525.Az

Müharibə təxirə salınır? - Xaqani Cəfərlinin şərhi


 

CO BAYDENİN DİPLOMATİK TƏLƏSİ

Müharibə təxirə salınır? - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

Rusiyanın Ukrayna sərhədinə yüz minlik ordu cəmləməsi slavyan və provoslav ölkələr olan bu iki postsovet respublikasını 6 il sonra yenidən müharibənin astanasına gətirdi.

Dünyanın bütün aparıcı siyasi mərkəzlərindən ard-arda keçmiş Sovet İttifaqının iki  böyük respublikası arasında müharibənin doğura biləcəyi ağır nəticələrlə bağlı həyacanlı açıqlamalar gəlməyə başladı. Dünya liderlərinin narahatlığını əsassız, şişirdilmiş hesab edənlər olsa da, reallıq vəziyyətin nə qədər təhlükəli olduğunu göstərirdi.

Təhlükənin miqyası isə sadəcə Rusiyanın Ukrayna sərhədinə cəmlədiyi ordunun sayı ilə bağlı deyil. Rusiyanın Ukrayna sərhədinə topladığı ordu birlikləri bu dövlətin ən döyüş qabiliyyətli hərbi birlikləri hesab olunur. Eyni zamanda, Rusiyanın nüvə başlıqlarını hazır vəziyyətə gətirməsi haqqında da qorxunc xəbərlər bu günə kimi Moskva tərəfindən təkzib edilməyib. ABŞ-ın Avropadakı ordsunu döyüş hazırlığına gətirməsi də bu məlumatların səhihliyini göstərir. Vəziyyətin gərginliyi G-7-yə daxil olan ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Kanada, İtaliya və Yaponiyanın birgə bəyanatla çıxış edərək Rusiyanı Ukraynaya qarşı təxribatlara son qoymağa çağırmağa məcbur etdi. Ancaq bu çağrışların ciddi nəticəsinin olmayacağı da hər kəsə aydın idi. Görünür, məhz bu məqam ABŞ prezidenti Co Baydeni rusiyalı həmkarı Vladimir Putinə zəng edərək üçüncü bir ölkədə görüşərək sabitliyin qorunub saxlanılması üçün danışıqlar aparmağı təklif etməyə vadar edib.

Co Baydenin bu telefon zəngi ABŞ və Rusiyada birmənalı qarşılanmayıb. ABŞ-da Respublikaçılar Partiyasının təmsilçiləri Co Baydeni sərt tənqid edərək onu Putinin qarşısında tərəddüd etməkdə günahlandırıblar. ABŞ prezidentinin bu addımı Rusiyada prezident Putinin əleyhdarları arasında da məyusluq yaradıb. Prezident Putinin əleyhdarlarının bir hissəsi hesab edir ki, Co Baydenin bu addımı Rusiya prezidentinin özünü daha cığal aparmasına səbəb olacaq.

Ancaq əslində, vəziyyət bir qədər fərqlidir. Co Baydenin telefon zəngindən sonra Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlasa, Vladimir Putin Şimali Koreyanın lideri Kim Çın In kimi tamamilə təcrid vəziyyətinə düşəcək. Çünki bu zaman Putinin danışıqlardan imtina edən, cığal və davakar obrazı təsdiqlənmiş olacaq. Eyni tale Rusiyanı da yaxalayacaq. Rusiyanın hərbi əməliyyatlarını heç bir ölkə, hətta Belarus və Ermənistan kimi vassalları da müdafiə edə bilməyəcək.

Əslində, Co Bayden tarixi, məkanı və mövzusu dəqiq olmayan bir görüş təklif etməklə Putini diplomatik tələyə salıb. Bu görüşün nə zaman, harada olacağı məlum deyil. Çox böyük ehtimalla, belə bir görüş olmayacaq. Sadəcə Co Bayden bu gün dünya ictimaiyyətin narahat edən məsələnin - Rusiyanın Ukraynaya qarşı müharibəsinin ya qarşını alıb və ya da onun təxirə düşməsinə nail olub. Artıq bu telefon zəngindən sonra çox böyük əminliklə demək olar ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlamayacaq. Ən azından müharibəyə başlamaq üçün çox əlverişli şərait yaranana kimi Rusiya gözləməyə üstünlük verəcək.

Əgər bu ehtimalın əksinə olaraq Rusiyanın müharibəyə başlayacağı halda onun nələrlə üzləşə biləcəyi anonsunu da yenə Co Bayden verib. O, Putinlə telefon danışığından dərhal sonra Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb. Bu sanksiyanı "nüvə bombası effektli" qadağalar kimi dəyərləndirənlər var. Çünki ilk dəfədir, Vaşinqton Rusiyanın suveren borc istiqrazlarının alqı-satqısının ABŞ maliyyə institutlarına qadağan edilməsilə bağlı qərar verib. Bundan sonra ABŞ şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Sərvət Fondu və ya Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızları almaq qadağan edilir. Üstəlik, bu fərmanla ABŞ Maliyyə Nazirliyinə Rusiyanın suveren borclarına qarşı sanksiyaları lazım bildikdə daha da genişləndirmək səlahiyyəti də verilib. Rusiyanın suveren borc istiqrazlarına qarşı sanksiya tətbiq edilməsi Moskvanın borc almaq imkanlarını məhdudlaşdıracaq. Bu isə Rusiya hökumətinin maliyyə imkanlarını ən aşağı səviyyəyə salır. 

Prezident Co Baydenin imzaladığı fərmanla Rusiyanın onlarla şirkətinə qarşı da qadağalar tətbiq olunub. Sanksiya tətbiq olunan şirkətlərin siyahısında Rusiyanın ən böyük şirkətlərindən sayılan “Positive Technologies”in, eləcə də texnologiya sahəsində digər aparıcı şirkətlər olan "Era Texnopoliis", "Pasit", "Neobit", "Advanced System Technology"ın adlarının da yer alması ABŞ-ın hədəfinin nədən ibarət olduğunu göstərir. Aydın görünür ki, ABŞ Rusiyanı kiberhücumlara görə sərt cəzalandırdığını nümayiş etdirməklə yanaşı, bu ölkədə yüksək texnologiya sahəsinin inkişafını da dayandırmaq niyyətindədir. Yeri gəlmişkən, onu da qeyd edək ki, ABŞ bu şirkətləri Rusiya xüsusi xidmət orqanlarına bağlı olmaqda və ya onların sifarişi ilə işləməkdə ittiham edir.  Bu ittiham isə əsassız deyil. "Era Texnopoliis" şirkəti Rusiya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir və Baş Kəşfiyyat İdarəsi kimi tanınan xüsusi xidmət orqanına bağlıdır. "Pasit" və  "Neobit" şirkətləri isə Rusiyanın digər xüsusi xidmət orqanları - Federal Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə bağlıdır. Co Baydenin fərmanı ilə bu şirkətlərlə hər hansı əməkdaşlıq qadağan edilir.

Co Baydenin imzaladığı fərmanla bir neçə Rusiya rəsmisinə qarşı da qadağalar tətbiq edilib. Üstəlik, Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşı ölkədən çıxarılacaq. Fərmandan görünür ki, ABŞ kiberhücumlara görə  bütün siyasi alətlərdən və səlahiyyətlərdən istifadə etməklə Rusiyanın məsuliyyətə cəlb olunması istiqamətində fəaliyytətini davam etdirəcək. Yəni hələ bu, son deyil. Bu sanksiyanın son olmadığı Rusiya ilə bağlı xüsusi açıqlama ilə çıxış edən Co Baydenin nitqində də öz əksini açıq şəkildə tapıb. ABŞ prezidenti bəyan edib ki, o, daha da irəli gedə və daha sərt sanksiyalar tətbiq edə bilərdi. Lakin hesab edir ki, bu qadağalar Rusiyanın "soyuqbaşla" düşünməsi üçün yetərlidir.

Ekspertlər hesab edirlər ki, növbəti addım Rusiyanın beynəlxalq pul köçürmə sistemi olan SWİFT-dən kənarlaşdırılması, neft satışına məhdudiyyətlərin qoyulması olacaq. Beləliklə, Co Bayden bir telefon zəngi və sanksiyaların tətbiqi ilə bağlı bir sərəncam imzalamaqla Rusiyanı tam təcridin astanasına gətirib. Bundan sonra Rusiyanın Ukraynaya qarşı təcavüzü Moskva üçün çox ağır nəticələr doğura bilər.

 





19.04.2021    çap et  çap et