525.Az

Səsin Leylası - Şahrun Süleymanova yazır


 

Səsin Leylası - <b style="color:red">Şahrun Süleymanova yazır</b>

Hər bir insanın dünyaya göz açandan eşidib yaddaşına həkk elədiyi ilk hənirti, yəqin ki, ana laylasıdır.

Bəlkə də, bu səbəbdəndir ki, musiqi ömür boyu həyatımızın ayrılmaz hissəsinə çevrilir. Ona görə də, yəqin ki, dünyada musiqini sevməyən insan tapmaq çox çətindir. Və təbii ki, musiqini dərindən duymağımızda, bütün qəlbimizlə sevməyimizdə onun ifaçılarının rolu danılmazdır. İstər instrumental ifaçılar, istər vokal sənətçiləri bizim bu sirli dünyaya səyahətimizdə ən yaxın bələdçilərimizdir.

Təəssüf ki, son dövrlər  musiqi aləmində olan durğunluq heç kimə sirr deyil.Yaşadığımız günlərdə bayağı musiqinin baş alıb getməsi, musiqinin bir şou-biznes vasitəsinə çevrilməsi öz incəsənətinə, mədəniyyətinə laqeyd olmayan hər kəsi narahat etməkdədir. Lakin bütün bunlar səviyyəli, ciddi musiqiylə məşğul olan  istedadlı musiqiçilərin, xüsusən də gənclərin olduğunu inkar etmir. Bu gün haqqında söhbət açmaq istədiyimiz  çox məlahətli, ecazkar səsə malik musiqiçi, Prezident  təqaüdçüsü Leyla Muradzadə belə istedadlı gənclərimizdəndir.

Leyla Muradzadəni hələ uşaq yaşlarından, Bülbül adına orta-ixtisas musiqi məktəbində təhsil aldığı illərdən tanıyıram. Elə ilk günlərdən bu balaca qızcığaz öz istedadı, dərin düşüncə tərzi, maraqlı fikirləri, dünyagörüşü və zəngin daxili aləmiylə onu tanıyanların diqqətini cəlb edə bilmişdi. Günlər keçdikcə bu  kiçicik qızcığaz  gözlərimiz önündə böyüyür, inkişaf edirdi. Təbii ki, özüylə birlikdə onun fikirləri, düşüncələri, dünyaya baxışı da böyüyür, təkmilləşirdi. Hətta illər sonra aramızdakı çox böyük yaş fərqinə baxmayaraq Leyla  zamanla ən yaxın dostlarımdan birinə çevrildi. Leylanın özünə xas məziyyətlərindən ən başlıcası, təbii ki, onun çox gözəl, büllur kimi saf, füsunkar səsidir. Bu gənc qızın o qədər  gözəl, fərqli səs rəngi var ki, onu dinləyərkən  bu səs insanın ən dərin duyğularına qədər gedib çatır, adam bu səsin sehrilə əsrarəngiz bir aləmə düşür.

Musiqi təhsilinə Bülbül adına məktəbin xanəndəlik bölməsində, mərhum sənətkar Ağaxan Abdullayevin sinfində başlayan Leyla Muradzadə məktəbi bitirdikdən sonra əvvəlcə Milli Konservatoriyada, daha sonra isə Bakı Musiqi Akademiyasında təhsilini uğurla davam etdirib. O, akademiyada xor dirijorluğu ixtisasına yiyələnib.

Hələ məktəbliykən indiki Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın bədii rəhbəri olduğu Uşaq xor kapellasının tərkibində Heydər Əliyev Fondunun dəstəyilə təşkil edilmiş "Azərbaycanın xoşməramlı mələkləri" adlı Avropa turnesinə qatılan Leyla məhz bu silsilə konsertlərdən sonra Prezident təqaüdünə layiq görülüb və onun adı Azərbaycan Respublikası  Gənc İstedadlarının  "Qızıl kitabı" na salınıb. Leyla Muradzadə tələbəlik illərində  də öz kreativ təşəbbüslərilə akademiyada bir çox maraqlı layihələrlə çıxış edib, tələbə xor kollektivinin konsertlərinin, bir çox elmi və mədəni tədbir və konfransların iştirakçısı olub. O, 2013-cü ildə İnquşetiyada keçirilən "Qafqazda tələbə baharı" ("Studençeskaə Vesna na Kavkaze") beynəlxalq musiqi festivalının diplomantıdır.

Akademiyanı bitirdikdən sonra bir müddət Azərbaycan Dövlət Filarmoniyasının   Dövlət xor kapellasında (Bədii rəhbər Xalq artisti Gülbacı İmanova) çalışan Leyla, daha sonra  Dövlət Uşaq Filarmoniyasında Uşaq xor kollektivinin xormeysteri olaraq fəaliyyətə başlayıb. Sənətinə, işinə ürəkdən bağlı olan Leyla daima öz üzərində çalışır, öz təcrübəsini artıraraq inkişaf edir, ard-arda yüksək nailiyyətlər qazanır. Artıq o, müxtəlif yaddaqalan layihələrdə iştirak edərək həm bir vokal ifaçısı, həm də xormeyster kimi bir çox maraqlı işlərə imza atıb. Leyla Muradzadə Beynəlxalq Xor Musiqisi Federasiyasının (İFCM) nəşri olan "İnternational Choral Bulletin" dərgisində ilk azərbaycanlı xormeyster kimi ölkəmizin xor həyatı haqqında geniş və əhatəli məqalə ilə çıxış edib.

Əmək fəaliyyətiylə yanaşı, təhsilini də davam etdirən Leyla həm də Milli Konservatoriyanın doktorantıdır. O, "Azərbaycan Kapella xor musiqisində muğamın təcəssümü" mövzusunda  elmi iş üzərində çalışır.

Dediyimiz kimi, Leyla Muradzadə bir-birinin ardınca müxtəlif maraqlı layihələrlə bu illər ərzində musiqi aləmində öz sözünü deməyə çalışıb. O, 2019 -cu ildə  Azərbaycan Gənclər Fondunun dəstəyi ilə  "Yüksəl, ey Azərbaycan!" layihəsinə rəhbərlik edərək, uşaq və gənclərdən ibarət müxtəlif xor kollektivlərinin ifasında maraqlı musiqi albomu hazırlayıb. Qeyd edək ki, bu kollektivlərin bir neçəsini Leyla öz təşəbbüsü ilə, istedadlı uşaqları bir-bir müxtəlif musiqi məktəblərindən, siniflərdən  toplayaraq ərsəyə gətirib. Bu albomun əsas fərqli cəhətlərindən biri də ondadır ki, bu xor kollektivlərindən biri Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 5 saylı Respublika İnternat məktəbinin heç bir musiqi hazırlığı olmayan şagirdlərindən ibarət idi.

Bu gün müvəqqəti olaraq səhnə fəaliyyətindən müəyyən qədər uzaqlaşsa da, Leyla yenə maraqlı virtual musiqi müsabiqələrinə  qatılır, öz gözəl səsi, peşəkar ifası ilə Azərbaycan gəncliyini  layiqincə təmsil edir. Biz də öz növbəmizdə bu fəaliyyətində Leyla qızımıza uğurlar diləyir, onun məlahətli səsinin dünyanın ən mötəbər səhnələrindən eşidilməsini arzulayırıq.

 

 

 

 





21.04.2021    çap et  çap et