525.Az

Prezidentin mühüm mesajları


 

Prezidentin mühüm mesajları <b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: müharibədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda üç saatdan artıq çıxışı zamanı bir çox vacib məsələlərə münasibət bildirdi, mühüm mesajlar verdi. 

Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransda dövlət başçısının 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar və bölgənin gələcəyi ilə bağlı məsələlərə aydınlıq gətirməsi, ölkəmizin birmənalı mövqeyi yenidən ortaya qoyması təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə maraq doğurub.

Həmin görüşdə səsləndirilən fikirlər təhlilçilər tərəfindən hələ də müzakirə edilir, müxtəlif baxışlar ortaya qoyulur. Qarabağ münaqişəsi bitsə də, növbəti addımlarla bağlı suallar hələ qalır. Ölkənin birinci şəxsi tərəfindən yaranmış yeni reallıq və bundan sonrakı inkişaf və əməkdaşlıq, Azərbaycanın bu məsələ barədə dəqiq və konkret mesajları, gözləntiləri barədə cavabların verilməsi mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı bir daha vurğuladı ki, Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz: "Bildiyiniz kimi, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz. Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər. Bildiyimə görə, Türkiyə hökuməti hazırdır. Beləliklə, top Ermənistan tərəfdədir. Onların yaxşı həkimlərə ehtiyacı var. Mən dəfələrlə demişəm, onlar zəhərləniblər. Bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir. Onlar istəyirlər ki, keçmiş Dağlıq Qarabağda və Ermənistanda olan ermənilər onların girovları, alətləri olsun, onlar da bəzi iddialı və şovinist ideyaları ilə məşğul ola bilsinlər. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var, əgər mən bu analogiyalar barədə danışa bilərəmsə, onlar dəmir pərdə arxasında yaşayırlar və bu zəhərli ideyaların təsiri altındadırlar. Biz bu işdə onlara kömək etməyə hazırıq".

Deputat Rauf Əliyev deyib ki, Azərbaycanın regionda əməkdaşlıq yaratmağı və bu əməkdaşlığın ildən-ilə inkişaf etdirilməsi onun beynəlxalq uğurudur. Buraya Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir: "Bu, sabitliyə töhfədir. Ancaq Ermənistan tərəfindən revanş cəhdlərinə son qoyulmalıdır. Azərbaycan,Türkiyə, Rusiya, İran regional əməkdaşlıqla bağlı eyni yanaşmanı bölüşür və indi əsas diqqət nəqliyyat sahəsinə yönəlib. Bu əməkdaşlığın region ökələri üçün çox böyük əhəmiyyəti var və bu ölkələr əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Ermənistan da bu üstünlüklərdən istifadə edən ölkələrdən biri olacaq". Deputat bildirib ki, hazırda Ermənistanın nə Rusiya, nə də İranla dəmir yol əlaqəsi var. Bu layihə baş tutsa, Ermənistanın dəmir yolu ilə Rusiya, İranla və potensial olaraq Türkiyə ilə əlaqəsi yaranacaq. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Azərbaycanın Türkiyə ilə Gürcüstan ərazisindən Bakı-Tbilisi-Qars dəmir yolu ilə də əlaqəsi var. Rusiyanın Azərbaycan, Ermənistan ərazilərindən Türkiyə ilə əlaqəsi yaranacaq. İranın da Ermənistanla bağlantısı olacaq.

Qeyd olunan Zəngəzur dəhlizinin açılması və digər kommunikasiya xətlərinin istifadəyə verilməsi region ölkələrinin, o cümlədən, Ermənistanın qarşısında geniş inkişaf perspektivləri açır: "Ancaq Ermənistan qonşu ölkələrə, ilk növbədə Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, yaranmış tarixi şansdan istifadə etməlidir".

Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, Prezident həmin tədbirdə dünyaya iki mühüm mesaj verdi: "Bunlardan biri artıq müharibənin və münaqişənin bitməsi, digəri isə Azərbaycanın yeni mərhələni inkişaf və əməkdaşlıq mərhələsi kim görməsinin bəyanı idi. Ancaq şübhəsiz ki, bunlar konfransda ifadə edilən çoxsaylı və mühüm fikirlərdən yalnız ikisi idi. Prezident İlham Əliyev dünyanın ən müxtəlif beyin mərkəzləri təmsilçilərinin suallarını cavablandırarkən keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan tutmuş, erməni vandalizminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına qədər, dost ölkələrin beynəlxalq hüququn və ədalətin yanında olmasından başlamış, Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu və bunu beynəlxalq ictimaiyyətin və qlobal informasiya məkanının diqqətinə təqdim etdi".

PƏRVANƏ

 





18.04.2021    çap et  çap et