525.Az

"Azərbaycanın bayrağı Şuşada və Xankəndində dalğalanacaq..."


 

"Azərbaycanın bayrağı Şuşada və Xankəndində dalğalanacaq..."<b style="color:red"></b>

 "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Şuşa rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbdə  "Azərbaycanın bayrağı Şuşada Xankəndində dalğalanacaq..." devizi altında tədbir keçirilib.

Tədbir iştirakçıları öncə məktəbin foyesindəki ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyublar. Sonra qonaqlar Milli Qəhrəmanlara həsr olunmuş guşəyə, məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbirin rəsmi hissəsi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov geniş nitq söyləyərək Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı məqsədyönlü siyasətdən ətraflı söhbət açıb. Natiq Ali Baş Komandanın əminliklə söylədiyi "Azərbaycanın bayrağı Şuşada Xankəndində dalğalanacaq..." ifadəsini tədbir iştirakçılarının diqqətinə çatdıraraq qeyd edib ki, Azərbaycan yaxın gələcəkdə öz torpaqlarına sahib olacaq. İctimai birliyin sədri daha sonra şagirdlərə öz tövsiyələrini verərək onlara təhsillərində uğurlar diləyib.

Millət vəkili Elman Məmmədov 47 il öncə təhsil aldığı Xankəndi şəhər 4 nömrəli orta məktəbin müasir standartlara uyğun inşa edilib istifadəyə verilməsindən məmnun olduğunu bildirərək məcburi köçkünlərə göstərilən qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib. O qeyd edib ki, gənclərimiz dövlətin onlara yaratdığı şəraitdən səmərəli istifadə etməli, Azərbaycanın inkişafına öz töhfələrini verməlidirlər.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev öz çıxışlarında bu cür tədbirlərin vacibliyini vurğulayaraq gənclərimizin vətənpərvərlik tərbiyəsində xüsusi rol oynadığını qeyd ediblər.

Sonda Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin direktoru Nazim Xudiyev tədbirdə iştiraklarına görə qonaqlara öz minnətdarlığını bildirib belə tədbirlərin davamlı olacağını söyləyib.

Şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiya qonaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov məktəbə televizor proektor hədiyyə edib.

İlham Cəmiloğlu

 





18.03.2014    çap et  çap et