525.Az

Rusiyadakı vətəndaşlarımız deportasiya təhlükəsi ilə üz-üzə


 

Rusiyadakı  vətəndaşlarımız deportasiya təhlükəsi ilə üz-üzə<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Sabir Rüstəmxanlı, VHP sədri, millət vəkili:

- Vətəndaşlarımızın hüquqlarını və ləyaqətini qorumaq üçün Rusiya Federasiyası Daxili İşlər Nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu il iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib. Bu barədə nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib. Rusiya Federal DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.

Bir müddət öncə mən Milli Məclisdəki çıxışlarımın birində əlaqədar təşkilatlara, o cümlədən, Xarici İşlər Nazirliyinə və ASAN xidmətin rəhbərliyinə müraciət etmişdim. Rusiyada, Türkiyədə və Almaniyada qanunsuz yaşayan həmvətənlərimizin deportasiya olunmaq təhlükəsi və sənəd əldə etmək çətinlikləri barədə məlumat vermişdim. Eyni zamanda xahiş etmişdim ki, ASAN xidmətin səyyar briqadaları həmin ölkələrə göndərilsin və həmin ölkələrdə qanunsuz yaşayan vətəndaşlarımızın sənədləşdirilməsini təmin etsin.

Rusiya Federasiyasına indi də səyyar briqadaların göndərilməsi gec deyil. Bu prosesə başlanılarsa, Rusiya Federasiyası da Azərbaycan vətəndaşlarına bir neçə ay güzəştə gedə bilər.

Xatırlatmaq istəyirəm ki, 120 min əmək fəaliyyəti ilə məşğul olan həmvətənimizin Azərbaycana deportasiya olunması onların hüquq və azadlıqlarının pozulmasına, ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə və digər narahatlıqlara səbəb ola bilər. Odur ki, ASAN xidmət, Rusiyadakı səfirlik və konsulluqlarımız, digər dövlət təşkilatları ilə birlikdə, gözlənilən deportasiyanın qarşısının alınması üçün qabağlayıcı tədbirlər görməlidirlər.

Yunis Orucov, jurnalist:

- Başlıbel qətliamı haqqında eşitmişdim. Hətta bu faciədən bəhs edən və həmkarımız, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Elxan Salahovun "Qanlı kaha" kitabını da oxumuşdum. Amma bütün bunlar Kəlbəcər işğaldan azad edilməzdən qabaq olmuşdu. 28 ildən sonra ilk dəfə Azərbaycan Televiziyası, Real TV, Elxan Salahov və yerliləri Başlıbelə getdik. Qəddar düşməndən qorunmaq üçün kahalara sığınan, orada günlərlə yaşayan və qətlə yetirilən insanların xatirəsini yad etdik. Kədərin və qədərin görüşdüyü yerdəydik. Allah bütün şəhidlərimizə rəhmət eləsin...

Asif Nərimanlı, jurnalist:

- Separatçıların "yaş həddi" və Paşinyanın ordu islahatı: Qarabağda nələr gözlənilir?

Qarabağdakı separatçı-terrorçu rejim aprelin 16-da qondarma "hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında qanuna" dəyişiklik edib və müqavilə əsasında hərbi xidmət üçün nəzərdə tutulan 40 yaş həddi 55 yaşa qaldırılıb.

55 yaşa qədər erməni kişi və qadınlar separatçıların "peşəkar ordu" dediyi silahlı qruplaşmalarda əlinə silah alacaq. Bunun iki səbəbi var.

Birincisi: Qarabağdakı "peşəkar ordu" adı altında formalaşdırılan silahlı qruplaşmada canlı qüvvənin çatışmazlığıdır;

İkincisi, Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılmasına hazırlıq gedir;

Separatçılar silahlı qruplaşma yaratmaq niyyətini açıqlayıb. Bu qruplaşmaya rəhbərlik edən Vitali Balasanyan bildirib ki, "peşəkar hərbi birliklər" yaratmaq istiqamətində iş aparılır.

Belə qruplaşma erməni silahlı birləşmələrinin çıxarılmasından sonrakı dövr üçün nəzərdə tutulur. Canlı qüvvənin təmin edilməsinə hesablanan yaş həddinin artırılması isə çıxarılma prosesinin başlandığı, yaxud hazırlıq getdiyi ehtimalını önə çıxarır.

Bu "dəyişiklik qərarı" fonunda Ermənistanda Nikol Paşinyanın orduda xidmət müddətinin azaldılmasını seçki vədləri sırasına daxil etməsi diqqət çəkir. Nikol deyir ki, "hərbi xidməti cəlbedici etməli, müddəti azaltmalıyıq, gənclərin döyüş bacarıqlarına yiyələnməsi üçün hər 5 ildən bir üç aylıq təlim yetərlidir".

Bu vəd müharibədən qorxan erməni valideynlərinin səsini qazanmaq gedişidir. Ermənistanda hərbçi ailələrinin yaxınlarının Qarabağdan qaytarılması tələbi fonunda Paşinyanın erməni hərbi birləşmələrini seçki öncəsi çıxarmaqla əsgər valideynləri və hərbçi ailələrinin də səsini qazanmaq gedişi gözləniləndir.

Lakin Ermənistan silahlı qüvvələrində ixtisarların aparılacağı, xüsusilə Qarabağdan çıxarılacaq hərbçilərlə müqavilələrin yenilənməyəcəyi xəbərləri fonunda Paşinyan səs itirməmək və opponentlərinin əlinə ittiham mövzusu verməmək üçün fərqli gediş edə bilər: ya çıxarılma prosesi seçkidən sonra həyata keçiriləcək (Ermənistandakı seçkiləri maraqlarımız istiqamətində yönləndirmək istəyən Bakı ilə razılaşma mümkün görünür); ya da çıxarılma prosesinin rəsmi elanını seçkidən sonraya saxlayacaq;

Proseslərin inkişafının 10 noyabr razılaşmasının 4-cü maddəsinin icrası istiqamətində olduğunu deyə bilərik və bunun reallaşması əlimizi gücləndirəcək:

1. Ermənistanın Qarabağda hərbi varlığına son qoyulması ilə rəsmi İrəvanın bölgəyə təsiri minimuma enəcək;

2. Azərbaycan separatçıların yaradacağı "hərbi birlikləri" qanunsuz silahlı qruplaşma elan edəcək, ölkə qanunvericiliyi və beynəlxalq hüquq buna imkan verir;

3. Azərbaycan Monitorinq Mərkəzində təmsil olunan Türkiyənin dəstəyi ilə rusların qarşısına şərt qoya bilər: qanunsuz silahlı qruplaşma ləğv edilməlidir, əks təqdirdə, ölkə sərhədləri daxilində antiterror əməliyyatı keçirə bilərik;

4. Mümkün antiterror əməliyyatında qarşımızda 50-55 yaşlı əlisilahlı terrorçular olacaq;

Və ən mühümü Ermənistanın Qarabağdakı hərbi mövcudluğunun başa çatması Azərbaycanın Xankəndində idarəçiliyinin təmin edilməsi istiqamətində addımlarının önünü aça bilər.

Əzizə İsmayılova, jurnalist:

- Sabah-sabah diqqətinizi bir məsələyə çəkmək istərdim.

Neçə gündür müşahidə edirəm - həm sosial şəbəkələrdə, həm də bəzi TV kanallarda məsələnin mahiyyətinə varmadan bir fikir tirajlanır. Guya əgər gün ərzində sürücü bir dəfə dayanma-durma qaydasını pozarsa, daha ona heç kim cərimə yaza bilməz. Yəni guya 20 AZN cərimə yazılır və bütün şəhər sənindir, istənilən yerdə avtomobilini park edə bilərsən.

Düzdür, ilk başdan, hələ qanun qəbul edilmədən, bu məsələ elə belə də şərh olunmuşdu (elə mən də belə bilirdim), amma qanuna nəzər yetirəndə görmək olur ki, öncədən cəmiyyətə ötürülən bu informasiya, kökündən səhvdir və sürücüləri tələyə salmaqdan başqa bir şey deyil. Əslində məsələ necədir? Əvvəlcə QANUNUN dilində:

qanun nə deyir?

Qanun deyir ki, Məcəllənin 346-cı maddəsinə aşağıdakı məzmunda Qeyd hissəsi əlavə edilir:

"Qeyd: Şəxs bu Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz".

Dəyişikliyin mahiyyəti:

Əgər şəxs dayanma və durma qadağan edildiyi yerdə maşınını saxlayıb bir neçə günlük başqa yerə gedərsə, bu zaman hər gün üçün bir dəfə məsuliyyətə cəlb olunacaq.

Əslində burada məqsəd eyni yerdə maşını saxlayıb uzun müddət başqa yerə getməyin qarşısın almaqdır. Belə ki, dəyişikliyə qədər şəxs bu pozuntuya görə yalnız 1 dəfə məsuliyyətə cəlb edilə bilərdisə, indi hər gün üçün 1 dəfə məsuliyyətə cəlb edilməsi mümkündür.

Loru dildə:

Tutaq ki, siz avtomobilinizi "Qız qalası"nın qarşısında park etmisiniz və hər hansı səbəbdən, deyək ki, 3 gün ərzində gəlib onu ordan götürə bilməmisiniz (xəstələnmisiz və ya təcili rayona filan getməli olmusunuz və s.). Əvvəlki qanuna əsasən, bu halda həmin o 3 gün ərzində Sizə eyni qayda pozuntusuna görə 1 dəfə cərimə yazılırdı, hazırda qüvvədə olan qanuna görə isə, həmin pozuntuya görə, avtomobili gəlib ərazidən götürənə kimi HƏR GÜN cərimə olunacaqsınız..

YƏNİ əgər Siz gün ərzində neçə dəfə dayanma-durma qaydalarını pozsanız bir o qədər də cərimə olunacaqsınız.

Hesab edin ki, saat 12:00-da 28 Mayda səhv park etdiniz, cərimə yazıldı, ordan 12:30-da keçdiniz Nizami küçəsində səhv park etdiniz, orda da cərimə yazılacaq... Gün ərzində 20 dəfə dayanma-durma qaydasını pozsanız, 20 dəfə də cərimə yazıla bilər.

P.S. Yurdumun insanı, əgər hər hansısa bir qanun haqqında cəmiyyətə məlumat vermək kimi bir istəyiniz varsa, onu sosial şəbəkələrdə Əhməd dayıların şərh etdiyi kimi yox, qanunun tələb etdiyi kimi şərh etməyə çalışın. Sizin bu yanlışınızı doğru kimi qəbul edən nə qədər adam heç nəyə fikir vermədən harda gəldi avtomobili park edir, cərimə olunur və nəticədə əsəbdən beyni çönmüş adamlara əslində nəyin nə olduğunu izah etmək çətinləşir...

Ümumiyyətlə, necə inana bilirsiniz ki, bizdə 20 AZN-lə bütün şəhərdə "at oynatmaq" olar?

Yeganə Hacıyeva, Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri:

- İtaliyalı millət vəkili Makrona dərs keçir deyir ki: "Afrikanın 14 ölkəsini faizə otuzdurmuş, Nigeriyanın 90 faiz elektrik enerjisi olmadığı halda nüvə yanacağının 30 faizini ordan gətirən, afrikalı uşaqları mədən sənayesində qul kimi istismar edən,  24 saatın 18 saatını qəpik-quruşa işləməkdən yorulub qaçan afrikalıları Avropada görmək istəməyən Makron bizə dərs keçməsin. Əgər Fransa Aftikalı miqrantları Avropada görmək istəmirsə, qitəni sümürməkdən əl çəksin, onda afrikalılar öz qitələrində qalıb, Avropaya üz tutmazlar".

Məncə də, düz deyir.

 





20.04.2021    çap et  çap et