525.Az

BDU ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkil etdiyi müsabiqəyə yekun vurulub


 

BDU ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkil etdiyi müsabiqəyə yekun vurulub<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatşlığı ilə Nizami Gəncəvinin əsərlərindən ibarət bədii qiraət müsabiqəsinin yekunlarına həsr edilmiş onlayn tədbir keçirilib.

525.az xəbər verir ki, Professor-müəllim heyətinin, tələbələrin və qonaqların iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin dahi şairin irsinə müxtəlif aspektlərdən yanaşılması baxımından böyük imkanlar yaratdığını bildirib, gənclər arasında bu cür müsabiqələrin təşkilinin xüsusi əhəmiyyətindən bəhs edib və müsabiqə qaliblərinə öncədən təbriklərini çatdırıb.

Sonra bədii qiraət müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış 10 iştirakçının ifasında Nizami yaradıcılığından nümunələr dinlənilib. Müsabiqənin münsiflər heyətinin üzvləri – Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, ədəbiyyatşünas Əsəd Cahangir, BDU-nun kafedra müdiri Knyaz Aslan, Şərqşünaslıq fakültəsinin dekan müavini Nigar İsmayılzadə və Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov ifalara münasibətlərini bildirib, iştirakçıları müvafiq ballarla qiymətləndiriblər. Müsabiqənin yekunlarına əsasən Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Nərgiz Həşimzadə 1-ci, Nilufər Qəhrəmanova 2-ci, Aysel Bayramova isə 3-cü yerə layiq görülüb.

Sonda çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov iştirakçıları İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından salamlayıb,  bildirib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə verilən böyük töhfədir. O, Bakı Dövlət  Universitetinin “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlərdə xüsusilə fərqləndiyini, ali təhsil ocağının təşkilatçılığı ilə bu mövzuda konfransların, elmi seminarların və kütləvi tədbirlərin keçirilməsinin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitə görə Universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Həbib Misirov qeyd edib ki, qaliblərə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən pul mükafatı, diplom və digər hədiyyələr təqdim olunacaqdır. Tədbirdə eyni zamanda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Almaz Ülvinin “Nizami və özbək ədəbiyyatı” mövzusunda məruzəsi dinlənilib, Nizami yaradıcılığı haqqında tələbələrin hazırladığı videoçarx nümayiş etdirilib.

 

 





21.04.2021    çap et  çap et