Əhalisinin sayına görə dünyada ən çox koronavirus peyvəndinin həyata keçirildiyi İsraildə həyat normallaşır.
525.az xəbər verir ki, ölkədə yoluxma sayı əhaliyə nisbətdə çox olsa da, vaksinasiya nəticəsində vəziyyət müsbətə doğru dəyişib. Belə ki, yanvar ayında günlük 10 min olan yoluxma sayı son günlərdə 200-dən aşağı düşüb. Bu da İsrail xəstəxanaları və səhiyyə işçilərinin üzərindəki yükü əhəmiyyətli dərəcədə azaldıb.
Bildirilir ki, 16 yaşdan yuxarı insanların 81 faizi peyvənd edilib. İsrail Səhiyyə Nazirliyinin məlumatlarına görə, “Pfizer-BioNTech” şirkətinin istehsalı olan COVID-19 peyvəndinin istifadə olunduğu ölkədə 5 milyon 356 min adama ilkin doza, 4 milyon 984 min nəfərə isə ikinci doza vaksin vurulub.
Artıq İsraildə karantin tədbirləri 21 fevral tarixindən etibarən yumşaldılmağa başladılıb. Bu çərçivədə ölkədə keçən aydan etibarən kafe və restoranların fəaliyyətinə icazə verilib, məktəblərdə ənənəvi təhsil bərpa edilib. Yumşalma çərçivəsində 18 apreldən etibarən açıq ərazilərdə maska taxmaq məcburiyyəti ləğv edilsə də, qapalı məkanlarda bu qayda davam edir.
Firuzə Əliyeva