525.Az

"Azərbaycan" jurnalının yeni sayı


 

"Azərbaycan" jurnalının yeni sayı <b style="color:red"></b>

"Azərbaycan" jurnalının bu ildəki 3-cü sayı çap olunub. Jurnalın bu sayında görkəmli şair Əli Kərim xatırlanıb. Onun "Daş" şeiri oxuculara təqdim olunub.

Filologiya elmləri doktoru, dosent Paşa Əlioğlu "Bu gün onun həyatında bir bahardır" və "Niyə batdın, ey Günəş" adlı yazıları ilə oxuculara Əli Kərim dünyasında bələdçilik edir. Bu yazılar oğulun ataya ithafından daha çox, ədəbi tədqiqatçının böyük şairə peşəkar yanaşmasını göstərir.

Poeziya bölməsi Vaqif Bəhmənlinin "Əl" poeması ilə başlayır. Daha sonra Əşrəf Veysəlli, Şövkət Zərin Horovlu, Avdı Qoşqar, Xuraman, Balayar Sadiq, Arzu Kazımqızı Nehrəmli, Azad Fərhadoğlunun şeirləri verilib.

Bu dəfə "Azərbaycan" jurnalının nəsr hissəsində Əyyub Qiyasın (Qi Or El) "Ölənə qədər" kino-romanından bir hissə oxuculara təqdim olunub. Əsərin ardı növbəti sayda yer alacaq.

Südabə Ağabalayeva "Ədəbiyyatın fəxri vətəndaşı" adlı yazısında İsa İsmayılzadəni, Vaqif Yusifli "Yaşayan şair" adlı yazısında Ələkbər Salahzadəni xatırlayıb. Xaırladaq ki, bu il hər iki mərhum ədibin 80 illiyi tamam olur.

"Nizami Gəncəvi-880"  bölməsində Fərid Hüseynin Təhminə Bədəlova ilə "Nizami söhbətləri" adlı müsahibəsi var.

Görkəmli nasir, şair, tərcüməçi Seyran Səxavətin 75 yaşı münasibəti ilə İntiqam Qasımzadənin "Müdrik xalqın yazıçı oğlu", Xəyalə Zərrabqızının "Seyran Səxavət dünyası" yazıları oxuculara təqdim olunub.

"Azərbaycan" jurnalının bu sayında Barat Vüsalın şeirləri və görkəmli ədiblərimizin şair haqqında təəssüratları yer alıb.

Mənsurə Qaçayqızı "Qürbətdən qayıdan Qarabağ mənəm" adlı yazısında Rizvan Nəsiboğlunun yaradıcılığını təhlil edib.

Tural Adışirin "Yaddaşın izi ilə" adlı yazısında Balakən-Şəki bölgəsindən toplanmış nağıllarda "Kitabi-Dədə Qorqud" paralelləri ilə bağlı qiymətli təhlillər təqdim edib.

Ədəbi kaleydoskop hissəsində Zümrüd xanım Emil Zolya, Cozef Redyard Kiplinq, Vladimir Nabokov barədə maraqlı faktlarla oxucuları tanış edib.

Jurnalın ənənəvi "Kitab rəfi"ndə yeni nəşrlər oxucuların nəzərinə çatdırılıb.

Nadir RZALI

 





21.04.2021    çap et  çap et