525.Az

Türk-erməni münasibətləri professor Əhməd Cəfəroğlunun gözü ilə


 

Türk-erməni münasibətləri professor Əhməd Cəfəroğlunun gözü ilə<b style="color:red"></b>

Əslən gəncəli olan İstanbul Universitetinin professoru Əhməd Cəfəroğlu (1899-1975) Azərbaycan Xalq Cümhuriyyətinin dövründə 1918-ci ildə Bakını düşmən işğalından azad edən Nuru paşanın ordusunun zabiti  olmuş, bolşeviklər Bakıda dövlət çevrilişi etdikdən sonra mühacirətə yollanmış, Türkiyədən sığınacaq almışdı.

O, İstanbul universitetini əla qiymətlərlə bitirmiş, universitetdə saxlanılmış, doktorantura təhsili almaq üçün Almaniyaya göndərilmiş, burada alman türkologiyası məktəbinin təcrübəsini öyrənmiş, dərin biliklərə yiyələnmişdi. Bu təhsildən sonra o, dosent elmi adı ilə İstanbul universitetində fəaliyyətə başlayıb. 1946-cı ildən ömrünün sonuna qədər bu universitetdə türkologiya kafedrasına rəhbərlik edib, neçə nəsil türkoloqların yetişməsində böyük xidmət göstərib. O, Türkiyə türkologiyasında onomastika və dialektologiya sahələrinin qurucusu kimi bu gün də xatırlanmaqdadır. O zamanlar ali məktəb müəllimlərinə Türkiyədə siyasətlə məşğul olmaq yasaq edilmişdi. Həmin dövrdə ermənilər böyük dövlətlərin himayəsi ilə Türkiyədə və beynəlxalq aləmdə guya 1915-ci ildə türklərin erməniləri soyqırım etməsi yalanlarını uyduraraq təbliğ edirdilər. Professor Əhməd Cəfəroğlu erməni daşnaklarının riyakarlığını, iç üzünü dərindən bildiyi üçün bu olaylara seyrçi qala bilməmiş, aprel ayında ermənilərin 24 apreldə ermənilərin guya türklərin onları soyqırıma uğratmasına aid qırmızı yalanlar uydurub beynəlxalq ictimaiyyəti türklərə qarşı qaldırmaq istədiyi vaxt görkəmli türkoloq bu mövzuda məqalə yazmaq, tarixi gerçəkləri oxuculara təqdim etmək qərarına gəlmişdi. Ona görə də o, 1965-ci ilin aprel ayında erməni daşnaklarının riyakarlığını ifşa edən bu məqaləni İstanbul mətbuatında nəşr etdirib. Ali məktəb müəllimi olduğu üçün bu məqaləni Dr.Ahmet Muhtar imzası ilə təqdim edib. Bu məqalədə Qafqazda və Anadoluda böyük vəhşiliklər törətmiş, özlərini dünyaya əzabkeş millət donunda təqdim edən ermənilərin  1905-ci ildən türklərlə başladığı düşmənçiliyin fəlsəfəsini açmağa çalışıb. Azərbaycan ordusunun 44 günlük II Qarabağ müharibəsində qazandığı parlaq qələbə də bu münaqişənin tarixi kökləri olduğunu göstərir. Professor Ə.Cəfəroğlunun qeyd etdiyi kimi, insanlığın düşməni ermənilərin iblisanə sifətləri beynəlxalq aləmə burada bir daha faktlarla təqdim edilir. Müəllifin qənaəti bundan ibarətdir ki, erməni şovinistlərinin gözündə Azərbaycan və Türkiyə bir xalqdır. 44 günlük II Qarabağ müharibəsi də sübut etdi ki, professor Ə.Cəfəroğlu tam haqlıdır, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Qarabağ torpağında dəhşətlər törətmiş xain ermənilərin  insanlığa zidd əməllərinin beynəlxalq aləmdə açılıb göstərildiyi, ifşa edildiyi indiki hadisələrlə çox yaxından səsləşdiyinə görə Ə.Cəfəroğlunun təxminən 60 il əvvəl Türkiyə mətbuatında işıq üzü görmüş maraqlı məqaləsini hörmətli oxuculara təqdim etməyi məqsədəuyğun bildim.          

Əbülfəz Quliyev: Biz qalib gələcəyik | "Nuhçıxan" İnformasiya Agentliyi

Əbülfəz QULİYEV  
AMEA-nın müxbir üzvü
                                          

***

"Hayes - Turkes?"

ERMƏNİLƏR TƏRƏFİNDƏN TÖRƏDİLƏN TÜRK QƏTLİAMININ 60-cı İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ  

Doktor Əhməd MUXTAR

(Əhməd CƏFƏROĞLU)

Bundan tam 60 il öncə, 1905-ci ilin yaz günlərindən birində, Qafqazda türk və erməni xalqlarını, içdən sarsan müdhiş bir türk soyqırımı baş vermişdir. Qətliamın türk və erməni camaatlarının yaşadıqları bütün kənd, şəhər və qəsəbələrdə, eyni anda və saatda başlaması, bu qanlı erməni təxribatının tərtibli, fəqət doğru hesablanmamış bir məqsədi güdməkdə olduğuna şübhə yeri qoymur. Bu da Rusiyanın keçirməkdə olduğu ağır sancılardan istifadə edərək, onlar tərəfindən  azəri türklərini qətliamla zəif salmaq, eyni zamanda, məğlub Rusiyanın gözünə girmək surəti ilə kilsə və xristianlıq pərdəsi altında ermənilərə, yeni imtiyazlar təmin etmək idi. Fəqət Qafqaz millətləri tarixinə "bunt"  - üsyan adı ilə daxil olan bu məşhur "erməni - türk qətliamı", azəri türklərinin gözlənilmədən parlaq bir zəfəri ilə nəticələnincə, istər -istəməz, erməni camaatı təhrikçiləri, bu səfər də Daşnak partiyasının qanadı altında, tərtiblədikləri faciənin cavabdehliyini, başda ruslar olmaq üzərə, digər millətlərə yükləməyə çalışmışdırlar.

Guya erməni milləti bu işdən xəbərsizdir və məsumdur. Aranı qarışdıran və millətləri bir-birinin üzərinə qaldıran isə, daim rus idarəsidir. Çünki sarsılan Rusiya ancaq bu yolla əski şan-şöhrətini əldə edə bilərdi. Boş və uşaq qandırırcasına irəli sürülən bu, sadəlövh olduğu qədər, xainlik ruhunu daşıyan müdafiə sərsəmləməsinə, əlbəttə, kimsə qulaq asacaq deyildir. Qaldı ki, işə yeni başlayan və özünə qanlı fəaliyyət yolu açan daşnak partiyası, təhrikçiləri vasitəsilə "qətliamı" erməni xalqı arasında isti-isti yaymaq və yaşatmaqda əzimli idi. Xüsusilə ki təşkil olunan ilk qətliamın  faciəvi nəticəsi, ermənilər arasında müəzzəm bir narazılıq doğurmuş daşnak partiyası lehinə ola biləcək heç bir şey buraxmamışdı. Onların əsas məqsədi partiya tərəfdarları vasitəsi ilə türk qətliamını əl altından qızışdırmaq, yeri gəlincə gizlicə "Hayes"ə "Turkes"i qətl etdirməkdi. Məhz bu, Qafqaz türk xalqlarının qulaqlarından getməyən mənhus "Hayes - Turkes", yəni "ermənisən, ya türksən" şüarı, aradan 60 il keçməsinə rəğmən, təəssüf ki, hələ də yaddaşlarda yaşamaqdadır. Halbuki Qafqaz türk və erməni xalqları bu tarixə və bu rəzilanə şüara qədər, hər bir millətin həsəd aparacağı qədər, yaxşı qonşu və qardaş millət olaraq sülh şəraitində bir arada yaşamışdılar. Şüar başlanğıcda, hər köşə-bucaqda rastlanan türkün, erməni tərəfindən qətlini vacib edən fərman hökmündə idi. Sonraları, azəri türklərinin sürətli inkişafı və birləşmələri üzərinə "Hayes - Turkes" şüarının təsiri və hüdudları genişləndirilərək, fərq qoymadan bütün müsəlman xalqlarına şamil edilmişdir. Bu surətlə hər müsəlmanın qətli ermənilər üçün mübah (məqbul) sayılmışdır. Fərdi və hətta əsrarəngiz bir saxta partiyaçılıq qürurundan irəli getməyən bu aşırı partiyabazlıq, erməni millətinə heç bir şey qazandırmadığı halda, azəri türkünə əksinə, çox geniş və parlaq bir intibah dövrü açmışdır.

Necə ki 1905-ci ildəki ermənilərin təşkil etdiyi qətliama tamamilə hazırlıqsız, odun, dəyənək, balta, ov tüfəngi və köhnə, dəbdən düşmüş silahlarla qatılan azəri türkləri, inanılmayacaq qədər qısa bir zaman ərzində tam mənası ilə silahlanmış, iqtisadi həyatın damarını əlində tutan erməni və rusları yurdundan qovmuşdur. Azəri xalqı dünyəvi məktəblərdə uşaqlarını oxudaraq, onlara yeni mədəniyyət həyatı təmin edərkən, özü də xain düşməndən intiqam almağı öyrənmişdir. Bu tarixdən etibarən, bütün Qafqaz türkləri, gerçək bir bağla bir-birlərinə bağlanmış, dərli-toplu milli bir birlik halına gəlmişdirlər. "Hayes - Turkes" hər türkün yaddaşına həkk olunmuş, milli bir oyanış və erməni düşmənçiliyi simvolu olmuşdur. O qədər ki, rusun "Tatar" deyə hər kəsə zorla qəbul etdirdiyi millət adı, haqlı olaraq erməni partiyabazları və yalançı vətəndaşları tərəfindən "Turkes", yəni türk olaraq sabitləşmişdir. Bu da, heç olmazsa qətliamın, türk millətinə, bilavasitə azəri türklərinə ərmağan olaraq buraxdığı gözəl bir xatirədır.

 

1905-ci ildəki türk soyqırımı həqiqətən, çox qanlı və xunxarca olmuşdur. Qardaş deyə davrandığı və sevdiyi qapı qonşusu bir millətin, xaincəsinə basqını, doğru söyləmək gərəkirsə, azərilər üçün gözlənilmədən, milli bir şok olmuşdur. Milli və dini təəssübkeşliklə öz qabığına çəkilmiş, rus idarəsi basqılarından bezmiş, dərd ortağı saydığı dostu ermənidən də, rusdan gördüyü zülmün bir az da artığını görüncə, əlbəttə, "Turkes" də qardaşı Türkiyəyə sarılmaqdan başqa özünə bir qurtuluş və nicat yolu təsəvvür edə bilməzdi. Artıq qətli vacib olanlara, birləşməkdən başqa bir çarə qalmamışdı. Bu surətlə türklər bir tərəfdən milli bir birliyə çalışarkən, 1905-ci ildəki türk qətliamı təşkilatçıları da bu birliyi və birləşmə təşəbbüsünü baltalamaq, onu ruslar əleyhinə bir "İslamcılıq" hərəkatı olaraq tanıtmaq və inandırmaq məqsədilə, türk-erməni mücadələsinin hüdudlarını genişlətməkdə, bunun üçün hər vasitəyə əl atmaqda idilər. Məhz 1917-1918-ci illərdəki Qars, Ardahan, Ərzurum  qətliamları, bu mənhus düşmənliyin doğurduğu caniyanə qətliamdan başqa bir şey deyildir. Buna bir qarşılıq olmaq üzərə eyni tarixlərdə, erməni qətliamına uğramış, Qafqaz türk sərhəd bölgəsindəki bədbəxt türklərə yardım etmək üzərə, Bakıda müəzzəm bir türk yardım kampanyası açılmış və buna "Qardaş Köməyi" adı da verilmişdir. Eyni faciəli və kədərli aqibətə güney Azərbaycanın Urmiyə bölgəsi də uğramışdır. Yerli erməni xalqı, güney Azərbaycan türklərini qılıncdan keçirərək, özlərinə yeni bir məzar hazırlamışdılar. Halbuki tarix çox yaxşı bilir ki, bir zamanlar İranın Baş naziri Mirzə Melkum xan erməni idi. İran inqilabının təşkilatçılarından Səttar xanın yaxın ətrafı arasında ermənilərdən də vardı. Nəhayət, 1913-cü illərdə, əgər yanılmıramsa, İranın və qocaman Osmanlı İmperatorluğunun xarici işlər nazirləri çox zaman erməni millətinin nümayəndəsi təyin  olunardı. İndi sizdən soruşmaq istərəm, əcaba erməni milləti harada və hansı xristian məmləkətində bu qədər əziz tutulmuş, milli etimada və imtiyaza layiq görülmüşdür? Tarix bu gerçəyi heç bir vaxt unutmayacaqdır. Necə ki 1921-ci ildə İstanbul yolu ilə Parisə köç edən məşhur erməni milləti liderlərindən Xatisov, düşmən işğalı altında inləyən İstanbulda verdiyi bir konfransda, erməni millətinin dünyada yeganə hamisi və dostu Türkiyə və türklərin olduğunu, minnət və şükranla bəyan etməkdən çəkinməmişdir. Həyata gözünü yummuş qocaman Osmanlı İmperatorluğu adına, düşmən bir dövlət adamının ağzından çıxan bu gözlənilməz etiraf, ilk həmlədə hər kəs üzərində acılı və hətta müstəhzi bir mərsiyyə təsiri yaratmışdı. Halbuki uzun müddət Qafqazın mədəniyyət mərkəzi və Gürcüstanın paytaxtı Tiflisdə, bələdiyyə rəisliyi vəzifəsində çarın etimadını qazanmış Qafqaz vəkilinin, erməni mənşəli qadınının köməyi ilə, çeşitli millətlər həyatının qarşılıqlı münasibətlər ayarlamasında, incə bir rol oynayan Xatisov, əlbəttə, öz millətinin nankor tarixi cilvələrini çox əla bilir və anlayırdı. O, millətinin həyatına, müstəqil bir cümhuriyyət dövlət idarəsi şəklini qazandıran Türkiyəyə, minnət və şükranını ifadə etməkdə, həm haqlı və həm də səlahiyyətli idi. Çünki o, vətəni Ermənistanının düşmən bildiyi Osmanlı İmperatorluğu tərəfindən qurulduğunu, Qafqaza yerləşməsini, yüz illərlə əvvəl, təmin etdikləri dost ruslar tərəfindən xarabaya çevrildiyini və yağmalandığını hər kəsdən yaxşı bilirdi. Hətta illərcə rifahına, yüksəlməsinə həyat qatdığı, öz soydaşları və millətincə qovulduğunu və ilk iltica etdiyi yerin də İstanbul olduğunu görmüş və sezmişdi. İstanbuldakı erməni klubunda, ilk qaçqın düşərgəsində, ona sızlayan qəlbini açmaqdan və tarixin amansız ittihamından qurtulmaqdan, başqa bir yol yox idi. Ağırbaşlı bir dövlət adamına yaraşan da zatən bu idi.

Çünki min il qabaq çökmüş, ismi, cismi tarixə mal olmuş Ermənistanı, Xatisov əli ilə yeni həyata qovuşduran Türkiyə olmuşdur. 1918-ci ilin baharında, heyət halında Trabzonda toplanan Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqaz nümayəndələri ilə Osmanlı İmperatorluğu adına Raif və Xəlil bəylər arasında cərəyan edən görüşmələrdə, Qafqaz millətləri artıq Rusiyadan ayrılmış birər milli varlıqlar olaraq tanınmışdır. Əslində, bu tarixi toplantıdan əvvəl Doğu Orduları Komandanı Vəhib Paşa ilə, mərhum professor, doktor Aqil Muxtar Özdənin qaynı ilə Qafqaz xalqları Müştərək Başkomandan, general Odişelidze arasında qurulmuş olan münasibətlərdə Qafqaz millətlərinin Rusiyadan ayrılmaları israrla istənmiş, olayın tez bir zamanda gerçəkləşməsi ordu adından tələb edilmişdir. Sosializmə düşkün gürcülərlə, türk düşmənçiliyi mərəzinə mübtəla olmuş ermənilər arasında, Osmanlı ordusunun bu israrlı tələbləri, böyük bir həyəcan yaratmışdı. Kimsə kimsəyə inanmaz olmuşdu. Nəhayət, uzun danışıqlar nəticəsində Türkiyə istəklərinin düşmənçilik siyasətinə deyil, mehriban qonşuluq niyyətlərinə dayandığı anlaşılınca, Qafqaz millətləri müştərək idarəsi məsuliyyətini üzərinə almış olan "Seym"in 22 aprel 1918-ci il toplantısında gürcülər adına Oniaşvili, azərilər adına Rəsulzadə, federativ və müstəqil Qafqaz Cümhuriyyəti elan edilməsini tələb edərkən, daşnak partiyasi adına erməni nümayəndəsi Kaçaznuni də bu müqəddəs istiqlal tələbinə qatıldıqlarını qısaca bildirmişdir (Cənubi Qafqaz və Gürcüstan xarici siyasətinə aid sənədlər və materiallar, Tiflis 1919, s.215). O daşnak partiyası ki, daha bir neçə ay əvvəlinə qədər mərhəmətbilməz, zülm və işgəncələri ilə ad çıxarmışdı. Buna rəğmən hürriyyətsevər türkün qəlbi erməni dövlət adamı Xatisovu Trabzonda yumşaltmış, erməni millətini tam istiqlala sahib bir millət olaraq, yenidən millətlər tarixinə qoşulmağa məcbur etmişdir. Məhz bu təmaslar nəticəsində, 26 may tarixində toplanan "Seym" özünü buraxmış, yerini dörd müstəqil Qafqaz cümhuriyyəti almışdır.

27 may 1918-ci ildə, təkrar edirəm, Osmanlı dövlətinin, insani təşəbbüs və istəyi ilə qurulan milli və ilk müstəqil Ermənistan Cümhuriyyəti dövləti məsul idarəçiləri arasında keçmiş daşnak qətliamlarından ilham alan Arutunyanlar da yox deyildi. Qayələri daim yalan-palan və iftiralarla Türkiyə ilə, yaxud öz sözləri ilə desək, İstanbulla Bakının arasını vurmaq, Qars, Ardahan və ətrafını türksüz buraxmaqdı (Eyni əsər, s.176). Rusiya ixtilal və çöküşündən milli nəsiblərini axtarmağa başlayan o zamankı yüzə yaxın Rusiya məhkumu millətlər təşkilatlanıb millət həyatına atılarkən, 1917-ci ildə Petroqrad və Moskva Universitetləri erməni tələbələrindən təşkil olunmuş  100 nəfərlik bir erməni quldur dəstəsi Qars və Ardahan yörəsində uşaqlı-qadınlı, yerli türk və müsəlman xalqı pərvasızca qətlə yetirib  öldürməkdə idi. Rusiya baş konsulu general Mayevskinin bu xüsusda, hökumətinə təqdim etdiyi hesabat izaha sığmayacaq qədər ağır və bir millət şərəfini alçaq ittihamlar altında tutacaq qədər açıqlamaları ehtiva etməkdədir (Hesabat Türkiyə Erkanı-Harbiyəsi tərəfindən Hərbi mətəədə nəşr edilmişdir). Daşı daş üstündə buraxmamaq tədbirini isə daşnaklar həsrətini çəkdikləri və bağırlarına basdıqları Çar Rusiyasından öyrənmişdilər. Ermənistan Sovet Sosialist Cümhuriyyətinin bugünkü tarixçilərindən V.K.Voskanyan, büyük bir qürur və iftixarla hələ 12 aprel 1660-cı il tarixində, erməni milləti adına üç nəfərlik bir heyətin Moskvaya almaz süslü, sədaqət bildirən bir taxt ərmağan etdiklərini yazmaqdadır. Yalnız adı türkcə olan Kremldə bu gün belə mühafizə edilən bu erməni hədiyyəsi taxtın üzərində, Çara xitabən "Hər sahədə xidmət etməyə amadə və arzuluyuq" kimi sədaqət bağlılığı nişanəsi olaraq bir cümlə də yazılmışdır (V.K.Voskanyan, XVII əsrin sonu - XVIII əsrin başlanğıcındaki erməni - rus siyasi münasibətləri, 1957-ci il Sovet Rusiya Federasiyası Şərqşünasları Konqresi materialları, Daşkənd, 1958, s.375). Bu qədər rus millətinə bağlı bulunan erməni camaatının zaman-zaman rus xalqına qarşı da göstərdiyi şiddətli rəftarı anlamaq çətindir. Millətini şüursuz bir aqibətə sürükləyən Daşnak partiyası, iş olsun deyə, bulunduğu hər yerdə, hər məmləkətdə hay-küy qoparmaqdan özünü heç vəchlə saxlaya bilməməşdir. Hətta əksəriyyətlə qarşılıqlı faciəvi qətllərlə bitən çeşitli erməni çıxışlarına rastlanmaqdadır ki, bunların xəyali milli erməni istəkləri ilə zərrə qədər əlaqəsi yoxdur. "Turkes" deyə Qafqaz türkünü, "Türk" deyə türkiyəlini kəsən və təmizləməyə çalışan erməni partiya saldırqanları, Gürcüstanda gürcünü, İranda iranlını, Ərəbistanda isə ərəbi     öldürməkdən, qətl etməkdən əsla çəkinməmiş, milləti hesabına yapdığı yıxıcı və utandırıcı  hərəkətləri vecinə almamışdır. İndi də Kıbrıs davasını çıxmaza sürükləmək üçün bundan 50 il öncəki erməni tarixinin qanlı və utandırıcı olaylarını, onlara vətən qazandıran, dövlət qurduran, tamamilə yeni milli əsaslara görə qurulan və ermənini özündən ayırmayan, Türkiyə hesabına keçirməyə can atmaqdadırlar. Bir anlığına bir ovuc erməni utanmazlarına haqq verək. Bəs bundan 60 il öncə Azərbaycan topraqlarında zavallı "Turkes"lərin qanına girən, canını yaxan ermənilər əcaba kimlərdir? Qarsı talan edən, hökumətinə nəcabətsizcə üsyan edən, Makaryosa xaincə yaltaqlıq edənlər əcaba başqa-başqa adamlardırmı? Əlbəttə, tarix günün birində bunun hesabını daşnak partiyasindan deyil, erməni millətindən sual edəcəkdir.

Halbuki biz Avropanın çeşidli mərkəzlərində, daşnakların da qatıldıqları, azəri, Şimali-Qafqazlı, gürcü və erməni millətlərindən təşəkkül etmiş, milli istiqlalçi hərəkatlar təməli üzərində qurulmuş çeşidli siyasi dərnəklərə bu qədər inancla bel bağlamış  idik. Təəssüf ki, İkinci Dünya müharibəsinin ilk ümidli günlərində, Parisdə 1918-ci il Qafqaz millətləri milli istiqlal misakını yenidən ortaya atan və Türkiyəyə qonşu sədaqətini bildirən və erməni milləti adına: Xatisovun, Camalyanın və doktor Torosyanın imzaladıqları məşhur bəyannamə, sanki bir yalanmış. Gizli sənədlərin sirrini faş etmək şərəfsizliyinə dayanaraq daşnak amalına xidmət edənlər, bu sənədlərdən xəbərsiz olduğumuzu zənn edirlərsə, yanılırlar. Bəli, gizli sənədlərin, zamansız faş edilməsi, bəlkə də xətadır, hətta siyasi bir nadanlıqdır. Fəqət imzaladığını bilməzliyə gətirərək, yeni-yeni mənasız çıxışlarda bulunmaq, bizcə, əxlaqsızlığın da tam bir əxlaqsızlığıdır.

Biz burada nə 1905-ci il "pund"una, nə də daşnak partiyasının öz millətini məhvə aparan "Hayes - Turkes"inə təmas etmək istərdik. Ancaq 25 aprel, siyasi demonstrasiyasına Livan ermənilərindən professor Torikyanın qarışmasını diqqət- nəzərinə alaraq, bu qədərini söyləmək istərdik ki, Qafqaz türklüyü "Turkes"ləri, Türkiyə "Turkes"lərinin eynidır. Və Leninqrad Universiteti professoru cübbəsi altında gizlənən köhnə daşnak professor Sevortyanın da iddia etdiyi kimi, heç bir vaxt, türk olaraq, insan olaraq, nəhayət, bir millət olaraq, ermənilər üzərinə yürümüş deyilik. Əgər buna yer-yer baş vurmuş isək, bunu da Sevortyanlardan, Torikyanlardan öyrənmişik. Və onlardan aldığımız dərsi də unutmuş deyilik.  

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





22.04.2021    çap et  çap et