525.Az

Saniyələr haqqında çaparaq yazdıqlarım - Əlisəfdər Hüseynov


 

Saniyələr haqqında çaparaq yazdıqlarım - <b style="color:red">Əlisəfdər Hüseynov </b>

1 

Bu yaxınlarda unudulmaz bəstəkarımız Xəyyam Mirzəzadə haqqında sənədli filmə tamaşa edərkən şahidi olduğum bir epizod sözün yaxşı mənasında məni həm təəccübləndirdi, həm də heyrətləndirdi.

Deməli, səhnədə bəstəkarın hansısa əsərinin məşqi gedirdi. Xəyyam müəllim də partituranı səhnənin qırağına qoyub özü tamaşa zalında ayaq üstə dayanaraq notlara baxa-baxa doğulmaq ərəfəsində olan əsərinin ifasını korrektə edirdi. Notlardan birinin klarnetdə səslənmə tərzi bəstəkarı heç cür razı salmırdı. Bəstəkar müəllif kimi öz təlimatını verir, ifaçı isə onun nə istədiyini başa düşmədiyindən bu istəyi reallaşdıra bilmirdi...

Axırda Xəyyam müəllim dedi:

- Elə et ki, sanki bu notu səslənməsi ilə bir yerdə götürüb partituradan qırağa atırsan, kənara tullayırsan (!!!)

Və çox maraqlıdır ki, ifaçı dərhal bəstəkarın nə dediyini başa düşdü və deyiləni yerinə yetirdi.

Mən bu epizodun sehrində F.Əmirovun "Azərbaycan kapriççiosu" əsərinin ifasına həsr olunmuş film-konsertdə orkestrə dirijorluq edən Niyazinin (xahiş edirəm, bu adları növbəti dəfə çəkdiyimə görə məni qınamayasınız) bir jestini xatırladım - ifanın ən şirin yerində maestro səslənəcək melodiyanı sol əlinin qeyri-adi hərəkəti ilə sanki havada kiminsə (?!) əlindən qoparıb öz qarşısına - dirijor pultunun üstünə "atırdı".

1-2 saniyə davam edən bu epizod möhtəşəm idi!

İndi özünüz məşq prosesində bu əsərin melodiyalarını göydən yerə endirmək üçün maestronun nə qədər əziyyət çəkdiyini təsəvvürünüzə gətirin!

Not kağızları üzərində qəlyan şəklinə oxşayan işarələrdən ibarət simfonik əsərlərə min bir əziyyətlə bax belə nəfəs, can verilir...

2

Neçə vaxt idi Qədir Rüstəmovun özünəməxsus bir tərzdə oxuduğu "Çahargah" dəstgahında cəmi 5 saniyə davam edən bir zəngulənin - "Mənsuriyyə"yə keçid məqamının sehrində çaşıb qalmışdım. Bilirdim ki, bu zəngulənin gözəlliyi barədə nə isə bir söz deməliyəm, onun sözlə təsvir variantını tapmalıyam. Amma əzab çəkə-çəkə, acizliyimə acıya- acıya qalmışdım...

Nəhayət, bir gün yuxuda axtardığımı tapdım, daha doğrusu, demək istədiklərimi gördüm. Mənim gördüklərimi siz də görməyə çalışın:

...Cavan, yaraşıqlı, subay bir oğlan ucsuz- bucaqsız səhrada azıb tək qalıb. Susuzluqdan ciyəri yanır, amma bilə-bilə ki, bu səhrada su tapmaq mümkün deyil, yenə də axtarır, ...axtarır, ...axtarır...

Nəhayət, ümidi hər yerdən kəsilir, taqətsiz halda yerə çökür, artıq ölüm kölgəsi çökmüş üzünü göyə tutub titrək səslə deyir:

- Mənə niyə belə bir ucuz ölüm bəxş etdin, İlahi? Günahım nə idi?

...Və elə o andaca möcüzə baş verir - oğlanın düz qarşısında yer titrəyir və ardınca suyu göz yaşı kimi dupduru bir bulaq fəvvarə vurur...

Məncə, 5 saniyəlik o zəngulə bax bu anın - Allahın mümkünsüzü mümkünə çevirdiyi məqamın təntənəsidir, onun səs obrazıdır.

Allah sənə rəhmət eləsin, Qədir kişi!

3

Kinoaktyor və rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) bir dəfə televiziya ilə çıxışında dedi ki, Həsən Məmmədov bütün zamanlarda Azərbaycan kinosunun 1 nömrəli aktyorudur. Düzü, mən aktyorları populyarlığına görə nömrələməyin tərəfdarı deyiləm. Amma kinomuzun yeni obrazlarla zənginləşməsində, kino aktyorluğu məktəbimizin yeni mərhələyə daxil olmasında Həsən müəllimin xidmətləri əvəzsizdir. Və xoşbəxtəm ki, mənim ilk kitabım bu möhtəşəm sənətkarın, son dərəcə sadə insanın həyat və yaradıcılığına həsr olunub ("Həsən Məmmədov". "İşıq" nəşriyyatı, 1991).

Bu yazıda isə kinomuzun uğurlarından olan "Axırıncı aşırım" filmindən kiçik bir epizod, həmin epizodda Həsən müəllimin aktyorluq məharətinin parlaq ifadəsi olan 6 saniyəlik bir fraqment haqqında danışacam.

Epizodun dramaturji quruluşu belədir: Düşmən zonasında kəndli Səmədin evində gecələyən Abbasqulu bəy (H.Məmmədov), Xəlil (H.Turabov) və Talıbov (H.Xanızadə) təzəcə yuxuya gedirlər ki, qəfildən küçə qapısı bərk-bərk döyülür. Xəlil və Talıbov dərhal ayağa qalxırlar, Abbasqulu bəy isə dikəlib yerində oturur. Qəmlonun "Səməd, ay Səməd! Ə, ölmüsən?"  hayqırtısından sonra epizoddakı gərginlik pik həddinə çatır - Xəlil neft lampasının işığını artırır, köynəyini geyinməyə macal tapmamış Talıbov isə əlini cibinə salıb naqanını axtarır və qapının dalına keçir. Küçə qapısı isə dayanmadan döyülür. Hamı Abbasqulu bəyin qərarını gözləyir, o isə tələsmir, kitelinin son düyməsini bağlayır və üzünün cizgilərindən, baxışlarından oxunur ki, soyuqqanlığına baxmayaraq, o da azca karıxıb, ani olaraq ürəyində hansı qərara gəlməyin, bu qeyri-müəyyən vəziyyətdə nə etməyin yolları barədə götür-qoy edir... Və nəhayət, həmin o 6 saniyəlik görüntü və aktyorun misilsiz bir ustalıqla etdiyi jest - o, sağ əlini papağına uzadıb onu götürür, sol əli ilə sığallayır və qəfildən bu papaqdan bütün ruhuna axan, yaddaşını silkələyən, ona ikiqat cəsarət, inam daşıyan qətiyyətli səslə deyir: "Get aç qapını!"

Deyə bilərsiz ki, nə olsun, adi epizoddur da. Amma yox! Diqqət versək, görərik ki, papaqla aktyor arasında gedən bu 6 saniyəlik səssiz dialoqun son akkordu - bəyin dilində artıq səsə çevrilən "Get aç qapını" sözləri əslində, papağın hökmüdür, əmridir. Cansız əşya - papaq aktyorun ustalığı sayəsində sanki cana gəlib danışır   və aktyor bunu bəlkə də şüuraltı şəkildə o qədər ustalıq və incəliklə rəsm edir ki, növbəti epizodda - səsindən, baxışlarından qan iyi gələn Qəmlo ilə üz-üzə gəldiyi səhnədə onun öz kəskin baxışları, zəhmi ilə rəqibini həqiqətən sarsıdacağına, hətta 1-2 addım geri atacağına cani-dildən inanırsan.

Əlbəttə, bu səhnəni başqa mizankadrla da həll etmək olardı - məsələn, Abbasqulu bəy papağı götürüb dərhal başına qoyar, sonra da sözünü deyərdi. Amma gəlin razılaşaq ki, onda papaq heç bir işarəvilik funksiyası daşımaz, səhnə solğun alınardı. Çünki filmdə hər şey, hətta personajın geyimi, saç düzümü də hansısa bir məna daşımalı, müəyyən bir informasiya ötürməlidir.

H.Məmmədov Azərbaycan kinosunda səssiz monoloqun ən mahir ustası idi. Bu filmdə isə kinomuza səssiz dialoqun da möhtəşəm bir nümunəsini bəxş etdi - cəmi 6 saniyəlik dublla.

...Bu film televiziya ilə növbəti dəfə nümayiş olunduğu günün səhəri, kinostudiyanın buraxılış məntəqəsindən Həsən müəllimə zəng edirlər ki, rayondan gəlmiş bir kişi təcili sizi istəyir. Həsən müəllim qapıya gəlir, görür orta yaşlı bir kişidir, yanında da 9-10 yaşlı, çox güman ki, ağlamaqdan gözləri qızarmış bir uşaq. Kişi utana-utana deyir:

- Həsən müəllim, siz Allah bağışlayın, başqa yolum qalmadı. Axşam filmə baxırdıq, Qəmlo siz oynadığınız Abbasqulu bəyi öldürdüyü yerə çatanda bu uşaq dəhşətlə qışqırıb başladı ağlamağa ki, bəs Bəxtiyar əmini ("Yeddi oğul..."dakı Bəxtiyar nəzərdə tutulur - Ə.H.) niyə öldürdülər? Səhərə kimi ağlayıb, kiridə bilməmişik. Əlacsız qalıb gətirdim bura ki, sizi görsün, bilsin ki, sağsınız.

Həsən müəllim uşağın saçlarını sığallayır, əlindən yapışıb içəri - fotoatelyeyə aparır, şəkillərini avtoqraf ilə ona bağışlayır və uşağa deyir ki, biz də adi insanlarıq, bala. Filmlərdə tez-tez ölməyimizə baxma. Vaxt gələndə biz də bir dəfə, hamı kimi birdəfəlik həyatdan köçürük...

Həsən müəllim 2003-cü ildə bu dünyadan köçdü, amma birdəfəlik yox, çünki hər dəfə çəkildiyi filmlər nümayiş olunanda yenidən doğulur.

P.S. Uşaq əhvalatını mənə Həsən müəllim özü danışmışdı.

4

Biz hər gün mütaliə edirik, filmlərə, şəkillərə baxırıq, musiqiyə qulaq asırıq. Çox vaxt ağlımıza gəlmir ki, bu əsərlərdə - əlbəttə, istedadla yaradılıbsa - hansısa bir "şah" epizod, "şah" kadr, "şah" melodiya var və müəllif bütün əsərin sxemini, auditoriyaya çatdırmaq istədiklərini məhz həmin o kiçik detallarda fokuslaşdırıb. Bu detalları mən şərti olaraq əsərin "doqquzluğu" adlandırardım. Oxuduğunuz romanları, baxdığınız filmləri, dinlədiyiniz simfoniyaları bu deyilənlər kontekstində bir də yada salsanız, mənimlə razılaşarsınız

Bu mənada, fikrimcə, "İstintaq" filmində heç də hamının hədəfə götürə bilmədiyi "doqquzluq" filmin sonlarına yaxın  müstəntiq Seyfinin müttəhim Muradla son görüş səhnəsindəki psixoloji "döyüş" epizodudur. Muradı prosedur qaydada istintaq hərəkətləri ilə həqiqəti deməyə məcbur edə bilməyən Seyfi son şansa üz tutur, onu bilavasitə kişilik ləyaqətinə, namusuna dəxli olan iyrənc həqiqətlə sarsıtmaq qərarına gəlir, kimliyini israrla gizlətməyə çalışdığı "dostunun" onun namusuna təcavüzünü sübut edən fotoları masanın üstündə atır - "Bax, gör sən kimi müdafiə edirsən?"

Sonrakı kadrları sözlə təsvir etmək çətindir - onları gözlə görmək, ürəyinlə duymaq və qulaqlarınla eşitmək (?) lazımdır. Çünki bu kadrlarda rejissor Rasim Ocaqovun ustalığı, aktyorların məharəti və Səməndər Rzayevin səsi biz tamaşaçılarla bərabər, nəhayət ki, Muradı da bu inadkarlığın yersizliyinə inandıra bilir, həmişə acı olan həqiqət anı bütün çılpaqlığı və amansızlığı ilə gözlərimiz qarşısında əyaniləşir.

Rejissor çox haqlı olaraq bu epizodu bir dublla lentə almayıb, onu montaj üsulu ilə fazalara bölərək təqdim edib - hər fazada da palitra üzərindəki rənglər kimi bir rəng, bir çalar - həqiqət naminə gah yalvarış, xahiş, gah da əmr, hökm. Və Seyfini səsləndirən S.Rzayev bu çalarları öz səsi ilə elə bir ustalıqla rəsm edir ki, tamaşaçı özünü unudur, ekranı yarıb həmin o məkana daxil olmaq, Seyfinin "Odur?" hayqırtısını onunla birlikdə təkrar edə-edə bu hayqırtını xor səsinə çevirmək istəyir. Çünki bu səhnədə Seyfinin - Səməndər Rzayevin səsi bütün qeyrətli, vicdanlı azərbaycanlıların səsidir.

Seyfi bu səhnədə artıq müstəntiq deyil, Azərbaycanın bütün qeyrətli, vicdanlı insanları, Səməndərin səsi isə - bu insanların səs obrazıdır...

Türk-erməni münasibətləri professor Əhməd Cəfəroğlunun gözü ilə

Əslən gəncəli olan İstanbul Universitetinin professoru Əhməd Cəfəroğlu (1899-1975) Azərbaycan Xalq Cümhuriyyətinin dövründə 1918-ci ildə Bakını düşmən işğalından azad edən Nuru paşanın ordusunun zabiti  olmuş, bolşeviklər Bakıda dövlət çevrilişi etdikdən sonra mühacirətə yollanmış, Türkiyədən sığınacaq almışdı. O, İstanbul universitetini əla qiymətlərlə bitirmiş, universitetdə saxlanılmış, doktorantura təhsili almaq üçün Almaniyaya göndərilmiş, burada alman türkologiyası məktəbinin təcrübəsini öyrənmiş, dərin biliklərə yiyələnmişdi. Bu təhsildən sonra o, dosent elmi adı ilə İstanbul universitetində fəaliyyətə başlayıb. 1946-cı ildən ömrünün sonuna qədər bu universitetdə türkologiya kafedrasına rəhbərlik edib, neçə nəsil türkoloqların yetişməsində böyük xidmət göstərib. O, Türkiyə türkologiyasında onomastika və dialektologiya sahələrinin qurucusu kimi bu gün də xatırlanmaqdadır. O zamanlar ali məktəb müəllimlərinə Türkiyədə siyasətlə məşğul olmaq yasaq edilmişdi. Həmin dövrdə ermənilər böyük dövlətlərin himayəsi ilə Türkiyədə və beynəlxalq aləmdə guya 1915-ci ildə türklərin erməniləri soyqırım etməsi yalanlarını uyduraraq təbliğ edirdilər. Professor Əhməd Cəfəroğlu erməni daşnaklarının riyakarlığını, iç üzünü dərindən bildiyi üçün bu olaylara seyrçi qala bilməmiş, aprel ayında ermənilərin 24 apreldə ermənilərin guya türklərin onları soyqırıma uğratmasına aid qırmızı yalanlar uydurub beynəlxalq ictimaiyyəti türklərə qarşı qaldırmaq istədiyi vaxt görkəmli türkoloq bu mövzuda məqalə yazmaq, tarixi gerçəkləri oxuculara təqdim etmək qərarına gəlmişdi. Ona görə də o, 1965-ci ilin aprel ayında erməni daşnaklarının riyakarlığını ifşa edən bu məqaləni İstanbul mətbuatında nəşr etdirib. Ali məktəb müəllimi olduğu üçün bu məqaləni Dr.Ahmet Muhtar imzası ilə təqdim edib. Bu məqalədə Qafqazda və Anadoluda böyük vəhşiliklər törətmiş, özlərini dünyaya əzabkeş millət donunda təqdim edən ermənilərin  1905-ci ildən türklərlə başladığı düşmənçiliyin fəlsəfəsini açmağa çalışıb. Azərbaycan ordusunun 44 günlük II Qarabağ müharibəsində qazandığı parlaq qələbə də bu münaqişənin tarixi kökləri olduğunu göstərir. Professor Ə.Cəfəroğlunun qeyd etdiyi kimi, insanlığın düşməni ermənilərin iblisanə sifətləri beynəlxalq aləmə burada bir daha faktlarla təqdim edilir. Müəllifin qənaəti bundan ibarətdir ki, erməni şovinistlərinin gözündə Azərbaycan və Türkiyə bir xalqdır. 44 günlük II Qarabağ müharibəsi də sübut etdi ki, professor Ə.Cəfəroğlu tam haqlıdır, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Qarabağ torpağında dəhşətlər törətmiş xain ermənilərin  insanlığa zidd əməllərinin beynəlxalq aləmdə açılıb göstərildiyi, ifşa edildiyi indiki hadisələrlə çox yaxından səsləşdiyinə görə Ə.Cəfəroğlunun təxminən 60 il əvvəl Türkiyə mətbuatında işıq üzü görmüş maraqlı məqaləsini hörmətli oxuculara təqdim etməyi məqsədəuyğun bildim.

 





22.04.2021    çap et  çap et