525.Az

Rusiyanın seçim günü


 

Rusiyanın seçim günü<b style="color:red"></b>

Aprelin 21-i Rusiya üçün mühüm gün olacaq. Bu gün Prezident Vladimir Putin Federal Məclisə müraciət edəcək. Müxalifət lideri Aleksey Navalnının tərəfdarları isə Rusiyanın 100-dən artıq şəhərində siyasi məhbusların azadlığı tələbi ilə etiraz aksiyası keçirəcək.

Prezident Putinin Federal Məclisə müraciəti Rusiyanın Ukrayna ilə münasibətlərinin müharibə həddinə qədər gərildiyi və Qərblə qarşıdurmanın dərinləşdiyi bir zamana təsadüf edir. Ona görə də, Rusiya vətəndaşları Prezidentin yaranmış vəziyyətlə bağlı nə düşündüyünü, hansı addımlar atacağını bilmək istəyirlər. Prezidentin müraciətinin mətni məlum olmasa da, son zamanlar baş verən hadisələrin təsiri ilə bu günə kimi aparılan siyasətin bundan sonra daha da sərtləşəcəyi ilə bağlı məqamların müraciətdə öz əksini tapacağı gözlənilir. Bəzi politoloqlar isə Prezidentin müraciətindən sonra Ukraynaya qarşı hərbi müdaxilənin başlayacağını da istisna etmirlər. Hətta Prezidentin müraciətində bu hərbi müdaxilənin zəruriliyi ilə bağlı ifadələrə yer veriləcəyi də ehtimal olunur. Digər tərəfdən, Prezidentin müraciətinin əsasını ölkədəki sosial-iqtisadi vəziyyət və yaranmış durumdan çıxış yolları ilə bağlı fikirlərin təşkil edəcəyini düşünənlər də var. Rusiyada son zamanlar sosial-iqtisadi vəziyyət çox pisləşib və effektli tədbirlər görülməyəcəyi halda yoxsulluğun, işsizliyin artacağı da hər kəsə məlumdur. Ona görə də Prezident Vladimir Putinin Federal Məclisə bu müraciətinin ötən illərdəkindən kəskin şəkildə fərqlənəcəyi, müraciətdə Rusiyanın yaxın illər üçün hədəflərinin öz əksini tapacağı gözlənilir.

Bu günün Rusiya üçün çox önəmli bir gün olacağını müəyyən edən ikinci məqam isə müxalifətin bütün ölkə boyu etiraz aksiyaları keçirmək niyyətidir. Bir neçə həftədir ki, müxalifət bununla bağlı hazırlıq aparır. Etiraz aksiyalarına qoşulacaq insanların sayını müəyyən etmək üçün yaradılmış onlayn platformada 470 minə yaxın insan qeydiyyatdan keçib. Ən önəmli məqam isə paytaxt Moskvada 175 min insanın aksiyalarda iştirak edəcəyini təsdiqləməsidir. Ekspertlər hesab edirlər ki, hətta 100 min insan etirazlara qoşulsa, hakimiyyət bu prosesin qarşısını ala bilməyəcək. Çünki yanvar və fevral ayında 25-30 min adamın iştirak etdiyi etiraz aksiyaları hakimiyyət orqanları üçün ciddi problem yaratmışdı. İndi isə yanvar-fevral aylarından fərqli olaraq havanın temperaturu yüksəlib. Bu isə etirazçıların daha çox müddət küçələrdə qalmasına imkan yaradır. Aprelin 21-də Rusiyanın şəhər və qəsəbələrində nələrin baş verəcəyini tam yəqin etmək mümkün deyil. Ancaq buna baxmayaraq, təyin olunmuş etiraz aksiyaları "dinc qiyam"ın təyin edilməsi kimi dəyərləndirilir. Etiraz aksiyaları həqiqətən də "dinc qiyam"ın başlanğıcı ola bilər. Buna görə də 21 aprelin Rusiyanın gələcəyinin müəyyən olunması baxımından önəmli bir tarix olacağı şübhəsizdir.

 





21.04.2021    çap et  çap et