525.Az

Ermənilərin yeni hədəfi


 

Ermənilərin yeni hədəfi<b style="color:red"></b>

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlərinə görə Rusiyanı, Türkiyəni, Pakistanı, Avropanı, Amerikanı, Çini, bir sözlə, özlərindən başqa hər kəsi ittiham edən ermənilərin yeni hədəfi Belarus prezidenti Aleksandr Lukaşenkodur.

Belarus prezidentinin həftənin əvvəlində Azərbayana işgüzar səfər etməsi, Prezident İlham Əliyevlə görüşdə səsləndirdiyi fikirlər son həftə ərzində Ermənistanda yaranmış nisbi sakitliyi yenidən pozub. Məlum olduğu kimi, Ermənistan Belarusla strateji müttəfiq hesab olunur. Bu strateji müttəfiqlik Belarusla Ermənistanın Avrasiya İqtisadi Birliyində və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunmalarından irəli gəlir. KTMT-də təmsil olunan dövlətlərin birgə müdafiə olunmaq öhdəliyi olduğundan Ermənistan hesab edir ki, Belarus hökmən Ermənistanı müdafiə etməli və Azərbaycanla düşmən olmalıdır. Ermənilər Azərbaycanın dəfələrlə Belarusa dəstək olduğunu unudur və Minskin ehtiyacı yarandığı zaman müraciət edə biləcəyi azsaylı ünvanlardan birinin Bakı olduğunu anlaya bilmirlər.

Məlum olduğu kimi, hazırda Belarusun Avropa Birliyi və ABŞ münasibətlərində ciddi gərginlik yaşanır. Belarusun əsas müttəfiq Rusiya Minskin ehtiyac duyduğu dəstəyi verməkdə də çətinlik çəkir. Buna görə də Belarusun Azərbaycana ehtiyacı var və Lukaşenkonun bu ehtiyac qarşısında erməniləri düşünmək imkanı yoxdur. Ermənilər isə bunu ya anlamırlar, ya da anlasalar da, başqalarının özlərini Ermənistan üçün fəda etməsini gözləyirlər.

Belarusdan gözlədikləri dəstəyi ala bilməyən ermənilər prezident Lukaşenkonun Bakıya səfərindən o qədər narahat olublar ki, onu "leşyeyən" adlandırmaqdan belə çəkinmirlər. Ermənilərin düşüncəsinə görə, Belarus prezidenti "leşyeyən" kimi İkinci Qarabağ müharibəsindən sonra bölgədəki abadlıq işlərindən pay almaq istəyir. Çox böyük bir ərazidə aparılacaq nəhəng tikinti layihələrində rəhbərlik etdiyi ölkənin təmsilçilərinin yer almasını hər bir dövlət başçısı arzu edir. Qarabağda həyata keçiriləcək tikinti və abadlıq işləri də hər bir ölkənin yer almaq istədiyi layihədir. Ancaq ermənilər bu həqiqəti dərk edə bilmir və Belarus prezidentini "leşyeyən" adlandırmaqdan çəkinmirlər. Ermənilər tədricən hətta müttəfiq saydıqları ölkələr tərəfindən də təcrid edildiklərinin fərqində deyillər. Ancaq bunu dərk edəcəkləri gün uzaqda deyil.

Lukaşenkonun Azərbaycana səfəri və Bakıda səsləndirdiyi fikirlər ermənilər üçün əslində, müttəfiqləri tərəfindən təcrid olunacaqlarının ilk xəbərdarlığı olmalıdır. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə müşahidəçi statusunda təmsil olunmaq ehtimalı isə Ermənistanın hətta təmsil olunduğu birlik üçün də əhəmiyyətini itirdiyini göstərir.

 





18.04.2021    çap et  çap et