525.Az

5 ilin hesabatı - Təhsil


 

MƏLEYKƏ ABBASZADƏ: "İMTAHANLARIN OBYEKTİV VƏ ŞƏFFAF KEÇİRİLMƏSİNİ TƏMİN ETMƏK, BİLİYİ YEGANƏ MEYAR GÖTÜRMƏK DÖVLƏT İMTAHAN MƏRKƏZİNİN İŞ PRİNSİPİDİR"

5 ilin hesabatı - <b style="color:red">Təhsil </b>

Təhsil sahəsi, dövlət qulluğu üçün kadrların seçilməsi, inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş normativ hüquqi aktların həyata keçirilməsində xüsusi yeri olan qurumlardan biri də Dövlət İmtahan Mərkəzidir (DİM).

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli fərmanı ilə ölkədə dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılıb. Bu illər ərzində Komissiya böyük bir inkişaf yolu keçib, zəngin texniki bazaya, müasir informasiya texnologiyalarına, geniş elmi-metodoloji potensiala və yüksək intellektli kadr heyətinə yiyələnib, bütövlükdə Azərbaycan cəmiyyətinə xidmət edən yeni, demokratik tələbə seçimi sistemi yaradıb. Bu sistem nə qədər möhkəmlənirsə, onun faydalılığı və effektivliyi də bir o qədər artır, nə qədər təkmilləşirsə, cəmiyyətdəki nüfuzu də bir o qədər yüksəlir. Bu gün Azərbaycan cəmiyyətində biliyin qiymətləndirilməsinin mövcud sisteminin obyektivliyinə, ədalətliliyinə möhkəm inam formalaşıb. Bu da tələbə qəbulunda biliyin qiymətləndirilməsini həyata keçirən dövlət qurumu olaraq DİM-in qazandığı ən böyük nailiyyətlərdəndir. 

DİM-in FƏALİYYƏT PRİNSİPİ 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, Mərkəz hər zaman tələbə qəbulu və dövlət qulluğuna qəbul kampaniyasının bütün mərhələlərində ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə, ictimaiyyətin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə böyük önəm verib. İmtahanların məzmunu həmişə açıq olub. Qəbul kampaniyasının bütün gedişinin və ayrı-ayrı mərhələlərinin ardıcıl olaraq internetdə, "Abituriyent" jurnalı və digər kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilib: "DİM-in üzərinə düşən vəzifə öhdəliklərinin yerinə yetirilməsi hər il yüz minlərlə insanın bu və ya digər şəkildə kütləvi proseslərə cəlb edilməsi ilə müşayiət olunur və Mərkəz tərəfindən bu kampaniyaların ən yüksək səviyyədə idarə olunması üçün lazımi addımlar atılır. Mərkəzinin yarandığı 2016-cı ildən indiyə qədər keçirdiyi müxtəlif təyinatlı imtahanlarda 2 milyon 936 min 294 nəfər iştirak edib. DİM bu illər ərzində informasiya-kommunikasiya texnologiyalarının kütləvi proseslərə tətbiqi istiqamətində işləri daha intensiv şəkildə davam etdirib, bu sahədə bir sıra yeni layihələr həyata keçirib. İKT ali təhsil müəssisələrinin istər bakalavriat, istər magistratura, rezidentura səviyyələrinə qəbul prosesinin, istərsə də ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanlarının bütün mərhələlərində, həmçinin, dövlət qulluğuna qəbulda tətbiq edilib və bununla da milyonlarla vətəndaşa elektron xidmət göstərilib". 

ELEKTRON XİDMƏT LAYİHƏLƏRİNDƏN 35 MİLYON 962 MİN 868 DƏFƏ İSTİFADƏ 

M.Abbaszadənin sözlərinə görə,  DİM-in ötən 5 il ərzində təqdim etdiyi elektron xidmət layihələrindən 35 milyon 962 min 868 dəfə istifadə olunub. Bunlar dövlət qurumlarının icraatında olan elektron xidmət layihələri arasında ən çox istifadə olunan layihələr kimi qiymətləndirilir. Bu illər ərzində informasiya-kommunikasiya texnologiyalarının kütləvi proseslərə tətbiqi ilə əlaqədar bir sıra yeni xidmətlər yaradılıb.

2017-ci ildən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən həm elektron, həm də ödənişli xidmətlərdən faydalanmaq istəyən hər bir istifadəçi şəxsi kabinetini yaradıb. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilir. İstifadə edilən xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapır. Bu günə qədər şəxsi kabineti olan istifadəçi sayı 596 min 330, kabinetə daxilolma sayı isə 6 milyon 894 min 601-dir. 

YENİ SİSTEMİN TƏTBİQİ 

Direktorlar Şurasının sədri bildirib ki, 2017-ci ildən ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə buraxılış imtahanının, 2019-cu ildən başlayaraq isə tam orta təhsil (11 illik) səviyyəsi üzrə buraxılış imtahanının və ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanlarının yeni modelə əsasən həyata keçirilməsi ilə əlaqədar bu imtahanlarda müxtəlif fənlər üzrə yazı işi tapşırıqlarından  istifadə olunur. İmtahanlarda şagirdlərin bu tipli tapşırıqlar üzrə yerinə yetirdikləri yazı işlərinin yoxlanılması üçün DİM-də yeni sistem tətbiq edilməyə başlanılıb. Sistemin metodiki və proqram təminatı DİM-in əməkdaşları tərəfindən hazırlanıb. Sistemdə yazı işlərinin yoxlanılması zamanı təhlükəsizliyin, effektivliyin, dəqiqliyin, keyfiyyətin, operativliyin təmin edilməsi məqsədilə bir çox tədbirlər görülüb. Pandemiya başlayanadək yoxlama prosesi DİM-də bu məqsədlə hazırlanıb, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında aparılırdı. 2020-ci ildən isə yoxlama prosesi onlayn (məsafədən) formatda həyata keçirilir. Sistemdə indiyədək 27 milyondan çox yoxlama prosesi həyata keçirilib: "2019-cu ildə pilot layihə kimi bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçən abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır". 

İMTAHANLARIN MƏZMUNUNDA EDİLƏN DƏYİŞİKLİKLƏR  

Mərkəzinin fəaliyyəti dövründə buraxılış, qəbul, eləcə də digər müxtəlif təyinatlı imtahanların məzmununda, qəbul proqramları və qaydalarında dəyişiklik edilib, müəyyən təkmilləşdirmələr aparılıb. Eyni zamanda, DİM tərəfindən yeni növ imtahanlar keçirilməyə, vətəndaşlara yeni növ xidmətlərin göstərilməsinə başlanılıb.

M.Abbaszadənin sözlərinə əsasən, 2016-2019-cu illərdə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə və ali təhsil müəssisələrinə qəbul imtahanı üçün müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğun yeni proqram, imtahan modelləri hazırlanıb.  2017-ci ildə ilk dəfə olaraq ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı yeni proqram və model əsasında keçirilib. Abituriyentlərə cari tədris ili çərçivəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etmək şansı verilib. Hər iki imtahanda iştirak edən abituriyentə müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özünün müəyyənləşdirməsi imkanı yaradılıb: "2018-ci ildə abituriyentlərə, eyni zamanda, həm I-IV qruplardan hər hansı birinin  ixtisasları üzrə, həm də V qrupun ixtisasları üzrə müsabiqədə iştirak etmək imkanı verilib.

2019-cu ildə ilk dəfə olaraq tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı və ali təhsil müəssisələrinə qəbul imtahanı yeni proqram və model əsasında keçirilib. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə təşkil edilib. Qəbul imtahanının ikinci mərhələsini iki dəfə vermək şansı yaradılıb. Abituriyentlərə ərizə qəbulu, ixtisas seçimi və s. sahələrdə kömək etmək məqsədilə Bakıda və digər regionlarda ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri" yaradılıb. IX və XI sinif səviyyəsi üzrə keçirilmiş buraxılış (qəbul) imtahanının nəticəsinin iki il qüvvədə qalması ilə bağlı qərar qəbul olunub.  İlk dəfə olaraq, orta ixtisas təhsili pilləsi üzrə "subbakalavr" peşə-ixtisas dərəcəsi almış şəxslərə (subbakalavrlara) qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququ verilib. İlk dəfə olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan "Beynəlxalq Bakalavriat Diplom Proqramı ", "Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi" və "Yüksək yerləşdirmə " təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq imkanı əldə ediblər". 

MƏRKƏZLƏŞMİŞ İMTAHAN SİSTEMİ 

Çağdaş zamanda ali təhsil müəssisələrinə qəbulla bağlı dünyada fərqli təcrübələr mövcuddur. Elə zamanda yaşayırıq ki, İnternet resursları bu təcrübələrlə hər kəsin tanış olmaq imkanını əlçatan edib. Bu, istənilən halda müsbət haldır. Ancaq bəzən ali təhsillə bağlı qərarların verilməsində insanların təcrübələrə, gerçəkliklərə deyil, emosiyalara söykənməsi arzuolunan nəticə vermir.

M.Abbaszadə qeyd edib ki, tədris ilinin sonu yaxınlaşdıqca abituriyent və valideynlərin həyəcanı artır. Təbii ki, hər bir valideyn gecəsini gündüzünə qataraq boya-başa çatdırdığı övladını ən yüksək yerlərdə görmək istəyir: "Ən gözəl arzularımız, ən səmimi dualarımız övladlarımız üçündür. İmtahan nəticələri elan olunduqda ümid və dualar öz yerini sevinc və məyusluğa buraxır. Əslində, imtahan nəticələri sadəcə abituriyent və valideynlərə yox, prosesin bütün iştirakçıları üçün öz fəaliyyətini qiymətləndirmək və növbəti addımlarını planlaşdırmaq üçün dəyərli məlumat verir. Lakin bəzən emosiyalar sağlam məntiqi üstələyir, nəticələrdən məyus olan insanlar vəziyyəti düzgün təhlil etmək əvəzinə, kimlərisə günahlandırmağa çalışırlar. Problemlərin səthi təhlili, mahiyyətdən uzaqlaşaraq təzahürlərlə manipulyasiya edilməsi bizi problemlərin həllindən uzaqlaşdırır.

İmtahan prosesini iki əsas amillə xarakterizə etmək olar - emosiyalar və rəqəmlər. Emosiyalar arzuları, rəqəmlər isə nəticələri təmsil edir. Tale elə gətirib ki, biz xalq olaraq emosiyaları rəqəmlərdən daha üstün tuturuq.  Lakin unutmamalıyıq ki, dövlət səviyyəsində olduğu kimi fərdi səviyyədə də qərarlar emosiyalar yox, məhz rəqəmlər əsasında verilməlidir. Rəqəmlərlə ifadə olunan imtahan nəticələri hər bir şəxsin həyatında digər rəqəmlərlə ifadə oluna biləcək faktların nəticəsində formalaşır. Şagirdin dərs oxumaqla keçirdiyi vaxt, çalışqan və tənbəl dostlarının sayı, ailədə işlədilən müsbət və mənfi çalarlı sözlərin və ya kitab oxumağa və bayağı mövzulu seriallara sərf olunan vaxtın nisbəti, evdə adam başına düşən sahə, bu sahədə səs-küyün şiddəti və davamlılığı yekun nəticəyə təsir edən və rəqəmlərlə ifadə olunan amillərdir. Bəzən bir amil üzrə yetərsiz göstərici digər müsbət amilin təsirini artırmaqla kompensasiya oluna bilər. Ev sakinlərinin əksəriyyətinin müntəzəm olaraq akademik və intellektual fəaliyyətlə məşğul olması isə ümumiyyətlə bütün digər mənfi amillərin təsirini minimuma endirir, intellektual vərdişlər yaradır".

M.Abbaszadənin söylədiyinə görə, təbii ki, məsələnin fərdi və sosial aspektləri ilə yanaşı, ictimai və təşkilati aspektləri də mühüm əhəmiyyətə malikdir və cəmiyyətin bu məsələyə marağı başa düşüləndir: "Mərkəzi imtahan sistemi bilik və bacarıqları qiymətləndirilməklə yanaşı, həm də sözün əsl mənasında sosial lift rolu oynayan və gənclərin həyati qərarlarına, eləcə də cəmiyyətin ümumi inkişafına təsir edən mühüm qərar qəbuletmə mexanizmidir. Bu baxımdan həm vətəndaşların prosesin müxtəlif aspektləri, o cümlədən, həyata keçirilən  dəyişikliklərlə əlaqədar maarifləndirilməsi, eləcə də cəmiyyətə müntəzəm olaraq hesabatlar verilməsi DİM-in ən mühüm vəzifələrindən biridir". 

VƏTƏNDAŞLARIN DÖVLƏT QULLUĞUNA QƏBULU 

Mərkəzin əsas fəaliyyəti dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və dövlət qulluğuna namizədlərin şəffaf keçirilən müsabiqə yolu ilə seçilməsidir: "Vətəndaşların dövlət qulluğuna qəbulu, dövlət qulluqçularının daha yüksək vəzifələrə təyinatı prosesində mərkəzləşmiş qiymətləndirmə və çoxpilləli seçmə sisteminin tətbiq edilməsində məqsəd dövlət qulluğu vəzifələrinə ən layiqli şəxslərin seçilməsini təmin etmək, dövlət qurumlarının səmərəliliyini artırmaqdan ibarətdir. Namizədlərin qiymətləndirilməsi, seçimi, təyinatı ilə əlaqədar standartların, meyarların, qərarvermə mexanizmlərinin şəffaf, ədalətli və anlaşılan olması sağlam rəqabət mühitinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir ki, bu da insanların motivasiyasına müsbət təsir edən amildir. Hazırda dövlət qulluğu vəzifələrinə namizədlərin seçimində tətbiq olunan ilk mərhələ - test imtahanı müəyyən olunmuş təməl meyarlar əsasında ilkin filtrasiyanı həyata keçirməyə imkan verir. İkinci - müsahibə mərhələsində isə artıq konkret vəzifənin tələblərinə uyğun qiymətləndirmə aparılır. Üz-üzə müsahibə şəklində təşkil olunan bu mərhələdə komissiya üzvləri tərəfindən namizədlərin vəzifə üzrə əsas bilik və bacarıqları yoxlanılır. Onların dünyagörüşü və fərdi keyfiyyətləri, o cümlədən, işə yanaşmaları, motivasiyası, ünsiyyət, problem həll etmə və qərarvermə kimi qabiliyyətləri qiymətləndirilir. Bir sözlə, DİM dövlət qulluğu sistemində şəffaflığın və səmərəliyin artırılması, dövlət qulluqçularının inkişafı, yüksək motivasiyasını təmin etmək üçün bütün imkan, bacarıqlarından istifadə edir".

DİM ÜZƏRİNƏ DÜŞƏN AĞIR VƏ MƏSULİYYƏTLİ İŞİN ÖHDƏSİNDƏN LAZIMINCA GƏLİR

M.Abbaszadə bildirib ki,  imtahanların obyektiv və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək DİM-in iş prinsipidir: "Biz əzbərçiləri, biliklər toplayıb onları tətbiq etməyi bacarmayan, misalları həll etməyi bacarmayan, qərar qəbul etmək imkanı olmayan insanları yox, tədris prosesində öz fikirlərini şifahi və yazılı ifadə etməyi bacaran, əldə etdiyi bilikləri praktikada tətbiq etməyə qadir olan, yeni və mütərəqqi informasiyalara açıq olan insanları seçməyə çalışırıq. Əsas məqsəd qəbul kampaniyasının gedişində obyektivliyi, düzgünlüyü, şəffaflığı qoruyub saxlamaqdır. Fikrimcə, DİM üzərinə düşən ağır və məsuliyyətli işin öhdəsindən lazımınca gəlir".

Sevinc QARAYEVA

 





18.04.2021    çap et  çap et