Ölüm xəbərləri dalbadal gəlir. Həmin xəbərlər hərəni bir cür yandırır, söndürür... Şükür məsləhətinə... İnna lillahi və inna ileyhi raciun!
Amma! Allahın məsləhəti ilə işimiz yox. Söhbət bəndənin, toplumun məsləhətindən gedir. Əslində ayrı-ayrı fərdləri, peşə mənsublarını cəmiyyətə qatıb mühakimə etmək də düzgün sayılmaz. Lakin bir az elmi yanaşsaq, toplumun ictimai şüur səviyyəsi nədirsə, ayrı-ayrı peşə sahiblərinin - fəhlənin də, mühəndisin də, həkimin də və digərlərinin də yanaşması və münasibəti odur. Amma jurnalistin, cəmiyyəti maarifləndirmək, bilgiləndirmək missiyası ilə yüklənmiş kəsimin həmin digərlərdən fərqləndirməmiz lazım. Sən oxumuş, mütaliəli jurnalist, yazılarında, efirə verdiyin reportajlarda xalqa (guya) ağıl öyrədirsənsə, o zaman hansı məsuliyyəti daşıdığının fərqində olmalısan. Bilməlisən ki, başına ağıl qoymaq istədiyin xalqın övladları məktəbdəki müəllimlərindən çox səndən öyrənirlər. Öyrənirlər ki, sən demə, Rusiya xəstə siyasətçi-deputatının "Qarabağ Rusiyaya birləşməlidir" xitablı xəbərindənsə, "ATV"-nin dedi-qodu verilişinin bağlanması barədə informasiya daha önəmli imiş. Özünüzün narkotik asılılığından əziyyət çəkdiyini vurğuladığınız, tarana gedərək dünyasını dəyişmiş reperin (Allah rəhmətinə qovuşdursun) ölümünü işıqlandırmaq sizin üçün daha əhəmiyyətli imiş. Amma jurnalist, iqtisadçı-alim, ziyalı, intellektual adamın rəhmət etməsini xəbər kimi yayınlamanız maraqsız gəlir.
Nəticə 1: Uşaq, gənc tamaşaçı hesab edir ki, ziyalılıq, alimlik , jurnalistlikdənsə, reperlik daha hörmətli imiş. Reperlərə və repə, xüsusilə intellektual repçiliyə heç bir mənfi münasibətim yoxdur. Amma fərq olmalıdır və var axı. Xüsusən də jurnalist üçün.
Nəticə 2: Yeniyetmə seyrçi, əsasən də oxumamışı, ziyalının reperdən daha vacib fiqur olduğunu bildi. Çünki birincinin vəfatından bir-iki xəbər saytı yazdı, ikincidən isə az qala bütün saytlar və TV-lər yaydı.
P.S.-Nəticə: Əziz jurnalist bacı-qardaşlar. Bunları məncə, bilərəkdən edirik. Elədirsə, özümüzü yekə aparıb, cəmiyyətdən ayırıb, filosof görkəmi alıb "ziyalı" açıqlamaları verməyək. Beş-on nəfəri çıxmaqla, hamımız bir bezin də olmasa, bir toplumun parçasıyıq. Kim özündə cəsarət tapırsa, əməl etsin ki, elə deyil.
Allah bütün dünyasını dəyişmişlərə rəhmət etsin!
çap et