525.Az

"İnsanlar kütləvi şəkildə iftar süfrəsində toplaşmamalıdır"


 

HACI ŞAHİN HƏSƏNLİ: "KORONAVİRUSA YOLUXAN İNSAN ORUC TUTMAMALIDIR"

"İnsanlar kütləvi şəkildə iftar süfrəsində toplaşmamalıdır"<b style="color:red"></b>

Son aylar bütün dünyada koronavirusa yoluxma sayında kəskin artım özünü göstərir. Artıq bir sıra Avropa ölkələri sərt tədbirlər həyata keçirməyə başlayıb.

Eyni zamanda, qardaş Türkiyədə də  karantin rejimi qismən sərtləşdirilib. Şəhərlərarası səyahətə qadağa qoyulub, kafe və restoranlar, digər xidmət sahələri Ramazan ayının sonunadək bağlanıb. Həmçinin, həftəsonu qadağaları qüvvədə saxlanılıb, həftəiçi küçəyə çıxma qadağası isə yerli vaxtla saat 19:00-dan 05:00-dək olması məqbul hesab edilib. Bundan əlavə, ölkədə toy, nişan kimi kütləvi tədbirlərin keçirilməsi Ramazan bayramı bitənədək təxirə salınır. Kütləvi tədbirlərə imsak və iftar yeməklərinin birgə təşkili də daxildir. Kiçik yeməkxanalar isə günün müəyyən saatlarında müştərilərə paket servisi şəklində xidmət göstərəcək. Yeni qaydalar çərçivəsində dövlət qurumları və bəzi özəl sektorlar məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərəcək.

Ramazan ayı, kütləvi iftar məclisləri ilə bağlı bir sıra digər müsəlman ölkələrində də məhdudiyyətlər tətbiq edilib. Bu da təbiidir, çünki insanların bir yerə toplanması, bu günlərədə həyata keçiriləcək ziyarətlər istər-istəməz yoluxma sayını daha da artıra bilər. Bu gün ölkəmizdə sərt karantin tədbirləri ilə bağlı qərar verilməsə də, insanların qaydalara əməl etməsi, o cümlədən, maskadan istifadə, məsafə saxlamaq, gigiyenik qaydalara riayət etməsi olduqca vacibdir. Əks halda, daha kəskin nəticələrlə qarşılaşa bilərik. Digər tərəfdən, Azərbaycan peyvəndlənməyə başlayan ilk ölkələr sırasındadır. Qaydalara əməl etmək, o cümlədən, peyvənd olunanların sayının artması ilə yəqin ki, bu bəladan xilas olmaq mümkün olacaq.

İlahiyyatçı alim hacı Şahin Həsənli bildirib ki, ikinci ildir Ramazan ayı pandemiya dönəminə təsadüf edir. Pandemiya dövrünün özünəməxsus qaydaları var. Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi, karantin rejimi qaydaları tətbiq edilir. Bu qaydalara uyğun şəkildə dini ayinlər icra edilməlidir. O bildirib ki, insanlar kütləvi şəkildə iftar süfrəsində toplaşmamalıdır.

"Keçən il də bu qayda oldu. Tövsiyə edirik ki, insanlar kütləvi iftar mərasimlərindən çəkinsinlər. Həmin vəsaiti ehtiyacı olan insanlara yardım kampaniyasına yönəltmək olar. Bu işin mahiyyəti paylaşmaqdırsa, hazırkı şəraitdə iftara yönələcək vəsaiti aztəminatlı ailələrə ərzaq təminatı kimi sərf etmək olar. Oruc tutanlar az sayda insanla, öz ailəsi ilə iftar edə bilər. Kütləvi iftar mərasimləri yoluxma sayını artıra bilər.

Eyni zamanda, ölkəmizdə hazırda vaksinasiya həyata keçirilir. İnsanlar oruc halında vaksin oluna bilərlər. Bunun tibbi baxımdan ziyanı yoxdur, həkimlər də bizə bunu deyib. Şəriət nöqteyi-nəzərindən oruc insanın peyvənd olunmasının heç bir günahı yoxdur".

Hacı Şahin qeyd edib ki, koronavirusa yoluxan insan oruc tutmamalıdır:

"Çünki həmin şəxs müalicə olunur və ac qalması məqsədəuyğun deyil. Koronavirusdan sağalan insanlar oruc tuta bilərlər. Həkimlərin hamısı qeyd edir ki, oruc immuniteti zəiflətmir. Sadəcə bəzən bizim səhv qidalanmağımız xəstələnməyimizə səbəb olur. Oruc sağlamlığın əsas amillərindəndir. Hədislərdə də qeyd olunur ki, oruc tutun ki, sağlam olasınız. Orucu müəyyən qaydalara əməl etməklə, düzgün qidalanmaqla tutmaq lazımdır. Koronavirusdan sağalan şəxs Ramazan ayı bitdikdən sonra növbəti Ramazan ayına qədər oruc qəzalarını tutmalıdır".

İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay isə deyib ki, hər bir insan bu günlərdə diqqətli olmalıdır. Bədənin qorunması vacibdir, bunun üçün düzgün qidalanmaq, qaydalara əməl etmək vacibdir.

O qeyd edib ki, ibadətlərdə və yardımlaşmada diqqətli olmaq lazımdır: "Qurani Kərim"in təbiri ilə desək, özünüzü təhlükəyə atmayın. Bu, ciddi məsələdir. Bizim sağlamlığımız bədənimizdən keçir. Təəssüflər ki, bəzi insanlar buna riayət etmir və bu da xəstəliklərimizi uzatmağımıza gətirib çıxarır. Fətvada göstəriş oldu ki, pandemiya şəraitində hər şəxs öz övladları, ailəsi ilə iftar süfrəsində bir araya gəlib, dualar etməlidirlər. Çalışdığımız qədər kütləvi toplaşmaqlardan çəkinməliyik. Belə məclislərdə viruslu insanlar bizləri yoluxdura bilər. Əgər kimsə yaxınında, qonşusunda ehtiyacı olan varsa, ona yardım etsin. Bunu Allah bəyənir və savab yazır. Lakin bir insan bilərəkdən özünü təhlükəyə atırsa, bu, Allaha qarşı üsyandır, Allaha qarşı nankorluqdur. Hər bir insan öz ətrafında oruc tutanlara yardım edərsə, Allah yanında böyük savab qazanır".

PƏRVANƏ

 





18.04.2021    çap et  çap et