525.Az

Xəstəlik təbii yolla müalicə oluna bilərsə... - Mütəxəssis rəyi


 

FİTOTERAPEVT ELNUR ELDAROĞLU: "SAĞLAM İNSANLARIN BAŞININ ÜSTÜNDƏ BİR TAC OLUR, ONU YALNIZ XƏSTƏLƏR GÖRÜR"

Xəstəlik təbii yolla müalicə oluna bilərsə... - <b style="color:red">Mütəxəssis rəyi </b>

Müsahibimiz "Apimed" Təbii Üsullar Mərkəzinin rəhbəri, tanınmış fitoterapevt Elnur Eldaroğludur. 

- İxtisasca daxili xəstəliklər üzrə mütəxəssisiniz. Bəs belə bir mərkəz qurmaq istəyi necə yarandı?

- Bəli, Azərbaycan Tibb Universitetinin məzunuyam. Hazırda daxili xəstəliklər üzrə mütəxəssisəm. Sahəm üzrə Ege, İstanbul Universitetlərində bilgilərimi artırmışam. Müasir tibblə yanaşı, alternativ tibb adlanan tibbi də öyrənməyə başlamışam. Bunun üçün uzun illər Türkiyə, Ukrayna, Çin, Rusiya, Almaniya kimi ölkələrdə işin dərinliklərini öyrənməyə başladım. Sanki bunun üçün bir yol aldım. Artıq on ildir ki, İnteqrativ tibb, yəni tamamlayıcı tibblə məşğulam. Dərman bitkiləri, arı və arı məhsulları üzrə də mütəxəssisəm. Hazırda Türkiyə apiterapiya (arı və arı məhsulları ilə bağlı ixtisas) Dərnəyinin Azərbaycan üzrə fəxri üzvüyəm.  Eyni zamanda Avropa Təbiət Elmləri Akademiyasının üzvüyəm. Həmçinin Türkiyə İstanbul Medikal Universitetinin Geleneksel ve Tamamlayıcı Tibb bölümünün (ənənəvi və inteqrativ) doktorantı və tədqiqatçısıyam. Mən akupunktur (iynə batırma) metodu ilə müalicəni Çində görmüşdüm, amma yaxşı öyrənə bilməmişdim. Çünki bunun üçün illər lazım idi. Qərara aldım ki, müasir tibblə yanaşı, bu tibblə də məşğul olan həmkarlarımı bir araya toplayaraq mərkəz təsis edim. Kadrlarımızın əksəriyyəti xaricdə təhsil almış, kurs keçib ixtisas artırmış həkimlərdir. Misal üçün, revmatoloq oynaq xəstəliyinə baxır, amma standart tibbin yanında arıbatırma da edir. Bu, üstün sayılır. Biz hər iki tibbin yaxşıları ilə müalicə aparırıq. Əgər bir xəstəlik təbii yolla müalicə oluna bilirsə, niyə də etməyək? Nə üçün insanlar dərman istifadə etsin? Ehtiyac olarsa, təbii ki, istifadə edirik. Tamamilə kəsib atmırıq. Nümunə üçün, şəkər xəstələrimizdə müalicə yanaşı gedir. Endokronoloq şəkəri salır, şəkərin verdiyi və yazılacaq dərmanın yan təsirlərini azaldaraq, işi kökündən həll etməyə çalışır. İndi təbii üsullarla müalicə dedikdə bir çox həkim və pasientlərin ağlına bizim "Apimed" mərkəzi gəlir.

- Ümumiyyətlə alternativ tibbə nələr daxildir və onun müalicəsi insanlara hansı dərəcədə faydalı ola bilir? 

- Əlbəttə ki, alternativ tibbin də müsbət və mənfi tərəfləri var. Bu, müasir tibdə də belədir. Bizə lazımdır ki, hər ikisinin yaxşı tərəflərini öyrənib, mənimsəyək. Bu tibbin metodları genişdir. Buraya fitoterapiya (dərman bitkilərilə müalicə), apiterapiya (arı ilə müalicə), hirudoterapiya (zəli ilə müalicə), küpə terapiya (hicama), dieotologiya, plazmaterapiya (insanın öz qanından istifadə etməklə oynağa yaxud saça yeridilməsi), homepatiya (zəiflədilmiş heyvan və bitki məhsullarının orqanizmdə istifadəsi) aiddir. Yanaşı olaraq, Tibet təbabəti - tibet üsulu masaj, moksaterapiya, akupunktura (iynəbatırma), ostepatiya, oynaq problemləri və s. aid etmək olar. Sadaladığım üsullar Azərbaycanda ən çox rast gəlinənlərdir. Bəzi ixtisaslı yöntəmlər var ki, onlar hamısı tamamlayıcı tibbə aiddir. Xüsusilə qeyd edim ki, alternativ deyil, inteqrativ tibb, yəni tamamlayıcı.  İnteqrativ tibb də belə bir şey var, misal üçün, pasientə 6 növ bitki ilə müalicə yazılıb. Ancaq bu bitkilərdən hansını digəri ilə eyni vaxta qəbul etmək olar-olmaz onu müəyyən edir. Dərmanların içlik vərəqəsi olduğu kimi, dərman bitkilərində də belədir. Hansı dərmanlar eyni vaxtda qəbul edilə bilər, yaxud dərman insanın bədən çəkisinə, xəstəliyinə uyğun dozada müəyyən edilibmi? Bütün bunları tənzimləyən sahə inteqrativ tibbdir.

Klinikanın adından bəlli olduğu kimi, əsasən apiterapiya ilə müalicə metodunu genişləndirmişik. Bu o deməkdir ki, arının zəhərindən tutmuş, yeşiyinin havası, propolis, çiçək tozu, arı südü, mum güvəsi, balı və s.  bunlarda  istifadə edərək insanları müalicə etmək. Artıq bir il yarımdır burada fəaliyyət göstəririk. Bu kimi mərkəzlər təkcə bizdə deyil, dünyanın bir çox ölkəsində geniş fəaliyyət göstərir.

Açıq deyim ki, dünya tibbi işi kökündən həll etmək istəmir. Çünki dərman bazarı hər zaman biznes kimi daha maraqlı olub. Ona görə də, İbn Sinanın dediyi kimi, əksər xəstəliyimizin müalicəsi ayaqlarımızın altındadır. O, bitkiləri nəzərdə tutur. Şükür Allaha ki, Azərbaycanda da olmayan dərman bitkisi yoxdur. Mən çox tədqiqat aparıram. Hətta bəzi ədəbiyyatlarda qeyd edilir ki, bizdə ənginar bitkisi bitmir. Ancaq mən Cəlilabadda əkdim və bitti. Yaxud götürək qulançar bitkisi. İndi əsl vaxtıdır, niyə insanlar onun faydalarını bilməməlidir. Alaqanqalın gövdəsi bağırsaqlar, toxumu qara ciyər üçün möhtəşəm vasitədir. Fəsli gəldikcə bunlardan istifadə etmək lazımdır. Yəni təbiəti bir az daha çox araşdırmalıyıq, çünki bilmədiyimiz çox  faydalı tərəfləri var. Təbiəti sökmədən istifadəni bacarmalıyıq. Bir canlı yaradılış kimi hər şeyin təbii, canlısından istifadə edə bilərik, nəinki süni və modernləşdirilmişlərindən.

- Təbii üsullarla müalicə müasir tibbi, yəni dərman müalicəsini bütünlükdə əvəz edə bilərmi?

- Onsuzda tibdə çox gözəl irəliləyən müasir cərrahiyyələri və invaziv radiologiyanı çıxmaq şərtilə belə də böyük irəliləyiş olmadı. Əksər xəstəliklərin müalicəsində dərmanlar eyni istiqamətdə gedir. Biz də çalışırıq ki, onlara çox meyilli olmayaq və uzun müddət dərmanlardan istifadə etməyək. Məsələn, miqren, onurğa kimi problemləri olan xəstələrlə Tibet təbabəti üzrə həkimlərimiz məşğul olur. Bizim klinikada təbii kosmetologiya sahəsi də fəaliyyət göstərir. Burada qədim reseptlər üzərində yenidən işləyib onları müasirləşdiririk. Daha sonra bu təbii qarışımlar insanların qocalmasının, qırışlarının qarşısının alınmasında istifadə edilir. Əlavə olaraq bizdə psixoterapiya, dietologiya bölmələri fəaliyyət göstərir. İlkin diaqnoz üçün müasir laboratoriyamız, ultrasəs (USM), dopler müayinəmiz var. İmplantoloq, stomatologiyanın ayrı-ayrı sahələri fəaliyyət göstərir. Misal üçün ağız yaxalayıcı kimi bitki və arı məhsulundan istifadə edirik. İmplant əkiləcəksə, nələr istifadə olunacaq və s. müştərək şəkildə birləşdirmişik. Çünki bizə görə insanı bütöv müalicə etmək lazımdır. Əgər xəstənin böyrəyi, sinəsi, qarnı, ayağı ağrıyırsa, psixoloji problemləri çox ola bilər və s. Bir orqan ağrıyanda o demək deyil ki, xəstə həmin orqandır, yox. Ona görə də, xəstə haqqında geniş öyrənirik, uşaq vaxtı keçirdiyi xəstəlikdən, ailəsindəki xəstəlikləri, yaşadığı mühitə qədər və s. hər şeyi bilmək vacibdir. Düzgün diaqnoz qoymaq ilkin şərtdir. Düzgün diaqnoz müalicənin yarısıdır. 

- Elmi fəaliyyətiniz və fitoterapevt kimi araşdırmalarınız xarici mətbuatda işıqlandırılırmı?

 - Mən hər zaman, elə indi də daima öyrənir, yeni biliklər artırıram. Daha çox təbii üsullar üzrə tədqiqatlar aparıram. Bəli, əsasən elmi jurnallarda məqalələrim nəşr edilir. Bu ilin yanvarında Amerikada önəmli bir elmi jurnalda məqaləm çap edildi. Demək ki, arı məhsulu olan "Hepbal" məcunu hazırlamışam. Bu məhsul haqqında iki il öncə Türkiyədə çıxışımda olmuşdu. 4 ildən çox idi ki, üzərində işləyirdim. Daha sonra təklif olduğu üçün məqalə halına gətirdim. Burada Azərbaycan üçün də önəmi cümlələr vardı. Belə ki, məcnunun içindəki arı propolisi Azərbaycan propolisi, balı adı ilə qeyd etmişəm. Çünki ölkəmizdə arı məhsulları həqiqətən çox keyfiyyətlidir, istəyirəm hamı bilsin ki, Vətənimiz necə zəngindir. Təbii ki, hər kəs öz sahəsində Vətəni üçün bir şeylər etmək istəyir, çalışır. Hesab edirəm bizdəki arı məhsullarından hələ çox yazmaq lazımdır.

- Təbii üsullarla müalicə olunan şəxslərdə ən çox  hansı suallar yaranır?

 - Xəstələrin əksəriyyətində təbii üsullardan daha tez effekt almaq istəyi olur. Ən çox sual da bu yöndə yaranır. Misal üçün neçə dəfə istifadədən sonra effekt verəcək? Yaxud bir dəfə içdim, amma təsiri yoxdur. Bu çox zaman mümkün olmur.  İnanın, Çin, Türkiyə, hətta Almaniyada da bu belədir. Xəstəliklərin çoxu xronikidir. Altı il mədəsindən əziyyət çəkən xəstə altı günə sağala bilməz. Bəzən buna görə insanlar çox həkim gəzməyə meyilli olurlar. Bu yalnış metoddur və effekt vermir. Bütün həkimlərin xəstəliyə öz yanaşma metodu var. O demək deyil ki, onun yanaşması yalnışdır. Bizim üçün önəmli olan bir prinsipimiz var, öncə zərər vermə. Latınca buna  "primum non nocere" deyilir. Mərkəzi yaratmaqda məqsədim, hamı xəstə olub gəlsin deyil, hamı xəstələnməsin deyə gəlsin olub. Xəstələndikdən sonra problemlər çoxalır, lakin dünya profilaktikaya gəlib çıxacaq. Profilaktik tədbirlərimizi görsək, koronavirus da, digər xəstəliklər də tutmarıq, irsimizdə olan xəstəliklərdən xəbərimiz olar və onu gəncləşdirmərik. Çox təəssüf edirəm ki, qida, çirkli hava və  yalnış həyat tərzimizin hesabına xəstəliklər gəncləşir. Uzun müddətli müalicələr isə insanı yorur. İnsanlar həkimdən, dərmandan bezir. Bədəni qida, dərman və bitki ilə doldurmaq olmaz. Bizim heç birimiz tam sağlam deyilik, nisbi sağlamıq. Xəstə olmadan sağlamlığımızın mahiyyətinə varmırıq, profilaktik tədbir görmürük.

Afaq RZA

 





21.04.2021    çap et  çap et