525.Az

Azərbaycan dekorativ-tətbiqi sənəti Sankt-Peterburqda təqdim ediləcək


 

Azərbaycan dekorativ-tətbiqi sənəti Sankt-Peterburqda təqdim ediləcək<b style="color:red"></b>

Sankt-Peterburqda "Uçan xalça: Şərqə səyahət" adlı ailə proqramı təqdim ediləcək. Tədbir iştirakçıları "Tale ilmələrindən toxunan xalçalar... Azərbaycanın dekorativ-tətbiqi sənəti" adlı unikal sərgi ilə tanış olacaqlar.

AZƏRTAC xəbər verir ki, tədbir aprelin 25-də Rusiya Etnoqrafiya Muzeyində təşkil olunacaq. Proqram çərçivəsində Azərbaycanın dekorativ-tətbiqi sənəti nümayiş etdiriləcək. Tədbir iştirakçıları bənzərsiz mədəniyyət abidələrinə - mistik naxışlı ipək xalçalara, qadın geyimlərinə, zərgər işlərinə, mis qablara, XVIII əsrin sonu - XX əsrin əvvəlində toxunmuş xalçalara tamaşa edə biləcəklər.

Proqramın kuratoru Şərq simvolları və palaz hazırlanması texnikası mövzusunda mühazirə oxuyacaq, ənənəvi xalq bayramları, milli geyimlər, adət-ənənələr, sənətkarlıq və çay mədəniyyəti barədə söhbət açacaq. Proqramın təqdim edildiyi müddətdə uşaqlar yaradıcılıq emalatxanasında misilsiz "kəşflər" edə biləcəklər.

Proqram çərçivəsində Azərbaycan musiqisindən və milli rəqslərdən ibarət konsert təşkil olunacaq. Ziyarətçilər xalça sənətinə və xalq çalğı alətlərində ifaya həsr olunan ustad dərslərində iştirak edəcəklər. Şəhər sakinlərinə və qonaqlara Azərbaycan milli mətbəxinin ləziz nümunələri təklif ediləcək.

 





22.04.2021    çap et  çap et