525.Az

Xanın sarayı ilə məzarını ayırd edə bilməyən TV-lər


 

Xanın sarayı ilə məzarını ayırd edə bilməyən TV-lər <b style="color:red"></b>

Hazırda cəmiyyətdə narahatlıq doğuran və ciddi narazılıq yaradan məsələlərdən biri yerli telekanalların fəaliyyətində nəzərə çarpan qüsurlar, çatışmazlıqlardır. Son 4-5 ildə isə telekanalların əksəriyyətində hazırlanan verilişlərə nəzər saldıqda görürük ki, narahat olmağa ciddi əsaslar var. Sağlam mübarizədən kənar, reytinq arxasınca qaçılan, ikrah hissi doğuran “şou-biznes” proqramları, teleməkanı “palatka toyu”na çevirən qeyri-peşəkar aparıcılar və sair. Siyahını nə qədər uzatmaq olar.

Müasir media və televiziya insanların əxlaqına, dünyagörüşünə, məişət tərzinə daha çox nüfuz edir. Artıq neçə ildir efiri cənginə alan bu tip verilişlər haqqında tənqidi müzakirələr aparılır, lakin müsbət bir nəticəsi olmayıb.
Bəs efirlərdə hökm sürən bayağılığın səbəbi nədir? Nə üçün milli-mənəvi dəyərlərin saxlanılması ilə müasir dövrü əhatə edən maarifləndirici, təhlili, vətənpərvərlik, intellektual proqramlar yox dərəcəsindədir?

Əslində burada aparıcılardan da çox şey asılıdır. Onları intellektual səviyyələrinin aşağı olmaları, Azərbaycan dilində düzgün danışa bilməmələri tamaşaçıda gülüş doğuran və onu efirlərdən uzaq salan əsas səbəblərdəndir. Eyni zamanda, peşəkarlıq səviyyəsi bir yana, aparıcıların yaradıcılıq axtarışlarına da meyilləri yoxdur. Ona görə də, teleməkan bir-birini təkrarlayan və artıq insanlara maraqlı olmayan proqramlarla dolub-daşır. Buraya biri digərindən heç nə ilə fərqlənməyən “maqazin” verilişləri, səriştəsiz və reklamı güclü gedən “həkimlər”in dəvət aldığı sağlamlıq, xanımlar üçün artıq maraqlı olmayan mətbəx proqramları, ölkənin tarixi və mədəniyyət tarixindən xəbəri olmayan aparıcıların səyahət verilişləri, özünü xalqın “başbilənləri” hesab edərək sosial mövzu adı altında nə olduğu bilinməyən proqramları və s. aid etmək olar. Belə verlişlər ciddi mənada cəmiyyətin, xüsusilə də yeniyetmə və gənclərin dünyagörüşünü korlayır, həyat tərzi, geyim mədəniyyəti və tərbiyələrinə mənfi təsir edir.

Doğrudur, Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən zaman-zaman teleməkanda yol verilən nöqsanlar qeydə alınaraq addımlar atılır, müəyyən miqdarda cərimələr təyin edilir, yaxud səhvə yol verilən proqramın yayımı müvəqqiti dayandırılır. Lakin bu çıxış yoludurmu? Bəzən yayımlanan proqramın bir saatından qazanılan maliyyə qədər tətbiq edilən cərimələr teleməkandakı nöqsanlar üçün “dərs” ola bilərmi?

Bu yerdə haşiəyə çıxıb, Əməkdar jurnalist İradə Tuncayın sosial şəbəkədə yazdığı təndiqi fikirlərini yada salıram. Əslində illərini bu sahəyə vermiş biri kimi İradə xanımın yazdıqları televiziyaların çıxardığı oyunun qarşısında hətta yumşaq qalır. Ancaq bir həqiqət var ki, xanın sarayı ilə sərdabəsini ayırd etmək üçün peşəkar jurnalist olmağa ehtiyac yoxdur:

 

“O qədər qarışıq bir dövr yaşayırıq ki...Dünyada müharibə, dünyada pandemiya...Çaşqındır bəşəriyyət...Və bunun üstündən xırdalıqlara ilişmək (xırdalıq demək olarsa) artıq görünə bilər. Boş verdiyim çox olur, yəni əhəmiyyət vermədən keçirsən... Mövzu əhəmiyyətli idi. İndi də fikrinə hörmətlə yanaşdığım bir neçə dostumun postların oxudum və dedim yazım da... Yəni kiçik adamlar üçün yox, rəhbərlik edənlərə yönəlik yazdım.  Xozeyinlər (yəni mətbuata xozeyinlik edənlər) uzun illər durumu belə qarışdırıblar ki, kimsəyə söz demək olmur. Deyim hər halda...

Dünən baxdım xəbərlər proqramında ciddi TV-nin, TV-ciklərin yox, Pənah xanın sərdabəsini göstərir və deyir ki, Pənah xanın evidir... Sonra da xarici qonağı dartıb Natəvanın məzarını ev deyə təqdim edir....Neçə aydır ekskursiyalar təşkil olunur, hələ  də media öyrənə bilməyib nə, haradır? Redaktor da yoxdur? Qəzeti də,TV-ni də yaxından tanıyan, cinahlarına bələd olan biri kimi deyim ki,TV əksər hallarda çox geridə qalıb. Olsun ,öyrənmək ki, mümkündür?! Deyil? Ok ...Boğuşsunlar o zaman... Xan sarayı ilə məzarını ayırd edə bilməyən dostlarımız...Qəzetləri əzin, sıradan çıxarın yaxşı olacaq...”

Əməkdar jurnalist, BDU-nun professoru, media tənqidçisi Qulu Məhərrəmli “525”ə bildirib ki, televiziyalar işi ona görə düzgün qura bilmir ki, elmi idarərtmə yoxdur:

 

“Müasir dövrdə elmi idarəetmə olmadan, televiziya menecmentini yaxşı bilmədən televiziya işini mükəmməl qurmaq mümkün deyil. Çünki idarəçilikdə bir elmi yanaşma, konsepsiya, elmi ideyaların icrası üçün təfəkkür dərinliyi olmalıdır. Televiziya həm də ciddi peşəkarlıq tələb edir. Bunlar yoxdursa, işlərdən narazılıq da, mexanizmdə səhvlər də olur.

İndi əsas narahatlıqlardan biri  telekanallarda təkrar edilən, şou, yaxud psixoloji cəhətdə insanlara təsir edən çeynənmiş mövzulardır. Bu problem şübhəsiz ki, proqramlaşdırma ilə bağlıdır. Bilirsiniz, televiziya daimi yenilikdir, dəbdir, vitrindir. O vitrinə həmişə ən yaxşı məhsullar qoyulmalıdır. Ona görə də televiziyada daima format axtarışı olmalıdır. Telekanallar düşünməlidir ki, tamaşaçı bu gün nə istəyir, onun zövqünü necə yüksəltmək olar, onun maraqlarına necə cavab vermək olar, mövzuları hansı  formada çatdırmaq olar və bunun üçün nələr etmək lazımdır. Bunlar olmayanda əlbəttə ki, bir televiziya kanalı o birini təlqin edir, yaxud aparıcı bir telekanaldan çıxır digərinə gedir, o verilişi bu biri kanala keçirirlər və s. Faktiki olaraq bu, vakumda hərəkət kimi bir şeydir. Ona görə də televiziyada elmi proqramlaşdırma olmayanda, əhalinin sosial düşüncələri nəzərə alınmayanda, sosioloji sorğular aparılmayanda, sorğulardan mövzular ortaya çıxarılmayanda şübhəsiz ki, bəsit bir mühit yaranır. O mühitin də ifadəsi, dediyim bayağı və sönük verilişlərdir. Bəzən televiziyadakı kiçik formatlı  veriliş digərinə transfer olunur, bir-birlərini təkrar edir, aparıcılar və müğənnilər də eyni ilə. Bəzən elə bir təsəvvür yaranır ki, sanki biz doğrudanda bir balaca televiziyanın içərisindəyik. Sadəcə telekanal ola bilər ki, rəsmi çərçivəsinə, yaxud digər başqa keyfiyyətinə görə az da olsa fərqlənir və s. Ona görə müəyyən problemlər var.

Əlbəttə bu deyilən bütün verilişlərə aid deyil. Son dövrlərdə bəzi telekanallarımızdakı müəyyən dirçəlişləri görməmək mümkün deyil. Misal üçün, son dövrlərdə İctimai TV mövzu və formaca xeyli maraqlı olub, yaxud Real TV-də dinamik proseslər gedir, Space TV-də nə isə etməyə çalışırlar. Yəni hər televiziyada diqqəti cəlb edən nəsə var. Qeyd edim ki, AzTV-də diskussiya proqramlarında xüsusən günorta saatlarında diqqəti cəlb edən maraqlı, yaxşı atmosferdə proqramlar hazırlanır. Ancaq ümumiyyətlə, televiziyalardan, xüsusən xəbər proqramlarından auditoriyanın müəyyən narazılıqları var ki, bunlar da hamısı haqlı narazılıqlardır”.

Məsələ ilə bağlı media eksperti Aynur Kərimlinin də fikirlərini öyrəndik. O bildirdi ki, bu gün media izlənmə sayını artırmaq üçün auditoriyanın istədiyini ona verə bilmir. Çünki izləyicinin istədiyi materialın biznes potensialı yoxdur:

“Televiziyalar sadəcə sənə nəyi sata bilər yönümündən çıxış edərək bir kontent hazırlayırlar. Baxmayaraq ki, tamaşaçı proqramları izləmədiyini, sevmədiyi deyir, hətta bu verilişlər onlarda qıcıq yaradır. Televiziyalar isə deyir ki, izləyirsiniz və bu, bizim ayaqda qalmağımız üçün vacibdir. Bunlar çox ziddiyətli münasibətlərdir. Burada artıq etika məsələsi ortaya çıxır. Cəmiyyətdə şikayətlərin böyük əksəriyyəti medianın etikanı gözləməməsi ilə bağlıdır. Media, televiziya elə bir sahədir ki, sırf bir şəxslə deyil, böyük bir kütlə ilə ünsiyyətdədir. Məsələ yenə də dilemmadır. Çünki telekanallar rəqabətə davamlı olmalı, öz yerini itirməməlidir. Ona görə də adətən etik olaraq düzgün hesab etmədiyi informasiyanı belə yaya bilirlər. Çünki bir telekanal etməsə, digər rəqib kanal bunu edəcək və heç bir etik dilemma hiss etməyəcək. Sadəcə izlənmə və reytinq xatirinə...”

Ekspert vurğulayıb ki, reytinq, etik qaydaları pozmaq üçün heç bir televiziyaya əsas verməməlidir:

“Bu baxımdan daima izləyicinin içində bir etiraz yaranır, suallar ortaya çxır. Etikanın gözlənilməsi, media və televiziyada etik problemlərin həll olunmağı daxili ziddiyətli bir məsələdir. Yəni kanallar ya qazancını itirməli, ya da etikanı gözləməli və tək qalmalıdır. Bu isə onlara real olaraq heç bir qazanc gətirməyəcək. Sual edə bilərsiniz bu etik anlayışlar nədir? Çox sadə şeylərdir, hansı ki, bu peşə yaranandan dəyişməyən qaydalar. Buraya informasiyanın qaynaqlarının nə dərəcədə doğru olması, işıqlandırılan insanlarla münasibətin və biznesin etik tərəfləri, davranış qaydaları və s. Bunların hamısı da xüsusi tənzimləmələrə məruz qalmalıdır”.

Afaq Rza

 





22.04.2021    çap et  çap et