525.Az

Nazirlik növbəti "fişinq" hücumu barədə xəbərdarlıq edib


 

Nazirlik növbəti "fişinq" hücumu barədə xəbərdarlıq edib <b style="color:red"></b>

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlərdə bankları hədəf alan "fişinq" hücumları barədə xəbərdar edib.

Nazirlikdən verilən məlumata görə, kiberdələduzlar "Kapital Bank", "Unibank" və digər bankların texniki dəstək xidmətinin adından sui-istifadə edərək vətəndaşların bank məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə çalışırlar. Belə ki, həyata keçirilən kiberhücumlarda bank əməkdaşlarının adından vətəndaşların mobil nömrələrinə zənglər edilərək, onların adına hər hansı köçürmənin həyata keçirildiyi bildirilir və təsdiqləmə üçün kart hesab nömrəsi, şifri, təsdiqləmə kodu və sair fərdi məlumatların təqdim edilməsi tələb olunur.

Digər bir kiberhücumda bank əməkdaşlarının adından saxta sosial şəbəkə hesabları yaradılaraq müəyyən bank əməliyyatlarının həyata keçirilməsi üçün kart hesab məlumatlarının, təsdiqləmə kodlarının təqdim edilməsi tələb edilir.

Məqsəd sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri "tələyə salmaqla" asan yolla maddi vəsait əldə etməkdir.

Qeyd edək ki, geniş yayılmış bu növ kiberhücumlarda kiberdələduzlar öz kimliklərini gizlətmək üçün müxtəlif proqramlardan istifadə edərək qarşı tərəfə telefon nömrələrini istədikləri şəkildə göstərə bilir. Yəni zəng gələn ekranda bankın və ya başqa şəxsin nömrəsi əks oluna bilər. Əslində isə zəng tam fərqli nömrədən həyata keçirilir.

Həmçinin vətəndaşlar şübhəli hallarla üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

 





21.04.2021    çap et  çap et