525.Az

Xarabalıqların əzəməti - Şahanə Müşfiqin Ağdam qeydləri


 

VƏ YA "AĞDAMA GEDİRƏM, AY BALAM!"

Xarabalıqların əzəməti - <b style="color:red">Şahanə Müşfiqin Ağdam qeydləri </b>

Ağdama getmək təklifi gələndə əlim-ayağım əsdi, bədənimdən gizilti keçdi. İşğaldan azad olunmuş torpaqlara bir gün gedəcəyimi gözləsəm də, qəfil təklif ruhumu sarsıtdı. Medianın İnkişafı Agentliyinin jurnalistlər üçün təşkil etdiyi Ağdam turu var. Nə deyəcəyimi, nə hiss edəcəyimi yadırğadım. Geri çevirmək? Mümkün olası iş deyildi. Razılaşdım, əlbəttə. Sabah Ağdama gedirəm! Getmədən-görmədən haqqında dəfələrlə yazdığım Ağdamdan məni cəmisi 24 saat ayırır, demək. 

Dəvətin şokunu atladandan sonra "çiçəyim çırtlayır". Bakıya gələndə sevincini "Baküye gidiyorum, ay balam!" deyə ifadə edən Nazim əfəndinin ruhuna sayğımı göndərib, cümləsini öz sevincimə uyğunlaşdırıram: Ağdama gedirəm, ay balam!

Bir gecə əvvəldən yuxusuz olmağıma baxmayaraq, gecə səhərə çimir eləmədim. Elə hey düşündüm, xəyal etdim. Duyğularım isə uyuşmuş halda fikirlərimin sovurduğu yerlərdə sürükləndi dan sökülənə qədər. Ruhumu dincə qoymuşdum, sabah görəcəklərimi həzm edə bilmək üçün lazım idi mənə... Günəşdən qabaq qalxıram yerimdən, hazırlaşıram. Günəş pəncərəmdən boylananda məni Ağdama yola çıxmağa tam hazır görür. Onun təəccüblü baxışları altında çıxıram evdən.  

 

"Ruhlar şəhəri"nin ruhlarından izin... 

Hörmətli millət vəkilimiz Qənirə Paşayeva Türkiyənin Bolu şəhərinə səfəri haqdakı yazısında Şəms Təbrizinin sözünü xatırlayır: "Bir ölkəyə, şəhərə səfər edərkən ora qədəm basmazdan öncə övliyaların, bilgələrin, ziyalıların ruhundan izin alın". Mən hələ Bakıdan çıxarkən Ağdamdan uzaqda, Bakının künc-bucağında Ağdam, Qarabağ həsrətiylə köçünü bu dünyadan çəkən minlərlə insanımızın ruhundan izin aldım. Axı Ağdama qovuşmaq məndən çox onların haqqı idi: "Sizin illərlə gedib-görə bilmədiyiniz, havasının, suyunun, torpağının intizarıyla son nəfəsinizi verdiyiniz Ağdama getməyimə, oraları həm özümün, həm də sizin gözünüzlə görməyimə izin verirsinizmi?" Vətənindən çox uzaqda "Ağdam. Vətən" deyə-deyə gözlərini yuman, son nəfəsində Aqil Abbasın "Ağdam azaddır" yalanına inanıb canını tapşıran mərhum xanəndə Qədir Rüstəmovun "Elə yar, yar deyirlər, heç məni demirlər" naləsi gəlir qulağıma hardansa. Üzümü səs gələn tərəfə- öz içimə tutub, "səni deyirəm, Qədir Rüstəmov, bax elə səni... İznin varmı torpağına qədəm basım?"-deyə sual edirəm.

Maşın Bakının boş küçələriylə şütüyərkən fikrimdən və qəlbimdən keçən bu düşüncələrimə günəş nazlı-nazlı təbəssüm etdi, yollar bayraq-bayraq çiçək açdı. Bu, Qədir Rüstəmov başda olmaqla, o həsrətlilərin izni olmalıydı, şübhəsiz. Gözlərimdəki iki damla yaşla ruhlarına dua oxuyub yolumuza davam edirik...

 

Ağdam həyəcanı necə sarıbsa ruhumu görüş yerinə deyilən vaxtdan yarım saat öncə çatıram. Məndən bir az sonra "Xalq Cəbhəsi" və "Şərq" qəzetlərindən olan həmkarlarım da gəlirlər. Onlarla ayaqüstü qəzetlərin aqibətindən danışsaq da, diqqətimin bir hissəsi də bu səhər baxdığım hər yerdən üzümə boylanan günəşdədir. Mən onu heç bu qədər fərqli, bu qədər böyük görməmişdim. Bəlkə onun da qəlbi fərəhlə, sevinclə, qürurla dolmuşdu bu gün, ona görə belə iri dəyirdi gözümə? Bilmirəm. Amma nə hikmətsə, o, məndən belə asanlıqla əl çəkənə oxşamır. Sanki özünü göstərmək, "mən də burdayam" demək üçün izləyir məni qarabaqara. Fikrimdən keçir ki, günəşin dili olsa, "məni də at çantanın bir gözünə, apar özünlə Ağdama, mən də görüm o cənnət məkanı" deyər. Zarafat deyil, 28 illik həsrət var ortada. Öz düşüncəmə özümün gülməyim tutur. Hələ Bakıdan çıxmadan nə bu həyəcan, nə bu təlaş, nə bu həssaslıq..? Yolumuz uzun... 

 

"Keçdiyim hər yol, cığır, baxır arxamca, baxır..." 

Nəhayət, bizi Ağdama aparan yollardan keçirik. Turistlərin dayanacaq yeri Kürdəmir... Ana yurdum Yevlax... Ağdamın divar qonşusu Bərdə... Bərdəyə çatanda bayaqdan bəri boğduğum, yol yoldaşım, dəyərli şair Taleh Mansurla söhbətimizlə baş qataraq unutmağa çalışdığım o həyəcan yenidən düyünlənir boğazımda. Pəncərədən diqqətlə baxıram. Dahi Nizaminin "Bərdə nə gözəldir, necə qəşəngdir" misrası dumanlı düşüncələrim arasında işıq kimi yanıb-sönür. Yadıma Vətən müharibəsində düşmənin bu gözəl şəhərin başına gətirdikləri, o məşum terror aktları düşür. "Sən nə böyüksən, sipər şəhər" deyə pıçıldayıram dilimin altında. Ağdama yaxınlaşdıqca iç dünyamda çırpınan, ruhumu silkələyən müqəddəs duyğuları bir az sakitləşdirmək, həyəcanımı boğmaq, titrəyişlərimi pərdələmək üçün öz-özlüyümdə "kəşf etdiyim" qaçış planı idi yol boyu mənzərələrdən gözümü çəkməməyim.

 

Sıra-sıra düzülmüş ağaclar, evlər, dükan-bazarlar, cığırlar xoşbəxtcəsinə gülümsünür üzümüzə. Əksərinin üzərində Azərbaycan bayrağı asılıb. Yol boyunca şəhid şəkilləri də çıxır qarşımıza hara və hansı şəraitdə getdiyimizin göz dağı kimi. Bu müqəddəs səfərimizin, bu sonsuz qürurumuzun baniləri olan şəhidlərimizin ruhuna fatehə deyib yola davam edirdik ki, qəfildən səngiyir yol boyunca sıralanmış evlərin arası. Ağacların boyu qısalır, yarpaqları seyrəlir. İnsanların arxamızca boylanan baxışlarının izi belə itir yavaş-yavaş. Bütün bunların hamısını yol boyunca hədiyyə qutusu kimi açılmış qırmızı tablodakı "mina" sözü əvəzləyir. Sanki zamanda səyahət edir, iqlim dəyişirik. Dönüb təəccüblə Talehə baxıram. O da pəncərədən yola boylanır. Dilindən bircə kəlmə çıxır: Ağdam... Hə, bu boş yollar, bu minalı sahələr "ruhlar şəhəri" Ağdam olmayıb da, hara olacaqdı ki? Avtobusumuz kələ-kötür yolda yavaş-yavaş irəliləyir. Uçuq-sökük evlər, daşlarındə çiçək açmış, ot bitmiş xarabalıqlar yorğun-yorğun təbəssüm edir. Erməni vandalizmi hər addımda üzümüzə sillə kimi toxunur. Saatlardır qəlbimizdə çağlayan sevinci, xoşbəxtliyi kədər və qəzəb əvəzləmək istəyirdi ki, qəfil bir yarımsökük divardakı yazı diqqətimi çəkir. Həyəcanla toxunuram pəncərəyə sanki o yazını sığallayacaqmış kimi... O divarın üstündə kiril əlifbasıyla Azərbaycan dilində "Sovet İttifaqına eşq olsun!" yazılıb. Düzü, nə yazıldığı eynimə deyil. Əsas olan ordakı yazının doğma Azərbaycan dilində olmasıdır. Ən az 30 il öncəyə aid o yazı bu dəfə erməni işğalçılarının başına endirilmiş yumruq təsiri bağışlayır. Yenidən üzüm gülür. Erməni bu torpaqlardan Azərbaycanın və azərbaycanlıların izini silmək üçün insanımızı öldürdü, evlərimizə girdi, abidələrimizi dağıtdı, yurdumuzu viran qoydu, məzarlarımıza qədər goreşən kimi gəzdi. Amma baxın, bir uçuq daxmanın bir uçuq divarında həqiqət öz bakirəliyini illərdir necə qoruyub saxlaya bilib. Mənfur düşmənin gücü hər şeyə çatıb, amma daşın yaddaşına hopanları silməyə yox.

 

Torpağın üstü çiçək, altı mina... 

Əgər Ağdamın bu gününə şahidlik etsəniz, yollarda xarabalıq, səngər və istehkamlardan başqa heç nə görməyəcəksiniz. Biz isə nisbətən şanslıyıq. Bu mövsümdə Ağdama getməyin bir başqa özəlliyi də lalələrlə qarşılaşmaq idi, yəqin ki. Ömrümdə heç zaman görmədiyim (şəkil və videolar xaric) lalələrlə də ilk dəfə Ağdamda tanış oldum. Torpağın üzərinə şəhidlərimizin müqəddəs qanı kimi çilənmiş al qırmızı lalələr, həm də Ağdamdakı hələlik əsas həyat nişanəsidir. Ölüm qoxulu istehkamların vahiməsinə uyuşmayan lalənin zərifliyi bu torpaqlarda zülmün sonu, gözəl günlərin müjdəçisi kimi bizə əl edirdi yol boyu. Səngərlər çiçək açıb, lalə-lalə qoxuyur. Və hər tərəfdə mina xəbərdarlıqlı yazılar bu munis gözəlliklə kəskin təzad təşkil edir. Adda-budda ərazilərdə ANAMA-nın minatəmizləyən əməkdaşları iş başında dəyir gözümüzə. Başlarını işlərindən qaldırıb ərklə əl edirlər bizə, vətəninizə xoş gəldiniz deyər kimi... Təbiətin və insanın (insan dediyimçün üzr istəyirəm!) fərqi burda da özünü göstərir. Təbiət torpağın üstünü bir xalı kimi həyatla, canla bəzərkən, insan torpağın altına ölüm düzüb. Orda biz jurnalistləri qarşılayan ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov da düşmənin az qala hər yerə mina döşədiyini və bu xəritəni bizə vermədiyindən təmizləmə əməliyyatının uzandığını bildirir. Fikirləşirəm, guya düşmən özü harda mina basdırdığını bilirmi? Onlara verilmiş 10 günlük zamanda da hər yerə mina düzüb getməyiblərmi? Sonra gözümüzün qabağında mina partladılır. Partlayışın səsi və göyə ucalan qapqara tüstü yadıma məşhur mahnının misralarını salır: "Bir ney kimi hərdən qalxar göyə naləm"... Əsirlikdə zülümlərə düçar olmuş Ağdamın, Qarabağın naləsidir partlayan hər mina, ucalan hər qara duman.

 

Tapdanmaq yolların yaşamağıdır deyirdi bir müdrik. Biz də Ağdamın insansız qalmaqdan kələyi kəsilən yollarını qürurla, həyəcanla tapdaya-tapdaya gedirik mərkəzə doğru. Hər addımımızla ayağımız altındakı torpaq canlanır, nəfəs alır, ruh qazanır sanki. Məndən öncə ora gedən həmkarlarımın "torpaq bizdən küsüb, daş-kəsək bizdən incikdir" fikrinə qatılmıram. Bəlkə 28 illik ayrılıqda incik idi o torpaq, amma bu möhtəşəm qələbə və 3000-ə yaxın şəhid qanına azad edilən torpaqda nə inciklik qalar, nə küsgünlük. Sadəcə yorğundur Qarabağ, yorğundur Ağdam. Dincliyi isə bizlərik...  

Ağdamda ilk "xoş gəldin" edənlərim... 

Budur, Ağdamın Təzəkənd kəndinə çatmışıq. Burdan o tərəfə getmək üçün portda yoxlanışdan keçməli və televiziyalardakı həmkarlarımızla görüşməliyik. Ona görə də avtobusumuz bir neçə dəqiqəlik postun yanında dayanır. Hərbçilər, polislər avtobusumuzu çevrələyib, bir azdan şəxsiyyət vəsiqələrimizi yoxlamaq üçün gəlirlər. Bu sırada pəncərədən çölə boylanıram. Bəlkə ətrafda baxmağa maraqlı nəsə yoxdur, amma bu yoxluğun özü də maraqlıdır. Hər birini gözlərimin yaddaşına hopdurmaq istərcəsinə gözümü çəkmirəm ucsuz-bucaqsız yoxluqdan. Birdən hardansa çıxan qaranquş pəncərənin düz mən tərəfinə gəlib dövr edir. O uzaqlaşan kimi hardan gəldiyini görmədiyimiz başqası yenə mənim pəncərəmin ağzında uçur, dövr edib gedir. Taleh Mansurun "bax, səni Ağdamda qaranquşlar qarşılayır" sözünə təbəssüm edirəm. Mənə Ağdamda ilk "xoş gəldin" deyən bu zərif quşlar oldular. Sonra o quşlar bizə icazə verilməyən, qadağan olunan o minalı ərazilərdə süzməyə, uçmağa başladılar. Bu kiçik varlıqların sonsuz azadlığına qibtəylə baxmamaq əldə deyildi. Onlarla bərabər şairin bir misrası da mənim yaddaşımda süzürdü həmin vaxt: "Kaş quş olam, uçam ağac dəlməyə..." 

 

"Uzundərəynən gəlirik..." 

Bütün yoxlanışları tamamlayıb Ağdama- "Qafqaz Hiroşiması", "ruhlar şəhəri"nə giriş icazəsini alırıq. Göz işlədikcə uzanan yolla gedirik ətrafda keçmişə dair bir nişanə tapmaq ümidiylə. Tək tutunduğumuz təbiətin əliylə yaradılan gözəllikdir. Telefonumuza xəbərdarlıq mesajı gəlir: "Siz minalarla çirklənmiş əraziyə daxil olursunuz". Diqqətlə pəncərədən çölə baxıram, axı təbiətin bu möcüzə gözəlliyinə "mina", "çirklənmiş" sözləri heç yaraşmır. "Öldürücü gözəllik" deyilən budurmu?

Baş Qərvənd kəndindəyik. Yolun sağında bir qaraltı gözə dəyir, uçulmuş binadır. Ağdamdan olan həmkarlarımız deyirlər ki, Gümbəz restoranıdır. Bir az da getmişdik ki, 1941-45-in abidəsi çıxır qarşımıza. Yəni nə vaxtsa abidə olmuş qaraltı. Onu bir az adlamışdıq ki, dünyada ikinci hesab edilən Çörək muzeyindən geriyə qalan divarlar tərpədir ruhumuzu. Bizi görən muzeyin və dəyirmanın yaradıcıları Məhəmməd Qarayev və Sadıq Murtuzayevin ruhları sevinir sanki. Sol tərəfdə məşhur Ohanyan xətti uzanır. Hər yerində istehkam, hər tərəfində səngər. Xaçın çayının yatağı üzərindən keçirik. Yay gəlmədən susuzlaşıb. Zərər yoxdur, hər şey kimi o da özünə qovuşacaq, az qalıb.

Yol boyunca dirəyə oxşayan qəribə ağaclar gözə dəyirdi. Taleh Mansur bunların xarabalıq ağacları olduğunu deyir, insansız, həyatsız, xarabalıq yerlərdə bitərmiş. Xarabalıq ağaclardan azca kənarda geniş bir sahəni əhatə edən nar bağları bir cümlə öncədəki "həyatsız" sözlərini heçə çıxarır, yenidən ümid toxumları cücərdir içimizdə. Nar bağlarının ətrafındakı uçuq evlər də bu cücərtiyə mane ola bilmir.

 

Az getmişdik ki, avtobus dayanır. Bələdçimiz Zülfü müəllim hamımızı aşağıdan səsləyir, düşürük. Qarşımızda uzanan yolu və kiçik qaraltı kimi görünən körpünü göstərib deyir: "Məşhur Uzundərə yolu buradır". İç çəkirəm. Bayaq yolda telefonla danışdığım şair Qulu Ağsəs elə öz səsiylə qulaqlarıma pıçıldayır:

Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən gəlirik!...

Çıxıb, Qulu Ağsəs! Ağdam Bərdə yolunda o yüz min dəlini "Uzundərəynən" qarşılamağa çıxıb, biz də gedirik... Hey gedirik...  

Şəhidlər Xiyabanı... 

Ağdam mərkəzinin həsrətiylə kəndləri salamlaya-salamlaya keçirik. Yenidən avtobusumuz dayanır. Deyirlər ki, Ağdam Şəhidlər Xiyabanına gəlmişik. Burda da sağa-sola çıxmaq olmaz. Bircə cığırla addımlamalısan, mina var axı... Şəhidlər Xiyabanı dediyimiz 3-4 qəbirdən ibarətdir. Zülfü müəllimin sözü qulağımızda bayaqkı minadan daha gur partlayır: "Bir dənə sağ qəbir yoxdur!" Nə qəribə ifadədir. Şəhidlər Xiyabanında yeri tapılan yeganə qəbir Milli Qəhrəman Allahverdi Bağırova aiddir. Bağırovun məzarı başındaykən yenidən Şəms Təbrizinin sözləri düşür yadıma. Ağdamdan olan Milli qəhrəmanlarımız, şəhidlərimizin adlarını bir-bir sadalayıram, Baxşeyiş Paşayev, Asif Məhərrəmov, Nadir Əliyev, Rövşən Hüseynov, Canbulaq Rzayev, 2016-cı il Aprel döyüşlərində şəhid olmuş əfsanəvi polkovnik-leytenant Raquf Orucov və minlərlə şəhidlərimizin ruhundan Ağdamı gəzmək, tanımaq və tanıtmaq üçün izin alıram. Şəhidlər Xiyabanında bir tərəfdə biri uşaq olmaqla dörd nəfərin şəkli var. Xocalıda şəhid olmuş bir ailənin dörd üzvüdürlər. Qəbirlərinin harda olduğu bilinmir, amma yaxınları Novruz bayramında elə bələdçimiz Zülfü müəllimin məsləhətiylə gətirdikləri Azərbaycan bayrağını, şəkillərini və səmənini bir yerə düzüblər. Haqlı idi Zülfü müəllim: "Burdakı hər daş, hər torpaq onların məzarıdır".

Abidələr diyarı... Keçmişlə gələcəyin ekvator xətti...

Növbəti dayanacağımız İmarət məzarlığı və İmarət stadionudur. Qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, oğlu İbrahimxəlil xanın və nəvəsi Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şair Xurşudbanu Natəvanın məzarları olub. Lakin barbar ermənilər bu məzarlara da dinclik verməyiblər. Pənahəli xanın nəşinin qalıqlarını belə türbədən çıxarıblar. Məzarlar, türbələr isə uçuq-sökük, yaralanmış. Stadion deyiləndən geriyə isə boş, ətrafını kol-kos basmış sahə qalıb. Yenə də şükür edirəm yaz zamanında ora getdiyimiz üçün. İnsanın ayıbını təbiət örtürdü yaşıllıqları, gözəllikləriylə...

Stadionla üzbəüz yolda, bir az sağ tərəfdə yan-yana uçulmuş divarlar var. Zülfü müəllim deyir ki, Doğum evi, Uşaq xəstəxanası və Uşaq poliklinikası olub bunlar. Gələcəyimizi dünyaya gətirən, onu sağaldan binalar indi özü yara-sızı içində, keçmişindən məhrum, gələcəyindən nigaran durub yol kənarında.

Gəlib çıxdıq Ağdam şəhər meydanına. Avtobusdan düşüb ətrafa baxıram. Uzaqdan ucalan Cümə məscidinin minarəsini görər-görməz dilim altında Nizami misraları vird etməyə başlayır: "Allaha şükr edirəm, ey gözümün nuru, bu gün, Gözüm aydın, gözümə surəti-canan görünür".

 

Təşnəliklə baxırıq hər tərəfə. Zülfü müəllim və ağdamlı həmkarlarımız da bizi ətrafla tanış edirlər. Yolun sağında dörd mərtəbəli mehmanxanadır. Qarşısında çinar ağacı bütün əzəmətiylə dayanıb. Deyilənə görə, bu meydanda dörd çinar ağacı olub. İkisi durur, biri quruyub, o birini isə yerli-dibli kəsiblər barbarlar. Mehmanxananın sol yanında Ağdam qızıl dükanından geriyə qalan divarlardır. Sağında isə Nizami parkı olub nə vaxtsa, indi kol-kosdan başqa heç nə yox. Onlarla üzbəüzdə bir mehmanxana da ucalır. Bu, sonradan tikilib, beş mərtəbəlidir. Onun arxasında restoranı var. Yolun soluna baxsanız fərqli üslubda tikildiyi bu gün belə bəlli olan binanın divarlarını görəcəksiniz. Qarşısındakı lövhədə yazılıb: Ağdam Dövlət Dram Teatrı. Tarixi 1902-ci ildən hesablanan Ağdam Dövlət Dram Teatrının fasad divarlarıdır, demək. Deyəsən, başı üstündə kimsə var, kədərli təbəssümünü hələ mehmanxananın yanından duya bilirəm. Bir az qabağa addım atanda bu teatrın yaradıcılarından hesab olunan, sonralar adını daşıdığı mərhum dramaturq, rejissor, teatr təşkilatçısı Əbdürrəhim bəy Haqverdiyevi tanıyıram. Ruhu dolanır bu sənət məbədindən geriyə qalan 3-5 daşın ətrafında. Qəfildən beynimdə bir işıq yanır. O işığın fonunda bir ifadə döyəcləyir yaddaşımı: "Dağılan tifaq". Ə.Haqverdiyevə şöhrət gətirən bu əsərin adı indiki mənzərəyə necə də "yaraşır". Dağılıb Ağdamın da, teatrının da tifaqı, dağılıb... Amma olsun, bu, qovuşmağın sevincinə kölgə sala bilməz, salmamalıdır... Daşlar da duyublar sanki onları sevən qayğıkeşlərinin nəfəsini, çiçək açıblar, xoşbəxtlik saçırlar. Tarixə dönməyin bir yolu da fotoşəkillərdir. Elə bu fikirlə açırıq telefonumuzun kamerasını. İnşallah, bərpasından sonra çox gəlib-gedən olacaq, çox şəkillər çəkiləcək gözəlim Ağdamda. Mühüm olan onun bu halını acılarıyla, sevincləriylə, ən əsası isə əzəmətiylə tarixin yaddaşına köçürə bilməkdir. "Şükür külünə..."

Səfər yoldaşlarımız uzaqdan görünən o minalarələrə doğru gedirlər. Teatra "hələlik" deyib onların arxasınca gedirik. Sağ tərəfdəki qızıl dükanının qabağından keçəndə sanki tanış sima görür, tanış nəfəs duyuram. Boylanıram ora tərəf. Bu ki, bir neçə həftə öncə həmkarım Azər Qismətin kiçik video reportajından təsirlənib haqqında yazdığım tanış telefon butkasıdır. Nə gözəl gülümsünür paslı dəmirləri üzümə, bir az da nazlı-nazlı baxır: "Salam vermədənmi keçəcəkdin yanımdan" deyirmişcəsinə. Heç elə şeymi olar? Bircə anda özümü atıram o telefon butkasına tərəf. Telefon nə gəzir? Eləcə paslı dəmirlərdir. Olsun, səni belə də sevirik, bizimsən deyib sığallayıram qollarını. Bu anı da kameranın yaddaşına köçürüb Cümə məscidini gözlətməmək üçün ayrılırıq ordan.

Tam qarşımızda Cümə Məscidi dayanıb Allaha açılan əl kimi. Ən az Ağdamı görməyim qədər sevinir, həyəcanlanıram. Nə köhnə görünüşü, nə dağılan künc-bucağı, nə də ətrafına səpələnmiş mina eynimədir. Doya-doya baxıram hər tərəfinə. Gözlərimlə, baxışlarımla sığallayıram yaralarını, öpürəm ağrılarını. Baxdıqca qürurlanıram, köksüm qabarır. Siz heç daşın əzəmətini, torpağın vüqarını, xarabalığın ucalığını gördünüzmü? Əgər indi mənim kimi o Cümə məscidinin önündə dayansanız, görəcəksiniz. Ondaca anladım Ağdam və ağdamlı olmaq nə deməkmiş?! Ondaca başa düşdüm insanları bu qədər yandıran hissin adını: qürur! Ağdam qürur simvolu kimi dimdik dayanmışdı qarşımda. Hər tərəfindən qan axan, hər tərəfi uçub-sökülən torpaq ayaq üstə dayanmağa və xarabalığıyla yox edilməsinə səssiz qalan dünyaya meydan oxumağa davam edirdi.

Rəşad Məcidə Ağdamdan giley... 

Bu düşüncələrdən məni jurnalist Elşən müəllimin səsi ayırır. Özü də ağdamlıdır. "Gəl, sənə Rəşad Məcidin yaşadığı binanı, oxuduğu məktəbi göstərim deyir". "525-ci qəzet"də işlədiyimi bilən hər kəs məndən Rəşad Məcidi soruşur saatlardır. Gizləmirəm, onun Ağdamı bu cür görməyə ürəyi gəlmədiyini deyirəm. Anlayırlar, dərindən ah çəkirlər hamısı. Bütün yol boyunca Rəşad müəllimin ara-sıra danışdığı Ağdam xatirələri bələdçilik edib mənə. Elşən müəllimin səsi gələn tərəfə dönürəm. Məscidlə üzbəüzdə bir binanın uçqunları var. Deyir ki, Rəşad Məcidgilin evi bu dörd mərtəbəli binada idi. Binanın sağında bir az aralıda başqa bir yarımtikilini göstərir, 1 nömrəli məktəb imiş. Rəşad Məcidin təhsil aldığı məktəb. Zülfü müəllim də yaxşı tanıyır Rəşad müəllimi, ailəsini. Məktəbdən də sağda uzaqda qaralan divarları göstərir: "Rəşad müəllimin atası burda işləyirdi" deyir.  Onlar danışdıqca hamısını telefonun kamerasına çəkirəm, özünə göndərəcəyəm, necə kövrələcəyini indidən təxmin edərək. Elə onun qorxusudur ki, orda olduğum zamanda bir dəfə yazmadım, zəng eləmədim Rəşad müəllimə. Bilirəm axı, qəlbindən keçənləri... Sonra bir də Cümə məscidinin minarəsinə çıxıb baxırıq bu şəhərdən geriyə qalana... Bir dəfə də burdan çəkirəm görünən "mənzərəni". Şəhərin səsini eşidirəm, danışır. Canı nə qədər ağrısa da, məmnundur, xoşbəxtdir. "Siz də xoşbəxt olun" deyir. Xoşbəxt olmamaq haqqımız da yoxdur axı. Onu çox sevən və bu halda görməyə ürəyi dözməyən Rəşad Məcid və onun kimi bütün ağdamlılara da giley qarışıq mesajı var: "Mən yaxşıyam, -deyir, -Dərmanım da sizlərsiniz. Sizin doğma nəfəsinizdir. Bəsdir bu qədər ayrılıq, yetər bunca həsrət..." 

Yeganə salamat tikili... Şahbulağın paklığı... 

Erməni dığalarının Ağdamda yeganə salamat qoyduqları tikili Pənahəli xanın qalasıdır. Düşmən bu qalanı özünün saxta eksponatlarıyla doldurub muzeyə çevirib. Azərbaycan ordusunun şücaəti nəticəsində qazanılan qələbədən sonra onların saxta tarixləri də, yalançı eksponatları da lazımsız zibilə dönərək qalanın otaqlarında ayaq altında qalıb. Qalanın həyətindəki gözəl yasəmən ağacı hər birimizin könlünü xoş edir. Sanki bir yerlərdən Ağdam oxuyur:

Yasəmənlər açanda,
bülbül bağa uçanda,
oxuyanda nəğməmi
Xatırlayarsan məni...

Biz səni heç unutmadıq ki, xatırlayaq da, Ağdam...

Qalanın sağında geniş və gözəl bağ, onun da dərinliyində dumduru suyuyla axıb gedən Şahbulaq var. Ətrafında yarpızın qoxusu boyanaya, boyananınkı yasəmənə qarışmış... Ramazan ayında Ağdamı və bu paklığı ziyarətimiz bizim də paklanmağımızın vasitəçisi idi, bəlkə də...

Yenidən vüsal üçün həsrətə dönüş...

 

Ağdam adının mənşəyiylə bağlı çox fikirlər var. Bəzi mənbələr "Ağdam" sözünün qədim türk dilində "kiçik qala" olduğunu deyirlər. Bu versiyaya görə, keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada, "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.Hər iki versiyanı baş tacımız bilib, Ağdamın qala mənasını sinəmizə sıxırıq. Çünki bir daha gördük ki, Ağdam özü boyda böyük, çox böyük qaladır. Onun hər daşı bir ayrı qala, bir ayrı əzəmət, vüqar nümunəsidir.

Yer üzündən silinən şəhərin adıdır Ağdam...Onun göz oxşadıqca uzanan xarabalıqlarında göyərən təbiət isə Ağdamın yenidən doğuluşunun müjdəçisidir. Necə deyərlər, qalan sağlar bizimdir! Bu təskinliklə qələbəni, Ağdamı, Qarabağı bizə bəxş edən şəhidlərimizin ruhuna ehtiram, qazilərimizə minnətdarlıqla ayrılırıq xarabalıqların əzəmətindən! Yeni həyatın, diriliyin mübarək, Ağdam!

 





21.04.2021    çap et  çap et