525.Az

"Xarici mahnıları ifa etmək mənim üçün çox rahatdır" - Müsahibə


 

AĞAMEHDİ MİRZƏYEV: "HƏM MUSİQİ, HƏM DƏ İDMANLA MƏŞĞUL OLURAM"

"Xarici mahnıları ifa etmək mənim üçün çox rahatdır" - <b style="color:red">Müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar

Rubrikamızın budəfəki qonağı Ağamehdi Mirzəyevi sosial şəbəkə istifadəçiləri, əsasən, gənclər yaxşı tanıyır, müasir, fərqli üslubda ifa etdiyi mahnılarını xüsusi maraqla dinləyirlər. Onun "Sonu yox" ifası izləyicilərinin diqqətini daha çox özünə cəlb edib.

Ağamehdi Mirzəyev Bakı şəhərində doğulub. 1996-cı ildə İncəsənət Gimnaziyasına daxil olub. Sonra Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. 2010-cu ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul olunub.

Ağamehdi Mirzəyevlə söhbəti təqdim edirik. 

***

- Sosial şəbəkələrlə tanışlığınız necə başladı?

- 2009-cu ildən sosial şəbəkələrdə aktivəm və izləyicilərimin qarşısına daima yeniliklə çıxmağa çalışıram.

- Musiqi istedadınız nə zaman üzə çıxdı?

- Musiqi istedadım 6 yaşımdan üzə çıxdı. Hazırda həm musiqiçi kimi, həm də idmançı kimi fəaliyyət göstərirəm.

- Ailədə sizdən başqa musiqiçi varmı?

- Atam və bacım zərb alətlərində ifa edirlər.  Bacım violonçel alətində də ifa edib.

- Sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısınız?

- Sosial şəbəkələrin imkanlarından çox razıyam. Çünki hazırda daha çox sosial mediada inkişaf etmək olur.

- İstedadı olmayan şəxslərin sosial şəbəkələrdə məşhurlaşmağı çox vaxt insanlar tərəfindən tənqidə tuş gəlir. Siz nə deyə bilərsiniz, istedadsız şəxslərin fenomen olması nə dərəcədə realdır?

- Əslində, insanlar daima öz üzərində çalışmalıdır. İnsanın yaxşı səsi olmasa da, başqa istedadı ola bilər. Səhnə performansı, ya da başqa hansısa bir çıxışla,  geyim stili ilə yadda qala bilər.

- Ən böyük arzunuz nədir?

- Ən böyük arzum zövqlü dinləyicilərimin daha çox olmasıdır.

- "Sonu yox" ifanız dinləyicilər tərəfindən çox bəyənildi. Hətta İctimai TV-nin efirində də həmin mahnıdan söz açmışdılar.  Bütün ifalarınız yaxşıdır, ancaq bu ifada fərqli bir ahəng, ritm var. Bu, həmin mahnıya daha çox diqqət ayırmağınızdan, musiqidən, yoxsa sözlərdən irəli gəlir?

- "Sonu yox" mahnısı ilk uğurlu mahnılarımdan biridir, bu mahnı uzun illərdir beynimdə var idi. Mahnının bu qədər sevilməsi sözsüz ki, musiqisinə görədir. Bu mahnıda sözlərdən daha çox musiqi rol oynayır.

- İfa tərziniz sözün yaxşı mənasında fərqlidir. İfa etdiyiniz janrı ümumiləşdirməli olsaq, bu hansı janra daha yaxındır?

- İfa etdiyim janrlar çoxdur, amma özümdə pop-funk və RnB janrını daha çox görürəm.

- Xarici dildə də kifayət qədər ifalarınız var. Ümumiyyətlə, xarici dilli ifalarda aksent baxımından hansısa çətinliklə üzləşirsiniz, yoxsa sizin üçün rahatdır?

- Çətinliklərim demək olar ki, yoxdur. Mənim üçün xarici dildə ifa etmək çox rahatdır. 

- Gələcəkdə xarici dildə hansısa ifanızı dünya miqyasında təqdim etmək kimi bir fikriniz varmı?

- Əlbəttə, bu çox gözəl fikirdir. Bu fikri gerçəkləşdirmək isə daha gözəldir.

Günel ABBAS

 





21.04.2021    çap et  çap et