525.Az

"Dialoqun yetərincə böyük nəticələri var" - Müsahibə


 

ELŞƏN MUSAYEV: "QARABAĞ MƏSƏLƏSİNDƏ, VƏTƏN MÜHARİBƏSİNDƏ MİLLİ BİRLİKDƏN, HƏMRƏYLİKDƏN UZAQ DAYANANLARI NƏ XALQ, NƏ DƏ TARİX BAĞIŞLAYACAQ"

"Dialoqun yetərincə böyük nəticələri var" - <b style="color:red">Müsahibə</b>

"Siyasi dialoq" rubrikasının budəfəki qonağı  Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir.

- Elşən müəllim, bildiyiniz kimi, bir ildən artıqdır ki, ölkəmizdə hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siz ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz? Dialoqu zəruri edən səbəblər hansılardır?

- Bəli, çox doğru qeyd etdiniz ki, artıq bir ildən çoxdur ki, iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb və ortada yetərincə böyük nəticələr var. Həmin müsbət nəticə isə işin, gedişatın effektiv olması ilə bağlıdır. Şəxsən mən özüm partiya sədri kimi məlum dialoqda iştirak edirəm və prosesdən olduqca məmnunam. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri, hörmətli Ədalət müəllim Vəliyevlə dəfələrlə görüşümüz olub. Hər dəfə də geniş müzakirə aparmışıq, təkliflərimiz dinlənilib, hətta çox zaman həmin təkliflər müsbət qarşılanıb, dəyərləndirilib. Fürsət düşmüşkən, elə buradan da növbəti dəfə Ədalət müəllimə bu cür müsbət və faydalı münasibətlərin, dialoq mühitinin yaranmasında böyük zəhmət sərf etdiyinə görə öz təşəkkürümü bildirirəm. Həqiqətən gözəl tendensiyadır. Üstəlik, bu, həm də mövcud iqtidarın özgüvənini, onun dialoqa açıq olmasını, mədəni münasibətlərin formalaşmasında maraqlı olmasını xarakterizə edən məsələdir.

- Bəzi həmkarlarınız, yəni partiya sədrləri ötən müddət ərzində artıq müəyyən nəticələrə nail olunduğunu bildirir. Siz də siyasi dialoqun böyük nəticələri olduğunu vurğuladınız. Əldə olunmuş hansı nəticələri vurğulamaq olar?

- Əlbəttə, nəticələr var. Hətta deyərdim ki, böyük nəticələr var. Əvvəllər 5 fərqli düşünən partiya belə bir yerə yığışıb, elementar müzakirə bərabərliyinə nail ola bilmirdi. Çünki əlaqələndirici yox idi. Təşəbbüskar yox idi. İndi isə var. Belə olan halda isə aqressiya mühiti azalır, müxalifət sözünü deyir, təkliflərini verir, eşidilir, siyasi partiyaların nüfuzu, çəkisi artır. Hətta bu yaxınlarda yenə də həmin dialoqun nəticəsi olaraq növbəti addımlar atıldı. Buna bir nümunə kimi, bizim partiya - Demokratik Maarifçilik Partiyası da daxil olmaqla onlarla partiyanın şəhərin mərkəzində ofislə təmin edilməsini vurğulamaq olar. 44 günlük Vətən müharibəsində də həmin partiyalar həmrəylik nümayiş etdirdi, ortaya mükəmməl bir mövqe qoydu, milli birlik sərgilədi. Bilirsinizmi niyə? Dialoq mühitinin yaradıldığına görə. Artıq üzbəüz oturub söhbət edə bildiyimizə görə. Pərən-pərən olmadığımıza görə. İşin mükəmməl təşkilatçılığına görə. Dialoqun gözəl nəticələri həm də bax budur.

- Siyasi partiyalar dialoq çərçivəsində müxtəlif təkliflərlə çıxış edirlər. Sizin rəhbərlik etdiyiniz partiya hansı təklifləri verib və onlardan reallaşan olubmu?

- Təklifləri təsnif etmək, onları sıralamaq və sadalamaq istəmirəm. Çünki o təkliflərin sayı bu bir il müddətində onlarla olub. Sadəcə tək bir məqamı söyləyə bilərəm ki, bütün təkliflərə reaksiya müsbət olub, bütün təkliflər dəyərləndirilib. Reallaşması mümkün olmayanda isə əsaslandırılıb.

- 44 günlük Vətən müharibəsində, sizin də vurğuladığınız kimi, iqtidar-müxalifət birliyinə şahidlik etdik. Əldə edilmiş qələbədən sonra, sizcə, bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir?

- Bəli, çox doğru deyirsiniz, Vətən müharibəsində möhtəşəm bir iqtidar-müxalifət birliyi nümayiş etdirildi. Bu, həm sevindirici, həm də qürurverici idi. Çünki mövzu Qarabağ idi. Bizlərin hamımızın əsas amalı və arzusu olan Qarabağ. O Qarabağ ki, Ali Baş Komandan İlham Əliyevin cəsarəti, düzgün strategiyası, eyni zamanda, qəhrəman ordumuzun şücaəti, rəşadəti sayəsində işğaldan azad olundu. Həmin döyüş anlarında, gərgin məqamlarda siyasi partiyalar da birlik, həmrəylik nümayiş etdirdi. Bunu görmək, seyr etmək, bu prosesdə iştirakçı olmaq o qədər gözəl idi ki... Həmin partiyaların hər birinə milli birlik nümayiş etdirdiklərinə görə bir daha sonsuz təşəkkür edirəm. Eyni zamanda arzu edirəm ki, bu həmrəylik bir çox sferalarda, istiqamətlərdə hiss olunsun. Yəni davamlı şəkildə.

- Hakimiyyət tərəfindən dialoqa fərq qoyulmadan bütün siyasi partiyalar dəvət edilib. Amma bəzi siyasi dairələr dialoqdan imtina edib. Üstəlik, bu proseslə bağlı müxtəlif iddialar səsləndirməkdə davam edirlər. Onların bu mövqeyini necə qiymətləndirirsiniz?

- Dialoqdan uzaq duran partiyaların mövqeyini deyil, məhz mövqesizliyini qiymətləndirmək, müzakirə etmək lazımdır. O partiyalar illər uzunu moizə oxuyublar, saxta millətçi obrazını daşıyıblar, populist janrda əfsanələr danışıblar. Amma məqamı gələndə namərdlik etdilər, Qarabağ naminə də olsa, milli mövqe nümayiş etdirə bilmədilər. Belə adamlar heç bir zaman milli ola bilməzlər. Bu insanlar öz liderlərini satıblar, bütün dəyərləri tapdalayıblar və indi də satmağa da davam edirlər. Hər halda həmin antimilli mövqe ilə onlar yenə də sadəcə özlərinə ziyan vurdular, onsuz da məhv olmuş nüfuzlarını daha da bərbad etdilər. Qarabağ məsələsində, Vətən müharibəsində kim milli birlikdən, həmrəylikdən uzaq dayanıbsa, onları nə xalq, nə də tarix əsla və əsla bağışlamayacaq.

- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına necə təsir göstərib?

- Partiyaların cəmiyyətdəki rolu və ən əsas da aktivliyi yetərincə artıb. Həmin aktivliyin artmasında həm dialoq mühitinin, həm də dialoq mühitinin davamı olaraq yaradılmış münbit fəaliyyət şəraitinin böyük rolu var. Həqiqətən, siyasi konfiqurasiya dəyişib. Müsbətə doğru dəyişib. Real, faktiki addımlarla dəyişib və bu, ilk öncə iqtidarın uğurudur.

- Dialoq prosesinin gələcəyini necə görürsünüz? Ümumiyyətlə, bu proses hara qədər davam edəcək?

- Mən hesab edirəm ki, bu, hələ ilk mərhələdir. Davamı isə daha gözəl olacaq. Nəzərə alın ki, haqqında danışdığımız son bir illik müddət paralel olaraq həm də pandemiya şəraitinə təsadüf edib. Yəni hələ belə çətin vəziyyətdə, pandemiya dönəmində dialoq mühiti bu cür effektiv nəticələr verdisə, əminəm ki, pandemiyadan sonrakı dövrdə iş sürəti, dialoqa meyillik, faydalı əməkdaşlıq daha geniş vüsət alacaq.

- Elşən müəllim, əvvəllər də ölkəmizdə dialoq adına müxtəlif təşəbbüslər olub. Və bu prosesdə bəzi xarici dairələr - ATƏT, ABŞ səfirliyi vasitəçilik etməyə çalışıb. Ölkə Prezidenti bununla bağlı Yeni Azərbaycan Partiyasının sonuncu qurultayında öz münasibətini bildirdi. Sizin fikrinizcə, kənar müdaxilə olmadan aparılan dialoqun hansı üstünlükləri var?

- Çox doğru dediniz, əvvəllər dialoq təşəbbüsü ilə yalnız beynəlxalq təşkilatlar, xarici təsisatlar, səfirliklər çıxış edirdilər. İndi isə bu funksiyanı iqtidar öz üzərinə götürüb və ən düzünü, doğrusunu edib. Bir işi ki özümüz görə bilərik, təşkil edə bilərik, neynirik kənardan kimisə? Zatən beynəlxalq təşkilatların əksəriyyəti hər fürsətdə öz marağını güdüb və paralel olaraq həmin təşkilatların irəli sürdükləri təşəbbüslər də zaman-zaman xüsusi, bəlli məqsədlər daşıyıb. Azərbaycan iqtidarının isə dialoq məsələsində niyyəti safdır və tək istək də budur ki, ortalıqda düşmənçilik, aqressiya olmasın, hamı bir masa arxasında oturub müzakirə apara bilsin, hər kəsin sözü eşidilsin, hər kəs rahat fəaliyyət göstərsin. Bu proses siyasi münasibətlərin və ümumilikdə siyasi sistemin inkişafı üçün həm zəruridir, həm də gözəl fürsət və imkandır.

- Dialoq prosesinin daha da dərinləşməsi üçün qarşıda hansı addımların atılmasına ehtiyac olduğunu düşünürsünüz?

- Həmin addımlar artıq atılıb, təməl qoyulub. Sadəcə gedişatı inkişaf etdirmək lazımdır. Vəssalam.  Bunun üçün də iqtidarın yetərincə iradəsi və potensialı var.

PƏRVANƏ

 





21.04.2021    çap et  çap et