525.Az

Trabzon Ədəbiyyat Festivalında Nəvvab irsindən danışılıb


 

Trabzon Ədəbiyyat Festivalında Nəvvab irsindən danışılıb<b style="color:red"></b>

Aprelin 18-də baş tutan Beynəlxalq Trabzon Ədəbiyyat Festivalının növbəti tədbiri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Mir Möhsün Nəvvabın yaradıcılığına həsr olunub.

Ədəbiyyatşünas Ümid Yaşar iki ölkənin qardaşlığı barədə söhbət açaraq mədəniyyət bağlılığı haqqında öz fikirlərini bölüşüb, türk dilinin qorunması, çağdaş ədəbiyyatda türk dilinin saflaşması barədə mülahizələrini qonaqlarla bölüşüb. Daha sonra yazıçı Əsma Əla Türkmən tədbir iştirakçılarını salamlayaraq azərbaycanlı məsləkdaşlarını gördüyü üçün məmnunluğunu ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Səma Mir Mövsüm Nəvvab yaradıcılığının zənginliyi barədə öz fikirlərini bölüşərək azərbaycanlı çıxışçıları təqdim edib, daha sonra müəllifi olduğu "Şuşa" şeirini səsləndirib.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva Nəvvabın yaradıcılığı barədə maraqlı nüanslara toxunub, onun bir çox elmlərə yiyələnmiş ensiklopedik şəxsiyyət olduğunu vurğulayıb. A.Hacıyeva Nəvvab irsinin lazımi səviyyədə tədqiq olunduğunu vurğulayıb.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı, "525-ci qəzet"in əməkdaşı, yazar Şahanə Müşfiq Şuşa ədəbi mühitinin ədəbiyyatımız üçün yüksək zirvələrdən olduğunu qeyd edib. Eyni zamanda Şuşanın, ümumən Qarabağın işğaldan azad edilməsinin mədəniyyət və ədəbiyyat üçün də böyük hadisə olduğunu bildirib. Nəvvabın kitab çapı ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirən Şahanə Müşfiq qeyd edib ki, görkəmli ədibin yaradıcılığının gələcək nəsillərə təbliği zəruridir.

BDU-nun Filologiya fakültəsinin tələbəsi, "525-ci qəzet"in əməkdaşı, gənc yazar Nadir Rzalı Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan" ədəbi məclisi haqqında danışaraq həmin dövr üçün əlamətdar hadisə olduğunu vurğulayıb. O, Nəvvabın "Divan"ı haqqında təəssüratlarını bölüşüb, onun hərtərəfli bədii yaradıcılığı barədə söhbət açıb. Gənc yazar öz nitqini Nəvvabın "Neyləyim oldu bahar, amma baharım gəlmədi" mətləli qəzəlini səsləndirərək sonlandırıb.

Professor  Nimet Yıldırım Azərbaycan-türk-fars ədəbiyyatlarının əlaqələrindən bəhs edərək keçilən zəngin inkişaf yolundan danışıb. Eyni zamanda, bu il Azərbaycanda "Nizami Gəncəvi ili" olduğunu qeyd edərək bildirib ki, Nizaminin "İsgəndərnamə" poeması türk dilinə tərcümə olunur, haqqında yeni tədqiqatlar aparılır.

Sonda Gülnar Səma UTEF-in rəhbərliyinə, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, aprelin 4-də Beynəlxalq Trabzon Ədəbiyyat Festivalının açılış mərasimi keçirilib. Hər il ənənəvi olaraq keçirilən festival pandemiya ilə əlaqədar  onlayn şəkildə davam edir. Aprelin 23-ə qədər davam edəcək Beynəlxalq Trabzon Ədəbiyyat Festivalında Türkiyədən Hacı Vəli Bektaş, İrandan Məhəmmədi-Hicazi, Gürcüstandan Georgi Papşvili, Hindistandan Bhamaha, Rusiyadan F.Dostoyevski, Çindən Zhou Youguan, ingilis ədəbiyyatından U.Şekspir, italyan ədəbiyyatından Karlo Kollodi və digər ölkələrdən məşhur ədəbiyyat nümayəndələri haqqında söhbətlər açılacaq, müzakirələr aparılacaq.

SABİR

 





20.04.2021    çap et  çap et