkdən bezəndən və bir çox başlıca yetənəklərə (nailiyyətlərə) çatandan sonra birdən adi rus sözlərinə aclıq yarandı. Ədəbiyyatın məcazlı təsvirləri bezdirəndən sonra Hemenqueyin "teleqraf üslubuna" aclıq yaranan kimi.  

Özümüz üçün nəticə

Mən yazını oxuyanda orada "səhvlərin qrammatikası" (Kamal Abdulla), "nomadik (köçəri) şüur", "dekonstruksiya" terminlərini görəndə siqnal alıram ki, başqa düşüncə dalğalarına köklən!

Ancaq köklənəndən sonra görəndə ki, yazı adi düşüncə səliqəsidir, bəlli düşüncələrin səliqəli ifasıdır sanki başında şlyapa olan meymunu görürəm. Terminbazlıqla belə "meymunluğu" ifşa etmək olar, terminlə yeni nəzəri "binanı" quranı yox!

Bizdə yabançı terminlərlə ilginc düşüncə yapanlar ezoterik dildən daha stimul almayandan və ondan bezəndən sonra elmdə türkcənin adi sözlərinə aclıq yaranacaq.

Bir məsələ də var. Dilimizdə ovsunlu "struktur", "post-strukturalizm" kimi sözlər fransız alimi üçün adidir. Azəri alimi üçün "qurmaq" sözü adi olduğu kimi. Yəni rus, azəri, türk alimlərini ekstaza gətirən "struktur", "modernizm" kimi sözlər fransız üçün heç bir magiyada deyil. Hərdən avropalılara yazığım gəlir ki, onlar terminlərin ezoterizmindən kayf almadan necə ilhama gəlirlər? Gəlirlərsə, biz adi sözlərimizi necə onlar kimi elmi nəzəriyyədən kef verən sözlərə çevirək? Bu sualın cavabını təzə-təzə tapırıq.

 





19.04.2021    çap et  çap et