525.Az

Gəncənin qaz təchizatında "profilaktika adətkərdəliyi"


 

XƏTLƏRİN YOXLANILMASI ADI İLƏ MAVİ YANACAĞIN VERİLMƏSİNİN MÜTƏMADİ DAYANDIRILMASI SAKİNLƏRİ TƏNGƏ GƏTİRİB

Gəncənin qaz təchizatında "profilaktika adətkərdəliyi"<b style="color:red"></b>

Gəncə şəhərinin qaz təchizatı ilə bağlı uzun müddətdir, davam edən qəribə vəziyyət sakinlərin haqlı narazılığına səbəb olur.

Bu şəhərin qaz təchizatı məsələsində neçə illərdir ki, özünəməxsus bir "ənənə" dərin kök salıb - periodik olaraq, müşahidələrə görə, 30-50 gündən bir  Gəncənin istehlakçılarına mavi yanacaq verilməsi "profilaktika işləri" adı altında, sutkanın işıqlı vaxtında 10-12 saat ərzində dayandırılır.

Sözün düzü, əvvəllər, yəni deyək ki, 4-5 il bundan qabaq, texniki təhlükəsizlik tədbirlərin vacibliyini anlayan  sakinlər bu işə dözümlə yanaşırdılar. Lakin bu  "profilaktika"nın ildə, yaxud deyək ki, yarım ildə bir dəfə deyil, bir qayda olaraq, iki ayı keçməyən müddət ərzində (hətta qış aylarında bu müddət, nədənsə, daha qısa olur)  baş verməsi ailələrin  gündəlik həyat və məişət məsələlərinə hiss olunacaq dərəcədə öz xoşagəlməz təsirini göstərməsi ilə əhali arasında haqlı narazılıqlara səbəb olub. Gəncənin ziyalıları da respublikanın ikinci şəhərində müşahidə olunan bu davamlı vəziyyəti ölkəmizdə qazla bağlı həyata keçirilmiş müasir texniki təminat məsələlərinin nüfuzuna kölgə salan amil kimi səciyyələndirirlər.

Elə Azərbaycan musiqi incəsənətində özünəməxsus yeri olan, Xalq artisi Fikrət Verdiyev də bu fikirdədir. "Yəqin Gəncəni,  "qaz xətlərinin profilaktikası" baxımından, rekordçu şəhər saymaq olar. İldə bu qədər də profilaktikamı olar? Axı  hər bir ailənin özünün gündəlik qayğıları ilə normal məşğul olmaq haqqı var. Dövlətimiz də vətəndaşlarımızın həyatını, rifahını yaxşılaşdırmaq üçün bütün tədbirləri görür. Gəncədə qazın mütəmadi dayandırılması şəhərin həyat ritmini pozan bir əngəldir. Gəncədəki  yaradıcı həmkarlarımızla bu "dərdimiz"i  bölüşüb, çarə yolu axtarmışıq. Hətta məsələ ilə bağlı respublikanın ən ali instansiyalarına məktub da göndərmək fikrimiz var idi. Düzü, həm pandemiya, həm də millətimizin fövqəladə birlik nümayiş etdirdiyi Vətən müharibəmizin müqəddəs ab-havası belə şeyləri arxa plana keçirdi" -deyə, Fikrət Verdiyev bildirir.

Haqq naminə demək lazımdır ki, Fikrət müəllimin də qeyd etdiyi amillərlə bağlı olan dövr ərzində, yəni son yarımildə Gəncədə "qaz profilaktikası" elan olunmayıb. Amma budur, deyəsən, Məşədi İbad demişkən, "bir növ adətkərdə olmaq" özünü göstərdi - aprelin 20-də yenə qazsız qaldıq!

Bu "qazsız günlər" məsələsində əhali arasında sözün həqiqi mənasında şübhə yaradan  daha bir məqam da var. Həmin "profilaktika" günləri, axşam saatlarında qazın verilməsi  bərpa edildikdən sonra, bir müddət, haradasa, 5-10 dəqiqə ərzində mənzillərin qaz cihazlarından yüksək təzyiqlə mavi yanacaq deyil, adicə... hava gəlir. Bu zaman abonentlər də bir növ, "qaz nəzarətçiləri"nə çevrilib, özlərinin qaz cihazlarını açaraq, həmin hava axınının mavi yanacaq ilə əvəzlənməsi prosesini nəzarətdə saxlamaq məcburiyyətində qalırlar.  Dilbilməz sayğaclar isə, təbii ki, havanı da qaz kimi qəbul edərək, onun da həcmini yazmağa başlayır. Məhz buna görə, Gəncə əhalisi arasında həmin günlər "qaz idarəsinin havasatma günü" kimi dillərə düşüb. Həmçinin vətəndaşlar şəhərdəki on minlərlə qaz istifadəçisi abonentlərindən havaya görə sayğacların məbləğ yazmasının birbaşa korrupsiya üsulu olduğunu düşünürlər.

"Deyəsən, qaz kəsilməsi prosesi yenə qayıtdı. İndi müşahidə edək, görək növbəti "profilaktika" nə vaxt olacaq. Qəribədir ki, bu məsələnin hüquqi tərəfinə heç kim fikir vermir. Axı abonentlərlə qaz təchizatı ilə bağlı müqavilə bağlanır və orada ünvana fasiləsiz olaraq mavi yanacaq vermək öhdəliyi götürülür. Deməli, müqavilənin pozulmasının məsuliyyəti var. Çox tez-tez görürsən ki, nəzarətçilər, əllərində cihazlar, küçələrdə sayğacları yoxlamaqla məşğuldurlar. Yəni sayıqlıq göstərirlər ki, birdən hansısa abonent qanunu pozmasın. Çox əcəb, işləridir. Amma abonentlər qazsız qaldıqları günün narahatlığının və müqavilələrinə biganəliyin, eləcə də evlərdəki qaz cihazlarından hava gəlməsinin haq-hesabını kimdən sorsunlar" - deyə, Gəncə sakini, tarixçi müəllim Fəxrəddin Həsənov maraqlı sual edir.

"Gəncə üzrə qarşıdakı gündə qaz olmayacağı elanı verilən kimi çox adam sabahkı günə çörək ehtiyatı üçün mağaza və çörəkbişirmə məntəqələrinə üz tutur. Çünki çörək istehsalı obyektləri əsasən qaz ilə çalışır. Hamı bilir ki, qaz olmayan gün çörək də qıt olacaq" -deyə, şəhərdəki kiçik çörəkbişirmə sexlərinin birində çalışan Akif Məmmədov yaranan  vəziyyətə əlavə cizgilər vurur.           

Enerji təchizatı, müasir dünyanın həyatının ən ümdə amilidir. O, xüsusən iri yaşayış məntəqələrində insanların həyat və iş rejiminin qarantı rolunu oynayır. Bu baxımdan, respublikamızın ikinci böyük şəhərinin həyat ritmini tez-tez pozan  problemin aradan qaldırılması vacibdir.

Zakir MURADOV
Gəncə

 





21.04.2021    çap et  çap et