525.Az

Təhsildə Metodik Kabinetin fəaliyyəti: yeni tələblər və meyarlar


 

Təhsildə Metodik Kabinetin fəaliyyəti: <b style="color:red">yeni tələblər və meyarlar</b>

Tarixən, hər bir millətin mədəni tərəqqisi məktəb və təhsilverənlərlə bağlı olaraq cəmiyyətin, elmin, texnikanın inkişafında misilsiz rol oynayıb.

Bu, hazırda da prioritet sahə kimi daimi dövlətimizin diqqət mərkəzindədir. Çünki elm, təhsil, bilik xalqın yüksəliş və tərəqqisində mühüm yer tutur. Bunu Ulu öndərimiz Heydər Əliyevin "Təhsil millətin gələcəyidir", "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir" müdrik kəlamları da sübut edir. Məhz elə bunun nəticəsidir ki, son illərdə təhsil müəssisələrinə böyük diqqət və qayğı göstərilir. Respublikamızın paytaxt və bölgələrində yeni müasir standartlara cavab verən saysız-hesabsız tikilmiş, əsaslı təmir edilərək yenidən qurulmuş məktəb binaları və hər cür cihaz və avadanlıqlarla təchiz edilmiş labaratoriyalar, zəngin kitabxanalar buna əyani sübutdur. Bütün bunlar heç şübhəsiz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısının, yorulmaz fəaliyyətlərinin bariz təcəssümüdür.

Məktəblərimizdə təhsilin hərtərəfli inkişafı üçün lazımi şərait yaradılıb. İndi əsas və başlıca vəzifə bu şəraitdən maksimum dərəcədə yararlanaraq təlim-tərbiyə prosesində daha böyük nailiyyətlər qazanmaqdır. Çoxillik pedaqoji təcrübə və illərlə aparılan müşahidələr birmənalı şəkildə sübut edir ki, təhsildə daha yüksək müvəffəqiyyətlər qazanmaq üçün təlim-tərbiyə prosesinə kompleks yanaşılmalıdır. Ona görə bu kompleks yanaşmanın içərisində ilk öncə Təhsil Şöbəsində fəaliyyət göstərən metodik kabinet önəmli, xüsusi yer tutur. Bu, heç də təsadüfi xarakter daşımır. Buna görə metodik kabinet rəhbəri son dərəcə müasir elmi-nəzəri, pedaqoji, metodiki, psixoloji cəhətdən zəngin, mükəmməl biliyə yiyələnməklə böyük təcrübəyə malik olmalıdır. Eyni zamanda, bu tələb və meyarlar Təhsil Şöbəsində fəaliyyət göstərən bütün metodistlərə də şamildir. Hər bir sahədə olduğu kimi, metodik kabinetin də istər bugünkü, istərsə də gələcəkdə daha səmərəli fəaliyyət göstərməsi bilavasitə ona rəhbərlik edən şəxsdən çox asılıdır. Bu baxımdan o, Təhsil Şöbəsində əsas, aparıcı və başlıca şəxslərdən biri hesab edilir. Hər şeydən əvvəl onda düzgün idarəetmə qabiliyyəti yüksək səviyyədə olmalıdır. Axı, heç vaxt unutmaq olmaz ki, o, müəllimlər müəllimidir...

Metodik kabinetin hər zaman səmərəli, yüksək səviyyədə fəaliyyət göstərməsində ona rəhbərlik edən şəxsin iş planı və bu planda əks olunan işlərin yerli şərait nəzərə alınmaqla vaxtlı-vaxtında icra olunması mühüm əhəmiyyət kəsb edir. Ona görə metodik kabinet rəhbərinin fəaliyyət planında hər il görüləcək işlər müasir tələblər baxımından öz əksini tapmalıdır. Bu da bir məlum həqiqətdir ki, rayon metodik kabinetin fəaliyyətinin daha yüksək səviyyədə təşkil edilməsində məktəbdaxili və məktəblərarası metodiki formaların da böyük əhəmiyyəti vardır. Lakin çox təəssüf ki, bu metodiki formalar bəzən unudulur. Onlar əksər məktəblərdə formal xarakter daşıyır. Hansı ki, onlar (metodiki formalar) təhsilverənlərin tədqiqatçılıq, yaradıcılıq qabiliyyətlərinin inkişafına böyük təsir göstərir. Buna görə metodkabinetin yerlərdə fəaliyyət göstərən metodiki formaların fəaliyyətini yüksəltmək üçün yaxşı olar ki, onların (metodiki formaların) özlərinin "Metodika" adlı divar qəzeti fəaliyyət göstərsin. Bu formalarda dinlənilib bəyənilmiş metodiki mətnlər seçmə yolla həmin qəzetdə öz əksini tapsın. Bu da istər-istəməz təhsilverənlərdə müəyyən marağın yaranmasına səbəb olacaq. Göründüyü kimi, bu metodik formalar başda rayon metodkabineti olmaqla bu və ya digər dərəcədə bir-biri ilə sıx bağlıdır. Həmin metodik formaların vaxtlı-vaxtında tələb olunan səviyyədə təşkili, keçirilməsi həm məktələrdə metodiki xidmətlərin təkmilləşməsinə, həm də rayon metodik kabinetin fəaliyyətinin get-gedə yüksəlməsinə səbəb olar. Doğrudur, hazırda mövcud vəziyyət bütün dünyada əsrin bəlasına çevrilmiş koronavirus pandemiyasına görə hər bir yerdə, təşkilatlarda olduğu kimi, Təhsil Şöbəsində və tədris ocaqlarında toplantı keçirmək mümkün deyil. Lakin yaxşı olar ki, belə və digər mühüm tədbirlər topantı vasitəsilə deyil, onlayn yolu ilə ayda bir dəfə keçirilsin. Bu dinləmələrə əsas metodbirləşmə rəhbərlərinin, eləcə də məktəblərdə ayrı-ayrı fənlər üzrə yaradılmış metodbirləşmə üzvlərinin və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin qatılması vacibdir. Həmin dinləmələrin mövzuları təxminən aşağıdakı kimi olsa, zənnimcə, daha faydalı alınar: 1.Təhsilalanların çətin mənimsədikləri, qavradıqları mövzuların tədrisi; 2.Məktəblərdə açıq dərslərinin dinlənilməsi; 3.Məktəblərdə qabaqcıl təcrübənin öyrənilməsi və rayon daxilində yayılması; 4.Ulu öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və yeri gəldikcə ondan dərs prosesində, dərnək məşğələlərində  istifadə edilməsi; 5.Möhtərəm Prezidentimiz İlham Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi və yeri gəldikcə ondan dərs prosesində, dərnək məşğələlərində istifadə olunması...

 

Məktəblərdə metodistlərin apardıqları məqsədyönlü işlər də metodik kabinetin fəaliyyət dairəsinin genişlənməsində və onun gələcək fəaliyyətinin tərəqqisində yeni-yeni mütərəqqi ideyaların formalaşmasında az əhəmiyyət daşımır. Ona görə onlara nəzarət, tələbkarlıq, diqqət, qayğı daha güclü olmalıdır. Bu, olduqca çox faydalı və əsas şərtlərdən biridir. Bir şərtlə ki, gərək burada maksimum reallıq tam təmin edilə. Bunun üçün yaxşı olar ki, rayon metodkabinə rəhbəri hələlik pandemiya dövründə iki aydan bir onlayn yolu ilə metodistlərin, məktəb metodbirləşmə rəhbərlərinin və bu birləşmələrə rəhbərlik edən şəxslərin (təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin) hesabatlarını dinləsin. Onların hesabatlarında görünən zəif və yaxşı cəhətləri aşkar etsin və qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində öz faydalı tapşırıqlarını versin.

Beləliklə, metodik kabinetin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün yuxarıda qeyd edilənlərlə bərabər, bu cəhətlər də nəzərə alınmalıdır: Metodistləri, həmçinin, təhsilverənləri aidiyyəti üzrə qəzet və jurnallara (jurnallara əlavə edilən metodiki məcmuələr də daxil olmaqla) abunə yazdırmaq, onların internet şəbəkəsindən istidafə edilməsini daim diqqət mərkəzində saxlamaq; Metodkabinetdə ayrı-ayrı fənlər üzrə müasir tələblərə cavab verən zəngin əyani və təlimin digər texniki vasitələrindən ibarət mərkəzin yaradılması və bu mərkəzə rəhbərlik etməyi qabaqcıl metodistlərdən birinə həvalə edilməsi; Metodik kabinetdə informasiya, monitorinq mərkəzinin fəaliyyət göstərməsi və bu mərkəzə rəhbərlik etməyin qabaqcıl metodistlərdən birinə həvalə edilməsi və sair.

Bütün bunlar metodik kabinetin fəaliyyətində əhəmiyyətli rol oynaya bilər. Belə ki, yuxarıda qeyd etdiklərimiz nəinki məktəblərdə metodiki xidmətlərin təkmilləşdirilməsində, hətta təhsilverən və məktəb rəhbərlərinin fəaliyyətində də həlledici rola malikdir. Görkəmli təhsilşünas alimlərin - Ə.Ağayevin, A.Həsənovun müştərək yazdıqları "Pedaqogika" kitabında göstərdikləri kimi, "...problem məsələlərin müzakirə etmək, müəllimləri elm, metodika, pedaqogika və psixologiyanın yeni nailiyyətləri ilə tanış etmək vacibdir. Qabaqcıl təcrübə məktəblərində müəllimlərin müxtəlif mövzularda dərslərini dinləyir, müzakirə edir, yeni ədəbiyyatla tanış olur, təcrübə mübadiləsi aparırlar. Belə yaradıcı əməkdaşlıq yalnız müəllimlərin deyil, həm də məktəb rəhbərlərinin təkmilləşməsinə şərait yaradır". Məhz buna görə istər metodik kabinetin, istərsə də metodik formaların bir-biri ilə müştərək şəkildə yüksək səviyyədə fəaliyyət göstərməsi qarşıya qoyulmuş yeni tələb və meyarların, nəcib vəzifələrin həyata keçirilməsində kabinet başlıca yer tutur.

Ədalət HÜSEYNOV
Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti, qabaqcıl maarif xadimi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





21.04.2021    çap et  çap et