525.Az

Tbilisidə Aşıq Ələsgərin 200 illiyi qeyd olunub - Foto


 

Tbilisidə Aşıq Ələsgərin 200 illiyi qeyd olunub - <b style="color:red">Foto</b>

Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin əməkdaşı Leyla Əliyeva ölməz sənətkar Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açıb, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamı barədə məlumat verib.

Sonra professor Mahmud Kamaloğlu çıxış edərək Aşıq Ələsgərin aşıq məktəbinin zənginləşdirilməsi və inkişafındakı böyük xidmətlərindən danışıb. Böyük söz ustadının Borçalı mahalına səfərlərindən danışıb və bu səfərlərin əhəmiyyətini xüsusi qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında deyib ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib.

Diplomat bildirib ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib, qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb: "Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır".

Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel bildirib ki, aşıq sənəti türk mədəniyyətinin ortaq dəyəridir. Bu cür tədbirlər ortaq mədəniyyətimizin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Mərasimdə qüdrətli söz ustadının həyat və yaradıcılığından bəhs olunub, onun əsərlərindən parçalar səsləndirilib.

 





20.04.2021    çap et  çap et