525.Az

Teatr Muzeyinə yeni materiallar təqdim olunub


 

Teatr Muzeyinə yeni materiallar təqdim olunub<b style="color:red"></b>

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi peşəkar teatr tariximizə dair materialların toplandığı və nümayiş olunduğu bir məkandır. Milli mədəni irsimiz bu mədəniyyət ocağında illərlə mühafizə olunaraq gələcək nəsillərə ötürülür. Ömrünü sənətə həsr etmiş, mədəniyyətimizin inkişafında özünəməxsus iz qoymuş bir çox sənətkarımız öz şəxsi arxivlərini qorunmaq üçün məhz muzeyimizə etibar edirlər.

Bunun bariz göstəricisi kimi yaxın günlərdə aktyor, Əməkdar artist Sadıq Salehə məxsus şəxsi arxiv sənətkarın nəvəsi Saleh Bağırov tərəfindən muzeyə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, arxivdə aktyorun oynadığı tamaşalardan fotolar, proqramlar, əlyazmalar və yaradıcılığını əks etdirən başqa materiallar toplanıb.

Bir çoxlarımızın "O olmasın, bu olsun" filmindən Mirzə Ələkbər Sabir kimi tanıdığı S.Saleh səhnə sənətimizdə C.Cabbarlının "Od gəlini"ndə Qorxmaz, "Almaz"ında Barat, M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah"ında Şahbaz bəy, "Xırs quldurbasan"ında Koxa, "Vəziri xani Lənkəran"ında Hacı Məsud, C.Məmmədquluzadənin "Ölülər"ində Hacı Kazım, Ə.Haqverdiyevin "Dağılan tifaq"ında Süleyman bəy, S.Vurğunun "Vaqif" pyesində Əlibəy və Təlxək, "Xanlar"ında İvan Fialetov, A.N.Ostrovskinin "Günahsız müqəssirlər"ində Neznamov, N.V.Qoqolun "Müfəttiş"ində Bobçinski, R.Stoyanovun "Qısqanc ürəklər"ində İvan kimi bir-birindən rəngarəng, müxtəlif xarakterli rolların ifaçısı olub. O, hətta bir sıra filmlərin dublyajında, habelə televiziya və radio verilişlərində də çıxışlar edib. Sənətkarlığına görə bir sıra fəxri fərman və medallarla təltif edilib.

Özündə teatr tariximizin müxtəlif məqamlarını görükdürən hər bir memorial əşya və sənəd muzey eksponatına döndükdən sonra bu tarixin və ayrı-ayrı sənətkarların yaradıcılığının öyrənilməsində mühüm tədqiqat mənbəyinə çevrilir. Odur ki, biz bütün sənətkarlarımızı və onların ailə üzvlərini bu ənənəni davam etdirməyə dəvət edirik.

 





18.04.2021    çap et  çap et